Məhkəmə qərarları › İş №2-1(120)-1141/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1141/2022

23.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1141/2022 23.08.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə dair Çıxarışa əsasən torpaq sahəsinin naturada yerlərinin və sərhədlərinin göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 23 avqust 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, № ******* olan çıxarışa və A № 262961 nömrəli, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mülkiyyətinə verilmiş 0.6847 hektar torpaq sahəsi üzərində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Astara rayonunun Siyəkü kəndinin inzibati ərazi dairəsində Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən adına seriya RX, № ******* olan çıxarış verilmişdir. Həmin çıxarışa görə 0.6847 hektar torpaq sahəsi mülkiyyətindədir. Üçüncü şəxslər X11, X8, X9, X5 və X3 ayrı-ayrı tarixlərdə torpaq tələbi və torpaq sahəsinin zəbtdən azad edilməsi ilə bağlı iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 5959/2021 saylı, 20 oktyabr 2021-ci il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin 22 aprel 2019-cu il tarixli, 2(018)-33/2019 saylı qətnaməsi və Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasınm 18 sentyabr 2019-cu il tarixli, 2(106)-2457/2019 saylı qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin məhkəmə aktlarına görə mülkiyyətində olan cəmi 0.6847 hektar torpaq sahəsindən cavabdeh X10 0.1718 hektar hissəsi azad edilmiş, 0.05 hektar hissəsi azad edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 10 noyabr 2021ci il tarixli, 2(106)-346/2021 saylı qətnaməsi ilə Astara rayon Siyakü kəndi ərazisində yerləşən iddiaçı X1 və ailə üzvlərinin mülkiyyətində olan 0,21 hektar torpaq sahəsinə aid 363 kv.m torpaq sahəsi İddiaçı qanunsuz sahibliyindən alınıb X2 verilməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(106)-3232/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı X4 0.17 hektar torpaq sahəsinin zəbt etdiyi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-117/2021 saylı qətnaməsinə görə torpaq sahəsinin tutulduğu qət edilmişdir. Məhkəmə aktlarına görə üçüncü şəxslərlə torpaq mübahisəsi mövcuddur. Həmin məhkəmə aktları ilə torpaq mübahisələri həllini tapmamışdır. Bunlarla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciətlər edilmiş və müraciətlərinə verilmiş cavablarda daşınmaz əmlakın dövlət reyestrindən tam qanuna müvafiq qaydada adına çıxarış verildiyi qeyd edilmişdir. Yəni tərəfindən heç bir şəxsin torpaq sahəsini zəbt etmədiyini təsdiq edirlər. Məhkəmə aktlarına əsasən qət edilmiş torpaq sahəsinin buraxılması mülkiyyətində olan torpaq sahəsinin ölçüsünün azalmasına səbəb olur və mülkiyyətində olan 0.6847 hektar torpaq sahəsinin azalmış hissəsini hansı qaydada bərpa edilməsi mümkünsüzdür. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən adına verilmiş RX, № ******* olan çıxarışının mövcud konfiqurasiyası üzrə üst-üstə düşürsə tərəfindən digər şəxslərin torpaq sahəsinin zəbt olunmadığı təsdiq olunmalıdır, əksinə digər şəxslərin torpaqlarını zəbt etdiyini ekspertlər tərəfindən verilmiş rəylərlə və məhkəmə aktları ilə təsdiq edilir. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciətlər edilmiş və ona verilmiş cavablarda qeyd edildiyi kimi daşınmaz əmlakın dövlət reyestrindən tam qanuna müvafiq qaydada adına çıxarış verilibsə, həmin çıxarışda göstərilmiş koordinatlar naturada da üstüstə düşməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12, X8, X9, X5 və X3 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, **********54 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2019-cu il 05 dekabr tarixli, ********** qeydiyyat nömrəli ərizənizə cavab olaraq bildiririk ki, Ərazi İdarəsi xidmət orqanı olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququ və digər əşya hüquqlarının əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yükləriməsi) və onlara xitam verilməsinin dövlət qeydiyyatını Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli, 113 nömrəli fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirən dövlət orqanıdır. Bu baxımdan hazırki ərizənizdə barəsində qeyd olunan Astara rayonu Siyəkü kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 19 aprel 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla tam mülkiyyətinizdə olan 0.6847 ha kənd təsərrüfatı təyinatlı payıbəlli torpaq sahəsinə dair həmkəndlilərinizlə aranızda yaranmış mübahisə ilə əlaqədar təyin olunmuş məhkəmə torpaqşünaslıq ekspertizasının keçirilməsi məqsədilə tərəfimizdən mütəxəssisin ayrılmasına münasibətdə, həmin əmlaka dair arxiv və baza məlumatları üzrə aidiyyəti hissədə araşdırma aparıldı. Aparılan araşdırmaların nəticəsi olaraq müəyyən oldu ki, hal-hazırda tam mülkiyyətinizdə olan sözügedən payıbəlli torpaq sahəsinin dəqiqliklə yeri sizə göstərilmiş və daşınmaz əmlakın dövlət reyestrindən tam qanunamüvafiq qaydada sizin adınıza çıxarış verilmişdir. Ərazi İdarəsi olaraq hazırki ərizə ilə yanaşı təqdim etdiyiniz məhkəmə bildirişinə münasibətdə isə bildiririk ki, həmin iş üzrə keçirilən məhkəmə prossesinə cəlb olunmamışıq və barədə məhkəmədən müvafiq bildiriş daxil olduğu təqdirdə, aidiyyəti hissedə baxılacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (inidiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Bəhs edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını və yerində tanıdılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, № ******* olan çıxarışa və A № 262961 nömrəli, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsu sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6847 hektar torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi və s) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX, № ******* olan çıxarışa və A № 262961 nömrəli, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsu sənədinə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.6847 hektar torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin, sərhədinin müəyyənləşdirilməsi və s) öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar