Məhkəmə qərarları › İş №2-1(120)-1169/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1169/2025

02.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1169/2025 02.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər keçmiş Sovet ordusunda xidmət etdiyi dövr, 1997-ci il tarixdə Ağcabədi rayonu Komsomol kolxozunda işlədiyi dövr sığorta stajına daxil edilməklə sığorta stajının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər keçmiş Sovet ordusunda xidmət etdiyi dövr, 1997-ci il tarixdə Ağcabədi rayonu Komsomol kolxozunda işlədiyi dövr sığorta stajına daxil edilməklə sığorta stajının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb edilmişdir. İddia tələblərini onunla əsaslandırmışdır ki, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona məktubla bildirilmişdir ki, sığorta sıtajının 24 il təşkil edir. Lakin sadə hesablamalarla müəyyən olunur ki, sığorta stajına hərbidə olduğu müddət və 1997-ci il tarixdə Ağcabədi rayonu Komsomol kolxozunda işlədiyi qeyd edilməmişdir. xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər keçmiş Sovet ordusunda xidmət etmiş, 1997-ci il tarixdə Ağcabədi rayonu Komsomol kolxozunda işlədiyi dövr isə Ağcabədi rayon məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə sübuta yetirilmişdir, lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərdiyi xüsusatları nəzərə almamış və imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər keçmiş Sovet ordusunda xidmət etdiyi dövr, 1997-ci il tarixdə Ağcabədi rayonu Komsomol kolxozunda işlədiyi dövr sığorta stajına daxil edilməklə sığorta stajının yenidən hesablanaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının təqdim edilmiş əmək kitabçasının, hərbi biletin surətinə və digər sənədlərə əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 24 il təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Məhkəmənin diqqətinə xüsusilə çatdırmaq istəyirik ki, cavabdehin iddiaçıya ünvanladığı **********1 saylı xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddia tələbində qeyd edilmiş və sığorta stajında nəzərə alınması tələb edilən əmək fəaliyyəti və digər dövrlər (xx.xx.1975ci il tarixdən xx.xx.1977-ci il tarixə qədər keçmiş Sovet ordusunda xidmət etdiyi dövr və 1997-ci il tarixdə Ağcabədi rayonu Komsomol kolxozunda işlədiyi dövr) sığorta stajı hesablanarkən nəzərə alınmışdır və hazırda işin mübahisəli halım təşkil etmir. İddiaçının mübahisələndirilən əmək fəaliyyyəti dövrü xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Rusiya Federasiyası ərazisində olan əmək fəaliyyəti dövrü olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qanunvericiliyə əsasən Azərbaycan Respublikası Hökuməti ilə digər Hökumətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında (pensiya təminatı sahəsində) Sazişə uyğun olaraq tənzimlənir və hazırda Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində qüvvədə olan Saziş mövcud deyildir. Bu səbəbdən əmək kitabçasının surətində göstərilən müvafiq dövrlər (xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Rusiya Federasiyası ərazisində olan) əmək stajı kimi nəzərə alınmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırırıq ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2024-cü il tarixli 2-1(102)-524/2024 məhkəmə qərarında (hakim X7) oxşar işlə bağlı məhkəmə kollegiyası Mərkəzi filialın yuxarıda qeyd olunan mövqeyini əsaslı hesab etmişdir. Belə ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə hər iki dövlətin qanunverici orqanı tərəfindən ratifikasiya olunsa da, onun qüvvəyə minməsini şərtlən dirən ratifikasiya sənədlərinin mübadiləsi baş verməmiş, müqavilə qüvvəyə minməmişdir. 1999-cu il noyabrın 5-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Saziş də qüvvəyə minmədiyindən, həmin Sazişə istinad da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Digər tərəfdən, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı səhərində imzalanmış Müqavilənin 20-ci maddəsinin 4-cü bəndinə görə, Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. Beləliklə, qanunvericilikdə vətəndaşların başqa dövlətin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtlərinə uyğun olaraq Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında sosial təminat sahəsində saziş qüvvəyə minmədiyindən iddiaçının Rusiya Federasiyasının ərazisində işlədiyi iliərin iş stajına daxil edilməsi mümkün hesab edilməməlidir. Bundan başqa qeyd edirik ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Həmin maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Ağcabədi rayonunun Qaravəlli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1997-ci il tarixli, AТ-V ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 428 nömrəli arayışından görünür ki, Ağcabədi rayonu Qaravəlli kəndində yaşayan xx.xx.1956-cı il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci ii tarixə qədər keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(017)-911/2017 nömrəli qətnaməsi ilə Ağcabədi rayonunun Bünyadov kolxozunda işləməsinə dair verilmiş xx.xx.2017-ci il tarixli, 60 saylı arxiv arayışının ərizəçi İddiaçı məxsus olmasına və onun 1972-1975-ci ilin may ayına kimi, 1977-ci ilin may ayından 1979-cu ilə kimi və 1982-1996cı illərədək Ağcabədi rayonunun Qaravəlli kolxozunda, 1980-1981-ci illərdə Gələbədin XDS-də və 1997-ci ildə Ağcabədi rayonunun Komsomol kolxozunda işləməsinə dair hüquqi fakt müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X4 Fazil Cavan oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Q-270553/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 24 il təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Hökuməti ilə digər Hökumətlər arasında pensiya təminatı sahəsində olan münasibətlər əməkdaşlıq haqqında (pensiya təminatı sahəsində) Sazişə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində qüvvədə olan Saziş mövcud deyildir. Bu səbəbdən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Rusiya Federasiyasının ərazisində olan əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2023-cü il tarixindən 220 manata çatdırılmışdır. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajının qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüquqununa yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-ci il tarixli, 3-17-1/2-159155/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət, Ağcabədi rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli 2(017)-911/2017 nörməli qətnaməsinin surətinə əsasən xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1982-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 24 il təşkil edir. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının 579-VİQ nömrəli 8 iyul 2022-ci il tarixli Qanunu ilə 26 aprel 2022-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə təsdiq edilsə də, hazırki günədək ratifikasiya sənədlərinin qarşılıqlı mübadiləsi həyata keçirilmədiyindən qüvvəyə minməmişdir. Bu səbəbdən də İddiaçı əmək kitabçasının surətində qeyd edilən xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Rusiya Federasiyası ərazisində qazanılmış əmək stajı sığorta stajına daxil edilməmişdir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 8 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-14/2-13629/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı (VÖEN **********) xx.xx.2020-ci il tarixdə vergi orqanında qeydiyyata alındığı, fəaliyyətinin və vergi borcunun olmadığı müəyyən olunmuşdur. Əlavə olaraq bildiririk ki, İddiaçı (VÖEN **********) müraciət edərək sahibkarlıq fəaliyyətini xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dayandırmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-291006/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Hökuməti ilə digər dövlətlərin hökumətləri arasında sosial təminat (pensiya təminatı) sahəsində olan münasibətlər müvafiq sahədə əməkdaşlıq haqqında bağlanmış sazişlərə uyğun tənzimlənir. xx.xx.2022-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında Müqavilə”nin (bundan sonra - Müqavilə) 12-ci maddəsinin 1-ci bəndinə əsasən, Müqavilənin tətbiqi üçün səlahiyyətli orqanlar onun tətbiqinə dair İnzibati Saziş imzalamalıdırlar. Müqavilə xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasında, xx.xx.2023-cü il tarixində isə Rusiya Federasiyasında ratifikasiya edilmiş, lakin inzibati Sazişin imzalanması bu günədək təmin edilməmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür: - xx.xx.2006-cı il tarixindən xx.xx.2008-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - İddiaçının 25 il ümumi iş stajının toplamaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi istiqamətində qiymətləndirmənin aparılması üçün məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: -3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinin surətinə və digər sənədlərə əsasən onun sığorta stajı 24 il təşkil edir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun: (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədə aşağıda qeyd olunanlar müəyyən olunmuşdur: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: - 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. - 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydaları: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin İ hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” 2022-ci il aprelin 26-da Bakı şəhərində imzalanmış Müqavilə təsdiq edilsin. İ X8 Maddə 1. Anlayışlar Bu Müqavilənin məqsədləri üçün aşağıdakı anlayışlar bildirirlər: 1) “qanunvericilik” - Razılığa gələn Tərəflərin bu Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan münasibətləri tənzimləyən qanun və digər normativ hüquqi aktları; 2) “səlahiyyətli orqanlar” - bu Müqavilənin müvafiq Razılığa gələn Tərəfin ərazisində tətbiqi qaydasını müəyyən etməyə səlahiyyətli kimi tanınan orqanlar: Azərbaycan Respublikasında - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 4) “sığortaolunan şəxs” - Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən sığortaolunan kimi tanınan şəxs; 7) “sığorta stajı” - sığorta haqlarının hesablandığı və ödəndiyi əmək və (və ya) digər fəaliyyət dövrləri, habelə Razılığa gələn Tərəflərin qanunvericiliyinə əsasən pensiya hüququnun müəyyən edilməsi və pensiya məbləğinin hesablanması zamanı nəzərə alman digər dövrlər;

2. Bu Müqavilədə istifadə olunan digər anlayışlar müvafiq Razılığa gələn Tərəfin qanunvericiliyi ilə müəyyən edilmiş mənanı daşıyır. Maddə 2. Tətbiq sahəsi 1. Bu Müqavilə aşağıdakılara dair hər iki Razılığa gələn Tərəfin pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənən münasibətlərə şamil edilir: 1) Azərbaycan Respublikasında: yaşa görə əmək pensiyasına, əlilliyə görə əmək pensiyasına, ailə başçısını itirməyə görə əmək pensiyasına, habelə bu pensiyalara əlavələrə; Maddə 12. Səlahiyyətli orqanların və kompetent təşkilatların əməkdaşlığı

1. Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları bu Müqavilənin tətbiqinə dair inzibati saziş bağlayırlar. Razılığa gələn Tərəflərin kompetent təşkilatları (səlahiyyətli orqanları) bu Müqavilənin və eyni zamanda bu Müqavilənin tətbiqinə dair inzibati Sazişin həyata keçirilməsi məqsədilə Razılığa gələn Tərəflərin qanunvericiliyinə uyğun müəyyən edilmiş etibarlı üçüncü tərəflər vasitəsilə həyata keçirilə biləcək elektron qarşılıqlı əlaqə haqqında razılaşma imzalaya bilərlər. Maddə 18. Keçid müddəalar

1. Bu Müqaviləyə əsasən pensiya hüququ onun qüvvəyə mindiyi tarixdən yaranır.

2. Bu Müqavilənin müddəalarına müvafiq olaraq pensiya hüququnun müəyyən edilməsi üçün bu Müqavilənin qüvvəyə minməsindən əvvəl də əldə edilmiş sığorta stajı (və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış pensiya kapitalı - Azərbaycan Respublikası üçün) nəzərə alınır.

3. Bu maddənin 1-ci bəndinin müddəası nəzərə alınmaqla bu Müqavilə onun qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil edilir. Maddə 20. Müqavilənin qüvvəyə minməsi

1. Bu Müqavilə ratifikasiya edilməlidir.

2. Bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.

3. Razılığa gələn Tərəflər bu Müqavilənin mətninə onun ayrılmaz hissəsi olan dəyişikliklər edə bilərlər. Bu Müqaviləyə dəyişikliklərin edilməsi Razılığa gələn Tərəflərin bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarına uyğun qüvvəyə minən müvafiq protokolları imzalaması yolu ilə həyata keçirilir.

4. Razılığa gələn Tərəflər bu Müqavilənin imzalanması ilə əlaqədar olaraq 5 noyabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında Sazişin iştirakçısı olmamaq niyyətini ifadə edir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə ilk öncə iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1956-cı il təvəllüdlü iddiaçının xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı) Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə məsələyə hüquqi qiymət verərkən ümumi iş stajına münasibətdə qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş arayışın surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci ii tarixə qədər keçmiş Sovet Ordusu sıralarında hərbi xidmət keçmişdir. (02 il 18 gün) İddiaçının əmək kitabçasında əks olunan əmək fəaliyyəti dövrü cəmləndikdə müəyyən olunur ki, onun 65 yaşının tamam olduğu, yəni xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası ərazisindəki ümumi iş stajı ümumilikdə 24 il təşkil edir. Göründüyü kimi iddiaçının yaşa görə əmək pensiya hüququnun ümumi iş stajı əsasında yaranması istisna olunur. (İddiaçının xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası ərazisində sığorta stajı tamamlanmadığı üçün məhkəmə tərəfindən aidiyyəti orqanlara sorğu verilməsi məqsədəmüvafiq hesab edilməmişdir). Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş əmək kitabçasında qeyd edilmiş xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Rusiya Federasiyasının ərazisində işlədiyi müddətin sonuncunun sığorta stajına daxil edilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsinə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında”müqavilə hər iki dövlət ərazisində ratifikasiya edilsə də, müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmamışdır. Müqavilənin 20-ci maddəsi onun qüvvəyə minmə əsasını tənzimləyir. Birinci əsas kimi müqavilənin ratifikasiya edilməsi nəzərdə tutulmuşdur. Bu hissə ilə əlaqədar məhkəmə bildirir ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin Azərbaycan Respublikası tərəfindən 30 iyul 2022-ci il tarixdə, Rusiya Federasiyası tərəfindən isə 18 mart 2023-cü il tarixdə ratifikasiya edildiyi müəyyən edilmişdir. Müqavilənin qüvvəyə minməsi üçün ikinci əsas Müqavilə ilə bağlı ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasıdır. Müqavilənin 20-ci maddəsinin 2-ci bəndinin ikinci hissəsində qeyd edilmişdir ki, bu Müqavilə ratifikasiya sənədlərinin mübadiləsi aparıldığı ay başa çatdıqdan sonrakı ikinci ayın birinci günü qüvvəyə minir. Belə ki, iki dövlət arasında müqavilənin ratifikasiya sənədlərinin mübadiləsinin aparılmasına başlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Rusiya Federasiyasının ərazisində işlədiyi müddət onun sığorta stajına daxil oluna bilməz. Məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı əsasında yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmamasını müəyyən edilməsi məqsədilə onu qeyd edir ki, iddiaçıya məxsus əmək kitabçalarından müəyyən olunur ki, o xx.xx.1995-cü il tarixdən sonra Azərbaycan Respublikası Ərazisində əmək fəaliyyəti ilə məşğul olmadığından iddiaçının fərdi hesabının sığorta hissəsində qanunla tələb olunan məbləğdə pensiya kapitalının toplanmasını mümkünsüz edir. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, təkzib olunmazdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Qanunvericiliyin normalarının və formalaşmış məhkəmə təcrübəsinə əsasən əgər şəxsin 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı toplanarsa, bu zaman şəxsin stajından asılı olmayaraq ona yaşa görə əmək pensiyası təyin etmək hüquq olur. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə iddiaçı bu hüquqa da malik olmamışdır. Belə ki, məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-ci il tarixdən 2018-ci ilin 1 iyul tarixinə kimi pensiya kapitalı qeydə alınmamışdır. Göründüyü kimi iddiaçının pensiya kapitalı qanunvericilikdə nəzərdə tutulmuş dövrlər üzrə qeydə alınmadığından ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tətbiqi istisna olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı qanunvericilikdə müəyyən edilən yaşı tamam olduğuna baxmayaraq, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlər (fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı və ya azı 25 il sığorta stajı) onun tərəfindən ödənilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33.1-ci, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar