Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1147/2024 01.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə qəbul edilməsi üçün onunla bağlaşma imzalanmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: müəyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətə qəbul edilməsi üçün onunla bağlaşma imzalanmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırmışdır ki, o, ehtiyatda olan zabitdir. 2000-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini “istehkamçı-mühəndis” ixtisası üzrə bitirmişdir. 2000-ci ildən 2002-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmət etmiş, 2003-cü ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 may 2003-cü il tarixli qərarına əsasən barəsində olan Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməyinə dair Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmü dəyişdirilərək haqqında CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti təyin edilməklə cəza şərti hesab olunmuşdur. Salyan rayon Məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarı ilə barəsində olan şərti məhkum etmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsində könüllü olaraq iştirak etmək arzusunu bildirmiş və SHXÇDX-nin Salyan şöbəsi tərəfindən çağırılaraq xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başlamışdır. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Talış kəndi istiqamətində döyüşün gedişatında 3-cü döyüş yol təminatının təşkilində, N saylı hərbi hissənin N nömrəli döyüş mövqeyinin sağ, “Polad postu” döyüş mövqeyinin sol cinarlı istiqamətində düşmən tərəfindən qurulmuş tank əlehinə mina sahəsindən tankların çıxarılmasında, Suqovuşan gölünün sol cinağının döyüş gedişatında minalanmasında öz qrupu ilə şəxsən iştirak etmişdir. Ermənistan kapitulyasiya aktına imza atandan sonra isə “585” yüksəkliyindəki postu daha əlverişli istiqamətə mina axtaran dəstə ilə şəxsən irəli çəkmiş və həmin yüksəklikdən postun təşkili və qurulmasında iştirak etmişdir. Barambat meşəsi istiqamətində yolun çəkilməsində öz qrupu ilə şəxsən iştirak etmişdir. Vətən Müharibəsi zamanı və daha sonra da rəis və komandirlərim tərəfindən müsbət xarakterizə edilən zabitlərdən biri olmuşdur. Hal-hazırda ehtiyatda olmağına baxmayaraq rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən ehtiyatda olan zabitdir. xx.xx.2021-ci il tarixində Müdafiə nazirinin müvafiq əmrinə əsasən təkrar ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab X2 ilə “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Baş Nazirin Sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İstehkamçı ixtisasını yüksək səviyyədə bilən zabitlərdəndir, istehkamçı zabit kimi bilik və təcrübəsinə arxalanır. Qeyd etdiyi xidmətləri, keçdiyi döyüş yolunu, rəis və komandirləri tərəfindən müsbət xarakterizə edilən zabit olduğunu nəzərə alaraq cavabdeh orqandan hərbi xidmətə qəbul edilməyi üçün onunla bağlaşma imzalanamsını xahiş etmişdir. Cavabdehdən aldığı xx.xx.2023-cü il tarixli imtina məktubda qeyd olunur ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən, həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxsin məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bağlaşmanın imzalanmasından imtina olunur.Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizəniz təmin olunmur.” Cavabdehin bu mövqeyi onu qane etmədiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Məhkəmə prosesi zamanı cavabdeh məhkəməni əmin etmişdi ki, qərara ehtiyac yoxdur, Müdafiə Nazirliyi özü araşdırma aparıb guya məni hərbi xidmətə qəbul edəcəkdir. Şirvan İznibati Məhkəməsi də cavabdehin mövqeyini nəzərə alaraq və humanistlik göstərərək xx.xx.2022-ci il tarixli, 2-1(120)-920/2022 saylı qərarı ilə iddianı qismən təmin edərək ilkin müraciətin cavabdeh inzibati orqan tərəfindən zəruri inzibati icraat aparmaq vəzifəsini cavabdehin üzərinə qoymuşdu. Əfsuslar olsun ki, cavabdeh məhkəmənin bu cür humanist mövqeyindən sui-istifadə edərək ərizənin təmin edilməməsi barədə xx.xx.2023-cü il tarixli məktubla imtina etmişdir.O, rəsmi qaydada cavabdehə dəfələrlə müraciət edərək hərbi xidmətə qəbul olunmağını xahiş etsə də cavabdeh hər dəfə bundan müxtəlif bəhənələrlə imtina edir. Cavabdehin sonuncu imtinasını aşağıdakılara görə qanunsuz və əsassız hesab edir. Birincisi, Azərbaycan Respublikası Konstitusiyasının 76-ci maddəsinə əsasən, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. O, bu ölkənin vətəndaşı və ixtisaslı zabit olaraq hərbi xidmət keçərək Vətənini müdafiə etmək istəyir. Cavabdeh isə absurd bəhanələrlə buna süni maneələr yaratmaq istəyir; İkincisi, cavabdeh onun hərbi xidmətə qəbul olunmağı üçün bağlaşma imzalanmasından imtinanı Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli Qərarının 3.9.2-ci yarımbəndi ilə əsaslandırmağa çalışmışdır. Sual olunur ki, əgər o vaxtilə törədilmiş cinayətə görə hərbi xidmətə qəbul oluna bilməzdisə bəs necə olub ki, Vətən Müharibəsi zamanı cavabdeh onu ehtiyatdan çağıraraq, ştata qoyaraq minalanmış sahələrin təmizlənməsi kimi təhlükəli və vacib tapşırıqları ona həvalə edərək faktiki olaraq onu dəfələrlə açıq ölümə göndərmişdir. Bir daha məhkəməni məlumatlandırır ki, Vətən Müharibəsi zamanı Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmiş və istehkamçı zabit kimi artıq yuxarıda qeyd olunmuş biri sıra mühüm tapşırıqları icra etmişdir. Deməli, cavabdeh bu cür absurd arqument səsləndirərkən və eyni hüquqi məsələ ilə bağlı iki fərqli yanaşma sərgiləyərkən səmimi deyil və qanunsuzluq edir; Üçüncüsü, cavabdeh öz imtina məktubunda Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli Qərarının 3.9.2-ci yarımbəndinə istinad edərək hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə Azərbaycan Respublikasını Müdafiə Nazirliyi tərəfindən bağlaşmanın imzalanmasından imtina olunmasını qeyd edir. Sual olunur ki, əgər o, hərbi xidmət əleyhinə cinayət törətmişdirsə və buna görə orduda xidmət edə bilməzdisə necə olub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab X2 ilə Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və Baş Nazirin Sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Dördüncüsü, artıq yuxarıda qeyd olunduğu kimi, Salyan rayon Məhkəməsinin 29 mart 2004-cü il tarixli qərarı ilə barəmdə olan şərti məhkum etmə cəzası ləğv edilmiş və məhkumluğu götürülmüşdür. Cavabdehə xatırlatmaq istəyir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkumluğu ödənildiyi üçün Konstitusiyda təsbit olunmuş bütün hüquq və azadlıqlardan istifadə edə bilər və bu ölkənin bir vətəndaşı, ixtisaslı və peşəkar zabiti kimi hərbi xidmət keçərək Vətənini müdafiə etmək onun hüququdur; Beşincisi və ən əsası, cavabdeh öz qanunsuz imtinasını Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli Qərarı ilə əsaslandırmağa çalışır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanununun 36.1.4-cü maddəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmətinə - hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər qəbul edilirlər. Qanunun bu maddəsində məhkumluqla bağlı hər hansı bir müddəa yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsində normativ hüquqi aktların sıralaması göstərilmişdir: Konstitusiya; referendumla qəbul edilmiş aktlar; qanunlar; fərmanlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Sıralamaya görə qanun Nazirlər Kabinetinin qərarından daha üstün hüquqi qüvvəyə malikdir. Beləliklə, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli qərarında göstərilmiş qaydalara münasibətdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan cavabdehin mövqeyində heç bir məntiq yoxdur, onun mövqeyi absurd və qanunsuzdur, gətirdiyi arqumentin də heç bir hüquqi əsası və əhəmiyyəti də yoxdur, belə olduğu təqdirdə onun qəbul etdiyi inzibati akt da qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət ələyhinə cinayət törətmiş şəxslərə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşma imzalamasından imtina edilir. Həmçinin qeyd edilir ki, iddiaçının yenidən hərbi xidmətə qəbul olunması barədə komanda üzrə məruzə edilmiş, lakin yuxarı komandalıq tərəfindən müsbət qərar qəbul edilməmişdir, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçının tələbinin mahiyyəti, onun hərbi xidmətə qəbul edilməsi üçün bağlaşma imzalanması öhdəliyi cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. İddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olunma halları və Qaydası” ilə tənzimlənir. Həmin qaydaların 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilməyən və ya üzərindən götürülməyən, həmçinin ağır və ya xususilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətmiş şəxslərlə müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina edilir. Belə ki, iddiaçı Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş, Apellyasiya Məhkəməsinin 05 may 2003-cü il tarixli qərarı ilə həmin hökm qüvvədə saxlanılmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilmiş və 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilmişdir. İddiaçı bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015- ci il 02 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və QaydasTnın 3.9.2-ci yarımbəndinin tələbinə ziddir. Əlavə olarq bildirir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsində nəzərdə tutulmuş əməllər cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşmasını nəzərdə tutan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 01 may 2020-ci il 68- VİQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən onun əməlləri cinayət kateqoriyasından çıxarılmamışdır. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyü: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun “Vətən müharibəsi” ndə gedən döyüşlərdə sonra tərxis edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Müdafiə Nazirliyi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialara qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. Belə olduğu tədqirdə Müdafiə Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan xx.xx.2023-cü il tarixli imtina məktubu ilə iddiaçının tələbinin təmin etməmiş və bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, inzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının faktiki yaşadığı (məskunlaşdığı) yer Salyan şəhəri ərazisi olduğundan məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Şirvan İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Şirvan İnzibati Məhkəməsində baxılması mümkündür. Əsaslandırıcı Hissə: Məhkəmə tərəfləri dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, iş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-920/2022 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı həqiqi hərbi xidmətə yenidən qəbul edilməsinə dair iddia tələbi qismən təmin edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(106)-108/2023 nömrəli qərarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(120)-920/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Salyan rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 50 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 331.2. və 331.3-cü maddələri ilə təqsirli bilinib bir il sınaq müddəti təyin edilməklə cəzası şərti tətbiq edilən İddiaçı barəsində olan şərti məhkum edilməsi ləğv edilmiş və onun məhkumluğu götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törədikdə bağlaşmanın imzalanmasından imtina edilir. Ərizəyə əlavə etdilmiş sənədlərdən məlum olmuşdur ki, törətdiyi əmələ görə Azərbaycan Respublikası Apeliyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2-ci və 331.3-cü maddələri ilə 1 il müddətinə şərti məhkum edilmişdir. Nəzərin çatdırılır ki, Azərbaycan Respublikası Apeliyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli müvafiq nömrəli Qərarı qəbul edildiyi zaman Cinayət Məcəlləsinin qüvvədə olmuş 331-ci maddəsində (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) tövsif olunan əməllər hərbi xidmət əleyhinə cinayət hesab edilirdi. Qeyd olunanları nəzərə alaraq, hərbi xidmət əleyhinə cinayət törətdiyinizə görə, həqiqi hərbi xidmətə qəbul olunmağınız qanunvericiliyə uyğun deyil. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müraciət tam araşdırılmış və müəyyən edilmişdir ki, siz Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü i! tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 331.3 maddələri ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (rəisin öz tabeliyində olan şəxsi döyməsi) maddəsində nəzərdə tutulmuş əməllər cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasım nəzərdə tutan ‘Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanuna əsasən cinayət kateqoriyasından çıxarılmamışdır.Belə ki, həmin Qanun ilə 331-ci maddə CM-in 329.1-ci maddəsinə daxil edilərək az ağır cinayət kateqoriyasından böyük ictimai təhlükə törətməyən cinayətə tövsif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törədikdə bağlaşmanın imzalanmasından imtina edilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü (rəisin öz tabeliyində olan şəxsi döyməsi) maddəsində nəzərdə tutulmuş əməllər cəza siyasətinin humanistləşdirilməsini və cinayətlərin dekriminallaşdırılmasım nəzərdə tutan ‘Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanuna əsasən cinayət kateqoriyasından çıxarılmamış və Azərbaycan Respublikası müdafiə nazirinin “Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr 2022-ci il tarixli 369 nömrəli əmrinin tələblərinə əsasən 2020-ci il iyun tarixinədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum edilmiş şəxslərlə bağlaşmanın imzalanmasının mümkünlüyü nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsasən həqiqi hərbi xidmətə könüllü daxil olmaq istəyən şəxsin məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusi ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından imtina olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə məhkum olunmağınız nəzərə alınaraq Sizin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2015-ci il tarixli 21 nömrəli Qərarının və Azərbaycan Respublikası müdafiə nazirinin “Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında” 11 noyabr 2022-ci il tarixli 369 nömrəli əmrinin tələblərinə əsasən həqiqi hərbi xidmətə qəbul olunmağı ziddir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 312 nömrəli arayışında qeyd edilmişdir ki, 1979-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixə kimi BABKM-də müdavim, xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək zabit kimi həqiqi hərbi xidmət keçmiş, HXK haqqında əsasnamənin 158 maddəsinin B bəndinə əsasən şərti məhkum olunduğuna görə AZ.R.SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hərbi xidmət keçmiş, xx.xx.2021-ci il tarixdə MNnin müvafiq əmri əsasında səfərbərlikdən tərxis edilmişdir. Tərtər,Ağdarə istiqamətində N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Əsas: ZE seriyalı ******* nömrəli hərbi bilet və səfərbərlik üzrə çağırılmış hərbi vəzifəlilərin əlifba kitabı. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023cü il tarixli, 3-13-12-1/2-D-1355xx/xx/2023 nömrəli arayında qeyd edilmişdir ki, xx.xx.1979cu il tarixdə doğulmuş İddiaçı məhkumluğu yoxdur. İş materiallarında olan İddiaçı verilmiş Xidməti Xasiyyətnamədən görünür ki, Baş leytenant İddiaçı, bölükdə xidmət etdiyi dövr ərzində intizamlı və vəzifələrin öhdəsindən layiqincə gələ bilən bir taqım komandiri kimi özünü göstərmişdir. Şəxsi gigiyena qaydalarına riayət edir. Hərbi nizamnamələrin tələblərini bilir və onlardan gündəlik hərbi həyatında istifadə edir. Komandirlərin (rəislərin) əmr və tapşırıqlarını dəqiq və düzgün yerinə yetirir. xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər Vətən müharibəsində aktiv iştirak etmişdir. Hərbi nəzakət davranış qaydalarına riayət edir. Bölüyün ictimai həyatında fəaliyyəti var. Xidmətində nöqsanlara yol vermir. Hərbi nəzakət və hərbi davranış qaydalarına riayət etmək qabiliyyəti normal səviyyədədir. Bölüyün şəxsi heyəti arasında hörmətə malikdir.Fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən dözümlüdür İş materiallarında olan iddiaçıya məxsus ZE ******* nömrəli, xx.xx.2003-cü il tarixli Hərbi Biletin surətindən görünür ki, İddiaçı BABKM-nin “Mühəndis qoşunlarında zabit (letinant) kimi xidmət etmiş, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrinndən görünür ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti Sərəncamları ilə “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, M/V 126971 nömrəli Müharibə Veteran vəsiqəsindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 520 nömrəli arayışında qeyd edilmişdir ki, 1979-cu il təvəllüdlü baş leytenant İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək BABKM-də müdavim, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək N nömrəli hərbi hissədə, 26.11,2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək N nömrəli hərbi hissədə zabit kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası MN-nin xx.xx.2003-cü il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 158 maddəsinin “b” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzaya məhkum edildiyinə görə) Azərbaycan Respublikası SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən xx.xx.2021 -ci il tarixədək N nömrəli nömrəli hərbi hissədə həqiqi hərbi xidmətdə olmuş, MN-nin xx.xx.2021-ci il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq Səfərbərlikdən təxris olunub. xx.xx.2020-ci il tarixdən 10.11 2020-ci il tarixlərdə Tərtər-Ağdərə istiqamətində tağım komandiri kimi N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Əsas: 393 nömrəli şəxsi iş. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İnformasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in müvafiq uçotlarında təqdim olmuş məlumata əsasən xx.xx.1979-cu il təvəllüdlü İddiaçı Bakı Hərbi Məhkəməsinin xx.xx.2003-cü i! tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2., 331.3., 66.3. maddələri ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin olunmuş cəza 01 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən hazırda İddiaçı məhkumluğu olmayan şəxs hesab edilir. Tətbiq edilən hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. “Hərbi qulluqçuların statusu” haqqında Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Ordusunda və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) ştat üzrə vəzifələrə uyğun olaraq həqiqi hərbi xidmət keçmək üçün “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olurlar. Həmin Qaydanın 2.8-ci bəndinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları ilə, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə Azərbaycan Ordusu və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar) arasında onların həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir.Həmin Qaydanın 3.9 və 3.9.2-ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanları və ya hərbi hissələr tərəfindən bağlaşmanın imzalanmasından məhkumluğu ödənilmədikdə və ya üzərindən götürülmədikdə, həmçinin ağır və ya xüsusilə ağır, habelə hərbi xidmət əleyhinə cinayət törətdikdə imtina edilir.Həmin Qaydanın 4.1 -ci bəndinə əsasən bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında və hərbi hissələrdə həqiqi hərbi xidmətə könüllü daxil olan şəxslər Azərbaycan Respublikasının “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanunlarına, "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həqiqi hərbi xidmət keçir, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquq və imtiyazlardan istifadə edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 2000-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini istehkamçı-mühəndis ixtisasını bitirmiş, 2000-ci ildən 2002-ci ilə qədər N saylı hərbi hissədə tağım komandiri vəzifəsində, 2002-ci ildən 2003-cü ilə qədər isə N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmət etmiş, 2003-cü ildə Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.2 və 331.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 may 2003-cü il tarixli qərarına əsasən CM-nin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti təyin edilməklə cəza şərti hesab olunmuşdur. Salyan rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 50 nömrəli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası CM-nin 331.2. və 331.3-cü maddələri ilə təqsirli bilinib bir il sınaq müddəti təyin edilməklə cəzası şərti tətbiq edilən İddiaçı barəsində olan şərti məhkum edilməsi ləğv edilmiş və onun məhkumluğu götürülmüşdür. Daha sonra isə ölkədə başlanan Vətən müharibəsi ilə əlaqədar şərait dəyişmiş, tərəflər arasındakı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur.Məlumdur ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Respublikası ilə təmas xətti boyunca atəşkəsdən sonra müşahidə olunan ən gərgin qarşıdurmalar başlamışdır. AR Konstitusiyasının 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktik işğal olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikası Milli Məclisinin təsdiqinə verir. 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğunu, nəticədə mülki şəxslər və hərbçilər arasında ölən və yaralananların olduğunu, bu hücumların qarşısının alınması məqsədi ilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanununun 5.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda dərhal ümumi və ya qismən səfərbərlik elan edilir. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilmişdir. Məlumdur ki, qismən səfərbərlikdə yalnız ehtiyac olan ixtisaslar üzrə çağırış olur. Söhbət təbii ki, ən birinci növbədə hərbi ixtisaslardan gedir. İstinad olunan Qanuna əsasən ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar səfərbərlik elan edildikdə səfərbərlik üzrə hərbi xidmətə çağırılırlar. İşin faktiki hallarından da müəyyən olunur ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsində SHXÇDX-nin Salyan şöbəsi tərəfindən çağırılaraq xx.xx.2020-ci il tarixində N saylı hərbi hissənin tərkibində tağım komandiri vəzifəsində xidmətə başlamış. Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə yaxından iştirak etmişdir. Talış kəndi istiqamətində döyüşün gedişatında 3-cü döyüş yol təminatının təşkilində, N saylı hərbi hissənin N nömrəli döyüş mövqeyinin sağ, “Polad postu” döyüş mövqeyinin sol cinahı istiqamətində düşmən tərəfindən qurulmuş tank əlehinə mina sahəsindən tankların çıxarılmasında, Suqovuşan gölünün sol cinahının döyüş gedişatında minalanmasında iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş, müharibə dövründə hərbi xidmət keçmiş, Tərtər, Ağdərə istiqamətində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə səfərbərlikdən təxris edilmiş və SHXÇDX-nin Salyan rayon baş idarəsində hərbi qeydiyyata alınmışdır. Hətta, xidmətlərinə görə “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin maneə ləğvetmə bölüyünün mina təmizləmə taqımının komandiri vəzifəsində xidmət edən baş leytenant İddiaçı verilən xidməti xasiyyətnamədən görünür ki, baş leytenant İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən Müharibəsində aktiv iştirak etmişdir və xidmət etdiyi müddət ərzində özünü intizamlı, və vəzifələrin öhdəsindən gələ bilən bir taqım komandiri kimi göstərmişdir. Şəxsi gigiyena qaydalarına riayət edir.Hərbi nizamnamələrin tələblərini bilir və onlardan gündəlik hərbi həyatında istifadə edir. Komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqlarını dəqiq və düzgün yerinə yetirir.Hərbi nəzakət, davranış qaydalarına riayət edir.Bölüyün ictimai həyatında fəaliyyəti var.Xidmətində nöqsanlara yol vermir.Hərbi nəzakət və davranış qaydalarına riayət etmək qabiliyyəti normal səviyyədədir.Bölüyün şəxsi heyəti arasında hörmətə malikdir.Fiziki cəhətdən sağlamdır, mənəvi cəhətdən dözümlüdür. Beləliklə də, müəyyən olunur ki, ölkə miqyasında aparılan hərbi əməliyyatlarla əlaqədar iddiaçı ilə cavabdeh arasındakı münasibətlər əvvəlki vəziyyətinə qayıtmış, hətta iddiaçı taqım komandiri vəzifəsinə təyin olunmuşdur. İddiaçının ehtiyatda olan hərbi qulluqçu kimi müharibə dövründə yenidən ordu sıralarına çağırılması anlaşılandır. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinin müvafiq qanuna əsasən cinayət kateqoriyasından çıxarılmaması və bununla da iddiaçının yenidən həqiqi hərbi xdmətə qəbul olunmasının “bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydasının” tələblərinə zidd olması barədə cavabdehin mövqeyi ilə nəinki uzlaşmır, əksinə iddiaçının yuxarıda qeyd olunan medallarla təltif olunması, yenidən məsul vəzifəyə təyin olunması onun həqiqi hərbi xidmətə yenidən qəbul edilməsinə əsas verir. Diqqəti çəkən növbəti məqam isə bunun müharibə dövründə baş verməsidir. Məhkəmə bu məsələyə ona görə diqqət edir ki, hərbi xidmətlə bağlı tənzimlənən qanunvericiliklərdə hər hansı bir prosedurun, məsələn, törədilmiş əməlin və ya hərbi xidmətə yararlılığın müəyyən edilməsi zamanı sülh və müharibə şəraiti fərqləndirilir. Məsələn, qanunverici bəzi cinayətlərdə (CM 328.4, 333.6) müharibə vaxtı və ya döyüş şəraitində törədilmiş əməli məsuliyyəti ağırlaşdıran hal kimi nəzərdə tutmuş, həmin ərəfədə törədilən əməlin ictimai təhlükəlilik dərəcəsini artıran hal hesab etmişdir. Bu ona görə baş verir ki, dinc dövrdə ölkədə əmin amanlıq olur, dövlət orqanlarının normal fəaliyyəti həyata keçirilir, dövlətin ictimai-siyası quruluşunu, cəmiyyətin həyatını təhlükə altına ala biləcək hər hansı qüvvə olmur. Bu səbəbdən də həyatın istənilən sferasında hər şey real vəziyyətinə uyğun yerləşdirilir. Müharibə vaxtı isə dövlətin ümumiyyətlə mövcudiyyəti təhlükə altına alındığından, belə həlledici və önəmli məqamda orduda məsul vəzifəyə intizamsız və bacarıqsız (cavabdehin iddia etdiyinə görə) hərbi qulluqçunun təyin olunması ağlabatan deyildir Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 129-130-cu bəndlərinə əsasən:
129. Taqım (qrup, qüllə) komandiri sülh və müharibə dövründə: taqımın (qrupun, qüllənin) döyüşə hazırlığına, şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığına; hərbi intizamına və mənəvi vəziyyətinə; taqımın (qrupun, qüllənin) silahlarının, döyüş texnikası və digər texnikasının və əmlakının qorunub saxlanmasına, vəziyyətinə; taqımın (qrupun, qüllənin) döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməsinə; taqımda (qrupda, qüllədə) daxili qayda-qanuna riayət edilməsinə cavbdehdir. O, bölük (döyüş hissəsi) komandirinə tabedir, taqımın (qrupun, qüllənin) bütün şəxsi heyətinin birbaşa rəisidir.
130. Taqım (qrup, qüllə) komandirinin vəzifəsidir: taqımın (qrupun, qüllənin) şəxsi heyəti ilə döyüş və ictimai-siyasi hazırlıq məşğələləri keçirmək, manqa komandirlərinin (komanda çavuşlarının) əsgərlərə (matroslara) düzgün təlim vermələrini və döyüş tapşırıqları yerinə yetirilərkən, taqıma (qrupa, qülləyə) bacarıqla komanda vermələrini yoxlamaq; taqımın (qrupun, qüllənin) döyüş və ictimai-siyasi hazırlığının uçotunu aparmaq; taqımın (qrupun, qüllənin) şəxsi heyətinin işgüzarlığını, mənəvi keyfiyyətlərini, həmçinin adını, soyadını və təvəllüdünü, hərbi xidmətə çağırılmamışdan qabaqkı peşəsini, ailə vəziyyətini, hər bir hərbi qulluqçunan döyüş və ictimai-siyasi hazırlıq üzrə müvəffəqiyyətlərini və çatışmazlıqlarını bilmək; taqımın (qrupun, qüllənin) silahlarının, döyüş texnikasının və digər texnikanın material hissəsini, istifadə edilmə, qorunub-saxlanma qaydalarını bilmək və onların döyüşə hazırlığını şəxsən yoxlamaq; tabeliyində olanların məişətinə qayğı göstərmək və onların ehtiyaclarını dərindən öyrənmək; taqımın (qrupun, qüllənin) şəxsi heyətinin hərbi intizama riayət etməsinə, zahiri görkəminə, hərbi formanı geymə qaydalarını yerinə yetirməsinə, ləvazimatın, geyimin və ayaqqabının əyninə uyğunlaşdırılmasına, şəxsi gigiyena qaydalarına əməl etməsinə ciddi diqqət yetirmək; tabeliyində olanların ehtiyacları, həmçinin taqımın (qrupun, qüllənin) əsgərlərinə (matroslarına), çavuşlarına verilən intizam cəzaları və həvəsləndirmələr haqqındakı məlumatı bölük (döyüş hissəsi) komandirinin nəzərinə çatdırmaq; taqımın (qrupun, qüllənin) yuxudan durma və axşam yoxlanışında vaxtaşırı iştirak etmək; silahlardan, döyüş texnikasından və digər texnikadan, ləvazimatdan, əşyadan və başqa əmlakdan düzgün istifadə edilməsinə, onların qorunub saxlanmasına diqqət yetirmək, iki həftədə bir dəfədən az olmayaraq onları şəxsən yoxlayıb sayını bilmək; hər dəfə təlim, yaxud məşğələlər üçün silahların, döyüş texnikasının və digər texnikanın hazırlığını, təlim və məşğələlərdən sonra onların sayını və vəziyyətini yoxlamaq; məşğələlər, təlimlər, atışlar zamanı, həmçinin texnika və silahlarla işləyərkən təhlükəsizlik tədbirləri qaydalarına əməl edilməsini tələb etmək. Nizamnamənin həmin bəndlərində müəyyən edilmiş taqım komandirinin vəzifələrinə istinadən məhkəmə hesab edir ki, sadalanan vəzifələrin icrasının həyata keçirilməsi yüksək bacarıq tələb etdiyindən bu vəzifəni icra edən hərbi qulluqçuların tutduğu vəzifəyə uyğunluğu mütləqdir. Vəzifəsinə uyğun gəlməyən və yaxud onun öhdəsindən lazımınca və layiqincə gələ bilməyən hərbi qulluqçunun yenidən həmin vəzifəyə təyin olunması, həm də bu təyinatın müharibə şəraiti dövründə, aktiv döyüş əməliyyatları aparılan zamanda baş verməsi cavabdeh inzibati orqanın “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxil olmanın halları və Qaydası”nın 3.9.2-ci yarımbəndinə əsaslanmaqla onun müraciətindən imtina etməsi inzibati orqanın hərəkətinin(hərəkətsizliyinin) əsaslılığını şübhə altına alır. Bundan başqa məhkəmə xüsusilə qeyd edir ki, Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmünə əsasən iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci 331.3-cü maddəsinə əsasən məhkum edilməsinə istinad edərək hazırkı halda iddiaçının ilkin müraciətindən imtina etməsi də düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilmiş və 331.2-ci maddə (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin şərəf və ləyaqətini alçaltması) Məcəllədən çıxarılmış, bununla da həmin əməl dekriminallaşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə inzibati Xətalar Məcəlləsinə də dəyişiklik edilərək həmin əmələ görə İnzibati Xətalar Məcəlləsinin 611 -ci maddəsi (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltması) ilə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2020-ci il 01 may tarixli 68-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 86-cı bəndinə əsasən, hərbi kadrların düzgün seçilməsi, yerləşdirilməsi və tərbiyə edilməsi məqsədilə hərbi ulluqçuların (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, ərbi təhsil müəssisələrinin kursantlarından başqa) attestasiyası keçirilir. Attestasiya zamanı hər bir hərbi qulluqçunun işgüzar və mənəvi keyfiyyətlərinin obyektiv qiyməti verilir, tutduğu vəzifəsinə uyğunluğu və onun xidməti istifadəsinin perspektivi müəyyənləşdirilir, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək üçün namizədlərin ehtiyatı aşkar edilir. Hərbi qulluqçuların attestasiyası üzrə bütün işlər onların xidmətdə və davranışda yaxsi nümunəviliyini təmin etməyə, onlarda tapşırılmış iş üçün yüksək məsuliyyət hissi tərbiyə etməyə, şəxsi heyətin döyüş hazırlığı, qoşunların döyüş və səfərbərlik hazırlığı, hərbi intizamın möhkəmləndirilməsi vəzifələrinin həlli üzrə onların təşkilatçılıq bacarığının inkişafına yönəldilməlidir. Həmin Əsasnamənin 92-ci bəndinə əsasən, attestasiya vərəqələri blankda tərtib edilir. Sərbəst formada yazılan attestasiya vərəqəsinin mətnində attestasiya ediləni xarakterizə edən aşağıdakı məsələlər əks olunmalıdır: özünə və tabeliyində olanlara tələbkarlıq, şəxsi intizam və icraçılıq; işdə mütəşəkkilliyi, yüksək döyüş və səfərbərlik hazırlığının təminatı vəzifələrini həll edərkən əsas istiqaməti müəyyənləşdirmək bacarığı, verilmiş tapşırıqları keyfiyyətlə yerinə yetirmək, təşəbbüs göstərmək, mürəkkəb şəraitdə yentiri tez müəyyən etmək və bacarıqla hərəkət etmək qabiliyyəti; tabeliyində olanlara rəhbərlik etmək keyfiyyəti, onları təlim və tərbiyə etmək, cavabdeh olduğu iş sahəsinin vəziyyətinin qiymətləndirilməsi (intizam, döyüşə hazırlıq, onlara qayğı göstərmək bacarığı; attestasiya edilənin komandirlik etdiyi bölmənin (hərbi hissənin birləşmənin, birliyin), yaxud cavabdeh olduğu iş sahəsinin vəziyyətinin qiymətləndirilməsi (intizam, döyüşə hazırlıq, döyüş və ictimai siyasi hazırlığı, hərbi texnikaya və silaha yiyələnmə, silahların, döyüş texnikasının və maddi vasitələrin vəziyyəti, istehsalat tapşırıqlarının yerinə yetirilməsi, komandir, peşə hazırlığı və tabeliyində olan zabitlərin ixtisas dərəcəsinin yüksəldilməsi ilə əlaqədar işin vəziyyəti, xidmətdə irəli çəkilmək və təhsil almağa göndərilmək və s. üçün namizədlər ehtiyatının olması); əməliyyat-taktiki, peşə hazırlığı səviyyəsi, hərbi nizamnaməni, təlimatları, tutduğu vəzifə borclarını bilmək və onları yerinə yetirmək, komandir hazırlığı sistemində və müstəqil şəkildə peşə biliklərini təkmilləşdirmək və ixtisas dərəcəsi, elmi dərəcəsi və elmi rütbəsi, xarici dilləri bilməsi, qazanılan bilikləri təcrübədə tətbiq etmə bacarığı, attestasiya edilənin daha yüksək bacarıq nümayiş etdirdiyi və yüksək nəticələr əldə etdiyi fəaliyyət sahəsi, döyüş təcrübəsinin olması; öz fəaliyyətini tənqidi qiymətləndirmək, işə yaradıcılıqla yanaşmaq qabiliyyəti, xidməti vəzifələri yerinə itirməkdə inadcıllıq; kollektivdə nüfuzu, dövlət sirrini qorumaq bacarığı; səhhətinin vəziyyəti və iş qabiliyyəti, eləcə də attestasiya ediləni xarakterizə etmək üçün vacib olan məsələlər. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci bəndinə əsasən, hərbi quluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar.Həmin Əsasnamənin 161 -ci bəndinə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həmin Əsasnamənin 162-ci bəndinə əsasən, hərbi qulluqçularla onların həqiqi hərbi xdmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlməninmaddi- məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri zahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə 6 saylı əlavə olan “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidmətin bağlaşma ilə keçən hərbi (ulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi” Qaydalarının 9-cu bəndinə əsasən, həqiqi hərbi xidmətdən buraxılmaya təqdim edildikdə təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı atestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin «v», «q», «e», «ə» bəndləri, 158ci maddəsinin «b» bəndi ilə buraxıldıqda) göndərilir. İş materiallarında olan sənədlərdən isə iddiaçıya buraxılmaya iki ay qalmış xəbərdar olunmaqla onunla ən azı iki fərdi söhbət aparılması və təqdimatla birlikdə söhbət vərəqəsinin də göndərilməsi müəyyən edilmir. Belə olan halda isə məhkəmə hesab edir ki, ehtiyata buraxılmanın Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun aparılmasını sübut etmək yükü cavabdeh inzibati orqanın üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd olunanlarla bağlı da müvafiq sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Azərbaycan Ordusunda bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın bəzi məsələlərinin tənzimlənməsi haqqında xx.xx.2022-ci il tarixli, 369 saylı əmrinə əsasən, Müdafiə nazirinin müavinləri, qoşun (qüvvə) komandirləri, Milli Müdafiə Universitetinin rektoru, birlik komandirləri və xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslərin bağlaşma əsasında həqiqi həri xidmətə daxilolmaları aşağıdakı qaydada həyata keçirilsin: -2020-ci il 1 iyun tarixədək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.2, 332.1, 332.2.1, 332.2.2, 332.2.3, 332.2.4, 333.1, 333.3, 347 və 350.1-ci maddələri ilə məhkum edilmiş şəxslərlə bağlaşmanın imzalanmasından əvvəl həmin şəxslərdən məhkum edilmələri barədə məhkəmənin hökmü əldə olunaraq törətdikləri əməllər cinayət qanunvericiliyinə əsasən cinayət hesab edilmədiyi təqdirdə həmin şəxslərlə bağlaşmanın imzalanması Azərbaycan Respublikası qanunvericliyinə uyğun olaraq, - Əvvəllər hərbi xidmət əleyhinə olan cinayət törətdiyinə görə məhkum edilmiş şəxsin əməlinin cinayət, inzibati xəta olmasının və ya dekriminallaşmasının müəyyən edilməsi və bu barədə hüquqi rəyin verilməsi bağlaşmanı imzalamağa səlahiyyəti olan komandirinin tabeliyindəki hüquq xidmətinin vəzifəli şəxsinə həvalə olunsun və bağlaşmanın imzalanması və ya imtina edilməsi zamanı müvafiq rəy nəzərə alınmaqla qərar qəbul edilsin. Qeyd olunanlara və Bakı Hərbi Məhkəməsinin 14 aprel 2003-cü il tarixli hökmünə əsasən iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2-ci və 331.3-cü maddəsinə əsasən məhkum edilməsinə istinad edərək, imtina etməsi üçün məhkəmə mötəbər sübut və ciddi əsas kimi qiymətləndirilməsini mümkün hesab etmir. Bundan əlavə iş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 363/2023 saylı 27 fevral 2023-cü il tarixli Qərarından müəyyən olunur ki, iddiaçı ilə eyni əsaslarla məhkum olunmuş və ehtiyata buraxılmış xidmət yoldaşı X1 həqiqi hərbi xidmətə qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(105)434/2023-cü il tarixli Qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Sumqayıt İnzibati Məhkəməsinin müvafiq qərarı dəyişdirilmədən saxlanmışdır və hal-hazırda qərar qanuni qüvvəsini alaraq icraya yönləndirilmişdir. Məhkəmə hesab edir ki, eyni qanun eyni halda vətəndaşlara fərqli şəkildə tətbiq edilə bilməz və həmin analoji hal iddiaçıya münasibətdə də şamil edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1 -ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1 -ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı bağlaşma əsasında hərbi xidmətə qəbul edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Şirvan inzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvanə Qurbanova