Məhkəmə qərarları › İş №2-1(120)-1148/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1148/2020

21.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1148/2020 21.07.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və x3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlillik səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında hazırlıq icraatı üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Əmək və x3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı məhkəmədə iddia qaldıraraq, ümumi xəstəlik səbəbindən təyin edilmiş əlilliyi hərbi əməliyyatlar keçirilmiş zonada olmaqla ikinci qrup əlilliklə əvəz edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, N saylı hərbi hissənin tərkibində döyüşmüşdür. Cəbrayıl RHK tərəfindən 25.01.2001-ci il tarixində ona müharibə veteranı adı və vəsiqəsi verilmişdir. (vəsiqə nömrə 047656). Daha sonra o məcburi köçkün olaraq Cəlilabad rayon Privolnoye kəndində məskunlaşmışdır. Dövlət x4 Cəlilabad rayon şöbəsi tərəfindən 16.09.2019-cu il tarixindən ona vəsiqə verilmişdir (vəsiqə nömrəsi 029550). Hərbi əməliyyatlar keçirilmiş zonada olmaqla ömürlük ikinci qrup müharibə veteranı əlili olduğu qeyd edilmişdir və doğru qeyd etmişdilər. ƏƏSMN yanında 30 nömrəli TSEK isə hərbi əməliyyatlar keçirilmiş zonada olmaqla ömürlük ikinci qrup müharibə veteranı əlili olduğu deyil, ümumi xəstəlik səbəbindən təyin edilmiş əlillik olaraq qeyd edib. ƏƏSMN yanında 30 nömrəli TSEK-in bu səhvi səbəbindən o, imtiyazlardan yararlana bilmir. O, bununla bağlı olaraq ƏƏSMN yanında 30 nömrəli TSEK-nin sədrinə etdikləri səhvin düzəldilməsi üçün dəfələrlə müraciət etsə də, düzəlişin edə bilməyəcəyini deyib, imtina vermiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Daha sonra Əmək və x3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sədrinə iki dəfə yazılı müraciət etsə də, müraciətinə cavab verilməməklə «Vətəndaşların müraciəti haqqında» Qanunun 10-cu maddəsini də kobud surətdə pozmuşlar. Dövlət x4 Cəlilabad rayon şöbəsinə şifahi müraciət etmişdir. Onlar sistemə baxdıqda, həqiqətən, hərbi əməliyyatlar keçirilmiş zonada olmaqla ömürlük ikinci qrup müharibə veteranı əlili olduğu elektron sistemdə olduğu qeyd edilmişdir. Hətta elektron çıxarış təqdim edilmişdir. Lakin ƏƏSMNnin 30 nömrəli TSEK-in sənədində ümumi xəstəlik yazıb Dövlət x5 göndərilmişdir. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi 30 №-li x1 18.02.2020-ci il tarixli **********8 saylı arayışından görünür ki, Cəbrayıl rayon Sirik kənd sakini 1958-ci il təvəllüdlü İddiaçı 02.01.2002-ci ildə ilkin xəstə kimi ümumi səbəbdən ikinci qrup əlillik təyin olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilk dəfə 02.01.2002-ci il tarixdə ümumi səbəbdən ikinci qrup əlillik təyin olunmuşdur. İddiaçı isə ümumi xəstəlik səbəbindən təyin edilmiş əlillik barədə qərara dəyişiklik edilərək, hərbi əməliyyatlar keçirilmiş zonada olmaqla ikinci qrup əlillik təyin edilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələbi mübahisələndirmə haqqında iddiaya aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə, qanunun qeyd edilən tələbindən və işin yuxarıda qeyd edilən hallarına əsasən, müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırılmışdır. Belə ki, iddiaçı ona ilk dəfə əlillik təyin edilməsindən (02.01.2002-ci il) 18 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbi ilə bağlı yardım olunsa da, məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddət ötürüldüyündən İddiaçı cavabdeh Əmək və x3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlillik səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Əmək və x3 Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı «əlillik səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, elan olunduğu gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar