Məhkəmə qərarları › İş №2-1(120)-119/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-119/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-119/2021 11.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 (Biləsuvar rayonu, İsmətli kəndində yaşayan) və Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X5 (Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2 mənzil 66 ünvanda yaşayan) iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxxxx 1963-cü il tarixdə Biləsuvar rayonu, İsmətli kəndində doğulmuşdur. O, 1980-1991, 1994-cü illərdə Biləsuvar rayonu «Kirov» və «Nizami» adına kolxozlarda, həmçinin xx.xx.1992-xx.xx.1993 və 1999-cu ilin yanvar və fevral aylarında İsmətli kənd klubunda işləmişdir. İddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli **********3 saylı məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edib, iddiaçının 1980-1981-ci illərdə «Kirov», 1982-1991, 1994-cü illərdə «Nizami» adına kolxozda, 1992-1993, 1999-cu illərdə İsmətli kənd klubunda işləməsinin arxiv arayışları ilə təsdiq edildiyini əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-ci ildə «Kirov», 1982-1991, 1994-cü illərdə «Nizami» adına kolxozda 8 il 2 ay, 1992-1993, 1999-cu illərdə İsmətli kənd klubunda 1 il 3 ay, xx.xx.2000-ci tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə əlil və xəstə övladı X3 qulluq etdiyi dövrlər 14 il 1 ay, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X8 İdarəsində 1 il 8 ay olmaqla ümumilikdə 25 il 2 ay işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə uyğun hesablanaraq cavabdehin üzərinə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxx 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edib, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxx 2021-ci il 2-1(120)-119/2021 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüququnun yarandığı tarixdən və qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun tələblərinə uyğun yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinə müraciət etmişdir. Ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsaslanaraq xx xxxx 2020-ci il tarixli **********3 nömrəli cavab göndərərək yaşa görə əmək pensiyasının təyin olunması üçün məhkəməyə müraciət etməyi bildirilmişdir. Ona qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 8-ci maddəsinin tələblərinə əsasən uşaqlıqdan əlil qızı X4 özü doğub onu 8 yaşınadək tərbiyə etdiyi üçün 56 yaş 6 ay yaşının tamam olduğu xx xxxx 2020-ci il tarixdən azı 25 il sığorta stajı olduğu üçün yaşa görə əmək pensiyası hüququ vardır. Onun 1980-ci ildə «Kirov», 1982-1991, 1994-cü illərdə «Nizami» adına kolxozda 8 il 2 ay, 1992-1993, 1999-cu illərdə İsmətli kənd klubunda 1 il 3 ay, xx.xx.2000-ci tarixdən xx.xx.2015-ci il tarixədək olan dövrdə əlil və xəstə övladı X3 qulluq etdiyi dövrlər 14 il 1 ay, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X8 İdarəsində 1 il 8 ay olmaqla ümumilikdə 25 il 2 ay sığorta stajı vardır. Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsi 1980-ci ildə «Kirov», 1982- 1991, 1994-cü illərdə «Nizami» adına kolxozda, 1992-1993, 1999-cu illərdə İsmətli kənd klubunda sığorta stajı əmək kitabçasına əsasən deyil, arxiv arayışları ilə təsdiq edildiyini əsas gətirərək, ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx xxxx 2021-ci il tarixli **********3 saylı etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, 2-1(120)-119/2021 nömrəli iş üzrə iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində 1980-1981-ci ildə “Kirov” adına kolxozda, 1982- 1991 və 1994-cü illərdə “Nizami” adına kolxozda, 1992-1993, 1999-cu illərdə İsmətli kənd klubunda, xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X8 İdarəsndə işlədiyini iddia edir. Lakin bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. Daha sonra Biləsuvar rayon Dövlət Arxivinə müraciət edərək arayış əldə etmiş və Biləsuvar rayon filialına müraciət edərək həmin dövrlərin sosial sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. xx.xx.2020-ci il tarixli Biləsuvar rayon filialının İddiaçı ünvanlanan məktubunda bildirilmişdir ki, vətəndaşın işlədiyini iddia etdiyi dövrlərin sığorta stajına əlavə edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Hesab edirlər ki, imtinanı əsaslıdır və iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür. İşin faktiki hallarına əsasən İddiaçı əmək kitabçası yoxdur. Belə ki, iddiaçının 1980- 1981-ci ildə “Kirov” adına kolxozda, 1982-1991 və 1994-cü illərdə “Nizami” adına kolxozda, 1992-1993, 1999-cu illərdə İsmətli kənd klubunda işlədiyini iddia etdiyi dövrlər əmək kitabçası olmadığından öz təsdiqini tapa bilmir. «Əmək pensiyaları haqqında» Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş –sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamə”yə əsasən İdarə arxiv arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 sentyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Milli Arxiv İdarəsinin Biləsuvar rayon Dövlət Arxivinə xx.xx.2021-ci il tarixli **********6 nömrəli sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq arxiv idarəsinin xx.xx.2021-ci il tarixli 24A nömrəli məktubunda iddiaçının xx.xx.1993-cü ildə 14 saylı sərəncama əsasən Konstantinovka kəndində klubda xadimə vəzifəsinə təyin olunduğu, daha sonra (dəqiq tarix göstərilməmişdir) analıq məzuniyyətinə çıxdığı qeyd edilsə də, işdən azadolma və analıq məzuniyyətindən qayıtma əmrləri qeyd olunmamışdır. Həmçinin arayışda şəxsin 1999-cu ilin yanvar və fevral ayları əmək haqqı aldığı göstərilmiş, lakin bunu təsdiq edəcək heç bir sənəd əlavə olunmamışdır. Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən məzuniyyətindən geriçağrılma əmrlə rəsmiləşdirilməlidir. Yəni iddiaçının işə qayıtmasını təsdiq edən əmr olmalıdır. İddiaçı əgər işə bərpa olunmamışdırsa, 1999-cu ildə əmək haqqı alması məntiqi və əsaslı olmayacaqdır. Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon filialı tərəfindən xx.xx.2019-cu il tarixində verilən arayışa əsasən İddiaçı xx.xx.1997-ci il təvəllüdlü övladı X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi “sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa qulluğa” görə sosial müavinət almışdır. İddiaçının həmin arayışa əsasən 14 il 1 ay sığorta stajı öz təsdiqini tapır. Həmçinin Dövlət Sosial Müdafiə Fondunun Aparatının Fərdi uçota nəzarət və sosial sığorta departamenti tərəfindən verilən xx.xx.2021-ci il tarixli xx.xx.2020-ci il tarixə kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “X8 İdarəsi” tərəfindən vətəndaşın fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının mübahisələndirilməyən 15 il 9 ay 16 gün sığorta stajı mövcuddur (övladına qulluq etdiyi və “X8 İdarəsi”ndə işlədiyi dövr). Dövlət Arxivinin 1980-1994-cü illərə aid təqdim etdiyi arayışdakı məlumatlar nəzərə alındığı təqdirdə iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Beləliklə, bu qaydada hesablanma nəticəsində iddiaçının 1980-1994-cü illər kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablanma nəticəsində iddiaçının 1980-1981-ci ildə “Kirov” adına kolxozda işlədiyi müddət – 11 ay 4 gün, 1982- 1991 və 1994-cü illərdə Nizami kolxozunda işlədiyi müddət-7 il 1 ay 8 gündür. Ümumi olaraq kolxozda işlədiyi iddia edilən müddət 8 il 12 gündür. Mübahisələndirilən və mübahisələndirilməyən dövrlərin cəmi hesablandıqda ümumi 24 il 9 ay 28 gün sığorta stajı müəyyən edilir. Bu isə 25 il sığora stajı tələbini ödəmədiyindən şəxsin yaşa görə əmək pensiyası hüququ yaranmayacaqdır. Beləliklə, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeyd alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikahın bağlanması haqqında şəhadətnamənin, X2 doğum haqqında şəhadətnaməsinin, şəxsiyyət vəsiqəsinin və X3 görə sağlamlıq imkanları məhdud 18 yaşadək sosial müavinət alması barədə Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon şöbəsinin arayışının təsdiq olunmuş surətlərini, X8 İdarəsinin arayışını, 15 №-li Tibbi-Sosial Ekspert Komissiyasının arayışını, Biləsuvar rayon Dövlət Arxivinin arxiv arayışlarını, X3 qulluq etməsi barədə Biləsuvar Rayon İHB-nin İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş aktı, uşaqlarını səkkiz yaşadək tərbiyə etməsi barədə Biləsuvar Rayon İHB-nin İsmətli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Biləsuvar rayon Dövlət Arxivinin arxiv arayışları və onların düzgünlüyünü təsdiq edən yoxlama aktı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulmuşdur. xx xxxx 2020-ci il tarixdə 56 yaş 6 ayı tamam olmuşdur. İddiaçının sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi və İsmətli kənd klubunda işlədiyi illər nəzərə alınmaqla sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün xx xxxx 2020-ci il tarixədək qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1980-1991, 1994-cü illərdə Biləsuvar rayonu «Kirov» və «Nizami» adına kolxozlarda işləməsi Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 55 nömrəli arayışında və xx.xx.1992-xx.xx.1993 və 1999-cu ilin yanvar və fevral aylarında İsmətli kənd klubunda işləməsi Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 55A nömrəli arayışında öz əksini tapmışdır. Həmçinin Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 55 nömrəli arayışından görünür ki, iddiaçının 1980-ci ildə faktiki adam günü 97 gün, 1981-ci ildə faktiki adam günü 75 gün, 1982-ci ildə faktiki adam günü 144 gün, 1983-cü ildə faktiki adam günü 106 gün, 1984-cü ildə faktiki adam günü 91 gün, 1985-ci ildə faktiki adam günü 139 gün, 1986-cı ildə faktiki adam günü 147 gün, 1987-ci ildə faktiki adam günü 131 gün, 1988-ci ildə faktiki adam günü 115 gün, 1989-cu ildə faktiki adam günü 129 gün, 1990-cı ildə faktiki adam günü 139 gün, 1991-ci illərdə faktiki adam günü 122 gün və 1994-cü ildə faktiki adam günü 60 gün olmuşdur. «SSRİ-də vətəndaşların pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1980-1991 və 1994-cü illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən «Vətəndaşların pensiya təminatı» haqqında Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının xx xxxxxx 2021-ci il tarixli **********1 saylı məktubunun məlumatları nəzərə alındıqda müəyyən edilir ki, Biləsuvar rayonu üzrə kolxozlarda işləmiş qadınlar üçün 1 illik adam-gün norması 180 adam-gün təşkil etmişdir. Buna qarşılıq 1980-1991 və 1994-cü illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (97 + 75 + 144 + 106 + 91 + 139 + 147 + 131 + 115 + 129 + 139 + 122 + 60)× 12 = 17940/180=99,6... ay (≈8 il 3 ay). Beləliklə, xx.xx.1992-xx.xx.1993, 1999-cu ilin yanvar və fevral aylarında və xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İsmətli kənd klubunda işlədiyi illər, xx.xx.1997-ci il təvəllüdlü övladı X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi qulluq etdiyi illər nəzərə alındıqda iddiaçının 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.4-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına daxil edilir. Мəhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən "əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Həmçinin cavabdeh etirazında Biləsuvar rayon Dövlət Arxivinin arayışında iddiaçının xx.xx.1993-cü ildə 14 saylı əmrə əsasən Konstantinovka kəndində klubda xadimə vəzifəsinə təyin olunduğu, sonradan analıq məzuniyyətinə çıxdığı qeyd edilsə də, işdən azadolma və analıq məzuniyyətindən qayıtma əmrlərinin qeyd olunmadığını, eləcə də arayışda şəxsin 1999-cu ilin yanvar və fevral ayları əmək haqqı aldığı göstərildiyini, lakin bunu təsdiq edəcək heç bir sənəd əlavə olunmadığını əsas gətirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının 1980-1991, 1994-cü illərdə Biləsuvar rayonu «Kirov» və «Nizami» adına kolxozlarda, xx.xx.1992-xx.xx.1993, 1999-cu ilin yanvar və fevral aylarında işləməsinin qarşılıqlı yoxlanılmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar rayon filialının Pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X6, həmin filialın Pensiya təminatı şöbəsinin əməkdaşı X10 və Biləsuvar rayon Dövlət Arxivinin müdiri X7 iştirakı ilə tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli aktla müəyyən olunur ki, iddiaçının işə daxil olma və işdən azad olma əmrləri və əmək haqqı alması faktları müəyyən edilmişdir. Cavabdeh etirazında Əmək Məcəlləsinin 137-ci maddəsinə istinad edərək, iddiaçının işə qayıtmasını təsdiq edən əmrin olmadığını əsas gətirmişdir. Halbuki Biləsuvar rayon Dövlət Arxivində iddiaçının analıq məzuniyyətinə çıxdığı üçün müvəqqəti olaraq işdən azad edildiyi qeyd edilmişdir, yəni o, məzuniyyətdən geri çağırılmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 137-ci maddəsinin 2-ci bəndinə əsasən müstəsna hallarda — istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 138-ci maddəsinin 1-ci bəndinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından görünür ki, işçinin məzuniyyət müddəti başa çatdığı halda onun işə qayıtması ilə bağlı əmr verilməsi nəzərdə tutulmamış, yalnız məzuniyyət müddəti başa çatmadan geri çağırıldıqda əmrlə rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 55 nömrəli və 55A nömrəli arayışlarını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1980-1991, 1994-cü illərdə Biləsuvar rayonu «Kirov» və «Nizami» adına kolxozlarda və xx.xx.1992-xx.xx.1993 və 1999-cu ilin yanvar və fevral aylarında İsmətli kənd klubunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün dövlət rüsumu ödəmişdir. İddiaçının nümayəndəsi ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun.

2. Prosessual xərc iddiaçıya aid edilsin.

3. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

4. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar