Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-115/2024 10.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, vəkili və nümayəndəsi Vəkil1, Üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Astara rayonu Şüvi Bələdiyyəsinə qarşı “xx.xx.2002-ci il tarixli, 09 saylı qərarın və həmin qərarın hüquqi nəticəsi olaraq verilmiş bütün sənədlərin (torpaqların alqı-satqısına dair akt, cizgi və s) ləğv edilməsi” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Astara rayonu Şüvi Bələdiyyəsinə qarşı “xx.xx.2002-ci il tarixli, 09 saylı qərarın və həmin qərarın hüquqi nəticəsi olaraq verilmiş bütün sənədlərin (torpaqların alqı-satqısına dair akt, cizgi və s) ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 2-1(120)-796/2022 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Astara rayonu, Şüvi kəndi ərazisində 0,4016 ha torpaq sahəsi mənim mülkiyyətimdədir. Mülkiyyət hüququm daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəməyə məlumat üçün bildirim ki, torpaq kənd təsərrüfatı təyinatlıdır və torpaq islahatı zamanı pay torpağı kimi ayrılmışdır. Torpaq sahəsini 2005-ci ildə ilkin olaraq ayrılmış olan şəxsdən alqı-satqı yolu ilə əldə etmişəm. Məlumat üçün bildirim ki, mənə məxsus olan bu torpaq sahəsi ilkin olaraq mülkiyyət hüququ üzrə 15 sentyabr 1999-cu il tarixdə qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin ərazisində vətəndaş X7 tərəfindən qeyri-yaşayış binası tikilmişdir. Bu tikinti ilə bağlı uzun müddət mübahisələrimiz olmuşdur. H.Höccətov tikinti işləri apardığı torpaq sahəsinin bələdiyyədən alqısatqı yolu ilə əldə etmiş olduğunu bildirərək qanunvericiliyə uyğun hərəkət etdiyini bildirirdi. Halbuki, H.Höccətovla aramızda uzaq qohumluq əlaqəsi də olduğundan o, torpaq sahəsinin mənə məxsus olduğu haqda məlumatlı olmuşdur. Mübahisəmiz üzrə Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Uzun müddət məhkəmə çəkişmələrinin yekunu olaraq, iddia tələblərim təmin edilmədi. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanıldı. Məhkəmənin bu nəticəyə gəlinə səbəbi iki əsasa söykənirdi. 1) Mübahisəli qeyri- yaşayış binası və yerləşdiyi torpaq sahəsi mülki iş üzrə cavabdeh H.Höccətovun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır; 2) İş üzrə təyin edilmiş məhkəmə ekspertizasının rəyinə əsasən, mənə məxsus olan torpaq sahəsi ilə H.X6 tərəfindən satılmış torpaq sahəsi üst-üstə düşmür. Mülki icraat qaydasında “torpaq sahəsinin azad edilməsi və s.” tələblərinə dair iddia ərizəmiz üzrə yekun məhkəmə qərarı olsa da, H.Höccətovun, faktiki oaraq mənə məxsus olmuş sahədə qeyri-yaşayış binası tikdiyini bildiyimdən, problemin nədən qaynaqlandığını, ekspertiza rəyinin səhvlərinin nədən ibarət olduğunu müəyyən etmək istədik. Tərəfimizdən, “X9 və Ekspertiza Mərkəzi” MMC-yə müraciət olundu. Həmin təşkilatdan Mütəxəssis Rəyi aldıq. Mütəxəssis qarşısında qoyulan sualların cavablandrılması üçün, həm mübahisəli torpaq sahəsinə dair öz sənədlərimizi, həm H.Höccətovun sənədlərini, həm də Astara rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə alınmış mütəxəssis rəyini təqdim eetmişdir. “X9 və Ekspertiza Mərkəzi” MMC-nin mütəxəssisləri tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, 10 noyabr 2021-ci il tarixli 74 saylı mütəxəssis rəyini almışdırlar. Rəyin məzmunundan müəyyən edildi ki, mübahisələndirilən torpaq sahəsi Şüvi Bələdiyyəsi tərəfindən vətəndaş H.Höccətova alqı-satqı yolu ilə verilərkən, artıq pay torpağı kimi vətəndaşa ayrılmış torpaq sahəsinə düşür. Şüvi Bələdiyyəsi tərəfindən vətəndaşın mülkiyyətində olan torpaq sahəsi qanunsuz olaraq H.Höccətova satılmışdır. Bundan əlavə, ona məxsus olan torpaq sahəsi ilə bağlı dövlət qeydiyyatına alınması zamanı, qeydiyyat orqanı tərəfindən də yalnışlıqlara yol verilmiş və torpaq sahəsinin koordinatları heç bir əsas olmadan dəyişdirilmişdir. Nəticədə ona məxsus olan torpaq sahəsinin koordinatları bir hissədə ümumiyyətlə mübahisəyə aid olmayan digər qonşunun torpaq sahəsinə aid edilmiş, toıpaq sahəsinin bir hissəsi ümumiyyətlə koordinatlardan kənarda saxlanılmışdır. Mübahisəli hissədə isə mütəxəssis müəyyən etmişdir ki, H.Höccətova satılmış torpaq sahəsinin 27 kv.m. hissəsi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olmuşdur. Hal-hazırki iddia tələbləri ilə mübahisələndirdiyi alqı-satqı ilə Şüvi Bələdiyyəsi tərəfindən H.Höccətova cəmi 40 kv.m. torpaq sahəsi satılmışdır ki, həmin sahədə qeyri-yaşayış binası tikilmişdir. Mütəxəssis rəyindən müəyyən edilir ki, 40 kv.m. torpaq sahəsinin 27 kv.m. hissəsi onların mülkiyyətdə olan torpaq sahəsinə aid olmuşdur. Bundan əlavə, mülki iş üzrə icraat zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasına cəlb edilmiş mütəxəssisin verdiyi rəyin ümumiyyətlə işin faktiki hallarına uyğun gəlmədiyini məhkəmənin diqqətinə çatdırmaq istəyirik, həmin rəyə əsasən, mübahisələndirdiyi qərarla ayrılmış 40 kv.m. torpaq sahəsinin yerləşmə yeri faktiki yerləşmə yerində deyil, digər sahədə göstərilmişdir ki, həmin hissə ümumiyyətlə kənarası yol olmaqla heç bir tikinti aparılması mümkün olmayan sahədir.Belə olduqda, həm Şüvi Bələdiyyəsi, həm də qeydiyyat orqanı tərəfindən hüquqlarının pozulmuş olması müəyyən edilmişdir. Qeydiyyat orqanının qanunsuz hesab etdiyi hərəkətləri ilə əlaqədar tərəflərindən hüquqi addımlar atılır və həmin mübahsiə üzrə ayrıca inzibati icraat qaydasında məhkəməyə müraciət etmək niyyətindədilər. İlk növbədə Şüvi Blədiyəsinə ərizə ilə müraciət edərək, yuxarıda qeyd edəl əsaslarla Astara rayonu Şüvi Bələdiyyəsinin 03 avqust 2002-ci il tarixli 09 saylı Qərarının və həmin qərar əsasında verilmiş sənədlərin (torpaqların alqısatqısın dair Akt, Cizgi və s.) ləğv edilməsini xahiş etmişdirlər. Cavab olaraq, 10 dekabr 2021-ci il tarixli 03 saylı imtina məktubunu alaraq, məktubda dediklərinin əsassız olduğunu, bunu məhkəmənin qanuni qüvvəyə minmiş aktlarının təsdiq etdiyini, eyni əsaslar üzrə məhkəməyə müraciət etməyin mümkünsüzlüyü bildirilmişdir. İddia tələbləri üzrə cavabdeh Astara rayonu Şüvi Bələdiyyəsinin 03 avqust 2002-ci il tarixli 09 saylı Qərarının və həmin qərar əsasında verilmiş sənədlər (torpaqların alqı-satqısın dair Akt, Cizgi və s.) qüvvədə olan qanunvericiliyin pozulması ilə tərtib edilmişdir və ləğv edilməlidir. Qərarın surətini əldə edə bilməmişlər, həmin Qərara istinadla verilmiş, yəni həmin Qərarın hüquqi nəticəsi olan sənədlərin bəzilərinin surətləri əllərində vardır. Belə ki, Astara Rayon Məhkəməsində işə baxılma zamanı məhkəmə tərəfindən sorğu vasitəsilə alınmış sənədlər arasından əldə etdikləri surətlər yalnız hüquqi nəticələrlə bağlı sənədlərin surətləri olmuşdur. Bu da, bəhs edilən Qərarın qeydiyyat orqanına da təqdim edilməmiş olduğu təəssüratını yaradır. Eyni zamanda, Şüvi Bələdiyyəsinə verdiyi ərizəyə cavab olaraq göndərilmiş Şüvi Bələdiyyəsinin 10 dekabr 2021-ci il tarixli 03 saylı məktubunun məzmunundan, həmin Qərarın mövcud olduğu təsdiqini tapır. Məhkəmənin diqqətinə onu da çatdırmağı zəruri hesab edirik ki, cavabdehin 10 dekabr 2021-ci il tarixli 03 saylı cavab məktubunu da qanunazidd hesab edirlər. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Astara rayonu Şüvi Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Astara rayonu Şüvi Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X7 iddianı qəbul etmədiyini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Astara rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 108 nömrəli sərəncamından çıxarışdan görünür ki, X1 bələdiyyəsindən alqı-satqı yolu ilə kommersiya məqsədi üçün aldığı 40 kv metr torpaq sahəsində Astara rayon İcra Hakimiyyəti başçısının 25 sentyabr 2003-cü il tarixli 152 saylı sərəncamı ilə inşa etdiyi 14 kv metr aptek binasına əlavə edəcəyi 26 kv metr ölçüdə kommersiya obyektinin tikintisinə icazə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Şüvi kəndində 0,23 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Şüvi kəndində 0,2916 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Astara rayonu, Şüvi kəndində 0,4016 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 77 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)- 12/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X5 qarşı “ Qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, özbaşına tikilən qeyri-yaşayış binasının sökülməsi” tələbi barədə olan iddiası əsassız olduğuna görə təmin edilməmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-1485/2019 nömrəli qətnaməsinin çıxarışında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-12/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5660/2019 nömrəli qərarı ilə İddiaçı və vəkili Niftəliyev Zaur Gülaməddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-1485/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 21/1 nömrəli arxiv çıxarışından görünür ki, Astara rayonu Şüvi Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 10 saylı protokoldan çıxarışla Şüvi kənd sakini X5 mağaza binası tikməkdən ötrü 40 kv.m torpaq sahəsi verilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9361 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci və ikinci sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3291/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin reyestr nömrəsi **********15 olan çixarışı ilə İddiaçı hal- hazırda mülkiyyətində olan 0.4016 ha torpaq sahəsinin hansı döngə nöqtə koordinatlarda yerləşməsi müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.4016 ha torpaq torpaq sahəsi İddiaçı faktiki istifadəsində 0,42ha torpaq sahəsi arasında konfiqurasiya və sahə fərqinin olması müəyyən edilmişdir. Qərardadın üçüncü və dördüncü sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3291/2023 saylı mütəxəssis rəyinə və rəyə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin reyestr nömrəsi **********89-06301 olan çıxarışı ilə X4 hal-hazırda mülkiyyətində olan 0.004 ha torpaq sahəsinin hansı döngə nöqtə koordinatlarında yerləşməsi müəyyən edilmişdir. xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan 0.004 ha torpaq sahəsi ilə X3 faktiki istifadəsində olan 0,0046ha torpaq sahəsi arasında konfiqurasiya və sahə fərqinin olması müəyyən edilmişdir. Qərardadın beşinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3291/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara göstərilənlərə əsasən, Torpaqların elektron ladastr uçotu informasiya sistemində araşdırma zamanı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.4016 ha torpaq (ilkin hüquqmüəyyənedici sənəd JN-466Z hissəsinə aid) torpaq sahəsinin koordinatları ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016- ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən X3 mülkiyyətində olan 0.004 ha torpaq sahəsinin koordinatlarının bütövlükdə üst-üstə düşməsi müəyyən olunmuşdur. Lakin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3291/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin reyestr nömrəsi **********15 olan çıxarışı ilə mülkiyyətdə olan 0,4016 ha torpaq sahəsi ilə reyestr nömrəsi **********89-06301 olan çıxarışı ilə mülkiyyətdə olan torpaq sahəsi və üzərindəki tikilinin üst-üstə düşmədiyi, X3 mülkiyyətində olan 0.004 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olan 0.4016 ha torpaq sahəsinin qərb istiqamətində 0.4016 ha torpaq sahəsindən aralıda yerləşir. Qərardadın altıncı sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-43/2-3291/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara göstərilənlərə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-ci il tarixli, ********** qeydiyyat nömrəli (reyestr nömrəsi **********89-06301) Çıxarışa əsasən, X3 mülkiyyətində olan 0.004 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin ayrılmaz hissəsi olan torpaqayırma sxemi sxematik tərtib olduğundan (kompleks yerquruluşu layihəsi əsasında hazırlanmadığından və yaxud da qonşu torpaq sahələri əks olunan ayrıc aktı təqdim olunmadığından) həmin 0.004 ha torpaq sahəsinin ilkin sənəd üzrə konkret yerləşmə yeri (koordinat göstəriciləri) ilə sonuncu sənədin koordinat göstəricilərinin uyğun olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X5 qarşı “ Qanunsuz zəbt edilmiş torpaq sahəsinin azad edilməsi, özbaşına tikilən qeyriyaşayış binasının sökülməsi” tələbi ilə Astara Rayon Məhkəməsində iddia qaldırmış, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-12/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(106)-1485/2019 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5660/2019 nömrəli qərarı ilə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Eləcə də, iddia edilən torpaq sahələrinin üst-üstə düşməsi hissəsinin aydınlaşdırılması məqsədilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş və təqdim edilən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/9361 nömrəli ekspert rəyinə əsasən ilkin hüquqmüəyyənedici sənədlərə əsasən torpaq sahələri üst-üstə düşsə də, cavabdeh təəfindən qeyd edilən mübahisə üzrə tərəflərin mülkiyyət hüquqları qeydiyyata alınaraq müvafiq düzəliş işləri aparılmış və düzəlişə əsasən torpaq sahələri və üzərindəki tikililərin üst-üstə düşmədiyi, X3 mülkiyyətində olan 0.004 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olan 0.4016 ha torpaq sahəsinin qərb istiqamətində 0.4016 ha torpaq sahəsindən aralıda yerləşdiyi müəyyən edilmişdir. Tərtib edilən yerquruluşu planı iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. İddiaçının qeyd edilən torpaq sahəsi ilə bağlı subyektiv hüququ olmadığından, eləcə də üçüncü şəxsə məxsus sənədlərdə qanun pozuntusu aşkar edilmədiyindən iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı əlavə hüquqi yardımın göstərilməsinə də ehtiyac yoxdur. Həmçinin iddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Astara rayonu Şüvi Bələdiyyəsinnin xx.xx.2002-ci il tarixli, 09 saylı qərarın və həmin qərarın hüquqi nəticəsi olaraq verilmiş bütün sənədlərin (torpaqların alqı-satqısına dair akt, cizgi və s) ləğv edilməsini xahiş edir. Hazırkı işdə tələb “mübahisələndirmə haqqında” iddiaya uyğundur. Bu qəbildən olan iddialarda isə, mövcud qanunvericilik iddia müddətini nəzərdə tutur və bu müddət kriteriyasına riayət olunmaması mümkünlük şərtinin mövcud olmaması nəticəsini yaradır. Mübahisə predmet olan qərar xx.xx.2002-ci il tarixdə qəbul olunmuşdur, lakin hazırkı iddiaçı bu qərarı 2022-ci ilin yanvar ayında (məhkəməyə daxil oldğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan müvafiq olaraq 20 il sonra mübahisələndirmişdir. Mübahisələndirilən qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, Astara rayonu Şüvi Bələdiyyəsinnin xx.xx.2002-ci il tarixli, 09 saylı qərarının olduğu iddiaçıya elə o dövrdə də (2019-cu ildə) məlum idi. İddiaçı tərəfindən qərardan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi qərardan 2019cu il tarixdə məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan sərəncamın qanunla müəyyən edilmiş vaxtlarda mübahisələndirilməməsi, təkcə cavabdeh inzibati orqan üçün deyil, üçüncü şəxslər üçün də əlavə nəticələr yaranmasına şərait yaratmış olur. Müvafiq vaxtda mübahisənin qaldırılması isə, başqa şəxslər qarşısında öhdəliklərin genişlənməməsinə səbəb ola bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 14 avqust 2024-cü il tarixli, 2-1(120)-115/2024 nömrəli məktubla hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bununla da, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxılmışdır. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-115/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-115/2024
10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver