Məhkəmə qərarları › İş №2-1(120)-12/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-12/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-12/2020 12.02.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi X32 оğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X1, Üçüncü şəxs X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “Hacıqabul rayonu, İİ Udulu kəndində yerləşən, iddiaçıya məxsus və faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbinə dair işə 12 fevral 2020-ci il tarixdə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin Şirvan Layihə-Tədqiqat İdarəsinə qarşı “Hacıqabul rayonu Udulu kəndində yerləşən ona məxsus torpağa dair kadastr planının və dövlət reyestrindən çıxarışın yenidən hazırlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2-1(086)- 145/2019 nömrəli qərardadı ilə mübahisəyə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsinə qarşı “Hacıqabul rayonu, İİ Udulu kəndində yerləşən, iddiaçıya məxsus və faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 fevral 2019-cu il tarixli, 2-1(086)-145/2019 nömrəli qərardadı ilə X8, X9, X15, X10, X11, X12, həmçinin X5, X3, X13, X14, X16 və Hacıqabul rayonu, 2-ci Udulu bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2-1(086)-145/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Hacıqabul rayonu üzrə aparılmış torpaq islahatı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 saylı qərarına əsasən qanuni istifadəsində olmuş həyətyanı sahə istifadəsinə verilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacıqabul rayon şöbəsi tərəfindən JN-181A, Kod 91002028 saylı torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsi faktiki və ilkin sənəd üzrə 0,36 ha olduğu və təsərrüfatbaşına kitabda ailə üzvü kimi X17 qeyd olunduğu halda, şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0,16 ha olaraq göstərilmiş, həmçinin X22, X23 və X29 ailə üzvləri olmadıqları halda, şəhadətnamədə adları qeyd olunmuşdur. Şəhadətnamədə mülkiyyətə verilmiş torpaq sahəsinin ölçüsü düzgün göstərilmədiyi üçün torpaq sahəsinin sxemində də uyğunsuzluq yaranmışdır. Mülkiyyətində olan torpaq sahəsinin sxemi aqrar islahat aparan orqanın səhvi üzündən Sadıqova (Hüseynova) Xanım Mehdi qızının faktiki istifadəsində olan torpaq sahəsi ilə dəyişik göstərilmiş, qonşular düzgün göstərilməmişdir. İİ Udulu ətçilik-südçülük sovxozu üzrə xx.xx.1984-cü il tarixli 28 saylı əmr əsasında əvvəllər istifadəsində olmuş torpaq sahəsinin 0,12 ha oğlu X18 veriləcək ayrıca təsərrüfat kimi qeydiyyatdan keçirilmişdir. Bundan sonra, istifadəsində 0,36 ha torpaq sahəsi qalmışdır. İİ Udulu ətçilik-südçülük sovxozu üzrə xx.xx.1984-cü il tarixli 28 saylı əmr əsasında oğluna 0,12 ha torpaq sahəsi verildiyi halda, torpağın mülkiyyətə verilməsinə dair JN 180A, kod 91008028 saylı şəhadətnamədə torpaq sahəsinin ölçüsü səhvən 0,24 ha göstərilmişdir. Halbuki, sonuncunun göstərilən ölçüdə torpaq sahəsi olmamışdır. Həmin şəhadətnamədəki sxem torpaq sahəsinin faktiki vəziyyətinə uyğun gəlmir. Bütün bunlar isə arasında münaqişələrin yaranmasına gətirib çıxarmışdır. Hesab edir ki, aqrar islahat zamanı yol verilmiş nöqsanlar məhkəmə qaydasında aradan qaldırılmalı və mülkiyyət hüququ bərpa olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddiamın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X19 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən qəbul olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs X20 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X24, X30, X25, X26, X27, X17, X28, X23, X29 və Hacıqabul rayonu, 2-ci Udulu bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər X9, X15, X10, X11, X12, X3, X13, X14, X16 və Hacıqabul rayonu, 2-ci Udulu bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********08 nömrəli 28 oktyabr 2019-cu il tarixli məktubu ilə məhkəməyə göndərdiyi İddiaçı və onun ailə üzvlərinin adına verilmiş JN -181A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və X8 və onun ailə üzvlərinin adına verilmiş JN-180A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olan sənədlərdən – vətəndaşların xüsusi mülkiyyətinə verilən həyatyanı torpaq sahələrinə aid cədvəldə X8 və onun ailə üzvlərinin adına 0,18 ha torpaq sahəsi, 6 nəfərdən ibarət ailə üzvü, xəritədə nömrəsi 180, dövlət aktının nömrəsi 18 kimi və İddiaçı və onun ailə üzvlərinin adına isə 0,56 ha torpaq sahəsi, 5 nəfərdən ibarət ailə üzvü, xəritədə nömrəsi 181, aktın nömrəsi 19 kimi qeyd edilmişdir. Həmin məktubla göndərilmiş digər sənəddə İddiaçı adına 0,20 ha zəbt, 0,36 ha sahə, ailə üzvlərinin sayı 2 nəfər kimi və X8 adına isə 0,06 ha zəbt, 0,12 ha sahə, ailə üzvlərinin sayı 5 nəfər kimi qeyd olunmuşdur. İşdə olan “Udulu kənd inzibati ərazi vahidi üzrə 2001, 2002, 2003, 2004,2005-ci illər üzrə 3 nömrəli Təsərrüfatbaşına Kitab”dan çıxarışdan görünür ki, həmin illərdə İddiaçı və onun ailə üzvlərinin adına torpaq sahəsi 0,036 ha, tikinti altı 0,02 ha qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08 avqust 2019-cu il tarixli **********83 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş mütəxəssis rəyinin nəticə hissəsində aşağdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə: JN- 181A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Hacıqabul rayonu İkinci Uduru kəndində yerləşən 0.16 ha torpaq sahəsinin cizgi tərtib edilməklə, sənəd üzrə və faktiki yeri müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: İddiaçı və onun ailə üzvlərinin faktiki istifasində olan torpaq sahəsin ümumi ölçüsü 0.40 ha təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsi X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 180A saylı şəhadətnamə ilə hüquqların dövlət qeydiyyatına alınmışdır. Qərardadın üçüncü sualı üzrə: JN -181A (kod ********) saytı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə yerilmiş 0.16 ha torpaq sahəsi, onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın dördüncü sualı üzrə: JN-180A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Hacıqabul rayonu İkinci "Udulu kəndində yerləşən 0.24 ha torpaq sahəsinin cizgi tərtib edilməklə, sənəd üzrə və faktiki yeri müəyyən edildi. Qərardadın beşinci sualı üzrə: X8 və onun ailə üzvlərinin faktiki istifadələrində olan torpaq sahəsinin ümumi ölçüsü 0.16 ha təşkil edir. Faktiki istifadədə torpaq sahəsinə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 181A saylı şəhadətnamə, ilə hüquqları dövlət qeydiyyatına alınmışdır. Qərardadın altıncı sualı üzrə: JN-18 A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən 0,24 ha torpaq sahəsi, onun faktiki istifadəsində olan-torpaq sahəsi ilə üst-üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 avqust 2019-cu il tarixli, 13839 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci sualı üzrə:Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTl-nin mühəndisi İlkin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-181A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Hacıqabul rayonu İkinci Udulu kəndində yerləşən 0,16 ha torpaq sahəsinin cizgi tərtib edilməklə, sənəd üzrə və faktiki yeri müəyyən edildi.Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTl-nin mühəndisi İlkin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, İddiaçı və onun ajlə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 0,40 ha təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsi X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 180A saylı şəhadətnamə ilə hüquqların dövlət qeydiyyatına alınmışdır. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTl-nin mühəndisi İlkin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-181A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,16 ha torpaq sahəsi, onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Qərardadın dördüncü sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTl-nin mühəndisi İlkin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-180A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı X8 yə onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Hacıqabul rayonu İkinci Udulu kəndində yerləşən 0,24 ha torpaq sahəsinin cizgi tərtib edilməklə, sənəd üzrə və faktiki yeri müəyyən edildi. Qərardadın beşinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mühəndisi İlkin Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, X8 və onun ailə üzvlərinin faktiki istifadəsində olan torpaq sahəsinin ümumi ölçüsü 0,16 ha təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 181A saylı şəhadətnamə ilə hüquqların dövlət qeydiyyatına alınmışdır. Qərardadın altıncı sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şirvan LTİ-nin mühəndisi ilkirT Məmmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, JN-180A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçı X8 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,24 ha torpaq sahəsi, onun faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 04 dekabr 2019-cu il tarixli, **********92 saylı məktubunda qeyd olunmuşdur ki, Sizin Hacıqabul rayonu ikinci Udulu kəndində 0.40 ha həyətyanı torpaq sahəsi və üzərində.yerləşən fərdi yaşayış evlərinə” dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı xx.xx.2019-cu il tarixli müraciətinizə 13 saylı Şirvan Ərazi idarəsində baxılmışdır. Ərizədə qeyd olunan həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evlərinə dair Şirvan inzibatiiqtisadi Məhkəməsində cavabdehlər ƏMDK-nin yanında DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsinə, ƏMDK-nin yanında DƏDRX-nin Kadastr və Yerquruluşu Layihə İədqiqat Mərkəzinin Şirvan Layihə-Tədqiqat idarəsinə qarşı torpağa kadastr planının və dövlət reyestrindən çıxarışın yenidən hazırlanması tələbinə barədə 2-1(086)-145/2019 saylı mülki iş vardır. Hal-hazırda Şirvan İnzibati-iqtisadi Məhkəməsində 2-1 (086)-145/2019 saylı mülki iş davam etdiyi üçün sizin müraciətinizə baxılması qeyri-mümkündür. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. Qeyd edirik ki, Şirvan inzibati-iqtisadi Məhkəməsinin 2-1 (086)-145/2019 saylı mülki işlə əlaqədar qəbul etdiyi qərara uyğun olaraq sizin müraciətiniz icra olunacaqdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan '"xxxx" MMC-nin Şirvan LTİ-nin 11 dekabr 2019-cu il tarixli, Ç-113 saylı arayışda qeyd edilir ki, Hacıqabul rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, Nö2-1(086)145/2019 saylı müraciəti əsasında mütəxəssis rəyi hazırlanaraq verilmiş, lakin hava şəraitinin uyğun olmaması səbəbindən torpaq sahəsinin bəzi döngə nöqtələrinin coğrafi yerləşmə mövqeyini düzgün təyin etmək mümkün olmadığından Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə daxil olmuş 5 dekabr 2019-cu il tarixli, ********** saylı müraciətə cavab olaraq 6 dekabr 2019-cu il tarixdə Hacıqabul rayonu Tava kənd sakini Sadıqova Surra imran qızının torpaq sahəsinə təkrar baxış keçirlidi. Təkrar baxış nəticəsində Sadıqova Surra imran qızına məxsus torpaq sahəsində döngə nöqtələrinin koordinatları teyin edildi və təyin edilmiş koordinatlar əsasında tərəfimizdən yeni sxem tərtib olundu. Sözügedən işlə bağlı yenidən müraciət daxil olacağı təqdirdə tərəfimizdən yenidən mütəxəssis rəyi hazırlanacaqdır. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yoxlayarkən aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-2.2.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 14.3-ci maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X2rşı ”iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının inzibati-ərazi vahidləri üzrə aparılan aşağıdakı sənədlər texniki kadastr sənədləri hesab edilir: torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin, habelə icarə müqavilələrinin qeydiyyat kitabları, plan-xəritə materialları, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri üzrə uçotunun illik hesabat formaları, cədvəlləri və jurnalları. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı ( maddə 8.0.3) və ) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzrində hüquqları təsdiq edən aktlar, şahədətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 33-cü maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İddiaçının hazırki iddiasının mahiyyəti onun sahibliyində olan 0,40 ha həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın cavabdeh tərəfindən hazırlanmasından ibarət olmuşdur. Lakin cavabdeh inzibati orqan müraciət üzrə araşdırma aparmaqdan imtina etmişdir. Hansı ki, daşınmaz əmlak üzərində hüquqlarını dövlət reyestrində qeydiyyata almasını tələb edilməsi torpaq sahibi kimi iddiaçının müstəsna hüququ, bu hüquqların qeydiyyatını aparmaq və qeydiyyata dair müvafiq sənədləşmə işlərini aparmaq isə cavabdehin vəzifəsidir. Məhkəmə iclasında izahat verən cavabdehin nümayəndəsi qeyd etmişdir ki, hazırkı tələblə bağlı iddiaçının inzibati orqana sonrakı müraciətindən sonra iddiaçıya məxsus torpaq sahəsinə baxış keçirilməmiş, həmin torpaq sahəsinin yeri və hüdudları müəyyən edilməmiş, ümumiyyətlə iddiaçının iddia etdiyi ərazidə tələb etdiyi həcmdə torpaq sahəsinin mövcud olub-olmadığı ilə bağlı hər hansı araşdrma aparılmamışdır. Belə ki, iş materiallarında olan sənədlərdən (mütəxəssis, ekspert rəyi və s.) görünür ki, iddiaçının mülkiyyətində 0,16 ha, üçüncü şəxs Hüseynova (Sadıqova) Xanım Mehdi qızının mülkiyyətində 0,24 ha torpaq sahəsi vardır. Bu sənədlərdən başqa iddiaçı Udulu kənd inzibati ərazi vahidi üzrə 2001, 2002, 2003, 2004,2005-ci illər üzrə 3 nömrəli Təsərrüfatbaşına Kitab”ını da təqdim etmişdir. Şəhadətnamə üzrə iddiaçının və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin hüdudları və həcmi iş materiallarında olan mütəxəssis və ekspert rəyi ilə müəyyən olunur. Lakin, Təsərrüfatbaşına kitab üzrə iddiaçıya məxsus yerin hüdudları və yeri bəlli deyildir. Ümumiyyətlə cavabdeh orqan, ilkin müraciət edərkən iddiaçının tələbinin hüquqi əsasının yəni hansı sənədə (şəhadətnaməyə yoxsa təsərrüfatbaşına kitaba, yoxsa hər ikisinə) istinad etdiyini müəyyən etməmişdir. Məhkəmə bu arada onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaçıya ünvanladığı 04 dekabr 2019-cu il tarixli, **********92 saylı məktubun məzmunundan da aydın görünür ki, iddiaçının sonrakı müraciəti üzrə heç bir araşdırma aparılmamışdır. Hansı ki, yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək cavabdehin vəzifələri sırasına daxildir. Lakin işin faktiki hallarından görünür ki, cavabdeh qanunla onun üzərinə qoyulan vəzifələrini lazımınca icra etməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Yalnız bu əsaslardan biri mövcud olarsa hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Cavabdeh hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərkən “məhkəmədə mülki işin davam etməsini” əsas gətirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin həmin əsasla hüquqların dövlət qeydiyyatına alınmasından imtinası qeyri-qanunidir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüquqlarının qeydiyyatının aparılması bilavasitə cavabdehin vəzifəsidir. Lakin işdən görünür ki, cavabdeh inzibati orqan xidməti vəzifələrini yerinə yetirmədən, işin faktiki hallarını tam obyektiv araşdırmadan iddiaya qeyri-müəyyən münasibət bildirmişdir. Eyni zamanda cavabdeh inzibati orqan Qanunla nəzərdə tutulmayan əsasla iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən imtina etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan kimi cavabdeh iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Cavabdeh iddiaçının müraciətini araşdırmadan formal əsaslarla imtina məktubu verməməli, qeyri-müəyyən münasibət bildirməməli idi. İş üzrə lazımi faktiki hallar tam aydın müəyyən olunmadığından iddiaçının iddia tələbinin təmin edilibedilməməsi barədə məhkəmə qərarının qəbul edilməsi hazırki mərhələdə mümkün deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Hacıqabul rayonu, İİ Udulu kəndində yerləşən, iddiaçıya məxsus və faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 68-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Hacıqabul rayonu, İİ Udulu kəndində yerləşən, iddiaçıya məxsus və faktiki istifadəsində olan 0,40 ha həyətyanı torpaq sahəsinin kadastr planının və dövlət reyestrindən çıxarışın hazırlanması ilə bağlı İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar