Məhkəmə qərarları › İş №2-1(120)-1146/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1146/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1146/2021 15.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab edilməsi barədə 01.11.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əlilliyin etibarsız hesab edilməsi barədə 01.11.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(120)-1146/2021 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinə qarşı “29.07.2020-ci il tarixli qərarın ləğv edilməsi, 11.02.2020-ci il tarixli qərarın qəbul edildiyi tarixdən 1-ci qrup əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Kürdəmir rayon X2 Hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən İddiaçı və cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 12.07.2021-ci il tarixli, **********0 nömrəli məktub göndərilərək, işin ərazi aidiyyatı üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iddia ərizəsini və cavabdehin vəsatətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu olduğu üçün iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialının nümayəndəsi X6 işin ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Belə ki, iddia ərizəsinin məzmunundan, iş materiallarından müəyyən olunur ki, iddiaçı əlilliyin etibarsız hesab edilməsi barədə 01.11.2019-cu il tarixli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş edir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.11-ci maddəsinə görə, əlverişsiz (yükləyici) inzibati akt-maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə hesab edir ki, iddianın ərazi aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İnzibati orqana edilən müraciətlərlə bağlı qaldırılan iddia növləri müvafiq orqanın qərar qəbul edə bilmək imkanlarından və hərəkətlərindən asılı olaraq dəyişir. Mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) yönəlirsə, məcburetmə haqqında iddiada inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması və ya inzibati orqanın hərəkətsizliyindən müdafiə tələb olunur. Mübahisələndirmə haqqında iddiaya dair Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Ancaq nəzərə almaq lazımdır ki, tələbin mübahisələndirmə haqqında iddianın predmetinə aid olub-olmadığını müəyyənləşdirmək üçün əlverişsiz inzibati aktın mövcud olması zəruri şərtdir. Göstərilənlərin hazırkı mübahisəyə tətbiqi baxımından məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən avtomatlaşdırılmış elektron sistem üzərindən iddiaçının əlilliyinin etibarsız edilməsi inzibati akt kimi qiymətləndirilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununu 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri olduğu halda, hazırkı mübahisə üzrə cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı qərar qəbul olunmadan faktiki xarakterli hərəkət edilmiş, iddiaçının əlilliyi etibarsız edilmişdir. Beləliklə də, məhkəmə hesab edir ki, iddia tələbi məcburetmə haqqında iddia olmaqla inzibati orqan kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı yönəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1-ci maddəsinə əsasən inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır (maddə 8.1.3); digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır (maddə 8.1.4). Məhkəmə qeyd olunan prosessual hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına təbiq edərək belə hesab edir ki, hazırkı işdə xüsusi aidiyyat halı mövcud olmadığından, yəni Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində olan hallar olmadığından və iddia məcburetmə haqqında iddia növünə aid olduğundan hazırkı inzibati işə aidiyyatı üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 42ci maddəsinə əsasən inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə baxır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 15ci maddəsinin tələbinə əsasən işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə-Hüquq Şurasının "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi rayonu ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, vəsatət təmin edilməli, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab edilməsi barədə 01.11.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iş aidiyyəti üzrə baxılması üçün səlahiyyətli məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin etibarsız hesab edilməsi barədə 01.11.2019-cu il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar