Məhkəmə qərarları › İş №2-1(120)-119/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-119/2020

18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-119/2020 18.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X11, Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1, Üçüncü şəxslər X19 nümayəndəsi və vəkili X5 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Masallı Rayon İcra Hakimiyyətinə qarşı «Masallı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli, 62 nömrəli qərarının X24 aid hissədə etibarsız hesab edilməsi barədə» iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Masallı Rayon İcra Hakimiyyətinə, Masallı rayon Şərəfə kənd Bələdiyyəsinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cəlilabad Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, torpağın mülkiyyətə verilməsinə dair JN-314A, Kod 80526018 saylı şəhadətnamənin JN-315A, kod 80526018 saylı şəhadətnamə ilə dəyişdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı 04 noyabr 2019-cu il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Masallı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli 62 nömrəli qərarının X24 aid hissədə etibarsız hesab edilməsi həcmində baxılması, Masallı Rayon İcra Hakimiyyətinin cavabdeh qismində, Masallı rayon Şərəfə kənd bələdiyyəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli qərardadı ilə iddia dəyişdirilməsi qəbul edilmiş, həmçinin inzibati mübahisə üzrə Masallı rayon Şərəfə bələdiyyəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi və X27 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildə ailə həyatı qurub Masallı rayonunun Şərəfə kəndinə, qayınatasının evinə gəlin gəlmişdir. Həyat yoldaşı X25 1970-ci ildə atasının tikdiyi, onun gəlin köçdüyü evdə dünyaya gəlmiş, orada yaşamış, ailə həyatı qurduqdan sonra da bir yerdə yaşayırlar, birgə nikahdan da üç övladları dünyaya gəlmişdir. X4 həmin evi 1954-cü ildə tikmiş, ölənədək həmin evdə onlarla yaşamışdır. 1998-ci ildə Aqrar İslahat Komissiyasının apardığı torpaq islahatı zamanı yaşadıqları evin torpaq sahəsinə dair şəhadətnamə 2015-ci ildə onlara təqdim edilmişdir. Həmin vaxt onlar qayınatasına məxsus evdə yaşadıqlarından orada yerləşən torpaq sahəsi JN-315A, Kod 80526018 saylı şəhadətnamə ilə onlara verilməli olduğu halda, səhvən X24 verilmiş, T.Əbilovaya da onlara verilən JN-314A, Kod 80526018 saylı şəhadətnamə verilməli idi. Həmin vaxt üçüncü şəxs, qaynı arvadı X24 da JN-315A, kod 80526018 saylı şəhadətnamə verilmişdir. Baxmayaraq ki, həmin 315A, kod 80526018 saylı şəhadətnamə ona səhvən verilmiş, onlara verilən şəhadətnamədə qeyd olunan koordinatlar üzrə topaq ona məxsusdur, eləcə də ona verilən şəhadətnamədə göstərilən torpaq onlara məxsusdur. Masallı rayon Şərəfə kənd Ərazi İcra nümayəndəliyinin arayışından görünür ki, yaşadıqları ev 1954-cü ildə X31 tərəfindən tikilmişdir. Həmin evdə onlar ailələri ilə birgə yaşamışlar. Əbilova Təibə isə orada müvəqqəti yaşamışdır. Göründüyü kimi, islahat vaxtı həmin evdə yaşayan ailə üzvləri kimi oradakı torpaq sahəsi onlara verilmişdir. Təbii ki, belə olan halda başqa şəxsə verilə bilməzdi. Maraqlıdır ki, əgər həmin yaşadıqları yer Təibə Əbilovaya verilirdisə, o halda ona məxsus şəhadətnamədə onların adları niyə yoxdur? Hesab edirlər ki, şəhadətnamələr arasında texniki səhv olmuşdur. 315 A saylı şəhadətnamə onlara verildiyi halda, səhvən ona yazılmışdır. Bunun səhv olmasına aşağıdakı əsaslara görə izah verir; X24 münasibətdə – Masallı rayon Dövlət Arxivinin təqdim etdiyi Masallı Rayon İcra Hakimiyyətinin Şərəfə kənd Ərazi İcra nümayəndəliyinə məxsus (sabiq XDS) təsərrüfatbaşına kitabının 1991-1995-ci illər üzrə səhifəsinə diqqət yetirəndə aydın olur ki, bu illər üzrə Təibə Əbilovanın istifadəsində və mülkiyyətində 0,28 ha torpaq sahəsi və yaşayış evi mövcud deyil; - Həmin təsərrüfat kitabının 1996-2000-ci illər üzrə çıxarışında Təibə Əbilovanın istifadəsində və mülkiyyətində 0,28 ha torpaq sahəsi və yaşayış evi mövcud deyil; - Həmin təsərrüfat kitabının 2001-2005-ci illər üzrə çıxarışında Təibə Əbilovanın istifadəsində və mülkiyyətində 0,28 ha torpaq sahəsi və yaşayış evi mövcud deyil; - Həmin təsərrüfat kitabının 2006-2010-cu illər üzrə çıxarışında Təibə Əbilovanın istifadəsində və mülkiyyətində 0,28 ha torpaq sahəsi və yaşayış evi mövcud deyil; - Həmin təsərrüfat kitabının yalnız 2011-2015-ci illər üzrə çıxarışında Təibə Əbilovanın istifadəsində və mülkiyyətində 0,28 ha torpaq sahəsi və yaşayış evi qeyd olunmuşdur. Ona və həyat yoldaşı X20 münasibətdə Masallı rayon Dövlət Arxivinin təqdim etdiyi Masallı Rayon İcra Hakimiyyətinin Şərəfə kənd Ərazi icra nümayəndəliyinə məxsus (sabiq XDS) təsərrüfatbaşına kitabının 1991-1995-ci illər üzrə səhifəsinə diqqət yetirəndə aydın olur ki, bu illər üzrə Əflatun Əbilovun və ailə üzvü kimi onların istifadəsində və mülkiyyətində 0,20 ha torpaq sahəsi və 1954-cü ildə inşa edilmiş, ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evi vardır. Eyni qaydada həmin təsərrüfat kitabının 1996-2000, 2001-2005, 2006-2010 və 2011-2015-ci illər üzrə çıxarışlarında onların istifadəsində və mülkiyyətlərində torpaq sahəsi və 1954-cü ildə inşa edilmiş, ümumi sahəsi 70 kv.m olan fərdi yaşayış evi qeyd olunmuşdur. Hər iki tərəfə münasibətdə qeydiyyat aparılan təsərrüfat kitabından aydın olur ki, iş üzrə üçüncü şəxs Təibə Əbilovanın istifadəsində 2011-ci ilədək torpaq sahəsi və yaşayış evi mövcud olmamışdır. Lakin ondan fərqli olaraq onların istifadəsində qayınatasının tikdiyi 1954-cü ildə inşa edilmiş, 70 kv.m fərdi yaşayış evi və altındakı torpaq sahəsi olmuşdur. Təsərrüfat kitabının 1991-ci ildən bəri hissəsindən görünür ki, Əflatun Əbilovun ailə üzvü ilə birgə istifadəsində atasının tikdiyi 1954-cü ildə inşa edilmiş, 70 kv.m fərdi yaşayış evi və altındakı torpaq sahəsi olmuşdur. Ondan öncə də, sənədlərlə sübut olunur ki, Əflatun Əbilov orada dünyaya gəlmiş, orada ailə qurmuş və yaşamış, hazırda da orada yaşayır, amma Təibə Əbilovaya aid həmin illər üzrə heç bir qeyd mövcud deyildir. Hətta təsərrüfat kitabında onun vəfat etmiş həyat yoldaşı X12 da həmin illər üzrə istifadəsində torpaq sahəsi və fərdi yaşayış evinin olması faktı aşkar olunmur. Belə olan halda hətta həmin ev və torpaq miras kütləsinə daxil olmadığından, bunun vərəsəlik qaydasında da rəsmiləşdirilməsi mümkün deyildir. Bütün bunlara baxmayaraq, Əbilova Təibə yaşadıqları evin altındakı torpaq sahəsini öz mülkiyyəti kimi təqdim etmiş, istifadələrində olan ev və altındakı torpaq sahəsini onlardan xəbərsiz öz mülkiyyətinə keçirmişdir. Aqrar İslahat Komissiyası 1998-1999-cu illərdə islahat aparan zaman həmin vaxt kəndin təsərrüfat kitabında qeyd olunduğu kimi Təibə Əbilovanın və həyat yoldaşının istifadəsində torpaq sahəsinin və fərdi yaşayış evinin olmadığı bir halda, həmin ev və torpaq sahəsi onların da istifadəsində olduğu təqdirdə necə ola bilər ki, onların istifadəsində olan torpaq sahəsi Təibə Əbilovanın adına verilir? Təbii ki, bu hüquqi cəhətdən mümkün ola bilməzdi. Ona görə də X24 məxsus JN-315A, Kod 80526018 saylı şəhadətnamə texniki olaraq səhvən ona verilmiş, ona JN-315A saylı şəhadətnamə deyil, JN-314 A saydı şəhadətnamə verilməli idi. Ona verilən şəhadətnamə üzrə torpaq sahəsi onların yaşadıqları evin altındakı torpaq ola bilməzdi, çünki ona məxsus sahə digər qonşu ərazidə yerləşir. İddiaçı nümayəndəsi X25 iddia ərizəsini müdafiə edərək bildirdi ki, X24 həyətyanı torpaq sahəsi verilməsi barədə Masallı rayon Aqrar islahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarı qanunsuz və əsassız verilmişdir. Belə ki, həmin torpaq sahəsinin X24 ayrılması ilə bağlı şəhadətnamədən 2016-cı il tarixdə məlumatları olmuşdur. Belə ki, Təibə ilə aralarında həmin vaxt məhkəmə mübahisəsi olmuş, lakin Təibənin Rusiyada yaşayan oğlanlarının sözünə inandıqlarından məhkəmədə iddia qaldırmamışdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Masallı Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarının X24 aid hissədə etibarsız hesab olunması üçün Masallı Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, aqrar islahat komissiyaları ləğv edilmişdir. Həmin qərarı ləğv və ya etibarsız hesab etmək İcra hakimiyyətinin səlahiyyəti xaricindədir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahat verərək bildirdi ki, idarə tərəfindən Masallı rayonu Şərəfə kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsində ailə üzvləri göstərilməklə fərdi yaşayış evinə X19 adına 22.11.2013-cü il tarixli **********63-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Ərazi İdarəsi tərəfindən bütün sənədləşmə işi qanunamüvafiq qaydada aparılmışdır. Odur ki, iddia tələbinin hüquqi əsası olmadığından təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Üçüncü şəxs X19 etibarnamə üzrə nümayəndəsi və vəkili X13 iddia tələbinə etiraz edərək bildirdi ki, mübahisələndirilən qərar 22 il bundan əvvəl qəbul edilmişdir. Tərəflər arasında isə bir neçə ildir ki, məhkəmə mübahisəsi getdiyindən və həmin işlərdə hüquqmüəyyənedici sənədlərə istinad edildiyindən iddiaçının qeyd olunan qərar haqqında məlumatının olmaması mümkün deyildir. İddiaçının nümayəndəsi də qeyd edir ki, Təibəyə həyətyanı torpaq sahəsi ayrılması barədə qərardan və şəhadətnamədən 2016-cı il tarixdə məlumatı olmuşdur. Belə olan halda da hesab edir ki, iddiaçı qeyd olunan qərarı mübahisələndirmək müddətini ötürmüşdür. Odur ki, hazırkı iddia tələbinə iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs Masallı rayonu Şərəfə bələdiyyəsinə hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Masallı rayonu Şərəfə bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Beləki, iş materialında olan X25 tərəfindən Masallı Rayon İcra Hakimiyyətinə ünvanlanmış 28 avqust 2019-cu il tarixli X21 aid hissələrdə dəyişiklik edilməsi barədə müraciətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarının İddiaçı və X21 aid hissələrdə dəyişiklik edilməsi barədə göstəriş verilməsi, mərhum atasından qalmış hissələrdə dəyişiklik edilməsi barədə göstəriş verilməsinə, mərhum atasından qalmış təsərrüfatın torpaq sahəsinin düzgün sənədləşdirilməsində ona kömək edilməsini xahiş etmişdir. İş materialında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-314A Kod 80526018 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarı ilə 0,23 hektar torpaq sahəsi Masallı rayon Şərəfə kənd sakini İddiaçı, X7, X14 mülkiyyətinə verilmişdir. İş materialında olan «Torpağın mülkiyyətə verilməsinə dair» JN-315A Kod 80526018 saylı şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarı ilə 0,28 hektar torpaq sahəsi Masallı rayon Şərəfə kənd sakini X8, X15, X9, X16, X17 mülkiyyətinə verilmişdir. İş materialında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Şərəfə kənd üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 30 sentyabr 2019-cu il tarixli arayışından görünür ki, Şərəfə kənd sakini, iddiaçı X26 ailə üzvləri ilə birlikdə təsərrüfatlarında yaşayış evi olmadığından mərhum X28 tərəfindən tikilmiş evdə yaşamışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi İdarəsinin məhkəmə sorğusuna 23 oktyabr 2019-cu il tarixli cavab məktubundan görünür ki, İddiaçı və X19 adlarına olan, Masallı rayonu, Şərəfə kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinə verilmiş Torpğanı mülkiyyətə verilməsinə dair şəhadətnamələrinin tərtib edilməsinə əsas olmuş sənədlər İdarənin arxivində aşkar edilmədiyi üçün təsdiq edilmiş surətlərinin göndərilməsi mümkün olmamışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Masallı rayonu Şərəfə kəndi ərazisində yerləşən 0,28 ha torpaq sahəsində fərdi yaşayış evi X19 tam, torpaq sahəsi isə X19, X15, X9, X16, X17 ümumi birgə mülkiyyətlərindədir. İş materialında olan Masallı rayon Aqrar İslahat Komissiyası və Masallı rayon torpaq şöbəsi tərəfindən təsdiqlənmiş “Masallı rayonunun Şərəfə kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq olunmuş surətindən görünür ki, sıra sayı 314-də İddiaçı, X22 və X14 mülkiyyətinə 3 nəfər ailə tərkibində 141 nömrəli Dövlət aktı, xəritədə 179 nömrə ilə 0,20 ha, X18, X15, X9, X16, X17 mülkiyyətinə 5 nəfər ailə tərkibində 141 nömrəli Dövlət aktı, xəritədə 183 nömrə ilə 0,20 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-314A saylı şəhadətnaməyə əsasən Masallı rayonu AİK-nın 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarı ilə 0,23 hektar torpaq sahəsi Masallı rayon Şərəfə kənd sakini İddiaçı, X7, X14 mülkiyyətinə, «Torpağın mülkiyyətə verilməsinə dair» JN-315A saylı şəhadətnaməyə əsasən Masallı rayonu AİK-nın 11 noyabr 1998-ci il tarixli 62 saylı qərarı ilə 0,28 hektar torpaq sahəsi Masallı rayon Şərəfə kənd sakini X8, X15, X9, X16, X17 mülkiyyətinə verilmişdir. Hazırda iddiaçı Masallı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli, 62 nömrəli qərarının X24 aid hissədə etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. Belə ki, idiaçı iddia ərizəsində göstərmişdir ki, JN-314A, Kod 80526018 saylı şəhadətnamə ona 2015-ci ildə təqdim edilmişdir. İddiaçının nümayəndəsi isə qeyd olunan şəhadətnamədən 2016-cı il tarixdə məlumatı olduğunu bildirmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində qeyd olunur ki, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununa görə torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri isə Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsinin, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsinin, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsidir. Torpaq islahatı keçirilən zaman sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarından vətəndaşlara torpaq payı almaq hüququ verilmiş, bundan sonra kolxoz və sovxozlar ləğv edilərək torpaq sahələri üzərində yeni mülkiyyət növləri formalaşmışdır. Nəticədə, Azərbaycan Respublikasının torpaqları dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid olmaqla 3 kateqoriyaya bölünmüşdür. Beləliklə, İddiaçı tələbi üzrə cavab verməli olan dövlət qurumu (aqrar islahat komissiyası) artıq mövcud deyildir, həmin qurum 1996-cı ildən təsis edilərək fəaliyyətə başlamış və 2005-ci ilədək (10 il ərzində) aqrar islahatın, o cümlədən torpaq islahatının aparılmasını, bununla bağlı məsələlərin həllini həyata keçirmiş, öz missiyasını sona çatdırması ilə əlaqədar 2005-ci ildə mövcudluğuna xitam verilmişdir. Bundan başqa, «X35 Komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli, 290 nömrəli Fərmanı Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 206 nömrəli Fərmanı ilə qüvvədən düşmüş hesab edilmişdir. Aqrar islahat komissiyalarının hüquqi varisi müəyyən edilmədiyindən Masallı Rayon İcra Hakimiyyəti hazırkı iş üzrə yerli aqrar islahat komissiyasının hüquqi varisi hesab edilə bilməz. İddiaçı həmin qərarın qismən etibarsız hesab edilməsi barədə məhkəməyə 2019-cu ilin oktyabr ayında müraciət etmişdir. İddiaçının şəhadətnamələri mübahisələndirməyə dair subyektiv hüququ JN-314A, Kod 80526018 saylı şəhadətnamə ona təqdim edilən vaxtdan yaranmasına baxmayaraq, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktın qəbul edilməsindən isə 20 (iyirmi) ildən artıq müddət keçdikdən sonra ilk dəfə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 9cu maddəsində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaranmır. Belə ki, qərarda qeyd olunmuşdur ki, inzibati orqanların 01.01.2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə 21 noyabr 2019-cu il tarixli 2-1(086)-2490/2019 saylı məktubla iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım etsə də, iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdiyini və tələbinin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı Masallı Rayon İcra Hakimiyyətinə qarşı «Masallı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli, 62 nömrəli qərarının X24 aid hissədə etibarsız hesab edilməsi barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Masallı Rayon İcra Hakimiyyətinə qarşı «Masallı rayon Aqrar İslahat Komissiyasının 11.11.1998-ci il tarixli, 62 nömrəli qərarının X24 aid hissədə etibarsız hesab edilməsi barədə» iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar