Məhkəmə qərarları › İş №2-1(120)-1184/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1184/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1184/2021 29.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının nümayəndəsi X5 iştirаkı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına qarşı “04.05.1978-14.05.2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 07.05.2021-ci il tarixli, **********2 saylı imtina məktubu verilərək, iddiaçının işlədiyi “Avtomotoservis və Ticarət” müəssisəsinin 1978-2002-ci illərdə sosial sığorta haqlarını haqqlarını qismən ödədiyini, təqdim etdiyi işçilərin siyahısında adının olmadığını əsas gətirərək, pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1978-2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi müddətin iş stajına daxil edilməklə hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(120)-1184/2021 saylı qərardadı ilə iddia tələbinə “04.05.1978-14.05.2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək fəaliyyəti barədə məlumatlar (qeydlər) əmək kitabçasında qeyd olunduğu üçün, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının işlədiyi “Avtomotoservis və Ticarət” müəssisəsinin 1978-2002-ci illərdə sosial sığorta haqlarını haqqlarını qismən ödədiyini, təqdim etdiyi işçilərin siyahısında adının olmadığını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X9 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətini, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətini, hərbi biletinin əslinə baxış keçirilərək iş materiallarına əlavə edilmiş surətinin, əmək kitabçasının əslini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların və məhkəmənin sorğusuna əsasən göndərilmiş Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şirvan şəhər Statistika İdarəsinin 25.06.2021-ci il tarixli, 134 nömrəli məktubunun, Şirvan şəhər İcra Hakimiyyətinin 02.07.2021-ci il tarixli, 1569 nömrəli məktubunun, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 05.07.2021-ci il tarixli, 01/3-1492 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 07.07.2021-ci il tarixli, **********644900 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının 07.07.2021-ci il tarixli, **********9 nömrəli məktubunun, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 22.07.2021-ci il tarixli, 4/1383 nömrəli məktubunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X21 Filialının 12 iyul 2021-ci il tarixli, **********5 nömrəli etirazının, Azərbaycan Respublikası X16 filialının 05.07.2021-ci il tarixli, 268 nömrəli məktubunun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 21.09.2021-ci il tarixli, **********66590 nömrəli məktubunun, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 22.09.2021-ci il tarixli, 01/3-2234 nömrəli məktubunun və əmrlər kitabından çıxarışların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1956-cı il tarixdə doğulmuşdur. 01 yanvar 2021-ci ildə 65 yaşı tamam olmuşdur və həmin tarixdən onun pensiya hüququ yaranmışdır. Ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən 04.05.1978- 14.05.2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işləməsi iddiaçıya məxsus əmək kitabçası və hərbi biletinin əslinə baxış keçirilərək iş materiallarına əlavə edilmiş surəti ilə təsdiq olunur. Belə ki, iddiaçının hərbi xidmətdə olduğu dövrü və əmək kitabçasında qeyd olunan əmək fəaliyyəti dövrlərinin cəmi 25 ildən çox (28 il 1 ay 21 gün) olduğu müəyyən olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının 04.05.1978-ci il tarixdən 14.05.2002-ci il tarixədək işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (əmək kitabçasında olan digər iş illəri və hərbi xidmət dövrü) mübahisə edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən dövrləri (04.05.1978-14.05.2002-ci illər) ilə bağlı aşağıdakıları bildirir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ 04.05.1978-ci il tarixdən 14.05.2002-ci il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən və əmək kitabçasının əslindən görünür ki, İddiaçı 1973-cü ildən əmək fəaliyyətinə başlamış, 1978-2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Şirvan şəhər Statistika İdarəsinin 25.06.2021-ci il tarixli, 134 nömrəli məktubunda qeyd edilmişdir ki, Şirvan şəhəri üzrə X13 Reyestrində 01.06.2021-ci il vəziyyətinə olan məlumata əsasən məktubunuzda adı qeyd olunan "Avtomotoservis və Ticarət Müəssisəsi” adlı təşkilat vergi ödəyicisi olaraq hüquqi şəxs kimi qeydiyyatdan keçmiş və X13 Reyestrinə daxil edilmişdir. Bu müəssisə 2013-ci ilin 1-ci yarısının sonuna kimi fəaliyyət göstərmiş və bizə müvafiq statistik hesabatlar təqdim etmişdir. Sonradan müəssisə hüquqi şəxs kimi fəaliyyətini rəsmi olaraq dayandırmış və bu barədə bizə rəsmi sənəd təqdim etmişdir. Xahiş edirik ki, qeyd olunanları nəzərə alasınız. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 05.07.2021-ci il tarixli, 01/3-1492 nömrəli məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Avtomotoservis və Ticarət Müəssisəsi” adı ilə 10 hüquqi şəxsin qeydiyyatına dair məlumat mövcuddur. Onlardan 1-i 20 may, 3-ü 11, 26 və 28 iyun, 1-i 14 iyul, 2-si 13 və 19 noyabr, 1-i 02 dekabr 1996-cı il, 1-i 29 iyul 2005-ci il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, 1-i isə 11 iyul 1996-cı il tarixindən 15 fevral 2007-ci tarixinədək qeydiyyatda olmuşdur. Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etməyiniz xahiş olunur”. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 07.07.2021-ci il tarixli, **********644900 nömrəli məktubunda qeyd edilmişdir ki, Avtomotoservis və Ticarət Müəssisəsi 20.02.1995-ci il tarixdə 36* nömrəli qeydiyyat şəhadətnaməsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına, 03.01.2005-ci il tarixdə isə "Avtomotoservis və Ticarət Şirvan Müəssisəsi” adı ilə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə 5 saylı Ərazi Vergilər idarəsində vergi uçotuna alınmışdır. X1r. Həmçinin bildiririk ki, 1978-2002-ci il tarixlərdə sosial siğorta və vergi ödənişləri barədə vergi ödəyicisinin dövlət reyestr məlumatlarında heçbir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin 07.07.2021-ci il tarixli, **********644900 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, Avtomotoservis və Ticarət Şirvan Müəssisəsi 20.02.1995-ci il tarixdən dövlət qeydiyyatına alınmış, dövlət qeydiyyatı (VÖEN) **********, hüquqi ünvanı Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, ev 3, qanuni təmsilçisi X8r. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının 07.07.2021-ci il tarixli, **********9 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçrilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığorta stajına daxil edilir. Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Vətəndaş İddiaçı əmək kitabçasına əsasən və hərbi xidmət dövrü nəzərə alınmaqla ümumilikdə 28 il 1 ay 21 gün iş stajı vardır. Bildiririk ki, tərəfimizdən mübahisələndirilən 1978-2002 ci ii tarixlərdə vətəndaşın işlədiyi “Avtomotoservis və Ticarət müəssəsi” DSMF-yə sosial sığorta haqqlarinı qismən ödəmiş, təqdim etdiyi işçilərin siyahısinda İddiaçı adı qeyd olunmamışdır. Eyni zamanda qeyd edirik ki, X16 filalında da vətəndaşın sözügedən müəssisədə əmək fəaliyyətinə dair əmrlər kitabının və əmək haqqı hesablanması cədvəllərinin saxlanılmasına aid heç bir məlumat aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən vətəndaş İddiaçı 25 il sosial sığorta stajı və 01.01.2006-cı il tarixdən yığım kapitalı olmadığı ücün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, vətəndaşa 01.01.2021-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 22.07.2021-ci il tarixli, 4/1383 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı barəsində olan sorğunuza cavab olaraq bildiririk ki, sorğuda qeyd olunan “Avtomotoservis və Ticarət Müəssisəsi”nin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə X21 Filialının 12 iyul 2021-ci il tarixli, **********5 nömrəli etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1 (120)-1184/2021 nömrəli inzibati iş üzrə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, iddia tam əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.1 -ci maddəsinə görə, bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) anlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmçinin qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Belə ki, Fondun müvafiq şöbəsi tərəfindən iddiaçıya ünvanlanan imtina məktubunda sözügedən müəssisənin sosial sığorta haqlarının ödəniş siyahısında İddiaçı Fevruz oğlunun adının olmadığı qeyd edilmişdir. X12 Şirvan filialının 05.07.2021-ci il tarixli arayışında “Avtomotoservis və Ticarət Müəssisəsi”nin 1978-2002-ci illərə dair sənədlərinin (əmrlər, əmək haqqı cədvəlləri və s.) aşkar olunmadığı öz əksini tapmışdır (arayışın əsli əlavə olunur). Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmır. Məhkəmədən qərar qəbul edərkən yuxarıdakıları nəzərə alınmasını və İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. İş materiallarında olan “Avtomotoservis və Ticarət müəssəsi” üzrə əmrlər kitabından çıxarışdan görünür ki, İddiaçı 04.05.1978-ci il tarixli, 28/k nömrəli əmr ilə Avtomotoservis və Ticarət Müəssisəsində işə daxil olmuş, 14.05.2002-ci il tarixli, 4/k nömrəli əmr ilə işdən xaric olunmuşdur. Eyni zamanda iddiaçının 04.05.1978-14.05.2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işləməsi məhkəmə iclasında dindirilmiş və şifahi məhkəmə iclasında ifadəsi elan olunaraq digər sübutlarla birgə tədqiq olunmuş X3nun (mübahisəli müəssisənin rəhbərinin) ifadəsi ilə də təsdiq olunur. Şahid X2 Qurbanəli Feyruz oğlunu tanıdığını, iddiaçının onun rəhbəri olduğu müəssisədə çilingər işlədiyini, müəssisənin 2002-ci ilə kimi fəaliyyət göstərdiyini, Avtomotoservis və Ticarət müəssəsi”nin DSMF-yə təqdim etdiyi işçilərin siyahısinda adı çəkilən şəxslərin işlədiyi sexin, iddiaçının işlədiyi sexlə eyni sex olmadığını, buna görə də həmin siyahıda iddiaçının adının olmasının mümkün olmadığını, həmçinin həmin siyahının 2002-ci ildən sonra tərtib olunduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və işdən xaric olması, o cümlədən iddiaçının işlədiyi dövrdə müəssisənin fəaliyyətinin olması, məcburi dövlət sosial sığorta haqlarının ödəməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, fəaliyyəti olmuş və iddiaçı da həmin müəssisədə işləmişdir. Odur ki, məhkəmə iddiaçının 04.05.1978-14.05.2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə (soğorta haqlarının qismən ödəməsi) bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Yəni başqa şəxsin (işə götürənin) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Başqa sözlə işə götürən tərəfindən qanunvericilik ilə üzərinə düşən vəzifələrin tam və ya lazımınca yerinə yetirməməsi özü özlüyündə heç bir halda işçinin onun Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinin qarşısını ala bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 04.08.2021-ci il tarixli 2-1(102)-1479/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bundan başqa cavabdeh etirazında qeyd edir ki, Avtomotoservis və Ticarət müəssəsi”nin DSMF-yə təqdim etdiyi işçilərin siyahısında iddiaçının adı qeyd edilməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, həmin siyahıya nəzər yetirdikdə görmək olur ki, həmin siyahının tərtib edilmə tarixi göstərilməmişdir. Yəni həmin siyahının hansı dövrlədə işləyən işçilərə aid olması barədə qeydlər yoxdur. Məhkəmə iclasında iştirak edən şahid (müəssisənin direktoru) izahatında bildirmişdir ki, həmin sənəd 2002-ci ildən sonrakı dövr üçün tərtib edilmişdir. Həmçinin həmin şəxslərin işlədiyi sex ilə iddiaçının işlədiyi sex fərqli sexlər olmuşdur. Bununla belə məhkəmə onu da qeyd edir ki, həmin siyahıda iddiaçıdan başqa həmin müəssisədə işləmiş digər işçinin - X4 adı qeyd edilməmişdir. Hansı ki, X7 həmin müəssisədə işləməsi ona məxsus əmək kitabçası ilə və məhkəmə iclasında dindirilmiş şahid - müəssisənin direktoru X10 tərəfindən təsdiq edilmişdir. Eyni zamanda iş materiallarında olan X7 pensiya işinin surətindən görünür ki, sözügedən siyahıda adı qeyd edilməyən X11 hazırda yaşa görə əmək pensiyası alır və həmin müəssisədə işlədiyi dövrlər ona pensiya təyin edilərkən nəzərə alınmışdır. Göründüyü kimi etirazda xüsusi qara şriftlərlə qabardılmış həmin siyahıda iddiaçının adının qeyd edilməməsi iddiaçının 04.05.1978-14.05.2002-ci illərdə həmin müəssisədə işləməməsi anlamına gələ bilməz. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı 04.05.1978-14.05.2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı 04.05.1978-14.05.2002-ci il tarixlərdə Avtomotoservis və Ticarət Müəssisəsində işlədiyi illərin sosial sığorta stajı kimi müəyyən edilərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar