Məhkəmə qərarları › İş №2-1(120)-1186/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1186/2022

16.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1186/2022 16.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X3 qarşı «ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 16 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1994-1999-cu illərdə Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada aşbaz kimi işlədiyi illəri sosial sığorta stajına daxil edilərək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X1 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “ona yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X1 üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Qazı- Məmməd şəhərində (hazırki-Hacıqabul rayonu) anadan olmuşdur. 1971-ci ildə Xarkov şəhərinə aşbazlıq ixtisası üzrə təhsil almağa yollanmış və hərbi xidmət dövrünə qədər orada orta ixtisas üzrə təhsil almışdır. xx.xx.1973-xx.xx.1975-ci illərdə isə Sovet ordusunda hərbi xidmətdə olmuşdur. Əsgəri xidmətini başa vurduqdan sonra əmək fəaliyyətinə başlamışdır. xx.xx.1994-cü ildə Pirsaat qəsəbəsində yerləşən 3 Saylı Yeməkxanaya aşbaz təyin edilərək xx.xx.1999-cu ilədək orada işləmişdir. İşlədiyi yer bağlandıqdan sonra həmin təşkilat dağıldıqdan sonra Quba rayonundakı filialında işləməyə başlamışdır. Quruluş dəyişdikdən sonra işlədiyi təşkilat Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq”-ın tabeçiliyinə verildi və o, əmək fəaliyyətini orada davam etdirdi. Azərbaycan Respublikasında aparılan islahatlar zamanı Dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində işlədiyi təşkilata ərizə ilə müraciət edərək işlədiyi mağazanın pay haqqı kimi əvəzi ödənilmək şərti ilə ona satılmasını xahiş etmişdir. Çünki, o, 20 ilə yaxın idi ki, RKC-nin üzvi və payçısı idi. Müvafiq hüquqi prosedurlar aparıldıqdan və baxış keçirildikdən sonra ərizəsi xx.xx.2004-cü ildə Hacıqabul rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyətinin 12 saylı iclas qərarı ilə müzakirəyə çıxarıldı və xx.xx.2004cü il tarixə müvəkillər yığıncağı çağırıldı. Hacıqabul rayon Kooperativlər Cəmiyyətinin İdarə Heyətinin xx.xx.2004-cü il tarixli, 13 saylı iclas qərarı ilə Hacıqabul RKC-nin balansında olan Pirsaat kəndində yerləşən 1 mərtəbəli 100 kv.m sahəyə malik olan balans dəyəri 3.000.000 manat təşkil edən 14 saylı mağaza özü inşa etdiyi nəzərə alınmaqla RKC-nin balansından silinərək tikililərlə birlikdə pay haqqı kimi verildi. Daha sonra, xx.xx.2004-cü ildə bununla bağlı alqı-satqı müqaviləsi imzaladı və RKC-nin xəzinəsinə 250.000 manat pul ödədikdən sonra əmlakı təhvil aldı. Lakin orada işlədiyi müddət əmək kitabçasına yazılmadı. Pensiya yaşına çatdıqdan sonra bununla bağlı Azərbaycan Respublikası DSMF-nun Hacıqabul rayon şöbəsinə müraciət etdi və xx.xx.2019-cu ildə ona yaşa görə əmək pensiyası təyin edildi. Müvafiq artımlar nəzərə alınmaqla son dövrlərədək 260 manat pensiya alırdı. Son 5 aydır ki, pensiya hesabına köçürülmür. Bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etdikdən sonra ona xx.xx.2021-ci il tarixli məktubla bildirildi ki, X18 və Audit Departamentinin apardığı yoxlama zamanı X16 sənədlərində 1994-1999-cu illər üzrə sosial sığorta stajı öz əksini tapmadığı üçün əmək pensiyası almaq hüququ dayandırılmışdır. Çünki əmək kitabçasına qeyd olunan illər əmək stajı kimi yazılmış və vaxtı ilə müvafiq dövlət tutulmaları aparılmışdır. Kiminsə təqsiri üzündən sosial sığorta haqları ödənilmədiyinə görə o nə üçün əmək pensiyası almaq hüququndan məhrum olmalıdır. Odur ki, Konstitusion hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X1 nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. X18 və audit departamentinin apardığı yoxlama zamanı İddiaçı 1994-1999-cu illər üzrə sosial stajı işlədiyi müəssisə tərəfindən Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmadığı səbəbindən yaşa görə əmək pensiyası dayandırılmışdır. Fondun 1 saylı Şirvan-Salyan regional fılialının xx.xx.2021-ci il tarixli, **********6 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubları ilə İddiaçı imtina haqqında məlumat verilmişdir. Fondun 1 saylı X1 imtina məktubunda bildirilmişdir ki, ərizəçinin X18 və audit departamentinin apardığı yoxlama zamanı İddiaçı 1994-1999-cu illər üzrə sosial stajı işlədiyi müəssisə tərəfindən Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi aşkar edilmişdir. Sözügedən əsasla onun yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatma imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə 63 yaş 6 ayının tamam olduğu xx.xx.2018-ci il tarixdə çatmışdır və ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmıs pensiva kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərti ödəmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı ARSHXÇDX-nin Hacıqabul rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, 47 nömrəli arayışına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet ordusunda hərbi xidmət keçdiyi, həmçinin ərizəçiyə məxsus əmək kitabçasına əsasən işlədiyi dövrlərdir ki, ümumilikdə 20 il 10 ay 09 gün təskil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək “3 saylı yeməkxana”da işlədiyini iddia etdiyi dövrlərdir ki, bu da ümumilikdə 05 il 07 ay 14 gün təşkil edir. Həmin dövrlər onun əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, sözügedən dövrlərin araşdırılması mümkün olmamışdır. Qeyd edirlər ki, Fondun 4 saylı regional ərazi və Hacıqabul rayon Dövlət Arxivinin tərtib etdiyi 08 aprel 2021-ci il tarixli yoxlama aktından aydın olur ki, İddiaçı “3 saylı yeməkxana”da işlədiyi illər Dövlət Arxivində araşdırılmış və onun adı müəssisənin arxiv idarəsinə təhvil verdiyi sənədlərdə aşkar edilməmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2018ci il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyası ödənişləri xx.xx.2021-ci il tarixdə dayandırılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə cavabdeh inzibati orqanın qərarı tamamilə əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 2.1.4-cü bəndinə əsasən, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi üçün tədbirlər görmək Fondun fəaliyyət istiqamətlərinə aid edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixli, 245 nömrəli əmrlə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanaya aşbaz təyin edilmiş, xx.xx.1999-cu il tarixli, 186 nömrəli əmrlə işdən azad edilmişdir. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” İdarə Heyətinin sədrinin müavininin Hacıqabul rayon kooperativ cəmiyyətinin idarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2004-cü il tarixli, müh/364/01 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Sizin 05 yanvar 2003-cü il tarixli, 01 saylı məktubla rayonun Pirsaat kəndində 1955-ci ildə pud daşdan tikilmiş 3,0 milyon manat balans dəyərində olan 14 saylı mağaza binasının və Qara-su kəndində 1960-cı ildə dəmir və sıxılmış apelkadan quraşdırılmış 12,0 milyon manat balans dəyərində olan 33 saylı çayxana binasının balansdan silinərək materiallarını qiymətləndirib payçılara satılmasına razılıq verilməsi barədə müraciətinizə baxılmışdır. X10 müraciətinizi nəzərə alıb Hacıqabul RKS müvəkkillərinin 05 yanvar 2003cü il tarixli yığıncağının qərarı ilə razılaşaraq Pirsaat kəndindəki 14 saylı mağaza binasının və Qara-su kəndində yerləşən 33 saylı çayxana binasının mövcud təlimata uyğun olaraq balansdan silinib, söküntüdən əldə olunan inşaat materiallarının isə qiymətləndirilib payçılara satılmasına etiraz etmir. İşdə olan Azərittifaqın mühasibat uçotu və hesabat idarəsinin nümayəndəsi Ə.Qədirovun, Hacıqabul RKC-nin idarə heyətinin sədri K.Ə.Hüseynovun, RKC-nin təftiş komissiyasının sədr müavini E.Həmidovun, RKC-nin idarə heyətinin üzvi S.Quliyevin və idarənin tabeçiliyində olan 14 saylı mağazanın cavabdeh şəxsi İddiaçı iştirakı ilə tərtib edilmiş 11 dekabr 2003-cü il tarixli Aktdan görünür ki, RKC-nin idarə heyətinin sədri K.Ə.Hüseynov Azərittifaqın 4 dekabr 2003-cü il tarixli, 10 saylı məktubu ilə müraciət edərək idarənin uçotunda olan 14 saylı mağazanın bərbad vəziyyətdə olması, onun uçotda saxlanılmasına heç bir ehtiyac olmaması və uçotdan silinməsi xahişini nəzərə alaraq göstərilən tarixdə şəbəkəyə yerində baxış keçirilərək müəyyən edilmişdir. Şəbəkə 1955-ci ildə inşa edilmiş pud daşdan inşa edilmişdir. Mağazanın ümumi sahəsi 100 kv.m, son qalıq dəyəri isə ******* (üç milyon) manat, şəbəkənin üst örtüyü şifrdən olduğu üçün illərlə istismar olunması nəticəsində yararsız vəziyyətə düşmüşdür. Divarlar yağmış yağış nəticəsində təmiz böyük çatlar, dəliklər əmələ gəlmişdir. Şəbəkənin uçmasının qarşısının nisbətən almaq məqsədi ilə daxildən dörd yerdən qalın taxtalarla bərkidilmişdir. Şəbəkənin belə bir bərbad vəziyyətdə qalması onun lüzumsuz olaraq saxlanması və qəza vəziyyətində olması nəzərə alınaraq onun uçotdan çıxarılmasını məqsədə uyğun hesab edilmişdir. İşdə olan 21 yanvar 2004-cü il tarixli Alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”- 1-ci tərəf Hacıqabul RKC-nin sədri X13, 2-ci tərəf Hacıqabul rayon Pirsaat kənd sakini İddiaçı; Hacıqabul rayon kooperativ cəmiyyətinin idarə heyətinin 12 nömrəli protokolunun əsasında keçirilən 13 nömrəli protokolun 5 yanvar müvəkillər yığıncağının qərarına əsasən 11 dekabr 2003-cü il Azərittifaqın nüfuzlu komissiyasının yazdığı akta əsasən X5 MÜH364/01 nömrəli, 15 yanvar 2004-cü il tarixli qərarını əsas tutaraq uzun müddət RKC-nin payçısı olan İddiaçı Pirsaat kəndində yerləşən 14 saylı, pud daşdan 1955-ci ildə inşa edilmiş mağazanın materiallarını aşağı qiymətə razılaşdırılsın və ona pay haqqı kimi verilməsi haqqında aşağıdakı şəkildə alqı-satqı müqaviləsi bağlanılır. 1. Hacıqabul RKC-nin 14 saylı mağazanın müvəkkillər yığıncağının 13 nömrəli protokoluna əsasən X5 MÜH364/01 nömrəli, 15 yanvar 2004-cü il tarixli qərarına əsasən 20 ildən artıq Azərittifaqın payçısı olan İddiaçı verilməsini öz üzərinə götürür. 2. Alıcı İddiaçı həmin obyektin materiallarının qiymətini aşağıda razılaşdırılmış qiymətə pay haqqı kimi RKC-nin xəzinəsinə 250000 (iki yüz əlli min) manat pulu ödəmək şərti ilə öz üzərinə götürür. 3. Təyin olunmuş pay haqqı üzrə 100 kv.m sahəsi olan 14 saylı mağazanın materiallarının pulu Hacıqabul RKC-nin xəzinəsinə ödənildikdən sonra qüvvəyə minir. İşdə olan Hacıqabul rayon kooperativlər cəmiyyətinin 05 yanvar 2004-cü il tarixli, 13 saylı protokolundan görünür ki, Hacıqabul RKC-nin balansında olan Pirsaat kəndində yerləşən 14 saylı mağaza, İddiaçı inşa etdiyi nəzərə alınaraq bir mərtəbədən ibarət, 100 kv.m sahəyə malik olan, balans dəyəri ******* (üç milyon) manat təşkil edən mağazanı müvəkkillər yığıncağı RKC-nin balansından silinib 15 ildən artıq payçı olan 14 saylı mağazanın müdiri İddiaçı pay haqqı kimi verilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X17 məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, AAŞ-31/38 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərittifaqın tabeliyində olan Hacıqabul rayon Kooperativ Cəmiyyəti Azərittifaqın arxivinə heç bir sənəd təqdim etmədiyi üçün İddiaçı barəsində məlumat təqdim edə bilmirik. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X1 İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: xx.xx.2021-ci il tarixdə DSMF-nun Daxili Audit yoxlaması nəticəsində 1994-1999-cu illər üzrə sosial sığorta stajınız yoxlanıldı və işlədiyiniz müəssisə tərəfindən əmr və əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmadı. Bu səbəbdən Sizin yaşa görə əmək pensiyanız xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İşdə olan ƏƏSMN tabeliyində DSMF PHŞ 4 saylı R.Ə.F-nin Hacıqabul rayon qəbul şöbəsinin baş mütəxəssisi X6, Hacıqabul rayon Dövlət Arxivinin müdiri X8 iştirakı ilə tərtib edilmiş 08 aprel 2021-ci il tarixli Aktdan görünür ki, İddiaçı 3 saylı Yeməkxanada işlədiyi illər Dövlət Arxivində araşdırıldı. İddiaçı adı müəssisənin təhvil verdiyi sənədlərdə aşkar olunmadı. İddiaçı onun əmək pensiyasının bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə DSMF-nun Daxili Audit yoxlaması nəticəsində 1994- 1999-cu illər üzrə sosial sığorta stajınız yoxlanıldı və işlədiyiniz müəssisə tərəfindən əmr və əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlamaq mümkün olmadı. Bu səbəbdən sizin yaşa görə əmək pensiyanız xx.xx.2021-ci ildən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə istinad edilərək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək kitabcanizda qeyd olunmuş “3 saylı yeməkxana”-da işlədiyiniz 1994-1999-cu illərə aid iş stajı təsdiqini tapmadığı ücün əmək pensiyası təyin etmək mümkün deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək X10 Hacıqabul rayon İstehlak Cəmiyyətinin təftiş komissiyasının sədri vəzifəsində işləmişdir. O, Maliyyə təsərrüfat fəaliyyəti üzrə məxsul şəxs olduğundan rayon ərazisində yerləşən obyektlərdə ayda 2 dəfə yoxlama keçirirdi. İşlədiyi müddətdə də Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada yoxlamalar aparmış və hər dəfə də İddiaçı həmin yeməkxanada aşbaz kimi işlədiyinin şahidi olmuşdur. Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxana 1999-cu ilin axırlarına kmi fəaliyyət göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, xx.xx.1990-cı ildə Azərittifaqın Hacıqabul rayon İstehlak Cəmiyyətinin qeyri-ərzaq malları anbarına fəhlə qəbul edilmiş, sonrada isə anbar müdiri vəzifəsinə təyin olunmuşdur. 2005ci il tarixədək həmin vəzifədə işləmişdir. O, işlədiyi müddətdə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada aşbaz işləyən İddiaçı mütəmadi olaraq cəmiyyətə gəldiyinin və ərzaq malları apardığının şahidi olmuşdur. Eləcə də o, dəfələrlə İddiaçı aşbaz işlədiyi yeməkxanada yemək yemişdir. Həmin yeməkxana 1999-cu ilin axırlarına kmi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı xx.xx.1954-cü il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş, lakin sonradan aparılmış audit yoxlaması zamanı iddiaçının 1994-1999-cu illərdə Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilməyinə baxmayaraq müəssisənin sənədləri arxivə təhvil verilmədiyindən yoxlanılması mümkün olmadığı üçün sosial sığorta stajı öz təsdiqini tapmadığından həmin illəri əmək stajı hesablanan zaman nəzərə alınmasından imtina edilmiş və ona yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı və pensiya kapitalı çatmadığından əmək pensiyası xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Göründüyü kimi, cavabdeh orqanın mübahisələndirdiyi məsələ iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi illərdir. Cavabdeh bildirir ki, iddiaçının işlədiyini iddia etdiyi Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada əmək fəaliyyətinə dair işlədiyi müəssisə tərəfindən əmr və əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün yoxlama aparılmasının mümkün olmaması səbəbindən yaşa görə əmək pensiyasınının təyin edilməsinin müsbət həlli mümkün olmamışdır. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işləməsi faktı əmək kitabçasında qeyd edilsə də, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək işlədiyini iddia etdiyi Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxana tərəfindən əmr və əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab olunmaması barədə cavabdehin imtina dəlilini əsassız sayan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada aşbaz işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1971-ci il tarixli əmək kitabçası və şahid ifadələri ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən əmək stajı əmək kitabçası əsasında müəyyən edildiyindən həmin illər iddiaçının sosial sığorta stajına daxil edilməlidir. Belə olan halda, iddiaçı özü tərəfindən təqdim edilməli olan və qanunvericiliklə nəzərdə tutulmuş əsası, yəni əmək kitabçasını cavabdeh orqana təqdim etmiş, sonuncu formal əsaslara istinad etməklə iddiaçının işlədiyi illəri onun sosial sığorta stajına daxil etməkdən qanunsuz imtina etmişdir. Habelə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə həmçinin əlavə olaraq qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illər onun adına olan əmək kitabçası ilə öz təsdiqini tapdığından, cavabdeh inzibati orqan tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, əmək kitabçasında qeyd olunanlar mötəbər hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuz, iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X1 üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən 3 saylı Yeməkxanada işlədiyi iş stajı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X23 Şəxsinin 1 saylı X1 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar