Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1166/2024 31.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qarşı «şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 31 may 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixində saat 14:30 radələrində Kəlbəcər rayonu Alagöllər istiqamətində düşmənlə təmas xəttində “11-ci döyüş mövqeyində” xidməti vəzifələrini icra edərkən vəfat etmiş xx.xx.2003-cü il təvəllüdlü X5 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Ağcabədi rayonu olduğunu, Ağcabədi rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2023-cü il tarixli, 2-1(112)-9570/2023 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi ilə əvəz olunmuşdur. Bundan əlavə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun oğlu xx.xx.2003-cü il təvəllüdlü X8 2021-ci ildə çağırış əsasında Azərbaycan Respublikası SQ-nə həqiqi hərbi xidmətə çağrılmışdır. Xidmətini işğaldan azad olunmuş Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü bölüyünün, 3-cü tağımının, 1-ci manqasında edirdi. Mərhum övladı xx.xx.2021-ci il tarixində saat 14:30 radələrində Kəlbəcər rayonu Alagöllər istiqamətində düşmənlə təmas xəttində “11-ci döyüş mövqeyində xidməti vəzifələrini icra (əsas: N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli 56 №-li bildirişi) edərkən vəfat etmişdir. Övladına “şəhid’’ statusunun verilməsi barədə o, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq ilk növbədə rəsmi qaydada cavabdehə müraciət etsə də, cavabdeh xx.xx.2023-cü il tarixli məktubla müraciətinə imtina etmişdir. İmtina səbəbi isə: mərhum övladının ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların icrası ilə əlaqəli olmasının göstərilməməsi, mərhum övladının ölüm səbəbi və şəraitinə aydınlıq gətirilməsi ilə bağlı cavabdehin Azərbaycan Respublikası MN-ni Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat idarəsinə müraciəti əsasında daxil olmuş xx.xx.2022-ci il tarixli, 4/2-6638 №-li məktubunda, N saylı hərbi hissənin müvafiq əmrlər kitabının arxivə daxil olmamasıdır. Cavabdehin müraciətinə imtina etməsini aşağıdakı xüsusiyyətlərə görə əsassız sayır. Belə ki, Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfıyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizlik Xidmətlərində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı hələk olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin ikinci abzasına əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Nəticə etibarı ilə mərhum övladının xidmət etdiyi N saylı hərbi hissənin xx.xx.2021-ci il tarixli, 56 №-li bildirişində mərhumun xx.xx.2021-ci il tarixində saat 14:30 radələrində Kəlbəcər rayonu Alagöllər istiqamətində düşmənlə təmas xəttində “11-ci döyüş mövqeyində” xidməti vəzifələrini icra edərkən vəfat etməsi ilə bağlı bildiris övladına “şəhid statusu”nun almasına birbaşa AR-sı Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən cavabdeh tərəfındən təyin olunmalı idi və bu səbəbdən övladına şəhidlik statusunun verilməsi Azərbaycanın mövcud qanunvericiliyinə uyğundur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində verilmiş şəhid adının anlayışına görə şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsül, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, süverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının təsdiq olunması haqqında» 10 saylı Qərar qəbul etmişdir. Qaydaların 1.1-ci bəndində «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi təkrarlanmaqla 1.2-ci bənddə göstərilmişdir ki, aşağıdakılar şəhid hesab edilirlər: 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar (1.2.1-ci bənd): 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər (1.2.2-ci bənd); Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar (1.2.3-cü bənd); Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar (1.2.4-cü bənd); Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (1.2.5-ci bənd); Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslər (1.2.6-cı bənd). Göründüyü kimi «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışının həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itikin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, Qaydalarda qanunvericiliklə digər hadisələrin müəyyən olunması mümkünlüyünün nəzərdə tutulması (1.2.6-cı bənd) «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi ilə ziddiyyət təşkil etmir. Belə ki, qanunvericiliklə digər hadisələrin müəyyən edilməməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə baxan səlahiyyətli dövlət orqanları tərəfındən qeyd olunan Qanunun 1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, itkin düşmüş və ya ölmüş hesab edilmiş şəxslərə şəhid adının verilməsini istisna etmir. Xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinin 5-ci bəndinə əsasən, Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar sırasında olduğu üçün müəyyən tələblərə cavab verməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, əgər qayda vətəndaşa öz davranışını idarə etmək üçün imkan verən kifayətedici dəqiqliklə ifadə olunmayıbsa, o, «qanunvericilik norması» kimi qəbul oluna bilməz: vətəndaş zərurət olduqda, müvafiq məsləhətlə - olduğu vəziyyəti baxımından ağlabatan olan dərəcədə, müvafiq hərəkətin səbəb ola biləcəyi nəticələri əvvəlcədən gözləmək imkanına malik olmalıdır (bax, Maestri İtaliyaya qarşı (Böyük Palata), № 39748/98, § 30, İHAM 2004-İ; Adalı Türkiyəyə qarşı, № 38187/97, §272, 31 mart 2005-ci il; və Rekveni Macarıstana qarşı (Böyük Palata), № 25390/94, §34, İHAM 1999-İİİ). Nəticə etibarı ilə hesab edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəxsin qanunda müəyyən olunmuş meyarlara əsasən, həlak olmanın bütün hallarında şəhid adını alması imkanı aydın ifadə edilməli və əlçatan olmalıdır. Qaydaların 1.2.6-cı bəndinin sonradan əlavə olunmuş hissəsində isə şəhid adının verilməsi üçün həlak olmanın sadəcə iki halının göstərilməsi təcrübədə bu yüksək adın verilməsində anlaşılmazlıq yaratmaqla qeyri-müəyyənliyə səbəb olur. Bu səbəbdən hesab edir ki, məhkəmə mübahisəyə baxarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın 1.2.6-cı bəndinin «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfındən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Oanununun 1-ci maddəsi tətbiq edilməlidir. Lakin çox təəssüf ki, cavabdeh müraciətinə imtina edir. Belə olan halda pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı iddiasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin cavabdeh qismində göstərilməsi hissəsini qəbul etmirlər, hesab edirlər ki, iddia ərizəsi göstərilən hissədə əsassızdır və təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edifməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçufara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “İnzibati orqanların təsnifatı”nın tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 28 avqust tarixli 136 nömrəli qərarının 4-1.1 və 4-1.1.1-ci yarımbəndlərinə əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri ayrı-ayrı inzibati orqanlardır. X4 hərbi qeydiyyatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində olduğu üçün bu iş üzrə cavabdeh Xidmətin Ağcabədi rayon şöbəsi olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Sözügedən Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-ci maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbııl edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. İddiaçının nümayəndəsi X9 məhkəmə iclasına gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndələri isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan N saylı hərbi hissə komandirinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə göndərdiyi xx.xx.2021-ci il tarixli, 56 nömrəli bildirişdə qeyd olunmuşdur ki, əsgər X8 - N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü bölüyünün, 3-cü tağımının, 1-ci manqası atıcı sanitarı xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində Kəlbəcər rayonu Alagöllər istiqamətində düşmənlə təmas xəttində bizim “11-ci döyüş mövqeyində xidməti vəzifələrini icra edərkən vəfat etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AZ-İİ 206473 nömrəli ölüm haqqında şəhadətnamənin surətində qeyd olunmuşdur ki, X8 xx.xx.2021-ci il tarixdə Kəlbəcərdə qaraciyərin və ya öd kisəsinin travması səbəbindən ölmüşdür. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı və xidmətin Ağcabədi rayon şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-43/2-C- 14xx/xx/2023 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı övladı X5 “şəhid statusu”nun verilməsi barədə müraciət etmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müraciətin təmin olunmasından imtina etmiş, buna səbəb kimi mərhum əsgər X4 ölümünün döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların icrası ilə əlaqəli olmamasını qeyd etmişdir. Təklif olunmasına baxmayaraq, əsgər X4 hərbi xidmətə çağırılarkən və ya hərbi xidmət dövründə qaraciyərinin və ya öd kisəsinin xəstə olmasına, onun bu xəstəliklərlə bağlı hərbi hissədə (ambulator və ya stasionar) müalicə almasına dair cavabdeh tərəfindən məhkəməyə heç bir sənəd, dəlil-sübut təqdim edilməmişdir. Həmçinin, cavabdeh təşkilatın təqdim etdiyi sənədlərdə X4 vəfatının qaraciyərinin və ya öd kisəsinin travması ilə əlaqədar olduğu bildirilsə də, bu travmanın yaranma səbəbinə dair məlumat verilməmiş, habelə bu barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. Göründüyü kimi, iş üzrə təqdim edilmiş sənədlərə əsasən İddiaçı övladı X4 vəfat səbəbi qaraciyərin və ya öd kisəsinin xəstəliyi ilə deyil, travması ilə əlaqədardır ki, bu da məhkəməyə həmin travmanın xarici müdaxilə nəticəsində alındığı qənaətinə gəlməyə əsas verir. X4 qaraciyərinin və ya öd kisəsinin travmasının yaranma səbəbinin müəyyən edilməsinin ona şəhid statusunun verilməsi üçün həlledici əhəmiyyət kəsb etməsini nəzərə alaraq, mübahisənin ədalətli həllinə nail olmaq məqsədi ilə məhkəmə tərəfindən verilmiş sorğuya əsasən Gəncə Hərbi Məhkəməsinin X6 barəsində olan qanuni qüvvəsini almış xx.xx.2023-cü il tarixli, 1-1(095)-024/2022 nömrəli hökmünün surəti Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1-1(095)-024/2022 nömrəli hökmünə əsasən müəyyən olunmuşdur ki, təqsirləndirilən Tofiq Qurbanov N nömrəli hərbi hissəyə məxsus yeməkxananın qarşısında aralarında yaranmış mübahisə zəminində mərhum Vilayət Cəfərovun qaraciyər nahiyəsinə yumruq zərbəsi vurmaqla qəsdən sağlamlığına ağır zərər vurmuş, onun bu əməli isə ehtiyatsızlıqdan Vilayət Cəfərovun ölümünə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə cavabdeh təşkilatın X5 şəhid statusunun verilməsindən imtina etməsini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın (bundan sonra “Qaydalar”) 1-ci bəndinə əsasən şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir (1.1). Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular (1.2.5); Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X3 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər (1.2.6); Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular (1.2.7.) şəhid hesab edilirlər. Həmin Qaydaların “Şəhid və şəhid ailəsi statusunun verilməsi” barədə 4-cü bəndinin 4.1-ci yarımbəndinə əsasən “Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci yarımbəndində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4-cü bəndinin 1.4.2-ci yarımbəndinə əsaən “həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə hərbi qulluqçular “Şəhidlər Xiyabanı”nda dəfn edilirlər. Müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Göründüyü kimi, N saylı hərbi hissənin 2-ci motoatıcı taborunun 4-cü bölüyünün, 3cü tağımının, 1-ci manqası atıcı sanitarı əsgər X4 xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində ölümü ilə nəticələnən qaraciyərinin və ya öd kisəsinin travmasının yaranma səbəbi (Tofiq Qurbanovla aralarında yaranmış mübahisə zəminində qaraciyər nahiyəsinə yumruq zərbəsi vurulmaqla sağlamlığına ağır zərər dəyməsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın “Şəhid anlayışı” barədə 1-ci bəndinin və Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4-cü bəndinin 1.4.2ci yarımbəndinin (atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması) təsir və əhatə dairəsinə düşmür. Beləliklə, məhkəmə araşdirması zamanı təsdiq olundu ki, N saylı hərbi hissənin hərbi qulluqçusu olmuş X5 şəhid statusunun verilməsi üçün qanuni əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı övladı X5 şəhid statusunun verilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qarşı «şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinə qarşı «şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1166/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1166/2024
31.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver