Məhkəmə qərarları › İş №2-1(120)-1177/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1177/2020

20.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1177/2020 20.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsinin Lənkəran rayon filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət X6 Lənkəran rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxx 2020-ci il tarixli, **********8 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1968-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Lənkəran Üzümçülük sovxozunda fəhlə kimi işlədiyi illəri iş stajı kimi qəbul edilməsi və buna müvafiq pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Lənkəran Üzümçülük sovxozunda işlədiyi illərin iş stajı kimi qəbul edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1968-ci il tarixdən Lənkəran Üzümçülük sovxozunda fəhlə olaraq işə başlamış və həmin sovxozun xx.xx.1973-cü il tarixli, 89 saylı əmri ilə işdən azad olunmuşdur. İşlədiyi illərdə əmək haqqı almışdır. Dövlət X6 Lənkəran rayon şöbəsinə ərizə ilə müraciət edərək hüququnun bərpa olunması, yəni ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, lakin ona verilmiş cavab məktubunda bunun mümkün olmadığını və bu barədə məhkəməyə müraciət etməyi bildirilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X6 Lənkəran rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.2020-ci il tarixdə şöbəyə yaşa görə əmək pensiyasından almasından ötrü müraciət etmişdir. İddiaçı 26 il 10 ay 20 gün sığorta stajıynan pensiya almaqdan ötrü sənəd təqdim etmişdir. Araşdırma zamanı məlum oldu ki, onun təqdim etdiyi ümumi iş stajından 3 il 4 ay 7 gün Lənkəran rayon Dövlət Arxivinin arayışında göstərilmiş sığorta stajının məhkəmə qaydası ilə təsdiq olunduqdan sonra ona pensiya hüququnun qazanması tövsiyə olunmuşdur. İddiaçı iş stajı təsdiq olunduqdan sonra hüquq qazandığı tarixdən ona pensiya hesablanacaqdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur və xx.xx.2019-cu il tarixdə 64 yaşı(x xxxx 2018-xx xxxx 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı,arxiv arayışındakı iş illəri, təhsil aldığı və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 06077725 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, 019059 nömrəli Diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Göyçay kənd təsərrüfatını mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun kənd təsərrüfatının elektrikləşdirmə ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2018-ci il tarixli, 402 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2018-ci il tarixli, A/686 nömrəli arxiv arayışından görünür ki, Ağayev X2 Üzümçülük sovxozunun xx.xx.1969-cu il tarixli, 115 nömrəli əmrilə xx.xx.1969-cu il tarixdən 4 saatlıq fəhlə qəbul edilmişdir. Lənkəran Üzümçülük sovxozunun xx.xx.1971-ci il tarixli, 46 nömrəli əmrilə 4 saatlıq fəhləlikdən 6 saatlığa keçirilmişdir. Lənkəran Üzümçülük sovxozunun xx.xx.1972-ci il tarixli, 118 nömrəli əmrilə xx.xx.1972-ci il tarixdən məktəbə qəbul olunması ilə əlaqədar işdən azad edilmişdir. İşdə olan Dövlət X6 Lənkəran rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1968-ci ildən xx.xx.1973-cü ilədək Lənkəran Üzümçülük sovxozunda işlədiyi dövrün arxiv arayışının sığorta stajı kimi götürmək üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə qaydasında təsdiq olunduqdan sonra qulluq etdiyi dövr sığorta stajı kimi götürüləcəkdir. İşdə olan Dövlət Arxivinin Lənkəran filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, B/136 nömrəli məktubunda İddiaçı Lənkəran Üzümçülük sovxozunda işləməsi barədə xx.xx.2020-ci il tarixli, B/136 nömrəli arxiv arayışı və həmin arayışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini göndərmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 1973-1997-ci illərdə Lənkəran Üzümçülük sovxozunda mühasib vəzifəsində işləmişəm. Həmin sovxozda işlədiyim müddətdə 1978-ci ildən mənimlə birlikdə İddiaçı da müxtəlif vəzifələrdə işləmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 479 nömrəli arayışından görünür ki, 1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. İşdə olan Azərbaycan Respublikası X3 Xidməti MMC-nin xx.xx.2020-ci il tarixli, 01/055 nömrəli arayışından görünür ki, Lənkəran rayonu Nərimanabad qəsəbə sakini İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək X3 Xidməti MMC-də 0.5 ştat vahidi ilə Bağban vəzifəsində işləyib və aylıq əmək haqqısı 125,00 manat təşkil edib. İşdə olan Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsinin Lənkəran rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********61 nömrəli məktubundan görünür ki, Lənkəran rayonu Nərimanabad qəsəbəsində qeydiyyatda olan İddiaçı xx.xx.2020-ci il tarixdə şöbədən yaşa görə əmək pensiyası almaqdan ötrü müraciət etmişdir. xx.xx.2020-ci il tarixli, **********6 saylı məktuba əlavə olaraq bildirilir ki, İddiaçı 27 il 04 ay 27 gün sığorta stayından ibarət sənəd pensiya hesablanmasından ötrü filiala təqdim etmişdir. Əmək kitabçasından sosial sığorta stajı 18 il 08 ay 09 gün təsdiq edilmişdir. Əmək kitabçasında sosial sığorta stajı xx.xx.1978-ci ildən xx.xx.1996-cı ilədək və xx.xx.2019cu ildən xx.xx.2020-ci ilədək olan dövrü əhatə edir. xx.xx.1972-ci ildən xx.xx.1978-ci ilədək təhsil alıb (həmin illərdə xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur). İddiaçı cəmi stajı 27 il 04 ay 27 gün əmək kitabçası və diplomdakı iş stajı ilə bir yerdə təşkil edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.(Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən mübahisələndirilən hal iddiaçının iş illərinin (hazırkı tələb üzrə 1970-1972-ci illər) əmək kitabçasında öz əksini tapmamasıdır. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (xx.xx.2018-ci il tarixli, A/686 nömrəli arxiv arayışını) təqdim etmişdir. Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2018-ci il tarixli, A/686 nömrəli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Lənkəran Üzümçülük sovxozunda işləməsi barədə əmək kitabçasını təqdim edə bilməməsi, iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Dövlət Arxivinin Lənkəran filialının xx.xx.2018-ci il tarixli, A/686 nömrəli arxiv arayışından müəyyən edilir ki, iddiaçı 1971-1972-ci illərdə əmək haqqı almışdır, ancaq əmək haqqı kitabları arxivə təhvil verilmədiyindən 1970-ci ilə dair arxiv arayışda müvafiq qeydiyyat aparılmamışdır. Məhkəmə hesab edir ki, 1970-ci ilə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Мəhkəmə, həmçinin xx.xx.1983-cü il tarixli, ИТ-İ ******* nömrəliəmək kitabçasını da iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1978-ci il tarixdən xx.xx.1997-ci ilədək və xx.xx.2019-cu ildən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyətində olmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Bundan başqa, iddiaçının Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Göyçay kənd təsərrüfatını mexanikləşdirmə və elektrikləşdirmə texnikumunda xx.xx.1972-29.041978-ci illərdə (xx.xx.1974-cü ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olduğu müddət istisna olmaqla) kənd təsərrüfatının elektrikləşdirmə ixtisası üzrə tam kursu təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi aşağıdakı kimidir: İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilib-edilməməsi məsələsidir. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmənin qənaətinə görə iddiaçı əmək kitabçasında, arxiv arayışındakı iş illəri (xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək), təhsil aldığı və hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Lənkəran Üzümçülük sovxozunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsinin Lənkəran rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Lənkəran Üzümçülük sovxozunda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və X5 Naziriliyi tabeliyində Dövlət X9 publik hüquqi şəxsinin Lənkəran rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar