Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-117/2020 28.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı X1 (Cəlilabad şəhəri, M.Hüseyn küçəsi, ev 22 ünvanda yaşayan) iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı «hüququnun yarandığı 23.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X6 23 oktyabr 1954-cü il tarixdə ünvan 1 ünvanda qeydiyyatdadır. İddiaçıya 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduğu üçün (297.11 manat pensiya kapitalı) 01.01.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı əmək stajı nəzərə alınmaqla ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 18.09.2019-cu il tarixli 79/04-290 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının 26 noyabr 1979-cu il tarixdən 15 noyabr 1990-cı il tarixə kimi Cəlilabad rayon keçmiş «Varlı həyat» sovxozunda işlədiyi illəri sosial sığorta stajı kimi qəbul etməyərək, ona əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.11.1979cu ildən 15.11.1990-cı ilə kimi Cəlilabad rayonu «Varlı həyat» sovxozunda işləməsi faktının sosial sığorta stajına əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı X6 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 23.10.1954-cü il tarixdə Cəlilabad rayonu, Musalı kəndində anadan olmuşdur. Müxtəlif yerlərdə işləmişdir, hazırda pensiyadadır. Lakin onun Cəlilabad rayonu «Varlı həyat» sovxozunda işləməsinin əmək kitabçasında qeyd olunmaması səbəbindən əmək pensiyası düzgün hesablanmır. Onun Cəlilabad rayonu «Varlı həyat» sovxozunda işləməsi barədə Cəlilabad rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışdan da görünür ki, o, 26.11.1979-cu il tarixli 151 saylı əmrlə «Varlı həyat» sovxozuna müvəqqəti briqadir təyin olunmuşdur, 15.11.1990-cı il tarixli 94 saylı əmrlə briqadirlik vəzifəsindən azad edilərək sovxozun nəzdində yaradılmış meyvətərəvəz briqadiri təyin olunmuş və işlədiyi müddət üzrə müxtəlif məbləğlərdə əmək haqqı almışdır. Arxiv arayışı ilə Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etsə də, onlar bu illərin əmək kitabçasına yazılmaması səbəbindən həmin illərin sosial sığorta stajına daxil edilməyəcəyini bildirdilər. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. 18 noyabr 2019-cu il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə apararaq, hüququnun yarandığı 23.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2-1(086)- 2486/2019 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı X6 şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin 22 oktyabr 2019-cu il tarixli **********4 saylı münasibət məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarında 3.1.1-ci bəndinə görə Qanun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı X2 iddia etdiyi illər əmək kitabçasında qeyd edilmədiyi üçün həmin illərin sosial sığorta stajına daxil edilməsinə etiraz edərək, vətəndaşın iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətlərini, əmək kitabçasının və Cəlilabad rayon Dövlət Arxivinin arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətlərini və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına iddiaçının yaşa görə əmək pensiyası alması barədə Dövlət Sosial X4 rayon şöbəsinin məktubu, Cəlilabad rayon Dövlət Arxivinin 24.10.2019-cu il tarixli 367 saylı arxiv arayışı, əmək stajının yerində qarşılıqlı yoxlanılması barədə Cəlilabad rayon Dövlət Arxivi ilə Dövlət Sosial X4 rayon şöbəsinin birlikdə tərtib etdiyi akt, Cəlilabad Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2-(073)-1383/2018 saylı qətnaməsinin təsdiq olunmuş surəti və həmin qətnamənin qanuni qüvvəsini alması barədə Cəlilabad Rayon Məhkəməsinin məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Cəlilabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Cəlilabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı 23 oktyabr 1954-cü il tarixdə doğulmuşdur. 23 aprel 2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuşdur. İddiaçıya 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olduğu üçün (297.11 manat pensiya kapitalı) 01.01.2019cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı isə ona hüququnun yarandığı 23.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsini xahiş edir. İddiaçının 26.11.1979-15.11.1990cı illərdə Cəlilabad rayonu «Varlı həyat» sovxozunda işləməsinə dair Cəlilabad rayon Dövlət Arxivinin 24.06.2014-cü il tarixli 644 saylı arxiv arayışında, 16.02.1998-01.08.2008ci illərdə X5 və Bərpası Müəssisəsində işləməsinə dair 16.02.1998-ci il tarixli ******* nömrəli əmək kitabçasında qeyd edilən iş illəri, Cəlilabad Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2-(073)-1383/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş 15.03.1991-ci il tarixdən 30.12.1996-cı il tarixə kimi Cəlilabad rayon keçmiş «Musalı» kolxozunda işləməsi və 1973-1975-ci illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla 23.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədləri (26.11.1979-15.11.1990-cı illərdə Cəlilabad rayonu «Varlı həyat» sovxozunda işləməsi barədə Cəlilabad rayon Dövlət Arxivinin 24.06.2014-cü il tarixli 644 saylı arxiv arayışını, 15.03.1991-ci il tarixdən 30.12.1996-cı il tarixə kimi Cəlilabad rayon keçmiş «Musalı» kolxozunda işləməsi barədə Cəlilabad Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2-(073)-1383/2018 saylı qətnaməsini və 16.02.1998- 01.08.2008-ci illərdə X5 və Bərpası Müəssisəsində işləməsi barədə 16.02.1998-ci il tarixli ******* nömrəli əmək kitabçasını) təqdim etmişdir. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Cəlilabad rayon Dövlət Arxivinin 24.06.2014-cü il tarixli 644 saylı arxiv arayışını, Cəlilabad Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli 2-(073)-1383/2018 saylı qətnaməsini və 16.02.1998-ci il tarixli ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 26.11.1979-15.11.1990-cı illərdə Cəlilabad rayonu «Varlı həyat» sovxozunda və 15.03.1991-ci il tarixdən 30.12.1996-cı il tarixə kimi Cəlilabad rayon keçmiş «Musalı» kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı hüququnun yarandığı 23.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X3 hüququnun yarandığı 23.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçının ərizəsinə əsasən tələb olunmadığından məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı X3 hüququnun yarandığı 23.04.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulsun.
2. Prosessual xərc iddiaçıya aid edilsin.
3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov