Məhkəmə qərarları › İş №2-1(120)-1170/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1170/2022

23.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1170/2022 23.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 оğlunun katibliyi, İddiaçı, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiya fərqinin hesablanaraq ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığını pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(120)-1170/2022 nömrəli qərardadı ilə iddia tələbinə “iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi” kimi baxılması qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır, xx.xx.2004-cü ildən 2-ci qrup müddətsiz müharibə əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 1994-cü ilin dekabr ayından 2019-cu ili oktyabr ayınadək əmək pensiyası almışdır. xx.xx.2019-cu il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2019-cu ilin oktyabr ayından etibarən 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən mənə xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək olan müddət pensiya yenidən hesablanması barədə müraciət etmişdir. Lakin cavabdeh ona xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək qeyd etdiyi müddət üçün 3 il ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsə də cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiyanın məbləği ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdehin ona yazdığı cavab məktubları əsasız və qanunsuzdur, belə ki, ona xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığını əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlillliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanunamüvafiqdir. Əlavə olaraq qeyd edir ki, Ali Məhkəmənin 2-1 (102)-1539/2021 nömrəli, xx.xx.2021-ci il tarixli analoji qərarına əsasən hesab edir ki, iddia tələbi haqlıdır və təmin edilməsi qanuna müvafiqdir. Qeyd olunanların nəzərə alınaraq ona xx.xx.2006-cı ildən xx.xx.2016-cı ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığını pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsini Əmək və Əhalinin Sosial Müdqfiəsj Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə öhdəlik qoyulması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iddia tələbinin rədd olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEKnin 007617 nömrəli arayışından görünür ki, iddiaçıya «Azərbaycan Respublikasının müdafiəsi zamanı travma almışdır» səbəbilə ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Əsas: 909 saylı, xx.xx.1994-cü il tarixli müayinə aktı. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin TSEKnin 864222 nömrəli arayışından görünür ki, iddiaçıya «Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar» səbəbilə ömürlük ikinci qrup əlillik təyin edilmişdir. Əsas: 6442 saylı, xx.xx.2004-cü il tarixli müayinə aktı. - Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********8 nömrəli arayışından görünür ki, Alıyev X3 Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsindən hal-hazırda 2-ci qrup Qarabağ əlili kimi Prezident təqaüdü və 2-ci qrup Qarabağ əlili kimi əmək pensiyası alır. Təqaüdün məbləği 230 manat, təqaüdün müddəti xx.xx.2008-ci ildən müddətsiz, pensiyanın məbləği 217 manat, pensiyanın müddəti xx.xx.2006-cı ildən ömürlükdür. - surəti işə əlavə edilmiş "Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2019cu il tarixli, **********5 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının müdafiəsi zamanı səbəbilə İİ dərəcə əlillik təyin edilmişdir. - surəti işə əlavə edilmiş Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, **********6 nömrəli məlumat vərəqindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə "Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin "v” bəndi (xəstəliyə görə) təxris olunmuşdur. - ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, İddiaçı müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022ci il tarixli, **********3 nömrəli etirazında qeyd edilmişdir: iddiaçıya xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyəm görə əmək pensiyası ödənilmişdir. Beləliklə, İddiaçı xx.xx.2019-cu il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş MN-12456 nömrəli məlumat vərəqəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Bildiririk ki, Azərbaycan Respublikasının Müdəfiə Nazirliyi tərəfindən 14 oktyabr 2019-cu il tarixdə təqdim olunmuş müvafiq məlumat vərəqəsinə əsasən Fondun Xüsusi şərtlərlə təyin üzrə mərkəzi filialı tərəfindən Qanunun 20.16.1-ci maddəsinə uyğun olaraq İddiaçı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyə görə təminat xərcliyinin (617,35 manat) 80 faizi - 493,88 manat məbləğində əmək pensiyası təyin edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Həmçinin iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 7731.36 manat fərq məbləği 2020-ci ilin yanvar və fevral aylarında pensiya ödənişi ilə birlikdə müvafiq kart hesabına keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.1994-cü il tarixdən ümumi əsaslarla ömürlük ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2019-cu il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmişdir. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixdə təqdim olunmuş MN-12456 nömrəli məlumat vərəqəsinə əsasən iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya "Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinə əsasən 2019-cu ilin dekabr ayında təminat xərcliyinin (617.35 manat) 80 faizi - 493.88 manat məbləğində əlilliyə görə əmək pensiyası müəyyən edilməklə ödənilməyə başlanılmışdır. İddiaçının müraciəti əsasında ona ümumi əsasla əlilliyə görə aldığı pensiya ilə hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərq cavabdeh tərəfindən hesablanaraq ödənilmişdir. İddiaçı hazırda xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməyən pensiya fərqinin ödənilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. -20.1.12-ci maddəsinə əsasən bu qanunun 12.2-ci maddəsində göstərilən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. -20.16.1-ci maddəsinə əsasən müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin-100 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə- 80 faizi, müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə-55 faizi müəyyən edilir. -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya), -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). "Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:- -49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Məhkəmə hesab edir ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi "Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüqunun yarandığı dövrdə qüvvədə olmuş "Hərbi qulluqçuları pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1517/2021 nömrəli və xx.xx.2021-ci il tarixli 2-1(102)-1539/2021 nömrəli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81 -ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2019-cu ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2019-cu ildən hərbi qulluqçu kimi 2ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar