Məhkəmə qərarları › İş №2-1(120)-118/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-118/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-118/2021 11.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 (İmişli şəhəri, Vidadi küçəsi, ev 12 ünvanda yaşayan) və Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının nümayəndəsi X2 (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 mənzil 66 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialına qarşı «hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1953-cü il tarixdə doğulmuşdur. İddiaçıya xx.xx.2019-cu il tarixdə elektron qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2016-cü tarixdən əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci bəndinə istinad edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın pensiya hüququnun yarandığı tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq dövlət qulluqçusu olmağı, dövlət qulluğunda işlədiyi illər ərzində maaşı qədər mükafatları, müavinətləri, ixtisas dərəcələri nəzərə alınmaqla, xx.xx.2016-cı il tarixdən yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü il tarixdə anadan olmuşdur. xx.xx.1969-cu il tarixdən xx.xx.1969-cu il tarixədək İmişli rayon İstehsal Cəmiyyətinin iaşə müəssisələri üzrə kalkulyator, xx.xx.1970-ci il tarixdən xx.xx.1971-ci il tarixədək İmişli rayon İstehlak Cəmiyyətində mühasib, xx.xx.1971-ci il tarixdən xx.xx.1973cü il tarixədək İmişli rayon İstehlak Cəmiyyətinin çörəkxanasında texnoloq, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək mühasib, xx.xx.1975-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Təsərrüfat hesablı avtoqarajın böyük mühasibi, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kooperativ Ticarət Birliyində böyük mühasib, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək İmişli rayon X6 Ticarət İdarəsində mühasib, xx.xx.1989cu il tarixdən xx.xx.1992-ci il tarixədək İmişli rayon «Muğan» Tədarük kooperativində sədr müavini, xx.xx.1992-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Azərittifaqın İmişli rayon X3 Ticarət Birliyinin direktoru, xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin İmişli rayon şöbəsinin müdiri, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək 20 saylı Ərazi şöbəsinin müdiri, xx.xx.2008-ci il tarixdən xx.xx.2009-cu il tarixədək 11 saylı Ərazi şöbəsinin müdiri, xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Əmlak Məsələləri Dövlət Komitəsinin 11 saylı Ərazi şöbəsinin müdiri, xx.xx.2011-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 17 saylı Ərazi şöbəsinin müdiri, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Şirvan Ərazi Şöbəsinin müdiri, xx.xx.2019-cu il tarixdən hal-hazıradək Beyləqan Ərazi Şöbəsinin müdiri vəzifəsində işləyir. Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixdə ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2011-ci il tarixdə İnzibati vəzifələrin 7-ci təsnifatı üzrə 2-ci dərəcəli dövlət qulluqçusu, xx.xx.2014-cü il tarixdə İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə 1-ci dərəcəli dövlət qulluqçusu, xx.xx.2017-ci il tarixdə İnzibati vəzifələrin 5-ci təsnifatı üzrə Dövlət Qulluğunun kiçik müşaviri ixtisas dərəcələri verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə ona əmək pensiyası təyin edilmişdir. Əmək pensiyası təyin edilərkən pensiya almaq hüququnun xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.2016-cı il tarixdə yarandığı və dövlət qulluqçusu kimi almalı olduğu nəzərə alınmamışdır. xx.xx.2016-cı il tarixdə dövlət qulluğundan stajı 10 il, 4 gün təşkil etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən aldığı dövlət məvacibinin orta aylıq məbləğinin ilkin olaraq 55 faizi miqdarında ona pensiya hesablanmalı, sonrakı dövrlərdə sığorta stajı artdıqca, pensiya nmiqdarı da Qanuna uyğun olararaq artırılmalı idi. Ona pensiya təyin edilərkən eyni zamanda dövlət qulluğunda işlədiyi illər ərzində maaşı qədər mükafatları, müavinətləri almağı, ixtisas dərəcələri nəzərə alınmamışdır. Buna baxmayaraq, pensiyası dəfələrlə aşağı hesablanmışdır. Ona görə də cavabdehə ərizə ilə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Müraciətinə verilmiş **********8 saylı, xx.xx.2020-ci il tarixli cavabda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən ona pensiyanın xx.xx.2016-cı il tarixdən hesablanması mümkün deyildir. Cavabdehin bu cavabı təəssüf doğurur. Çünki «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsində ona pensiyasının hüquqlarının yarandığı tarixdən hesablanması ilə bağlı hər hansı məhdudiyyət yoxdur. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə ona pensiya hüququ yarandığı xx.xx.2016-cı il tarixdən qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, bildirdi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci bəndinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci bəndinə əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və cavabdehin imtina məktubunun surətlərini, cavabdehə müraciətini təsdiq edən ərizəsini və poçt qəbzinin əslini əlavə etmiş etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1953-cü il tarixdə doğulmuşdur. xx xxxxxx 2016-cı il tarixdə 63 yaşı tamam olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə elektron qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı isə yaşa görə əmək pensiyası təyin olunması üçün xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş yaş həddinə çatmaqla tələb olunan sosial sığorta stajını toplamışdır. Yəni iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün həmin dövrdə (xx xxxxxx 2016-cı il tarixdə) qüvvədə olan qanunla tələb olunan 63 yaşına uyğun 12 il sığorta stajını toplamışdır. İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona xx.xx.2016-cı il tarixdən əmək pensiyası təyin edilməsini xahiş etsə də, cavabdeh inzibati orqan iddiaçının ərizəsini təmin etməmişdir. Hazırda iddiaçı ona hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsini xahiş edir. Məhkəmə iddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı zaman qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının qanununun maddi hüquq normalarını da nəzərdən keçirməyi məqsədəmüvafiq hesab edir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun hazırda qüvvədə olan 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmçinin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvədə olan 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Yenə həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-ci il tarixli № 03/2020 Qərardadında da qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi əmək pensiyası almaq hüququ olan şəxslərə əmək pensiyası müraciət edildiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir. İddiaçının da əmək pensiyası almaq hüququ xx.xx.2016cı il tarixdə yaranmış və xx.xx.2018-ci il tarixdə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan iddiaçıya müraciət etdiyi tarixdən əvvəlki üç il üçün deyil, xx.xx.2019-cu il tarixdən əmək pensiyası təyin etmişdir. Yəni cavabdeh tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin normaları pozulmuşdur. Halbuki iddiaçıya qanunun qeyd edilən norması tətbiq edildikdə əmək pensiyası almaq hüququ xx.xx.2016cı il tarixdən yaranır. Qeyd olunanlardan göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadan və qanunun tələbləri nəzərə alınmadan, formal əsaslarla iddiaçının tələbindən imtina edilməsi sonuncunun sosial təminat hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq, hesab edir ki, iddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən və həmin tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən və həmin tarixdə qüvvədə olan pensiya qanunvericiliyinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 10 saylı regional ərazi filialının üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar