Məhkəmə qərarları › İş №2-1(120)-1182/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1182/2025

17.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1182/2025 17.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq qərara aldı: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat Şöbəsinə qarşı “onun doğum akt qeydində soyadının Mirzəyevdən-Mirzəyevaya, adının Akifdən-Tünzaləyə və cinsinin kişi cinsindən qadın cinsinə düzəliş edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki o, xx.xx.2002-ci ildə Hacıqabul rayonunun 1-ci Udulu kəndində anadan olmuşdur. Doğum şəhadətnaməsinə əsasən əvvəllər şəxsiyyət vəsiqəsi almış, daha sonra el adəti ilə X23 ilə toy edib evləndikdən sonra, onun yaşadığı Hacıqabul şəhərində yerləşən mənzilinə gəlin köçmüş və ona məxsus bütün sənədlərini, o cümlədən doğum şəhadətnaməsini həmin mənzilə aparmışdır. Onların qeyri rəsmi nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X21 adlı bir uşaqları olmuşdur. Daha sonra ailə nikah münasibətləri bir-birinə uyğun gəlməmiş, münasibətləri pozulmuşdur. Ona məxsus doğum şəhadətnamənin əsli həmin mənzildə qalsa da, bu günə kimi həmin şəhadətnaməni ona geri qaytarmaqdan imtina edərək, onlarda qalmadığını qeyd edirlər. Qeyd edir ki, uşağına atalıq almaq üçün Hacıqabul rayon Qeydiyyat şöbəsindən doğum haqqında şəhadətnamənin təkrarın almaq üçün müraciət etmişdir. Oradan ona xx.xx.2021-ci il tarixdə, 41-05/13 nömrəli məktubla bildirilib ki, doğulduğu ilin üç il əvvəl və sonrası araşdırılarkən X6 barədə doğum akt qeydi aşkar edilməmişdir. Hacıqabul rayon Qeydiyyat şöbəsinin 2002-ci ilə aid arxiv sənədlərində xx.xx.2002-ci il təvəllüdlü X9 aid (cinsi kişi) doğum haqqında akt qeydi aşkar edilmişdir. Həmin akt qeydində valideynlər haqqında məlumatlar ananın doğum tarixi (doğulduğu ay) istisna olmaqla uyğun olduğu göstərilmişdir. Daha sonra o, xx.xx.2021-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsində X30 ilə rəsmi nikah münasibətlərinə girərək evlənmiş və “Yusifova” soyadını qəbul etmişdir. Himayəsində olan xx.xx.2021-ci il təvəllüdlü X1 üçün X11 atalığın müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəyir. Odur ki, yenidən aidiyyəti üzrə Qeydiyyat şöbəsinə xx.xx.2024-cü il tarixdə ərizə müraciət etmiş, xx.xx.2024-cü il tarixli, 3- 16-5/8-18-2024 nömrəli məktubla həmin müraciətindən imtina edilmişdir. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində əlverişli inzibati aktın qəbul edilməməsi ilə bağlı hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. xx.xx.2002-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Tələbinizin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.13. bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Hacıqabul rayon Qeydiyyat şöbəsinin 2002-ci ilə aid arxiv sənədlərində xx.xx.2002-ci ilə aid doğum akt qeydləri kitabında X9 aid 549 saylı doğum akt qeydi aşkar edilmişdir. Lakin, akt qeydində uşağın doğum tarixi xx.xx.2002-ci il, doğulduğu yer Hacıqabul rayonu 1-ci Udulu kəndi, uşağın soyadı Mirzəyev, adı Akif, ata adı Məmmədağa, cinsi kişi göstərilmişdir. Ərizənizdə qeyd etdiyiniz məlumatlarda yalnız uşağın doğum tarixi istisna olmaqla digər məlumatlarda ziddiyyətlər mövcud olduğu məlum olmuşdur. Yuxarıda qeyd olunan ziddiyyətlərlə bağlı kifayət qədər əsaslar təqdim edə bilmədiyiniz üçün doğum haqqında akt qeydində düzəliş edib doğum haqqında Sizə təkrar şəhadətnamə verilməsi barədə ərizənizin icrasından imtina olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda və kifayət qədər əsaslar olmadıqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göstərilənlərlə bağlı bildiririk ki, müvafiq doğum akt qeydinin Sizə məxsus olmasını iddia etdiyiniz halda həmin akt qeydinə düzəliş və ya dəyişiklik edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü İddiaçı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində Mirzəyev(soyadının)-Mirzəyeva, Akif(adının)-Tünzalə və cinsin kişi cinsindənqadın cinsi kimi düzəliş edib doğum haqqında təkrar şəhadətnamənin verilməsi barədə müraciətinə Hacıqabul rayon Qeydiyyat şöbəsində baxılmışdır. Tələbin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq əziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.13. bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Hacıqabul rayon Qeydiyyat şöbəsinin 2002-ci ilə aid olan sənədlərində xx.xx.2002-ci ilə aid doğum akt qeydləri kitabında X9 aid 549 saylı doğum akt qeydi aşkar edilmişdir. Lakin, akt qeydində uşağın doğum tarixi xx.xx.2002-ci il, doğulduğu yer Hacıqabul rayonu 1-ci Udulu kəndi, uşağın soyadı Mirzəyev, adı Akif, ata adı Məmmədağa, cinsi kişi göstərilmişdir. Belə ki, akt qeydində uşağın doğum tarixi istisna olmaqla digər məlumatlarda ziddiyyətlər mövcud olduğu məlum olmuşdur. Yuxarıda qeyd olunan ziddiyyətlərlə bağlı İddiaçı kifayət qədər əsaslar təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydində düzəliş edib doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə ərizəsinin icrasından imtina olunmuştur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda və kifayət qədər əsaslar olmadıqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əlavə olaraq müvafiq sorğunuzla əlaqədar xx.xx.2002-ci il tarixli 549 nömrəli Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydinin təsdiq edilmiş surəti və vətəndaşın müraciətinə verilmiş cavab məktubun surəti Sizə göndərilir. xx.xx.2002-ci il tarixli, 549 nömrəli Doğum haqqında akt qeydində qeyd edilmişdir ki, X2 rayonu 1-ci Udulu kəndində xx.xx.2002-ci ildə Hacıqabul rayonunda anadan olmuş, ata qrafasında X13, ana qrafasında X14 qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli 581625 nömrəli doğum haqqında akt qeydinə əsaən, müəyyən edilir ki, X21 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X22, anası X6 qeyd edilmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hacıqabul rayon 1-ci Udulu kəndində qeydiyyatda olan İddiaçı məxsus olan (AA*******)-li şəxsiyyət vəsiqəsi Asan-İmişli tərəfindən verilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X42 “Hacıqabul Rayon Mərkəzi Xəstəxanasi” X37 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hacıqabul rayonu, İ Udulu kəndində qeydiyyatda olan xx.xx.2002-ci il təvəllüdlü İddiaçı və X8 doğumları haqqında hər hansı bir məlumat “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X42ndə mövcud deyildir. xx.xx.2021-ci il tarixli, AZ-İİ № 450028 nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X30 ilə xx.xx.2002-ci il təvəllüdlü X6 arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Hacıqabul Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonu, 1-ci Udulu kəndində anadan olan, Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olan İddiaçı və X8 barələrində Hacıqabul RPŞ-də hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Birinci X43 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 49 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Yusifova X5 rayonu X44ində anadan olmuş, qeydiyyatdadır, lakin hal-hazırda X44ində yaşamır. Hacıqabul rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Birinci X43 ərazi dairəsi (İ.Ə.V.) üzrə 2001-2005-ci illərə aid təsərrüfat kitabında, 515 №-li şəxsi hesabda X7 təsərrüfatında qızı X4 adı qeyd edilmişdir. Həmin kitabdan çıxarışın təsdiq olunmuş surəti məktuba əlavə edilmişdir. X6. Qızı, qadın, təvəllüd xx.xx.2002, azərbaycanlı. Məktəbəqədər və Ümumi Təhsil Üzrə X32-Salyan Regional Təhsil İdarəsi Hacıqabul Rayon Udulu Kənd S.X39 Orta Məktəbin xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, X6 2008- 2009 tədris ilində məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin ümumi orta təhsil səviyyəsində bitirmişdir. xx.xx.1981-ci il tarixli, 81 nömrəli Nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, X13 ilə X3 arasında rəsmi nikah bağlanmışdır. xx.xx.1986-ci il tarixli, 111 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X18 xx.xx.1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, ata qrafasında X13, ana qrafasında X15 qeyd edilmişdir. xx.xx.1990-cı il tarixli, 50 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X19 xx.xx.1990-cı ildə Şamaxı rayonunda anadan olmuş, ata qrafasında X13, ana qrafasında X15 qeyd edilmişdir. xx.xx.1993-cü il tarixli, 88 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X16 xx.xx.1993-cü ildə Hacıqabul rayonunda anadan olmuş, ata qrafasında X13, ana qrafasında X15 qeyd edilmişdir. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Birinci X40 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 21 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Yusifova X5 rayonu X44ində anadan olmuş, qeydiyyatdadır, lakin hal- hazırda X44ində yaşamır və X17 adlı şəxs X44ində yaşamır. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli AA******* nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər məktuba əlavə edilmiş AZE 17386351 nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsi və xx.xx.2021-ci il tarixli, AZ-İİ № 450028 nömrəli Nikah haqqında Şəhadətnamədir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdakı qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Mülki Məcəllənin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.

190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi soyadının “Mirzəyev”dən “Mirzəyeva”ya, adının “Akif”dən “Tünzalə”yə və cinsinin kişi cinsindən qadın cinsinə kimi düzəliş edilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, iddiaçının ailəsində Mirzəyev Akif adlı şəxs doğulmamış və yaşamamışdır. X24 Məmmədağa adında şəxs yoxdur. AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən də göründüyü kimi xx.xx.2002-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almış, xx.xx.2021-ci il tarixli, AZ-İİ № 450028 nömrəli Nikah haqqında Şəhadətnaməyə əsasən, xx.xx.1983-cü il təvəllüdlü X30 ilə xx.xx.2002-ci il təvəllüdlü X6 arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlanmış, övladı X21 xx.xx.2021-ci ildə Bakı şəhərində anadan olmuş, ata qrafasında X22, ana qrafasında X6 qeyd edilmişdir. Həmçinin Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Birinci X40 Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 49 nömrəli məktubundan göründüyü kimi xx.xx.2002-ci il təvəllüdlü Yusifova X5 rayonu X44ində anadan olmuş, qeydiyyatdadır, lakin hal-hazırda X44ində yaşamaması qeyd edilmişdir. Bundan başqa Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Birinci X43 ərazi dairəsi (İ.Ə.V.) üzrə 2001-2005-ci illərə aid təsərrüfat kitabında, 515 №-li şəxsi hesabda X7 təsərrüfatında qızı X4 adı qeyd edilmişdir ki, bu da həmin ailədə iddiaçının doğulduğunu və yaşadığını təsdiq edir. Həmin təsərrüfat kitabında şəxsi hesabda X7 təsərrüfatında Mirzəyev Akifin adı isə qeyd edilməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olunmuşdur ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə X32-Salyan Regional Təhsil İdarəsi Hacıqabul Rayon Udulu Kənd S.X39 Orta Məktəbin xx.xx.2024-cü il tarixli arayışı ilə X4 2008- 2009 tədris ilində məktəbin 1-ci sinifinə daxil olduğu və 2018-ci ildə həmin məktəbin ümumi orta təhsil səviyyəsini bitirdiyi öz təsdiqini tapır. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2002-ci il tarixli, 549 nömrəli Doğum haqqında akt qeydində iddiaçıya məxsus olması və iddiaçının akt qeydində yol verilmiş yanlışlıq iş materiallarında olan mötəbər sübutlarla təsdiq olunur. Belə olan halda, hazırkı iddiaçı (xx.xx.2002-cı il təvəllüdlü) soyadının “Mirzəyev”dən “Mirzəyeva”ya, adının “Akif”dən “Tünzalə”yə və cinsinin kişi cinsindən qadın cinsinə düzəliş edilməsini tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli və doğum akt qeydində tələbinə uyğun dəyişiklik edilməsi öhdəliyi cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X4 xx.xx.2002-ci il tarixli, 549 saylı doğum haqqında akt qeydində soyadının “Mirzəyev”dən “Mirzəyeva”ya, adının “Akif”dən “Tünzalə”yə və cinsinin kişi cinsindən qadın cinsinə düzəliş edilməsi öhdəliyi cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar