Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1184/2025 09.09.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN- 0168 saylı, Kod 90801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş sahəsi 9500 kv.m olan torpaq sahəsinin koordinatlarının pay torpaqlarının bölgü eskizi əsasında yerində müəyyən edilməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizası təyin edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X22 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarı ilə Saatlı rayonu, Ağarəhimli kəndi ərazisində ümumilikdə 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmişdir. Bu barədə onlara 7 oktyabr 2003-cü il tarixli, JN-0168 saylı, kod 90801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Qeyd edilən torpaq sahəsi 5000 kv.m ölçüdə 168A və 9500 kv.m ölçüdə 168 nömrələri ilə qeyd olunmaqla bir-birindən müəyyən qədər aralı yerləşən iki hissədən ibarətdir. Torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda ərizənin təmin edilməsindən imtina olunmuşdur. İmtinanın əsası kimi iki hal qeyd olunmuşdur: Torpaq sahəsi ilə bağlı digər şəxslə arasında mübahisənin olması və torpaq sahəsinin faktiki ölçülərinin hüquqmüəyyənedici sənəddə göstərilən ölçülərdən az olması. Məktubda birbaşa göstərilməsə də imtina bütün torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasına aid deyil. Belə ki, 5000 kv.m ölçüdə olan 168A saylı hissəyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport tərtib edilərək verilmişdir. İmtina 9000 kv.m ölçüdə olan 168 nömrəli sahə ilə bağlıdır. İmtina açıq-aşkar əsassızdır. Məktubda torpaq sahəsinə yerində baxış keçirildiyi qeyd olunmuşdur. Torpaq sahəsinə yerində baxış keçirildiyi zaman ona da məlumat verilməli idi. Belə məlumat isə verilməmişdir və o, torpaq sahəsinə baxış keçirilməsində iştirak etməmişdir. Torpaq sahəsinə kimin tərəfindən baxış keçirilməsi ona məlum deyil. Torpaq sahəsi ilə bağlı digər şəxslə arasında mübahisə olduğu qeyd edilir. Halbuki, o həmin torpaq sahəsindən 21 ildir ki mübahisəsiz istifadə edir. Nə əvvəl, nə də indi heç bir şəxslə arasında mübahisə olmayıb. Təbii ki, mübahisənin kiminlə və hansı əsasla olmasını cavabdeh göstərsə idi, ən azı üçüncü şəxs kimi o da onun adını iddia ərizəsində qeyd edərdi və mübahisələrinə aydınlıq gətirərdi. Qeyd olunmalıdır ki, başqa şəxsin daşınmaz əmlakla bağlı mübahisəsinin olması qeydiyyatdan imtinaya yox, qeydiyyatın dayandırılmasına səbəb ola bilər. Bu mübahisənin mövcudluğu isə yalnız müvafiq məhkəmə bildirişinin verilməsi yolu ilə müəyyən olunur. Cavabdeh orqanın torpaq sahəsinə dair digər şəxslə mübahisənin olmasını qeyd etməsi absurddur. Cavabdeh daşınmaz əmlakın dövlət reyestrini aparan orqandır. Onun funksiyası təqdim edilmiş sənəd əsasında mülkiyyətdə olan torpaq sahəsinin koordinatlarını müəyyən edib daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını aparmaqdır. Eyni torpaq sahəsi isə iki nəfərin mülkiyyətində ola bilməz. Deməli, mübahisə olsa belə onun heç bir hüquqi əsası ola bilməz. Cavabdeh öz öhdəliyinin icrasından əsassız olaraq boyun qaçırır. Torpaq sahəsinin faktiki ölçüsünün sənəddə göstərilən ölçüdən az olması da absurd bir əsaslandırmadır. Əvvəla qeyd edir ki, heç kəs ondan torpaq sahəsinin faktiki ölçüsünün az olmasına münasibətini, bu ölçülər daxilində mülkiyyət hüququnun qeydə alınmasına razı olub-olmadığını soruşmayıb. İkincisi isə, torpaq sahəsinin faktiki ölçüsünün az olmasının nəyə əsaslandığını da başa düşmür. Yaxın 21 il ərzində Saatlı rayonu ərazisində torpaq ərazisinin hər hansı təbii səbəblərdən (uçqun, su basma, torpaq sürüşməsi və s.) azalması barədə heç bir məlumat yoxdur. Belə olan halda torpaq sahəsinin niyə və necə azalması sualını cavabdeh cavablandırmalıdır. Qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlamış məktubda qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-3798/2024 saylı işin icrası ilə əlaqədar bildiririk ki, İddiaçı Saatlı rayonu ərazisində yerləşən 0.95 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” phş-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Sözügedən ünvanda yerləşən torpaq sahəsinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılması zamanı torpaq sahəsi ilə bağlı iddiaçı və digər şəxs arasında mübahisəli halın olması aşkarlanmışdır. Eyni zamanda, sözügedən torpaq sahəsinin ölçüləri torpaqların elektron kadastrı və uçotu informasiya sistemində hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsinə riayət etməklə həyata keçirilməlidir. Göstərilən səbəbdən müraciətin icrası mümkün olmamış, “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cu maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr. Qanunun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qeyd olunanlara əsasən, İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinə etiraz edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-in 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı, 3-cü şəxs və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinə məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X1 səhv işləndiyini, ona məxsus torpaq sahəsinin tamamilə başqa yerdə olduğunu, öz torpaq sahəsindən hazırda maneəsiz istifadə etdiyini və onun torpaq sahəsi ilə İddiaçı torpaq sahəsinin üst-üstə düşən hissəsində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyatın aparılmasına etirazının olmadığını bildirərək iddia tələbinin təmin olmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Saatlı rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Saatlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan; JN-0168, Kod 90801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 1.45 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Saatlı rayonu ərazisində yerləşən 0.95 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, sözügedən ünvanda yerləşən torpaq sahəsinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılması zamanı torpaq sahəsi ilə bağlı digər şəxslə aranızda mübahisəli halın olması aşkarlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cu maddəsinə əsasən, torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Torpaq münasibətləri ilə əlaqədar olan əmlak mübahisələri, o cümlədən vurulan zərərin ödənilməsinə və həcminin müəyyən edilməsinə dair mübahisələr qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həll edilir. Eyni zamanda, sözügedən torpaq sahəsinin ölçüləri torpaqların elektron kadastrı və uçotu informasiya sistemində hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanına əsasən, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsinə riayət etməklə həyata keçirilməlidir. Yuxarıda göstərilən səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı şəhəri, Ağarəhimli kəndində 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X7, X19, X14 və X20 adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı və başqalarının sahibliyində olan Saatlı şəhəri, Ağarəhimli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Saatlı RİHB-nin müavini, Saatlı RİHB-nin Saatlı İƏD-si üzrə nümayəndəsinin və Saatlı rayon Saatlı Bələdiyyəsinin sədrinin birgə tərtib etdikləri xx.xx.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may2003-cii il tarixli 02 saylı qərarı ilə JN-0168 KOD 90801004 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktında qeyd edilən X2 X3 və X24 isə səhvən X5 yazılmışdır. Buraxılmış səhvlər X9, X16, X4 olmalıdır. Saatlı Rayon İcra Hakimiyyəti Başçısının Saatlı Şəhər İnzibati Ərazi X10 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Saatlı şəhərində qeydiyyatda yoxdur və yaşamır. Saatlı rayonunda Ağarəhimli kəndi el arasında deyilən ərazi olmaqla Saatlı şəhər ərazisidir. Həmin ərazidə sözügedən torpaq sahəsi ilə bağlı mübahisənin olub-olmaması, kimin istifadəsində olması barədə məlumat və sənədlər Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində qeydə alınmamışdır. Saatlı Rayon İcra Hakimiyyətinin Başçısının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırmalar zamanı sözügedən torpaq sahəsinə dair X30 rayon İcra Hakimiyyətinin arxivində və Saatlı rayon Dövlət Arxivində aşkarlanmamışdır.Eyni zamanda torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən olunmadığı üçün həmin ərazi ilə bağlı digər məlumatların əldə edilməsi mümkün olmamışdır. İş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/3608 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyində aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-168, Kod 90801004 nömrəli Dövlət Aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən və sahəsi 9500 kv.m və ya 0.95 ha göstərilən torpaq sahəsinin (islahat zamanı verilmiş pay torpağlarının bölgü esgizinə əsasən tərtib edilmiş Dövlət Aktına əsasən, TEKUİS-də verilən koordinatlara əsasən və naturada faktiki istifadə vəziyyətinə uyğun) hər üç hal üzrə döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmişdir. Qərardadın ikinci sualı üzrə: Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-168, Kod 90801004 nömrəli Dövlət Aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən sahəsi 9500 kv.m və ya 0.95 ha göstərilən torpaq sahəsinin hal-hazırda hüquqi statusu- xüsusi mülkiyyət, hüquqi rejimi (kateqoriyası)- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası isə əkindir. Qərardadın üçüncü sualı üzrə: Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-168, Kod 90801004 nömrəli Dövlət Aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən sənəd üzrə 9500 kv.m və ya 0.95 ha, faktiki istifadə vəziyyəti 0.83 ha olan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Qeyd olunan uyğunsuzluq hər üç hal üzrə mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-168, Kod 90801004 nömrəli Dövlət Aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən sahəsi 9500 kv.m göstərilən torpaq sahəsinin (Dövlət Aktına əsasən) koordinatları və iddiaçının naturada faktiki istifadə etdiyi 0.83 ha müəyyən edilən torpaq sahəsinin koordinatları üçüncü şəxs X11 mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qərardadın beşinci sualı üzrə: Üst-üstə düşən ərazi İddiaçı faktiki istifadəsində olan 0.83 ha torpaq sahəsidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 13-cü maddəsində etimad hüququnun qorunması prinsipi müəyyən olunaraq qeyd olunmuşdur ki, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Mülki Məcəllə: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 1.0.4-cü maddəsinə əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsinə görə Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8-ci maddəsinə əsasən : 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... 15-ci maddəsinə əsasən: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Torpaq Məcəlləsi: Maddə 14. Kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün torpaq sahələri
1. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi.
2. Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.
3. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
Məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını və 3-cü şəxsi dinləyərək, iddia və etiraz ərizəsini, iş materiallarında olan sübutları qərəzsiz və obyektiv şəkildə araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN-0168 saylı, Kod 90801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş sahəsi 9500 kv.m olan torpaq sahəsinin koordinatlarının pay torpaqlarının bölgü eskizi əsasında yerində müəyyən edilməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən həmin ünvanda yerləşən torpaq sahəsinə yerində baxış keçirilməsi və ölçü işlərinin aparılması zamanı torpaq sahəsi ilə bağlı digər şəxslə mübahisəli halın olması əsası ilə müraciətinin icrasından imtina edilmişdir. Məhkəmə cavabdehin imtina dəlillərinə münasibətdə kifayət qədər araşdırma apararaq müəyyən edir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 02 saylı qərarı qərarı əsasında JN-0168 saylı, Kod 90801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə Saatlı rayonu Ağarəhimli kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1.45 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0,5 ha hissəsinə münasibətdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış tərtib edilərək İddiaçı, X7, X19, X14 və X20 adına ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. Hazırda iddiaçı torpaq sahəsinin 9500 kv.m hissəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsini xahiş edir. İddiaçı tərəfindən qanuni əsaslarla əldə edilidyi və onun tərəfindən faktiki istifadə edildiyi öz təsdiqini tapır və məhkəmə icraatında həmin hüquqmüəyyənedici sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından mötəbər sayılır. Qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt, qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda, inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Həmçinin iş üzrə xüsusi bilik tələb edən sualların cavablandırılması zərurəti yarandığından ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2025-ci il tarixli 10/3608 nömrəli ekspert rəyi təqdim edilmişdir ki, məhkəmə qeyd edilən rəyi mötəbər sübut kimi qəbul edir. Və həmin rəyə əsasən müəyyən edilir ki, Saatlı rayon AİK-nin xx.xx.2003-cü il tarixli, 03 saylı qərarı ilə torpağa mülkiyyət hüququna dair JN-168, Kod 90801004 nömrəli Dövlət Aktı əsasında kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün İddiaçı və ailə üzvlərinə ayrılmış Saatlı rayonu Ağarəhimli kəndi ərazisində yerləşən və sahəsi 9500 kv.m və ya 0.95 ha göstərilən torpaq sahəsinin (islahat zamanı verilmiş pay torpağlarının bölgü esgizinə əsasən tərtib edilmiş Dövlət Aktına əsasən, TEKUİS-də verilən koordinatlara əsasən və naturada faktiki istifadə vəziyyətinə uyğun) hər üç hal üzrə döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks edilmiş, həmin torpaq sahəsinin hal-hazırda hüquqi statusu-xüsusi mülkiyyət, hüquqi rejimi (kateqoriyası)- kənd təsərrüfatı təyinatlı torpaqlar, uqodiyası isə əkindir, sənəd üzrə 9500 kv.m və ya 0.95 ha, faktiki istifadə vəziyyəti 0.83 ha olan torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur, sahəsi 9500 kv.m göstərilən torpaq sahəsinin (Dövlət Aktına əsasən) koordinatları və iddiaçının naturada faktiki istifadə etdiyi 0.83 ha müəyyən edilən torpaq sahəsinin koordinatları üçüncü şəxs X11 mülkiyyətinə verilmiş 0.87 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür və üst-üstə düşən ərazi İddiaçı faktiki istifadəsində olan 0.83 ha torpaq sahəsidir. İş üzrə məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxs X1 səhv işləndiyini, ona məxsus torpaq sahəsinin tamamilə başqa yerdə olduğunu, öz torpaq sahəsindən hazırda maneəsiz istifadə etdiyini və onun torpaq sahəsi ilə İddiaçı torpaq sahəsinin üst-üstə düşən hissəsində mülkiyyət hüququnun iddiaçının adına qeydiyyatın aparılmasına etirazının olmadığını bildirərək iddia tələbinin təmin olmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə mövcud deyil və cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər öz təsdini tapmır və beləliklə də, iddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN-0168 saylı, Kod 90801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş sahəsi 9500 kv.m olan torpaq sahəsinin koordinatlarının pay torpaqlarının bölgü eskizi əsasında yerində müəyyən edilməklə həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi tələbinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir.
Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
qərara aldı: İddia təmin edilsin. Saatlı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 03 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, JN-0168 saylı, Kod 90801004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş 168 saylı, sahəsi 9500 kv.m olan torpaq sahəsinin koordinatlarının pay torpaqlarının bölgü eskizi əsasında yerində müəyyən edilməklə və uyğunsuzluq aradan qaldırılmaqla həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Pərvanə Qurbanova