Məhkəmə qərarları › İş №2-1(120)-118/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-118/2020

27.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-118/2020 27.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Lənkəran şəhər-rayon Polis Şöbəsinə qarşı «Cavabdeh1 Nəmməd oğlunun və Cavabdeh2 Lənkəran şəhəri, Səttarxan küçəsi, ev 136-dan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçıLənkəran şəhəri, Səttarxan küçəsi, ev 136 nömrəli mənzilin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 mənzilin qeydiyyatından çıxarılması üçün cavabdeh Lənkəran şəhər Polis Şöbəsinə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2-1(086)- 2489/2019 saylı qərardadı ilə Lənkəran şəhər-rayon Polis Şöbəsi cavabdeh qismində, Cavabdeh1 və Cavabdeh2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı, cavabdeh nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. İddiaçı İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar iclasda iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsini, yaşayış yerindən arayışı, Seriya MH ******* №-li çıxarışı, cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların və məhkəmənin sorğusu əsasında əldə edilmiş sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lənkəran şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş MH ******* nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Lənkəran şəhəri, Səttarxan küçəsi, 136 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ iləİddiaçı adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında elan edilmiş cavabdehin iddiaçıya ünvanladığı 04 oktyabr 2019-cu il tarixli imtina məktubundan görünür ki, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus Lənkəran şəhəri, Səttarxan küçəsi, 136 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatındadırlar. İşdə olan Daşınmaz Əmlakın Dövlət Dövlət Reyestri Xdimətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin 23 oktyabr **********74 nömrəli məktubundan görünür ki, üçüncü şəxslər Cavabdeh1 və Cavabdeh2 Lənkəran şəhəri, Səttarxan küçəsi, 136 nömrəli fərdi yaşayış evi üzərində istifadə və yaxud mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmamışdır. İşdə olan Lənkəran rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, 859 nömrəli məktubundan görünür ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 qohumluq əlaqələrinin olubolmaması barədə atomatlaşdırılmış qeydiyyat informasiya sistemində məlumat aşkar edilməmişdir. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Lənkəran şəhər 1 nömrəli Sahə İnzibati Ərazi X1 xx.xx.2019-cu il tarixli, 12-5/144 nömrəli məktubundan görünür ki, X2 və Cavabdeh2 hal-hazırda ünvan 2 ünvanında yaşamırlar. Harada yaşamaları barədə heç bir məlumat yoxdur. Göründüyü kimi üçüncü şəxslər ünvan 2 ünvanındanpasport qeydiyyatında olmasına baxmayaraq, həmin evdə yaşamırlar və həmin ev üzərində istifadə hüquqları qeydiyyata alınmamışdır. Belə olduğu halda üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması onun qeydiyyatının formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus evin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin ünvan 2 ünvanındanpasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus ünvan 2 nömrəli fərdi yaşayış evinin qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Lənkəran şəhər-rayon Polis Şöbəsinə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar