Məhkəmə qərarları › İş №2-1(120)-1161/2023

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1161/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1161/2023 18.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin nümayəndələri X4 və X5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Ağcabədi X1rşı 29 sentyabr 2022-ci il tarixli qərarın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Ağcabədi X1rşı iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli qərarın etibarsız hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehin direktoru Cavid Məmmədov tərəfindən qəbul edilən 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 302.469 manat pulun onlar tərəfindən X2 ödənilməsi tələb edilir. Bundan əvvəl də cavabdeh X8 Təsərrüfatı Mərkəzinin direktoru Cahid Məmmədov tərəfindən eyni məzmunlu xx.xx.2022-ci il tarixli sərəncam verilmişdi və həmin sərəncam tərəfimizdən məhkəmə qaydasında mübahisələndirilir. Hesab edirik ki, 29 sentyabr 2022-ci il tarixli qərar da, özündən əvvəlki 05 avqust 2022-ci il tarixli sərəncam kimi qanunsuz və əsassızdır, məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, cavabdeh tərəfidən əvəllər də bu kimi əsassız və qanunsuz iddialar ilə məhkəmələrə müraciətlər edimişdir və bütün məhkəmələr cavabdehin iddialarının rədd edilməsi ilə nəticələnmişdir. Belə ki, "xxxx" MMC-yə ayrılan 46 ha. torpaq sahəsinin meşə torpalarma aid olmaması məhkəmə qərarları ilə təsbit edilmişdir. Həqiqətən də meşə ərazisinə zərər vurulması ilə nəticələnən qanunsuz hal baş vermişdirsə, həmin hadisəyə hüquqi qiymət verilməli idi. Belə ki, qanunsuz hadisənin olmasına görə akt tərtib edilir, mövcud qanunsuzluq üzrə sübutetmə vasitələri (foto, video, izahat, heyvanların sahibləri, etiraflar və s.) həmin akta əlavə edilməklə, təsdiq olunur. Daha sonra protokol tərtib edilməklə, həmin protokol əsasında təqsirkar şəxslərin dairəsi müəyyən olunuraq, barələrində qərar qəbul edilir. Belə bir qərar olmadığı halda, mübahisələndirilən sərəncamın tərtib edilməsi qanunsuzdur. Çünki mübahisələndirilən sərəncamda göstərilən hadisə baş verməmişdir və qanunsuz hərəkət edən şəxslər və onların təqsirləri müəyyən edilməmişdir. Əgər mal-qara meşə torpağına zərər vurubsa, həmin heyvanların çobanları, iri və xırda buynuzlu heyvanların saxlanması üçün tövlələrin vəziyyəti və mövcudluğu sərəncamda öz əksini tapmalı idi. Bundan əlavə İddiaçı2 2004-cü ildən hal-hazıra kimi, X8 Təsərrüfatı müəssisəsində meşəbəyi işləyir. Əgər həqiqətən də İddiaçı2 meşə təsərrüfatına müştərək qaydada 302.469 mnat zərər vurmuşdursa, onda nə üçün bu məsələ müəssisədə müzakirə predmeti olmayıb və onun işdən çıxarılması, həmçinin vurulan zərərin tələb edilməsi təmin edilməyib? 20,80 ha torpaq sahəsinin meşə fondu torpaqlarına aid olmamasına ("xxxx" MMC-yə ayrılan torpaq sahəsi) dair Ağcabədi rayon məhkəməsinin 2(017)-862/2021 saylı, xx.xx.2021-ci il tarixli qətaməsi mövcuddur. Həmçinin, 283 ədəd ağacın kəsilməsi məsələsinə də məhkəə tərəfindən hüquqi qiymət verilmişdir. Belə ki, 283 ədəd ağac Vidai Muradovun atası Yaqub Muradov tərəfindən təxminən 2000-ci ildə müəssisənin sabiq direktoru Vaqif Məmmədovun göstərişi ilə özünə məxsus tövlənin tikintisində istifadə edilmək üçün kəsilmişdir. Həmin vaxt İddiaçı1 respublika prokurorluğunda məsul vəzifədə çalışırdı. Bir sözlə Akif İbrahinmovun ağacların kəsilməsi və kənd təsərrüfatı təyinatlı işlərlə heç vaxt əlaqəsi olmamışdır. Mövcud qanunvericiliyə əsasən mərkəzin əməkdaşları tərəfindən qanuna zidd əməllər aşkar olunduğu halda, hər bir fakt üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2003-cii il tarixli, 418/Ü saylı əmrinə əsasən əvvəldən nömrələnmiş, xüsusi uçotu aparılan akt tərtib edilməli, bundan sonra isə şəxsin və ya şəxslərin barələrində nömrələnmiş və xüsusi qeydiyyatı aparılan inzibati protokol tərtib edilməklə, təqsirkar şəxs və ya şəxslər tərtib edilmiş akt və protokollarla tanış olmalı idilər. Həmçinin, mütləq halda inzibati protokola qeydlər verilməsi hüququ həmin şəxslərə izah edilməlidir. Tərtib edilmiş akt və ya protokolun surətinin qarşı tərəfə təqdim edilməsi də qanunun tələbidir. Həmçinin, həmin sənədlərdəki hallarla razılaşmadığı halda məhkəməyə müraciət etmək hüququ qanunla tanınır. Göründüyü kimi mərkəzin direktoru Cahid Məmmədov tərəfindən qanunvericiliyin heç bir müddəasına əməl edilmədən sərəncam verilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, cavabdeh tərəfindən tərtib edilərək imzalanmış 29 sentyabr 2022-ci il tarixli qərar, etibarsız hesab edilməklə məhkəmə tərəfindən ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X6 və X7 iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görəməhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Qaldırılan iddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu isə məhkəmə tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə vəzifəsi isə iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddia ərizəsinin məzmunundan və əlavə olunan sənədlərdən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 05 avqust 2022-ci il tarixli, 27/1/99-038 saylı sərəncamını mübahisələndirir və onun barəsində hesablanmış vergi borcunun ləğv olunması ilə bağlıdır. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, qeyd edilən vergi borcu kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş qərar (inzibati akt) əsasında hesablanmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 29 sentyabr 2022-ci il tarixli qərarla iddiaçının subyektiv hüququ pozulmamışdır. Məhkəmənin qənaətinə görə həmin qərarın qəbul edilməsinə əsas olan inzibati aktla iddiaçının subyektiv hüququnun pozulma ehtimalı vardır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatında həmin inzibati akt mübahisə predmeti olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 05 avqust 2022ci il tarixli, 27/1/99-038 saylı sərəncamından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 161 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi” Qaydasının 4 və 5-ci maddələrinə əsasən meşə təsərrüfatına dəymiş ziyan-302469.00 manat X8 Təsərrüfatı Mərkəzinə ödənilməsi qərara alınmışdır. Məhkəmənin qənaətinə görə iddiaçı “Tələbin icraya yönəldilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarı deyil, həmin qərarın qəbul edilməsinə əsas olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X8 Təsərrüfatı Mərkəzinin 05 avqust 2022-ci il tarixli, 27/1/99-038 saylı sərəncamı qanunla müəyyən edilmiş müddət ərzində mübahisələndirmək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Odur ki, İPM-in 13-cü maddəsinin tələblərinə uyğun olaraq Məhkəmə tərəfindən məhkəmə iclaslarında iştirak edən iddiaçının hüquqi marağı qiymətləndirilərək. ona hüquqi yardım göstərilmiş, tələbin dəqiqləşdirilməsi təklif edilmiş, lakin iddiaçı tərəfindən dəqiqləşdirilmiş ərizə verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Ağcabədi X1rşı 29 sentyabr 2022-ci il tarixli qərarın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Ağcabədi X1rşı 29 sentyabr 2022-ci il tarixli qərarın etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim : Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar