Məhkəmə qərarları › İş №2-1(120)-1156/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1156/2020

03.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1156/2020 03.09.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Kürdəmir rayonu, Atakişili kəndində yaşayan) və Cavabdeh Dövlət X6 Kürdəmir rayon şöbəsinin nümayəndəsi X2 (Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət X6 Kürdəmir rayon şöbəsinə qarşı «sosial sığorta stajı müəyyən edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxxxx 1962-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində doğulmuşdur. İddiaçı 1979-1980, 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda, xx.xx.1984-xx.xx.1989-cu illərdə PMK-22 tikinti idarəsində işləmişdir. xx.xx.2003-cü il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur. Həmçinin 1990- 2000-ci illərdə uşaqlarına qulluq etmişdir. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X6 Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh iddiaçıya ünvanladığı məktubda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun «Bakı fəhləsi» kolxozunda 1979-1980, 1982-1983-cü illərdə işlədiyi illəri, əmək kitabçasında qeyd olunan illərdə işləməsi ilə bağlı sosial sığorta stajını və 1990-2000-ci illərdə uşaqlarına etdiyi qulluğun 6 ilini ümumi sosial sığorta stajına daxil etməklə çoxuşaqlı ana kimi (beş uşaq) yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən, yəni xx.xx.2018-ci il tarixdən verilməsi öhdəliyinin Dövlət X6 Kürdəmir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1962-ci il tarixdə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1979-1980, 1982-1983-cü illərdə «Bakı fəhləsi» kolxozunda, 1984-1989-cu illərdə 22 saylı (PMK) tikinti idarəsində işləmişdir. Ailə həyatı qurduğundan əmək fəaliyyətini müvəqqəti dayandırmışdır. 1990-2000-ci illərdə 5 uşaq dünyaya gətirmişdir. 2003-cü il tarixdən halhazıradək işləyir. Ümumi stajı isə 23 ildən çoxdur. Hal-hazırda ailəlidir, işləyir və 5 uşağı var. «Əmək pensiyaları haqqında» Qanunun 8-ci maddəsinin 8.1-ci bəndinin tələblərinə əsasən o, çoxuşaqlı ana kimi yaşa görə pensiyaya çıxmaq üçün Dövlət X6 Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Orada ondan əmək stajı barədə əmək kitabçasını istəmişlər. O, əmək kitabçasını və Kürdəmir rayon Dövlət Arxivindən aldığı arxiv arayışını Dövlət X6 Kürdəmir rayon şöbəsinə təqdim etmişdir. Dövlət X6 Kürdəmir rayon şöbəsinin ona ünvanladığı məktubda qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən onun tələb olunan sığorta stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğinə imkan verməməsi səbəbindən yaşa görə əmək pensiyası almaq hüququ yoxdur. Dövlət X6 Kürdəmir rayon şöbəsi onun 5 uşağına qulluq etdiyi illəri staj kimi nəzərə almamışdır. Halbuki həmin dövrdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin «e» bəndində göstərilir ki, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq sığorta stajına daxil edilir. Dövlət X6 Kürdəmir rayon şöbəsi onun uşaqlarına qulluq dövrünü sosial sığorta stajına daxil etsəydi, əmək pensiyası hüququ yaranacaqdır. Bu səbəbdən də məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli 49/73 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması ilə əlaqədar müraciət etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə baxış keçirilərkən xx.xx.1984-cü il tarixdən xx.xx.1989-cu il tarixədək 22 saylı tikinti idarəsində və 2003-cü il tarixdən hal-hazıradək N saylı hərbi hissədə işləməsi əmək kitabçasında qeyd olunmuşdur. Bundan əlavə vətəndaş 1979-1980 və 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda işləməsi ilə bağlı arxiv arayışı təqdim etmişdir. Həmin arayışda göstərilən illər vətəndaşın əmək kitabçasında qeyd olunmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı yazdığı iddia ərizəsində 1990-2000-ci illərdə uşaqlarına qulluq dövrünün 6 ilinin ümumi sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində uşağa qulluq dövrü sığorta stajına daxil edilməmişdir. Bu səbəbdən də həmin dövrün sığorta stajı kimi nəzərə alınması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. İddiaçı təqdim etdiyi sənədlərdə onun Qanunla tələb olunan sosial sığorta stajı olmadığından ona yaşa görə əmək pensiyası təyin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçının 1990-2000-ci illərdə uşaqlarına qulluq dövrünün sosial sığorta stajına daxil edilməsi ilə əlaqədar iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının, nikah haqqında şəhadətnamənin və uşaqlarının doğum haqqında şəhadətnamələrinin təsdiq olunmuş surətlərini, Kürdəmir rayon Dövlət Arxivinin arxiv arayışını, uşaqlarını səkkiz yaşınadək tərbiyə etməsi barədə Kürdəmir Rayon İHB-nin Atakişili kənd X7 üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Dövlət X6 Kürdəmir rayon şöbəsinin məktubu, Dövlət X6 Hərbi Qulluqçular və X5 X1 fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışını və Dövlət X6 Hərbi Qulluqçular və X5 X1 fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışının təsdiq olunmuş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da, qismən əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X3 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X9 Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X9 adlandırılmışdır. İddia mahiyyəti üzrə qismən uğurludur, yəni qismən əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxxx 1962-ci il tarixdə doğulmuşdur. xx xxxx 2018-ci il tarixdə 55 yaş 6 ayı tamam olmuşdur. İddiaçının beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının xx.xx.1984-xx.xx.1989-cu illərdə PMK-22 tikinti idarəsində və xx.xx.2003-cü il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olması ona məxsus xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Həmçinin iş materiallarında olan Kürdəmir Rayon İHB-nin Atakişili kənd X7 üzrə Nümayəndəliyinin xx xxx 2020-ci il tarixli 503 nömrəli arayışından görünür ki, İddiaçı 5 uşağını özü doğmuş, səkkiz yaşa qədər böyüdüb tərbiyə etmişdir. İddiaçının 1979-1980, 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda işləyib əmək haqqı alması Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 83 nömrəli arxiv arayışında qeyd edilmişdir. Lakin Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 83 nömrəli arxiv arayışından görünür ki, iddiaçının 1979-cu ildə faktiki adam günü 10 gün, 1980-ci ildə faktiki adam günü 119 gün, 1982-ci ildə faktiki adam günü 177 gün və 1983-cü ildə faktiki adam günü 205 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1979-1980, 1982-1983-cü illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət X6 Kürdəmir rayon şöbəsinin xx xxxxxx 2020-ci il tarixli məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, iddiaçının sığorta stajın hesablayarkən minimum əmək günü norması 150 gün götürülmüşdür. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1982- 1983-cü illərə münasibətdə yerinə yetirildiyindən həmin illər ona tam əmək stajı kimi, yəni 2 il hesablanmalıdır. 1979-1980-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (10 + 119) × 12 = 1548/150=10,32 (≈10 ay). Həmçinin məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.6-cı bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi xx.xx.2006-cı il tarixdən sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı stajı fərdi uçot məlumatları əsasında nəzərə alınmalıdır. Dövlət X6 Hərbi Qulluqçular və X5 X1 fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli arayışları ilə müəyyən olunur ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 12 il sosial sığorta stajı vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı 1990-2000-ci illərdə uşaqlarına qulluq etdiyindən məhkəmə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanunu qəbul olunanadək vətəndaşların pensiya təminatı ilə bağlı qüvvədə olan maddi hüquq normalarını nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, 1992-ci il tarixdə qəbul edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin «e» bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan isə mövcud qanunvericilikdə uşağa qulluq dövrünün sosial sığorta stajına daxil edilmədiyini əsas gətirib, həmin dövrü sosial sığorta stajı kimi qəbul etməyərək, iddiaçının tələbindən imtina etmişdir. Halbuki cavabdeh inzibati orqanın hazırda qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanuna əsaslanması iddiaçının vəziyyətini ağırlaşdırdığından qanunun geriyə qüvvəsi şamil oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Göründüyü kimi, yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilə bilər. Bununla yanaşı, qeyd edildiyi kimi qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, 1979-1980, 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda işləməsi barədə Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 83 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, 1990-2000-ci illərdə uşaqlarına etdiyi qulluğun 6 ili, xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fasilələrlə olan iş illəri və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi uçot məlumatları əsasında müəyyən olunmuş iş stajı nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 1979-1980, 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda işləməsi barədə Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 83 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, 1990-2000-ci illərdə uşaqlarına etdiyi qulluğun 6 ili, xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fasilələrlə olan iş illəri sosial sığorta stajı kimi qəbul edilərək, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş stajı fərdi uçot məlumatları əsasında nəzərə alınaraq, xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində iddia təmin edilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən iddiaçının Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 83 nömrəli arxiv arayışını, xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasını, Dövlət X6 Hərbi Qulluqçular və X5 X1 fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli arayışlarını və Kürdəmir Rayon İHB-nin Atakişili kənd X7 üzrə Nümayəndəliyinin xx xxx 2020-ci il tarixli 503 nömrəli arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1979-1980, 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı 1979-1980, 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda işləməsi barədə Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 83 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, 1990-2000-ci illərdə uşaqlarına etdiyi qulluğun 6 ili, xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fasilələrlə olan iş illəri sosial sığorta stajı kimi qəbul edilərək, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş stajı fərdi uçot məlumatları əsasında nəzərə alınaraq, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X6 Kürdəmir rayon şöbəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddia qismən təmin edilsin. İddiaçı 1979-1980, 1982-1983-cü illərdə Kürdəmir rayonu «Bakı fəhləsi» kolxozunda işləməsi barədə Kürdəmir rayon Dövlət Arxivinin xx xxxx 2018-ci il tarixli 83 nömrəli arxiv arayışında göstərilən iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə, 1990-2000-ci illərdə uşaqlarına etdiyi qulluğun 6 ili, xx.xx.1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında qeyd edilən xx.xx.1984-cü il tarixdən xx.xx.2006-cı il tarixədək fasilələrlə olan iş illəri sosial sığorta stajı kimi qəbul edilərək, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan iş stajı fərdi uçot məlumatları əsasında nəzərə alınaraq, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X6 Kürdəmir rayon şöbəsinin üzərinə qoyulsun.

2. İddia qalan hissədə təmin edilməsin.

3. Prosessual xərc iddiaçıya aid edilsin.

4. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

5. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar