Məhkəmə qərarları › İş №2-1(120)-1145/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1145/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1145/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “iddiaçıdan gömrük ödənişlərinə görə alınmış 407 manat əlavə gömrük ödənişinin alınaraq ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-6244/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “gömrük ödənişinin qaytarılması” tələbinə dair inzibati işin aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-3717/2024 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçıdan gömrük ödənişlərinə görə alınmış 407 manat əlavə gömrük ödənişinin alınaraq ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Əhmədov X1 Rayonu Xıl Kəndində anadan olmuşdur. ünvan 1 ünvanında yaşayır. O, xx.xx.2023 ci ildə Gömrüyün meyvəlidəki idarəsində Koreya Respublikasından aldığı Hyundai Sonata (il 2010 mator 2) avtomobilini gömrük rəsmiləşdirilməsi üçün gömrük əməkdaşlarının qəbulunda olmuşdur. Gömrük rəsmiləşdirilməsi zamanı məlum oldu ki, Gömrük kalkulyatorunda göstərilən qiymətdən fərqli olaraq təxmini 500 manata yaxın əlavə pul hesablanıb. O buna etiraz etsə də gömrük əməkdaşı bizə belə tapşırıq verilib deyərək etirazını qəbul etməmişdir. Məcbur əlavə ödənişi edib avtomobilini gömrük rəsmiləşdirilməsi edib ordan ayrılmışdır. Sonra bu məsələ ilə bağlı Gömrük Komitəsinin sədrinə məktub yazmışdır. Bir müddət sonra Coşqun İsmayılov adlı Gömrük əməkdaşı onu komitəyə çağırmışdır. Orda Anar adında çox kobud və qanunları qəti şəkildə bilməyən biri ilə onu görüşdürmüşdür. Ona bildirmişdir ki, Gömrük kalkulyatorunun göstərdiyi qiymət səhvdir güya ki, yeni gələn avtomobillərin Gömrük rüsumları gömrük əməkdaşı tərəfindən müəyyən edilir. O təbii ki, etiraz etdiyini bildirmişdir ki, gömrüyün saytında olan o kalkulyator nə işə yarayır bəs? Təbii ki, cavab verən olmamış və məsələni araşdırıb onla əlaqə saxlayacaqlarını bildirdirmişlər. Yenə bir müddət sonra Coşqun İsmayılov adlı gömrük əməkdaşı onu komitəyə çağırmışdır. Bu dəfə ikinci mərtəbədə oturan Emin adlı gömrük əməkdaşı ilə görüşmüşdür. Ona bunun səhv olduqunu izah etmişdir. Həmin şəxs ona bildirmişdir ki, Gömrük daxili apellyasiya məhkəməsinə müraciyyət etsin. Coşqun İsmayılova tapşırıq verib onu ordan məhkəməyə yöndləndirmişdir. Çox gülüncdür ki, Gömrük daxili apellyasiya məhkəməsinə telefonla zəng edib onu danışdıranda apellyasiya məhkəməsi əməkdaşı xanım bildirdi ki, biz yalnız hüquqi şəxslərin işlərinə baxırıq fiziki şəxlslərin yox. Beləcə də onu aldadaraq hələ də işinə baxılmamışdırlar. Dəfələrlə onu komitəyə çağırıb yola vermişlər. Məhkəməyə ödəniş qəbzlərinə qədər hər şeyi göndərildiyini qeyd etmiş, ona dəymiş ziyanın ödənilməsindən tutmuş yalançı vədlərlə onu komitəyə çağırıb vaxtını alaraq ona dəymiş bütün ziyanın ödənilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəlləsinin) 62.3-cü maddəsinə əsasən işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Məhkəmə qeyd edir ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verılənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsinin məzmunundan və iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıdan gömrük ödənişlərinə görə alınmış 407 manat əlavə gömrük ödənişinin alınaraq ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istəyir və cavabdeh qismində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsini göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən işin elektron kabinetinə göndərilmiş məktubun məzmununda qeyd olunmuşdur ki. “...İddianın predmeti olan gömrük ödənişləri ilə bağlı rəsmiləşdirmə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində aparıldığından cavabdeh Dövlət Gömrük Komitəsi deyil, məhz gömrük ödənişləri alınmış Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi olmalıdır. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş edirik”. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi həmin tələbə cavab verməyən inzibati orqana – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı yönəlmişdir. Belə ki, gömrük ödənişlərinə görə alınmış 407 manat əlavə gömrük ödənişinin alınaraq ona geri qaytarılması ilə bağlı iddia tələbi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı yönələ bilməz. Başqa sözlə hazırki iş üzrə cavabdeh tələbə cavab verən inzibati orqan deyildir. Məhkəmə qeyd edir ki, iddiaçının həmin tələbinə cavab verməli orqan Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi olmalıdır. Odur ki, iddiaçı iddia hazırkı iddia tələbi ilə bağlı ilkin olaraq əsl cavabdeh inzibati orqan – Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə müraciət etməli və cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etdiyi təqdirdə iddiaçı yeni iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə iddiaçıya xx.xx.2025-ci il tarixli, 2-1(120)-1145/2025 saylı məktubla yardım edərək, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunsa da, iddiaçı iddia tələbini dəqiqləşdirməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının davam etdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “iddiaçıdan gömrük ödənişlərinə görə alınmış 407 manat əlavə gömrük ödənişinin alınaraq ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “iddiaçıdan gömrük ödənişlərinə görə alınmış 407 manat əlavə gömrük ödənişinin alınaraq ona geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar