Məhkəmə qərarları › İş №2-1(120)-1182/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1182/2021

16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1182/2021 16.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Cəbrayıl rayonu, B.Mərcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), Cavabdeh1 nümayəndəsi X4 (İmişli şəhəri, F.Məmmədov küçəsində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdehlər İmişli və Cəbrayıl rayon Təhsil şöbələrinə qarşı 01.01.2006-cı il tarixdən 01.07.2006-cı il tarixə və 01.01.2007-ci il tarixdən 01.08.2007-ci il tarixədək İmişli rayonu, Cavadxanlı kəndi tam orta məktəbində işlədiyi müddətdə, 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək Cəbrayıl rayonu 15 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cəbrayıl rayon Təhsil şöbəsinə qarşı cavabdehlərin özbaşınalığına son qoyulmaqla, əmək haqqının məcburi dövlət sosial sığortasına cəlb olunması və səhhətinə vurulmuş zərər ilə əlaqədar ona təzminatın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia tələbini dəyişərək, cavabdehlər İmişli və Cəbrayıl rayon Təhsil şöbələrinə qarşı 01.01.2006-cı il tarixdən 01.07.2006-cı il tarixə və 01.01.2007-ci il tarixdən 01.08.2007-ci il tarixədək İmişli rayonu, Cavadxanlı kəndi tam orta məktəbində işlədiyi müddətdə, 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək Cəbrayıl rayonu 15 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 27.07.2021-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh1 tərəfindən onun 2006-cı ilin yanvar-iyun ayları, 2007-ci ilin də yanyar-iyun ayları üzrə əmək haqqısı, qızı X2 da 2006-cı ilin sentyabr-dekabr ayları, 2007-ci ilin də yanvar-iyun ayları üzrə əmək haqqıları məcburi dövlət sosial sığortasına cəlb edilməməklə kapital yığımına zərbə vurulmuşdur. Cəbrayıl Rayon Təhsil Şöbəsi də 2008-ci ili bütövlükdə hər ikisinin əmək haqqılarını məcburi dövlət sosial sığortasına cəlb etməmişdir. Ona elə gəlir ki, hər iki cavabdeh müəssisə bunu qəsdən törətmişdir. Çünki iki ilə yaxındır ki, dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir cavab ala bilməmiş və cavab vermək fikirləri də yoxdur. Sonuncu dəfə 2021-ci il mart ayının 3-də hər iki cavabdeh təşkilata X5 Mərkəzinə və X8 Mərkəzinə müraciət etmişdir. Cavabdeh1 və X5 Mərkəzi başdansovdu “cavab” versə də, Cəbrayıl rayon Təhsil Şöbəsi və X8 Mərkəzi 3 ay keçməsinə baxmayaraq heç cavab verməyiblər. X9 Mərkəzi qəti imtina yazıb. İki dəfə açıq ürək əməliyyatı keçirmişdir. 2-ci qrup əlilliklə pensiya alır. Sentyabr ayında yaşa görə pensiya almalıdır. Amma yuxarıdakı vəziyyət kapitalını arzuolunmaz hala salıb. Bu hal dərman hesabına yaşayan xəstəyə nə kimi zərbə vurduğu danılmazdır. Bunlar onu intihara cəhd səviyyəsinə gətirib çıxarıblar. Artıq səhhəti tamam pozulub. İnanıram ki, məhkəmə, hər iki cavabdeh təşkilatın özbaşmalığına son qoymaqla əmək haqqının məcburi dövlət sosial sığortasına cəlb olunmasına və səhhətinə vurulmuş zərbə ilə əlaqədar ona təzminatın ödənilməsində qanunla kömək edəcək. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi X6 izahat verərərk bildirdi ki, İddiaçı Qürbət oğlu 01.09.2001-ci il tarixdən 15.09.2007-ci il tarixədək İmişli rayon Cavadxanlı kənd tam orta məktəbində müəllim işləmişdir. İddiaçı Qürbət oğlunun (SSN **********613) 01.01.2006-cı il tarixdən 01.07.2006-cı il tarixə və 01.01.2007-ci il tarixdən 01.08.2007-ci il tarixədək olan əmək haqqı “məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (forma B3) əmək haqqına görə hesablanan məcburi sığorta haqları qeyd olunmamışdır. İddiaçının tələbi ilə əlaqədar tərəflərindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uşot üzrə Mərkəzi Filiala və 5 saylı Ərazi Vergilər idarəsinə məktub göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı sığortaolunan İddiaçı Qürbət oğlunun məlumatlarının dəqiqləşdirilib X3 işlənilməsi üçün 17.05.2021-ci il tarixli **********0 saylı məktubla Dövlət Vergi Xidmətinə müraciət etmişdir. İddiaçı Qürbət oğluna bu barədə 01.06.2021-ci il tarixdə 61 saylı məktubla məlumat verilmişdir. Qeyd olunanlara əsasən hazırkı iddia tələbi üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsi iddia ərizəsinə münasibətdə (etirazında) göstərmişdir ki, Cəbrayıl rayonunun 15 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı pensiyaya çıxması ilə əlaqədar olaraq DSMF Cəbrayıl rayon şöbəsinə müraciət etmişdir. Əvvəlki illər üzrə B-3 forması fondda araşdırılan zaman onun və qızı X2 2008-ci il üçün aldıqları əmək haqqı üzrə yığılmış pensiya kapitalı aşkar edilməmişdir. İddiaçı bununla bağlı Təhsil Şöbəsinə müraciət etmişdir. Təhsil Şöbəsi öz növbəsində onun və qızının 2008-ci ildə aldığı əmək haqqına dair rəsmi arayışı ona təqdim etməsinə baxmayaraq fond tərəfindən həmin arayışlar qəbul edilməmişdir. Təhsil Şöbəsinin mühasibatlığında 2008-ci il üçün fonda təqdim edilmiş hesabatın surəti olmadığından bu işə aydınlıq gətirmək mümkün olmamışdır. Sonradan DSMF-ya təqdim olunmuş B-3 forması əmək haqqı cədvəlləri ilə üzləşdirilmiş, 2008ci ildə onların aldığı əmək haqqı aydınlaşdırılmışdır. B-3 hesabat formasında düzəlişlər edilmişdir. B-3 hesabat formasında aparılmış düzəlişlərdə İddiaçı Qürbət oğlunun və X2 2008ci ildə topladıqları pensiya kapitalı tam əksini tapmışdır. Yuxarıda göstərilənləri nəzərə alıb İddiaçı Qürbət oğlunun və X2 2008-ci ildə topladıqları pensiya kapitalının bərpa olunmasına köməklik edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinin rəhbərliyinə məktubla müraciət edilmişdir. Onlar isə öz növbəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin X7 dürüstləşdirilmiş hesabat təqdim etməyi tövsiyə etmişdilər. Cəbrayıl rayon Vergilər Şöbəsi isə öz növbəsində bildirir ki, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə pensiya kapitalının yığımı haqqında hesabatın qəbul edilməsi 2018-ci il tarixdən başlanmışdır. Əvvəlki illər üçün hesabatlar Dövlət Vergi Xidmətinin bazasında yoxdur. Buna görə də düzəliş aparılması imkan xaricindədir. X11 isə öz növbəsində bildirir ki, İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinə pensiya kapitalının yığımı haqqında hesabatın qəbul edilməsi 2018-ci il tarixdən başlanmışdır. Əvvəlki illər üçün hesabatlar Dövlət Vergi Xidmətinin bazasında yoxdur. Buna görə də düzəliş aparılması imkan xaricindədir. Cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsinə, üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Cəbrayıl rayon Təhsil şöbəsinin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehlərin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdehlərə inzibati orqana müraciət etmiş, lakin cavabdehlər tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 01.01.2006-cı il tarixdən 01.07.2006-cı il tarixə və 01.01.2007-ci il tarixdən 01.08.2007-ci il tarixədək İmişli rayonu, Cavadxanlı kəndi tam orta məktəbində işlədiyi müddətdə, 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək Cəbrayıl rayonu 15 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyinin cavabdehlər İmişli və Cəbrayıl rayon Təhsil şöbələrinin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03375639 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 01.04.1955-ci il tarixdə Cəbrayıl rayonun B.Mərcanlı kəndində anadan olmuş, Cəbrayıl rayonun B.Mərcanlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Cəbrayıl rayon Təhsil şöbəsinin 06.01.2021-ci il tarixli arayışından görünür ki, Cəbrayıl rayonunun 15 saylı tam orta məktəbin sabiq müəllimi İddiaçı 2008-cu tədris ilində cəmi 4.045,61 manat əmək haqqı hesablanmışdır. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 09.08.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, 2006-2020ci illər üzrə sığortaolunan İddiaçı Qürbət oğlunun (SSN: **********613) Cavabdeh1ndə 01.07.2006-01.01.2007-ci illər üzrə hesablanmış əmək haqqı-2.119 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları-529,76 manat, Cəbrayıl rayon Təhsil şöbəsində 01.07.2007- 01.01.2008, 01.01.2009-01.03.2012 və 01.10.2012-01.01.2017-ci illər üzrə hesablanmış əmək haqqı-37.149,89 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları-9.287,58 manat, Azərbaycan Respublikası Təhsil Nazirliyi 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində 01.07.2017-01.09.2020-ci illər üzrə hesablanmış əmək haqqı-36.587,81 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqları-9.146,95 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 27.08.2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (SSN: **********613) sığortaedən Cavabdeh1 tərəfindən 2006 - 2007-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda 01.01.2006-cı il tarixindən 01.07.2006-cı il tarixinə, 01.01.2007-ci il tarixindən 01.08.2007-ci il tarixinədək olan, o cümlədən, sığortaedən Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən 2008-ci il üçün üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək olan məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanların məlumatları öz əksini tapmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 9.2.1 -ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsidir. Sığortaedən Cavabdeh1 tərəfindən 2006-2007-ci illər, sığortaedən Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən isə 2008-ci il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) İddiaçı məcburi dövlət sosial sığorta haqlarının səhv nəticəsində hansı işçi və ya işçilərin fərdi şəxsi hesablarında qeyd olunması sığortaedən tərəfindən müəyyənləşdirilərək, İddiaçı məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlərinin, eləcə də ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatlarının fərdi şəxsi hesablarına işlənilməsi üçün yoxlanılmasına zərurət yaranan əlavə sənədlər (İddiaçı, işçinin və ya işçilərin (səhvən qeyd edilən) “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat’’ları (06) (Forma B3), əmək kitabçaları, əmək haqqı cədvəlləri, əmək müqavilələri, əmək haqqı aldıqları bank hesabından çıxarışları, işə qəbul olunma əmrləri, işdən azad edilmə əmrləri, məzuniyyətdə olma əmrləri) sığortaedənlər tərəfindən təqdim edildikdən sonra qeyd olunan məsələ ilə bağlı araşdırılma aparılacaqdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun : 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı (SSN: **********613) sığortaedən Cavabdeh1 tərəfindən 2006 - 2007-ci illər üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda 01.01.2006-cı il tarixindən 01.07.2006-cı il tarixinə, 01.01.2007-ci il tarixindən 01.08.2007-ci il tarixinədək olan, o cümlədən, sığortaedən Cəbrayıl Rayon Təhsil Şöbəsi tərəfindən 2008-ci il üçün üçün təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında hesabatlarda 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək olan məlumatları qeyd olunmadığı üçün “X1 Sistemi”nin “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunanların məlumatları öz əksini tapmamışdır. Halbuki, iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçı həmin illərdə əmək haqqı almışdır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqanlar tərəfindən İddiaçı 01.01.2006-cı il tarixindən 01.07.2006-cı il tarixinə, 01.01.2007-ci il tarixindən 01.08.2007-ci il tarixinədək, 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək olan məlumatların “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) qeyd etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 01.01.2006-cı il tarixdən 01.07.2006-cı il tarixə və 01.01.2007-ci il tarixdən 01.08.2007-ci il tarixədək İmişli rayonu, Cavadxanlı kəndi tam orta məktəbində işlədiyi müddətdə, 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək Cəbrayıl rayonu 15 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi cavabdehlər İmişli və Cəbrayıl rayon Təhsil şöbələrinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.01.2006-cı il tarixdən 01.07.2006-cı il tarixə və 01.01.2007-ci il tarixdən 01.08.2007-ci il tarixədək İmişli rayonu, Cavadxanlı kəndi tam orta məktəbində işlədiyi müddətdə, 01.01.2008-ci il tarixdən 31.12.2008-ci il tarixədək Cəbrayıl rayonu 15 saylı tam orta məktəbində işlədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) adının sığorta olunan kimi qeyd olunması və əmək haqqından tutulan məcburi sosial sığorta haqları üzrə ödənişlərin fərdi hesabına işlənməsi öhdəliyi cavabdehlər İmişli və Cəbrayıl rayon Təhsil şöbələrinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar