Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1164/2021 12.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı6 (Lerik rayonu, Veri kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), iddiaçı X1 (Lerik rayonu, Babaküçə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, X2 və X1 Cavabdehnə qarşı Lerik rayon Aqrar İslahat Komissiyasının 19.04.2000-ci il tarixli, 64 nömrəli qərarı ilə Axunahiran kəndinə məxsus torpaq sahələrinin Veri kənd əhalisinə pay torpağı kimi verilməsinin qanunsuz hesab edilməsi, həmin ərazinin Veri kənd ərazisinə birləşdirilməsinə edilən səylərinin qarşısını alaraq Axunahiran kənd sərhədlərinin yenidən müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikasının Milli Məclisinə vəsatət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, X4 və X3 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Aqrar İslahat Komissiyasının 19.04.2000-ci il tarixli, 64 nömrəli qərarı ilə Axunahiran kəndinə məxsus torpaq sahələrinin Veri kənd əhalisinə pay torpağı kimi verilməsinin qanunsuz hesab edilməsi, həmin ərazinin Veri kənd ərazisinə birləşdirilməsinə edilən səylərinin qarşısını alaraq Axunahiran kənd sərhədlərinin yenidən müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikasının Milli Məclisinə vəsatət verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, X4 və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, X2 və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı6 və X3 iddia ərizəsini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, X2 və X1 iddiası mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Lerik rayon Aqrar İslahat Komissiyasının 19.04.2000-ci il tarixli, 64 nömrəli qərarının təsdiq olunmuş surətindən görünür ki, Veri ərazisi üzrə yerli aqrar islahatı komissiyasının 15.06.1999-cu il tarixli 04 saylı iclas protokolunun qərarı nəzərə alınaraq, yararsız torpaq sahələrinin yararlı sahələrlə əvəz olunması barədə baş sxemdə düzəlişlərin edilməsi və dəyişikliklər edilmiş dövlət aktlarının faktiki aparılmış torpaq bölgüsünə uyğun yenidən hazırlamasına razılıq verilməsinin Dövlət Torpaq Komitəsindən xahiş olunması qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçılar Lerik rayon Aqrar İslahat Komissiyasının 19.04.2000-ci il tarixli, 64 nömrəli qərarını mübahisələndirirlər və iddiaçılar iddia ərizəsində cavabdeh qismində Cavabdeh qeyd edərək Lerik rayon Aqrar İslahat Komissiyasının 19.04.2000-ci il tarixli, 64 nömrəli qərarı ilə Axunahiran kəndinə məxsus torpaq sahələrinin Veri kənd əhalisinə pay torpağı kimi verilməsinin qanunsuz hesab edilməsini xahiş edirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, iddiaçının tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi iddiaçılar Lerik rayon Aqrar İslahat Komissiyasının 19.04.2000-ci il tarixli, 64 nömrəli qərarı mübahisləndirmək üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürdüyündən onların iddiası mümkün sayılmamalıdır. Oxşar mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) aşağıdakı kimi öz əksini tapmışdır: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Eyni zamanda məhkəmə qeyd edir ki, "X7 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Aqrar islahat komissiyalarının hüquqi varisi müəyyən edilmədiyindən Cavabdeh hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz. Məhkəmə iddia tələbinin “ərazinin Veri kənd ərazisinə birləşdirilməsinə edilən səylərinin qarşısını alaraq Axunahiran kənd sərhədlərinin yenidən müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikasının Milli Məclisinə vəsatət verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçılar “ərazinin Veri kənd ərazisinə birləşdirilməsinə edilən səylərinin qarşısını alaraq Axunahiran kənd sərhədlərinin yenidən müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikasının Milli Məclisinə vəsatət verilməsi” barədə tələbi ilə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmişdir. İddiaçıya izah edilir ki, “ərazinin Veri kənd ərazisinə birləşdirilməsinə edilən səylərinin qarşısını alaraq Axunahiran kənd sərhədlərinin yenidən müəyyənləşdirilməsinə dair Azərbaycan Respublikasının Milli Məclisinə vəsatət verilməsi” barədə tələblə ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqan-Cavabdehnə müraciət etməlidir. Cavabdeh inzibati orqan- Lerik ryon İcra Hakimiyyəti müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə, iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçılara 07 iyun 2021-ci il 2-1(120)-1164/2021 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin iddiaçılar hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişlər. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı6, İddiaçı8, X2 və X1 iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1164/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1164/2021
12.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver