Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1197/2020 12.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialının nümayəndəsi X4 (Pensiya təminatı şöbəsinin müdiri, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialına qarşı «xx.xx.2006-cı il tarixdən şəhid ailəsinə ödənilən əlavənin (ödənilmiş məbləğ çıxılmaqla) hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı ona əmək pensiyası yarandığı gündən şəhid ailəsinin üzvü kimi 93,50 manat şəhid əlavəsinin hesablanıb ödənilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli **********5 saylı məktubunda iddiaçıya şəhid əlavəsinin ərizə verdiyi tarixdən 3 il geriyə ödənildiyini qeyd edərək, ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əmək pensiyası yarandığı gündən şəhid ailəsinin üzvü kimi 93,50 manat şəhid əlavəsinin hesablanıb ona verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə xx.xx.2006-cı il tarixdən şəhid ailəsinə ödənilən əlavənin (ödənilmiş məbləğ çıxılmaqla) hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1197/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1954-cü ildə Bərdə şəhərində anadan olmuşdur. 1982-ci ildə Laçın rayon sakini X2 ilə ailə həyatı qurduğu üçün Laçın rayonuna köçüb 1990-cı ilə kimi Laçın rayonunda yaşamışlar. Əri xx.xx.1990-cı ildə Laçın rayonu ərazisində gedən döyüşlərdə şəhid olub. Hazırda məcburi köçkün kimi Kürdəmir rayonunda məskunlaşmışlar. 2007-ci ildə yaşa görə pensiya hüququ yarandığı üçün həmin tarixdən pensiya alır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(041)- 174/2019 nömrəli qətnaməsinə əsasən əri X1 xx.xx.1990-cı il tarixdə Laçın rayonu ərazisində gedən döyüşdə düşmənin artilleriya mərmisindən aldığı xəsarət nəticəsində həlak olması faktı müəyyən edilmişdir. Bununla da Azərbaycan Respublikasının «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» xx.xx.1993-cü il tarixli 697 nömrəli Qanununun 1-ci maddəsinin 2-ci abzasına əsasən o, şəhid ailəsinin üzvü hesab edilmişdir. Əmək pensiyası yarandığı gündən şəhid ailəsinin üzvü kimi 93,50 manat şəhid əlavəsinin hesablanıb ona verilməsi üçün zəruri sənədlərini toplayıb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə müraciət etmişdir. Ona şəhid ailəsinin üzvü kimi şəhid əlavəsi 93,50 manat 3 il geri ödəniş edildi. Lakin əmək pensiyası yarandığı gündən 93,50 manat şəhid ailəsi kimi şəhid əlavəsinin verilməsindən imtina edildi. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin hərəkətlərini qanunsuz hesab edir. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin üzərinə əmək pensiyası yarandığı gündən şəhid ailəsinin üzvü kimi 93,50 manat şəhid əlavəsinin hesablanıb ona verilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialının xx xxxxxx 2020-ci il tarixli **********7 saylı münasibət (etiraz) məktubunda qeyd edilmişdir ki, İddiaçı şəhid əlavəsi almaq üçün xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə ərizə ilə müraciət etmişdir. Müraciət etdiyi zaman şəhid əlavəsi (93,50 manat) ərizə verdiyi tarixdən 3 il geriyə ödənilmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-1-ci bəndinə əsasən göstərilmişdir ki, əmək pensiyası onun hüququ yarandığı gündən, lakin bu qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il ödənilməklə hesablanır. Bu maddədən görünür ki, iddiaçıya əmək pensiyası düşsəydi belə onu 3 ildən artıq vermək qanunun tələblərinə ziddir. Bu səbəbdən də vətəndaşın iddiası əsassızdır və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********8 saylı məktubuna əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ödənilməsi tapşırılmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialının iddia tələbinə etirazını müdafiə edərək, iddianın rədd edilməsini xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, məcburi köçkün vəsiqəsinin və ölüm haqqında şəhadətnamənin surətlərini, yaşa görə əmək pensiyası alması barədə Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X5 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Kürdəmir rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1– 3-cü hissələrində nəzərdə tutulan Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, İddiaçı xx.xx.2006-cı il tarixdən əmək pensiyası alır. İddiaçı şəhid əlavəsi almaq üçün xx.xx.2019-cu il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Kürdəmir rayon şöbəsinə ərizə ilə müraciət etmiş və ona şəhid əlavəsi müraciət etdiyi tarixdən 3 il geriyə ödənilmişdir. Hazırda iddiaçı xx.xx.2006-cı il tarixdən şəhid ailəsinə ödənilən əlavənin (ödənilmiş məbləğ çıxılmaqla) hesablanıb ödənilməsini xahiş edir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.4-cü maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş əlavələrin təyin edilməsi müddətləri bu qanunun 32.1-ci-32.3-cü maddələri ilə əmək pensiyalarının təyin edilməsi üçün müəyyənləşdirilmiş müddətlərlə eynidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi qanunvericilikdə əmək pensiyasına əlavələrin şəxsin hüququnun yarandığı tarixdən deyil, müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçıya da qanunvericiliyə uyğun olaraq müraciət etdiyi xx.xx.2019-cu il tarixdən şəhid əlavəsi hesablanaraq 3 il geriyə ödənilmişdir. Həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx xxxxxxx 2020-cil tarixli № 03/2020 Qərardadında qeyd olunmuşdur ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixdən şəhid ailəsinə ödənilən əlavənin (ödənilmiş məbləğ çıxılmaqla) hesablanıb ödənilməsi öhdəliyinin cavadehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialına qarşı «xx.xx.2006-cı il tarixdən şəhid ailəsinə ödənilən əlavənin (ödənilmiş məbləğ çıxılmaqla) hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Kürdəmir rayon filialına qarşı «xx.xx.2006-cı il tarixdən şəhid ailəsinə ödənilən əlavənin (ödənilmiş məbləğ çıxılmaqla) hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov