Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1150/2021 16.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı “torpaq sahəsinin kateqoriyasının qeyri kənd təsərrüfatı kateqoriyasına keçirilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “torpaq sahəsinin kateqoriyasının qeyri kənd təsərrüfatı kateqoriyasına keçirilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin nümayəndəsi X3 izahatında İddiaçı hazırkı iddia tələbi ilə bağlı müraciəti olmadığını, həmin tələbə cavab verən orqan olmadığını bildirmişdir. Qeyd edilənləri nəzərə alıb, iddia tələbinin mümkünsüz sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Yuxarıda qeyd edilən hüquq normalarının tələbinə görə öhdəliyin icrası haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri iddiaçının iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməli və cavabdehin iddia tələbinə münasibətini müəyyən etməli olmasıdır. Lakin, iddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmişdir. Yəni, iddiaçı cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır. Bundan başqa iddiaçının iddia tələbindən görünür ki, iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ağcabədi ərazi idarəsi tərəfindən verilmiş 16.04.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmiş torpaq sahəsinin kateqoriyasının qeyri kənd təsərrüfatı kateqoriyasına keçirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh - Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi “torpaq sahəsinin kateqoriyasının qeyri kənd təsərrüfatı kateqoriyasına keçirilməsi” ilə bağlı tələbə cavab verməli inzibati orqanlar deyildir. Yəni torpaq sahəsinin kateqoriyasının qeyri kənd təsərrüfatı kateqoriyasına keçirilməsi ilə bağlı tələb hazırki cavabdehə qarşı yönələ bilməz. Belə ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi” Qaydalarının 1.2-ci bəndinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Qaydaların 1.6-cı bəndinə görə kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir. Qaydaların 1.8-ci bəndinə görə bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar. Qaydaların 2.1-ci bəndinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları aşağıdakılardan ibarətdir: 2.1.1. dəniz limanının, dəmir və avtomobil yollarının tikintisi; 2.1.2. dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədi ilə sərhədboyu zolağın yaradılması; 2.1.3. sənaye obyektlərinin, zonalarının (məhəllələrinin və parklarının) yaradılması; 2.1.4. ehtiyat fondu torpaqlarından istifadə zərurətinin yaranması; 2.1.5. müasir texnologiyaların tətbiqi ilə aqroparkların, fermer və aqraryönlü digər təsərrüfatların yaradılması məqsədi ilə əkin dövriyyəsinə əlavə torpaqların cəlb edilməsi; 2.1.6. qoruyucu meşə zolaqlarının və yaşıllıq zonalarının salınması məqsədi ilə meşə fondunun tərkibinə əlavə torpaqların verilməsi; 2.1.7. meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə meşə ilə örtülü olmayan sahələrin əkin dövriyyəsinə cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaq sahələrinin eyni ölçüdə kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaq sahələri ilə əvəzləşdirilməsi; 2.1.8. bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin (o cümlədən, milli parkların, dövlət təbiət qoruqlarının, yasaqlıqların və s.) tərkibinə əlavə torpaqların verilməsi; 2.1.9. magistral mühəndis-kommunikasiya təminatı sistemlərinin, meliorasiya və su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğu-ların tikintisi; 2.1.10. ekzogen geoloji proseslərə məruz qalmış yaşayış məntəqələrinin torpaqlarının əvəzləşdirilməsi; 2.1.11. yeni yaşayış məhəllələrinin (məntəqələrinin) salınması və ya mövcud yaşayış məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi) məqsədi ilə ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq əlavə torpaq sahələrinin ayrılması; 2.1.12. tarix-mədəniyyət, təbii qoruq və sağlamlaşdırma yerlərinin yaradılması, əhalinin istirahətinin təşkili, turizmin inkişafı, idman və digər sosial obyektlərin tikintisi; 2.1.13. xüsusi mülkiyyətdə olan torpaq sahələrindən iqtisadi cəhətdən daha səmərəli istifadənin təmin edilməsi ilə bağlı mülkiyyətçilərin müraciətləri. Qaydaların 3.1-ci bəndinə görə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinin əsasları üzrə kateqoriyası dəyişdirilməsi təklif olunan torpaq sahəsinin yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya, keçirilməsi nəzərdə tutulan kateqoriya, keçirilmənin əsaslandırılması, kadastr nömrəsi, sahə ölçüsü, məqsədli təyinatı, hüquqi rejimi, mülkiyyətdə, istifadədə və ya icarədə olması, kənd təsərrüfatı təyinatlı olduqda torpağın yeri (uqodiyası), suvarılan və ya dəmyə olması barədə məlumatlar və planlaşdırılan konkret istifadə istiqamətləri göstərilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qarşısında vəsatəti aşağıdakılar qaldırırlar: 3.1.1. dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları; 3.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə – müvafiq bələdiyyələr; 3.1.3. xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə – torpaq mülkiyyətçiləri. Qaydaların 3.3-cü bəndinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair təklifin sənədlər əsasında araşdırılması və yerquruluşu işlərinin aparılması məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müvafiq tapşırıq verilir. Yuxarıda qeyd olunan hüquq normalarından göründüyü kimi torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinin müvafiq prosedurları müəyyən olunmuşdur və hazırki iş üzrə cavadeh torpaq sahəsinin kateqoriyasını dəyişən inzibati orqan deyildir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı 28.08.2007ci il tarixli Qərarı ilə təsdiq olunmuş «X1» Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzi inzibati orqan kimi göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Yuxarıda qeyd olunan məsələlərlə bağlı iddiaçıya 02.06.2021-ci il tarixli, 2-1(120)- 1150/2021 nömrəli məktubla yazılı yardım edilsə də, iddiaçı müvafiq sənədləri (hazırki tələbi üzrə cavabdehin imtina məktubunu) məhkəməyə təqdim etməmiş, iddia tələbi üzrə dəqiqləşmə aparmamış və özü də məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinə qarşı “torpaq sahəsinin kateqoriyasının qeyri kənd təsərrüfatı kateqoriyasına keçirilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1150/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1150/2021
16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver