Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1159/2022 05.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qarşı «ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 05 iyul 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırda aldığı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “onun xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində müəllim işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Cəbrayıl rayonunun Maralyan kəndində anadan olmuşdur. 1977-ci il tarixdən əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, yaşa görə əmək pensiyası alır. Lakin yaxın vaxtlarda bilmişdir ki, onunla eyni yaşla, eyni əmək stajı ilə məşğul olan digər iş yoldaşlarının pensiyası onun aldığı pensiyadan qat-qat artıqdır. Bu səbəbdən onun yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına müraciət etmişdir. Qeyd edilən inzibati orqandan ona imtina məktubu ilə bildirilmişdir ki, onun yaşa görə əmək pensiyası yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli imtinasının əsassız hesab olunması, ona təyin edilən yaşa görə əmək pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hal hazırda ona ödənilən pensiya məbləğinin düzgün hesablanmadığını, daha artıq məbləğdə pensiya təyin edilməli olduğunu iddia edir. Məlumat üçün bildirirlər ki, İddiaçı xx.xx.2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə uyğun olaraq 296,13 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim etdiyi sənədlərə əsasən pensiyasının yenidən hesablanması ilə əlaqədar müraciət etmişdir. İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1973xx.xx.1977-ci illər təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-xx.xx.1986-ci illər, xx.xx.1993-xx.xx.2006-cı illər əmək fəaliyyəti dövrü üzrə xx.xx.2006-cı il tarixədək 25 il 1 ay 16 gün sığorta stajı müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixdən vətəndaşın pensiya hüququ yaranan xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 24174,26 manat pensiya kapitalı qeydə alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda vətəndaşın təqdim etdiyi sənədlərə əsasən pensiyası yenidən hesablanaraq hər hansı bir dəyişiklik olunmadan 296,13 manat müəyyən olunmuşdur. Eyni zamanda bildirirlər ki, İddiaçı sığorta stajı yenidən hesablanan zaman xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan Cəbrayıl rayon Maralyan kənd orta məktəbindəki əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Sözügedən araşdırma nəticəsində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının (hal-hazırda Şərqi Zəngəzur regional filiali) xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından qeyd olunan dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi mümkün olmamışdır. Həmçinin İddiaçı xx.xx.2022-ci il tarixli işdən çıxma ilə bağlı müraciətinə əsasən xx.xx.2021-xx.xx.2021-ci illər üzrə 433,6 manat pensiya kapitalına əsasən pensiyanın məbləği yenidən hesablanmışdır. xx.xx.2021-ci il tarixdən pensiyasının məbləği 303,84 manata, xx.xx.2022-ci ildən isə 314,17 manata çatdırılmışdır. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 27-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinə yenidən baxıldıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınır. Sözügedən Qanunun 29.2-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. Həmin Qanunun 10.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+YH. Həmin Qanununun 10.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının baza hissəsinin (BH) məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (xx.xx.2016-cı il tarixə 110 manat müəyyən edilmişdir.) Həmin Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği SH = PSK/T düsturu ilə müəyyən edilir. T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı= 144 ay. Sözügedən Qanunun 10.3cü maddəsinə əsasən yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq YH=PYK/T düsturu ilə müəyyən edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissələrinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsi hesab edilir. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.4-cü maddəsinə əsasən borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, İddiaçı yaşa görə əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X4 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1977-ci il tarixli, 155 nömrəli əmrlə İmişli rayon Bəcrəvan kənd orta məktəbinə müəllim təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 124 nömrəli əmrlə İmişli rayon Bəcrəvan kənd orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin olunma müddəti qurtardığına görə məktəbin və rayonun müəllimliyi vəzifəsindən azad edilmiş, xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayonu Maralyan kənd orta məktəbində fasiləsiz olaraq riyaziyyat müəllimi işləmiş, xx.xx.1994-cü il tarixli, 378 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdə Cəbrayıl rayon 18 nömrəli orta məkətəbə direktor təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 129 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, Б-İ № 009089 nömərli diplomun surətindən görünür ki, İddiaçı 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1977-ci ildə “riyaziyyat” ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan Cəbrayıl rayon Təhsil Şöbəsinin xx.xx.2021-ci il tarixli, 122 nömərli məktubundan görünür ki, İddiaçı 01 sentyabr 1986-cı il tarixdən 01 sentyabr 1993cü il tarixə kimi Cəbrayıl rayon Maralyan kənd orta məktəbində riyaziyyat müəllimi işləməyi barədə sənədlər işğal zonasında qaldğı üçün ona əmrlərin surətinin və yaxud hər hansı əmək stajının təsdiq olunması barədə arayış verilməsi mümkün deyil. İş materiallarında olan Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 68 nömrəli arayışından görünür ki, Cəbrayıl rayonu xx.xx.1993-cü il tarixdə işğal olunan zaman Cəbrayıl rayon Təhsil şöbəsinin Maralyan kənd orta məktəbin 1986-avqust 1993cü ilə kimi olan arxiv sənədləri işğal zonasında qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, xx.xx.1954-cü il tarixdə Cəbrayıl rayon Maralyan kəndində anadan olmuşdur. 1973-cü ildə Pedaqoji Texnikumu bitirdikdən sonra Cəbrayıl rayon Maralyan kənd orta məktəbində ibtidai sinif müəllimi kimi işləməyə başlamış, İddiaçı da xx.xx.1986-cı ildə həmin məktəbə riyaziyyat müəllimi təyin edilmiş və xx.xx.1994-cü ilə kimi həmin məktəbə riyaziyyat müəllimi işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, xx.xx.1955-cü il tarixdə Cəbrayıl rayon Maralyan kəndində anadan olmuşdur. 1977-cü ildə X3 İnstitutunu bitirdikdən sonra Cəbrayıl rayon Maralyan kənd orta məktəbində azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləməyə başlamış, İddiaçı da xx.xx.1986-cı ildə həmin məktəbə riyaziyyat müəllimi təyin edilmiş və xx.xx.1994-cü ilə kimi həmin məktəbə riyaziyyat müəllimi işləmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğil olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan Qanunun 21.2.1-ci və 21.2.5-ci maddələrinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçisin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial haqqı ödənilən hər hansı işinin müddəti, işsizlik müavinətinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət əlavə edilir. Həmin Qanunun 27-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Həmin Qanunun 30.1-ci maddəsinə görə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların daxil olduğu gündən ən azı 10 gün müddətində baxılmaqla təyinat aparılır. Sözügedən Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, İddiaçı 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş və 1977-ci ildə “riyaziyyat” ixtisası üzrə tam kursu bitirmiş, xx.xx.1977-ci il tarixli, 155 nömrəli əmrlə İmişli rayon Bəcrəvan kənd orta məktəbinə müəllim təyin edilmiş, xx.xx.1986-cı il tarixli, 124 nömrəli əmrlə İmişli rayon Bəcrəvan kənd orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin olunma müddəti qurtardığına görə məktəbin və rayonun müəllimliyi vəzifəsindən azad edilmiş, xx.xx.1986cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayonu Maralyan kənd orta məktəbində fasiləsiz olaraq riyaziyyat müəllimi işləmiş, xx.xx.1994-cü il tarixli, 378 nömrəli əmrlə xx.xx.1994-cü il tarixdə Cəbrayıl rayon 18 nömrəli orta məkətəbə direktor təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 129 nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən tutduğu vəzifəsindən azad edilmişdir. İşin müəyyən olunan hallarından həmçinin görünür ki, iddiaçı xx.xx.2020-ci ildə ona əmək pensiyasının yenidən hesablanması barədə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, xx.xx.1986cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayonu Maralyan kənd orta məktəbində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla hazırda aldığı yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixində 296,13 manat məbləğində avtomat qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Müraciətilə əlaqədar olaraq bildirirlər ki, yaşa görə əmək pensiyanız yenidən hesablanmış və təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən, xx.xx.1973-cü il tarixindən xx.xx.1977-ci il tarixinədək 4 il əyani təhsil aldığınız dövr, eyni zamanda əmək kitabçanızın surətində qeyd edilən digər dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 25 il 1 ay 16 gün sığorta stajınız və fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 42641.69 manat pensiya kapitalına əsasən xx.xx.2021 -ci il tarixindən hər hansı bir dəyişiklik olunmadan 296,13 manat müəyyən olunmuşdur. Eyni zamanda bildirirlər ki, sığorta stajınız yenidən hesablanan zaman xx.xx.1986-cı il tarixindən 01,08.1993-cü il tarixinədək olan Cəbrayıl rayon Maralyan kənd orta məktəbindəki əmək fəaliyyəti dövrünüzün araşdırılması zərurəti yaranmışdır. Sözügedən araşdırma nəticəsində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından qeyd olunan dövrün araşdırılıb sığorta stajınıza əlavə edilməsi mümkün olmamışdır. Qeyd olunanla əsasən bildiririk ki, sizin yaşa görə əmək pensiyanız qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. Cavabdehin iddiaya etirazının dəlillərinin əsasını “araşdırma nəticəsində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən Cəbrayıl rayon Maralyan kənd orta məktəbinin arxiv sənədləri işğal zonasında qaldığından qeyd olunan dövrün araşdırılmasının mümkün olmaması” təşkil edir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Belə ki, bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Bundan başqa iddianın pensiyanın yenidən hesablanması hissəsinə qiymət verən məhkəmə qeyd edir ki, qeyd olunan illər iddiaçının sosial sığorta stajına daxil edildikdən sonra onun pensiyaya çıxdığı zaman pensiya məbləğinin hesablanmasında nəzərə alınan iş illərinin sayının artmasına səbəb olur ki, həmin iş illərinə də uyğun pensiya məbləği yenidən hesablanmalıdır. Beləliklə, yuxarıda şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan, cavabdeh inzibati orqan isə iddiaçının tələbinin təmin edilməsindən imtina edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etməli olduğu halda, bunu edə bilmədiyindən iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində müəllim işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində müəllim işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Cəbrayıl rayon Maralyan kənd orta məktəbində müəllim işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1159/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1159/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver