Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1145/2020 10.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, ona məcburi köçkün statusu və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci ildə Laçın şəhərində anadan olmuşdur. 1986-cı ildə Tərtər rayon sakini Şakir Allahverdiyevlə ailə qurduğu üçün Tərtər rayonuna gəlin köçmüş, lakin Laçın rayonundan qeydiyyatdan çıxmamışdır. Təxminən 2 ilə yaxın əri Şakirlə ailə həyatı sürmüşdür. X1 təxminən 1988-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və sonra bir daha geri qayıtmamışdır. O, sonradan eşitmişdir ki, əri Şakir orada başqa bir qadınla ailə qurubdur. O, da əri Şakirin artıq geri qayıtmayacağını başa düşüb 1989-cu ildə öz rayonlarına, Laçın şəhərinə anasının yanına geri qayıtmışdır. Əri Şakirlə aralarında olan nikah formal olaraq qaldı. O, anasının yanında Laçın şəhəri 1992-ci ilin may ayında işğal olunan günə kimi yaşamışdır. Laçın şəhəri işğal olunan ərəfədə o, anası ilə Laçın rayonunun digər sakinləri kimi rayondan qaçqın düşdülər və onlar Kürdəmir rayonunda məskunlaşdılar. Onları Kürdəmir rayonunun Peşə məktəbində yerləşdirdilər. Həmin gündən bu günə kimi həmin ünvanda yaşayırlar. 1996-cı ilə kimi mərhum anasının himayəsində olmuşdur. 1996-cı ildə anası dünyasını dəyişdikdən sonra 1996-cı ildə onun himayəsindən çıxıb ayrıca təsərrüfata düşmüşdür. Əri Şakir 2007-ci ildə Azərbaycana qayıdıb gəlmiş və o, həmin tarixdə onunla aralarında olan nikahı ləğv etdirmişdir. O, bu gün də məcburi köçkün kimi qeydiyyatda olmaqla Dövlətdən ona ayrılan yardımları alır. Lakin təxminən 2019-cu ilin noyabr ayında ona verilən məcburi köçkün vəsiqəsi Qaçqınkomun nümayəndəsi tərəfindən əlindən alınmış və ona bildirmişlər ki, “Sizin statusunuz əlinizdən alınıb”. O, bununla bağlı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Ona həmin orqandan rəsmi olaraq bildirilmişdir ki, “Sizə məcburi köçkün statusu verilməsi mümkün deyil”. Halbuki, 1992-ci ildə Laçın rayonu işğal olunarkən anası və iki azyaşlı uşaqları ilə birlikdə anasına məxsus evdən qaçqın düşmüşdür. Əgər o, məcburi köçkün deyilsə, axı nəyə görə 30 ilə yaxın o məcburi köçkün kimi statusundan istifadə etmişdir və ona məcburi köçkün kimi Dövlət tərəfindən yardımlar olunub. Kürdəmir rayonunda Qaçqın və Məcburi köçkünlər üçün çox mənzilli evlər tikilib paylanan müddətdə onun qaçqınlıq statusu əlindən alınıbdır. Hal-hazırda da 1992-ci ildə məskunlaşdığı Kürdəmir rayonunun Peşə məktəbinin binasında tək yaşayır. O, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin hərəkətlərini qanunsuz hesab edir. Ona görə də hesab edir ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi qoyulmalıdır. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdeh inzibati orqan məhkəməyə “mübahisənin ərazi aidiyyəti barədə” vəsatət (ərizə) təqdim etmişdir. Vəsatətdə İPM-in 8.1.4-cü maddəsinə istinad olunmuş və cavabdeh inzibati orqanın Bakı şəhərinin ərazisində yerləşməsi əsas gətirilərək işin baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunması xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı mübahisənin ərazi aidiyyəti məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və cavabdehin “mübahisənin ərazi aidiyyəti barədə” vəsatətini araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli və iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-1-ci maddəsinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanınınyerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə digər (maddə 8.1.1-8.1.3-1-də nəzərdə tutulan hallardan başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddialara aid edilir. Ona görə də işin ərazi aidiyyəti həll edilərkən nəzərə alınmalıdır ki, mübahisənin bu xüsusatına İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməlidir. İPMin 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 8.1.3-1-ci maddələrində təsbiq edilmiş müstəsna aidiyyət normaları hazırkı işlə əlaqədar deyil. Belə olan halda məhkəmənin qənaətinə görə, cavabdeh inzibati orqan Bakı şəhərinin ərazisində (Bakı şəhəri, Tbilisi pr., 129) yerləşdiyindən, İPM-in 8.1.4-cü maddəsinin tələblərinə görə hazırkı inzibati işə cavabdeh inzibati orqanın yerləşdiyi inzibati məhkəmədə baxımalıdır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi» barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 8-ci, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin “mübahisənin ərazi aidiyyəti barədə” vəsatəti təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı «vəzifəli şəxsin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçıya məcburi köçkün statusu və vəsiqəsi verilməsi» barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1145/2020
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1145/2020
10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver