Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1156/2025 12.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinin nümayəndəsi X4, Üçüncü şəxs X5, Üçünücü şəxsin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı iddia qaldıraraq Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3736/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” barədə iddiası üzrə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçı nümayəndəsi X6 məhkəmə iclasında izahatında xx.xx.2007-ci il tarixli, 15 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında izahatında Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X9 məhkəmə iclasında izahatında Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X5 vəkili X3 məhkəmə iclasında izahatında Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi barədə iddia tələbinin mümkünsüz sayılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia tələbindən görünür ki, İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı iddia qaldıraraq Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin məhkəmə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-9/2-3580/2025 nömrəli məktubundan görünür ki, məhkəmənin Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsin 2007-ci ilin noyabr və dekabr ayları, həmçinin 2008-ci il ərzində qəbul edilmiş qərarlarının Bələdiyyələrlə iş baş idarəsində qeydiyyata alınması barədə sorğuya cavab olaraq Biləsuvar Bələdiyyəsinin həmin illər ərzində cəmi 2 qərarının, xx.xx.2007-ci il tarixli, 16 nömrəli və xx.xx.2008-ci il tarixli, 4 saylı qərarlarının surəti təqdim olunmuşdur. Həmin məktuba əlavə olunmuş Biləsuvar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 16 nömrəli və xx.xx.2008-ci il tarixli, 4 saylı qərarlarının surəti ilə müəyyən olunur ki, həmin qərarlarla Biləsuvar rayonunda Yeni il şənliyinin keçirilməsi tədbirləri və rayonunun futbol komandasına geyimlərin alınması üçün pul vəsaitinin ayrılması ilə bağlı olmuşdur. Məhkəmə iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. İddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanunun 5.0 və 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Həmin Qanunun 8.4-ci maddəsinə inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra edərək, bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularını, o cümlədən qanun pozuntuları ilə qəbul edilmiş inzibati aktları (qərarları) ötən illər ərzində aşkar etməli idi. Bununla bağlı vaxtı-vaxtında öz təşəbbüsü ilə monitorinqlər keçirə, ümumiləşdirmələr apara bilər və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarları və həmin qərarların qeydiyyat kitablarına baxış keçirilməsi üçün həmin qərarları və kitabları tələb edə bilərdi. Lakin, iddiaçı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməmiş, hərəkətsizlik göstərərək bələdiyyələr tərəfindən yol verilmiş pozuntuları və qəbul edilmiş qərarı vaxtında müəyyən edib, mübahisələndirməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-9/2- 3580/2025 nömrəli məktubundan görünür ki, Biləsuvar Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 16 nömrəli qərarı Bələdiyyələrlə İş Baş İdarəsinə təqdim edilmişdir. Bələdiyyələrin fəaliyyətinə nəzarət edən inzibati orqan 16 saylı qərarı cavabdehdən qəbul edib qeydiyyatda alan zaman Biləsuvar Bələdiyyəsinin ondan qabaq qəbul etdiyi xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının təqdim edilməsini tələb etmək inzibati nəzarəti həyata keçirən orqanın vəzifəsi olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavab Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsi tərəfindən qəbul edilmiş qərarlar həmin vaxt bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana təqdim edilmişdir, İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələbə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə poçta, xx.xx.2024-cü il tarixində məhkəməyə, yəni mübahisələndirdiyi inzibati aktın (xx.xx.2007-ci il tarixli, 15 nömrəli qərarın) qəbulundan müvafiq olaraq 16 (on altı) ildən artıq vaxt keçdikdən sonra müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-711/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilən məsələlərlə bağlı İddiaçınə yazılı şəkildə hüquqi yardımlar edilməsinə baxmayaraq təyin edilmiş məhkəmə iclas gününə kimi hazırkı iş üzrə iddia tələbi dəqiqləşdirilməmiş, müddətin üzürlü səbəblərdən buraxılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Biləsuvar rayonu Biləsuvar Bələdiyyəsinə qarşı “Biləsuvar bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 15 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1156/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1156/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver