Məhkəmə qərarları › İş №2-1(120)-1182/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1182/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1182/2024 08.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “0N iyun N-cü il tarixli 162 saylı əmrin ləğv edilməsi və iddaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə 08 fevral 2024-cü il tarixdə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı 0N iyun N-cü il tarixli 162 saylı əmrin ləğv edilməsi və iddaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir.Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada tərəflərin xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 0N iyun N-cu il tarixli 162 saylı əmr ilə Hərbi xidmət keçmə haqqinda əsasnamənin 156-ci maddəsinin “e” bandinə əsasən təxris olunmuşdur. O, həmin əmri əsassız ve qanunsuz hesab edir. Bununla bağlı Bakı şəhər 18 saylı Mediasiya Təşkilatına müraciət etmiş, lakin cavabdeh iştirak etməmişdir və xx.xx.N-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.Bu səbəbdən də 0N iyun N-ci il tarixli 162 saylı əmr ləğv olunmalı ve onun işə bərpa tələbinə dair iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməlidir. Odur ki, 0N iyun Ncü il tarixli 162 saylı əmrin ləğv edilməsi və iddaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin məhkəməyə ünvanladığı xx.xx.N-cü il tarixli, 11848 nömrəli etiraz məktubunda qeyd edilmişdir ki, ilk növbədə iddiaçı 30 günlük şikayət vermə müddətini ötürmüşdür.Belə ki, hərbi qulluqçu gizir İddiaçı Müdafiə Nazirinin müavini-Quru Qoşunları komandanının 24 may N-cü il tarixli 051 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin e bəndi ilə ehtiyata buraxılmışdır.Və “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə uyğun olaraq İddiaçı ehtiyata buraxılması barədə təyinat vərəqəsi N iyun N-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirilməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Laçın rayon şöbəsinə göndərilmişdir.Və iddiaçı məlumatlı olsa da, xx.xx.N-cü il tarixədək bu barədə heç bir şikayət etməmişdir.Həmçinin iddiaçı N saylı hərbi hissədə 2-ci taborun 5-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun komandiri vəzifəsində xidmət edərkən dərslərdə iştirak etmədiyinə, şəxsi heyətin döyüş hazırlığını aşağı saldığına görə “gizirlərin şərəf məhkəməsində dinlənilməsi” üçün 5-ci bölük komandiri kapitan Cəmil Möhsünlü tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmış, “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması barədə qərar qəbul edilmişdir. 12 yanvar N-cü il tarixli 05 nömrəli protokolda onun xidmət etdiyi müddət ərzində vəzifə borcunu zəif bilməsi, vəzifəsinin öhdəsindən gəlməməsi, nizam-intizamsız hərbi qulluqçu olması və şəxsi heyətin döyüş hazırlığını aşağı salması qeyd olunmuşdur.Bu səbəblərə əsasən İddiaçı iddia ərizəsinin rədd olunmasını xahiş edir.Həmçinin məhkəmənin 14 noyabr N-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, iddiaçı səhv əmri mübahisələndirir, iddiaçının mübahisələndirdiyi əmr komandirin əmridir. Məhkəmə iş materiallarını araşdıraraq iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı 0N iyun N-cü il tarixli 162 saylı əmrin ləğv edilməsini tələb edir ki, bu tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. Belə ki, iş materiallarında olan məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin məhkəməyə ünvanladığı xx.xx.N-cü il tarixli, 11848 nömrəli məktubunda qeyd edilmişdir ki, hərbi qulluqçu gizir İddiaçı Müdafiə Nazirinin müavini-Quru Qoşunları komandanının 24 may N-cü il tarixli 051 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamənin” 156-cı maddəsinin e bəndi ilə ehtiyata buraxılmışdır.Və “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə uyğun olaraq N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli 162 nömrəli əmri ilə iddiaçıya məlumat verilmiş və İddiaçı ehtiyata buraxılması barədə təyinat vərəqəsi N iyun N-cü il tarixdə “Göndərilən sənədlərin uçotu kitabı”na imza etdirilməklə ona təqdim olunmuş və ehtiyata buraxılması elan edilərək hərbi hissənin siyahısından çıxarılaraq hərbi qeydiyyata durması üçün SHXÇDX-ın Laçın rayon şöbəsinə göndərilmişdir.Və iddiaçı məlumatlı olsa da, xx.xx.N-cü il tarixədək bu barədə heç bir şikayət etməmişdir. İş materiallarına əlavə olunmuş Müdafiə Nazirinin müavini-Quru Qoşunları komandanının 24 may N-cü il tarixli 051 gm nömrəli əmrindən çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı Müdafiə Nazirinin müavini-Quru Qoşunları komandanının 24 may N-cü il tarixli 051 gm nömrəli əmri əsasında “Hərbi xidmət keçmə haqqında Əsasnamənin” 156cı maddəsinin e bəndi ilə ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.N-cü il tarixli Raportdan müəyyən olunur ki, İddiaçı 2-ci taborun 5-ci bölüyünün 1-ci taqımının 1-ci qrupunun komandiri vəzifəsində xidmət edərkən dərslərdə iştirak etmədiyinə, şəxsi heyətin döyüş hazırlığını aşağı saldığına görə “gizirlərin şərəf məhkəməsində dinlənilməsi” üçün 5-ci bölük komandiri kapitan Cəmil Möhsünlü tərəfindən yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İş materiallarına əlavə olunmuş 12 yanvar N-cü il tarixli 05 nömrəli protokolda onun xidmət etdiyi müddət ərzində vəzifə borcunu zəif bilməsi, vəzifəsinin öhdəsindən gəlməməsi, nizam-intizamsız hərbi qulluqçu olması və şəxsi heyətin döyüş hazırlığını aşağı salması qeyd olunmuşdur.Və iddiaçı iradlarla razı olduğunu, xidmətini davam etdirmək istədiyini bildirmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin 12 yanvar N-cü il tarixli 05 nömrəli Qərarından müəyyən olunur ki, gizir İddiaçı qeyd edilən nöqsanlarla tam razılaşması və özünün də ehtiyata buraxılmaq istəməsini nəzərə alaraq “xidməti uyğunsuzluğa görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılsın” elan edilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan 12 yanvar N-cü il tarixli Söhbət Vərəqəsindən müəyyən olunur ki, İddiaçı ilə müvafiq söhbətlər aparılmış və ehtiyata buraxılmağa təqdim olunduğu bildirilmişdir. İş materiallarında olan Xidmət Vərəqəsinə əsasən müəyyən olunur ki, dəfələrlə müxtəlif tarixlərdə İddiaçı hərbi hissə tərəfindən müxtəlif cəzalar verilmişdir. İş materiallarında olan xx.xx.N-cü il tarixli 13066 saylı Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin məhkəməyə ünvanladığı məktubdan görünür ki, İddiaçı tələblə bağlı heç bir müraciəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsini rəhbər tutaraq, məhkəmə 14 noyabr N-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinə cavabdehin etiraz ərizəsini elan etmiş, səhv əmrin mübahisələndirilməsi ilə bağlı şifahi hüquqi yardım etmişdir.Həmçinin məhkəmənin 14 noyabr N-cü il tarixli hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 da bildirmişdir ki, iddiaçı səhv əmri mübahisələndirir, iddiaçının mübahisələndirdiyi əmr komandirin əmridir. Bundan əlavə, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr N-cü il tarixli 2-1(120)- 3826/N nömrəli məktubu ilə İddiaçı rəsmi şəkildə məsələ ilə bağlı hüquqi yardım göstərilmişdir. İddiaçı hüquqi yardıma münasibət bildirməmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının hüquqi marağı ehtiyata buraxılması barədə əmrin ləğv olunaraq işə bərpa edilməsidir.Və bu məqsədə çatmaq üçün iddiaçı ilk öncə düzgün əmri mübahisələndirərək pozulduğunu zənn etdiyi hüquqlarının bərpasını məhkəmədən xahiş edə bilər. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi əmr- “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsinə uyğun olaraq N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli 162 nömrəli iddiaçıya məlumat verilməsi barədə əmrdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçı hüquqi marağına çatmaq, yəni işə bərpa olunmaq üçün müvafiq əmri, yəni Müdafiə Nazirinin müavini-Quru Qoşunları komandanının 24 may N-cü il tarixli 051 gm nömrəli əmrini mübahisələndirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. X1 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 4.2-ci bəndinə görə hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Qərarın 5.1-ci bəndində qeyd olunur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı səhv əmri mübahisələndirdiyinə görə hazırkı mübahisə üzrə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və İPM-in 23.1, 35, 83, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “0N iyun N-cü il tarixli 162 saylı əmrin ləğv edilməsi və iddaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar