Məhkəmə qərarları › İş №2-1(120)-120/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-120/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-120/2025 17.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı, X4, X1, X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonunda aqrar islahatı zamanı iddiaçıya və ailə üzvlərinə verilmiş 2,25 ha pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dаir iddiаsı üzrə işə, Şirvan şəhərində, Şirvаn İnzibаti Məhkəməsinin binаsındа açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonunda aqrar islahatı zamanı iddiaçıya və ailə üzvlərinə verilmiş 2,25 ha pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-885/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İmişli Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-120/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı, X4, X1, X2 cavabdeh Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X24n 6 saylı Beyləqan ərazi idarəsinə qarşı “İmişli rayonunda aqrar islahatı zamanı iddiaçıya və ailə üzvlərinə verilmiş 2,25 ha pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” inzibati iş üzrə X11, X7, X8 birgə iddiaçı qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş SSRİ dövründən ailəsi ilə İmişli şəhəri M.Müşfiq küçəsi 128 saylı evdə yaşayırlar. Yaşadıqları ərazi İmişli rayonunun keçmiş Otuziki kəndi olub və burada keçmiş M.P.Vaqif (daha əvvəl Orconikidze) adına kolxoz yerləşib. Aqrar islahatı zamanı ona və ailə üzvlərinə 2,25 hektar pay torpaq sahəsi ayrılmış, yerində göstərilmiş, lakin o vaxt islahatı aparan dövlət orqanlarının səhlənkarlığı üzündən tərəfindən ona Dövlət aktı verilməmişdir. Belə bir sənəd isə olmuşdur. Belə ki, onun pay torpaq sahəsi tanıdılmış və yerində təhvil verilmişdir. Qonşu torpaq sahibinə verilmiş Torpağa mülkiyyət hüququna dair JN-0079 kod 90712028 nömrəli Dövlət aktında qonşusu olaraq 80 nömrə ilə onun, yəni İddiaçı olması və torpaq sahəsinin yeri qeyd olunmuşdur. Digər tərəfdən Yerli aqrar islahat komissiyasının sədri Səxavət Şirinovun xx.xx.2008-ci il tarixli arayışı ilə həqiqətən Torpaq islahatı zamanı ona ailəliklə 2,25 hektar torpaq payı verilməsi və bu torpaq sahəsindən istifadə etməsi təsdiq olunur. O, DƏDRXnin 6 saylı Ərazi idarəsinə ərizə göndərmişdir ki, islahat zamanı mülkiyyətinə ayrılmış torpaq sahəsinə dövlət sənədi verilsin. DƏDRX-nin 6 saylı Ərazi İdarəsinin 22.08 2022-ci il tarixli məktubunda göstərilir-daxil olmuş müraciət əsasında aparılmış araşdırmalar zamanı müraciətə əlavə edilmiş JN 0079,KOD 90712028 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının qonşuluğunda göstərilən JN-0080 nömrəli dövlət aktının ikinci nüsxəsinə aid məlumat aşkar edilməmişdir. Bu səbəbdən ona mülkiyyət sənədi verilməkdən imtina edilir. Ona görə də inzibatı orqanı yenidən məhkəməyə verir. Belə ki, inzibatı orqan araşdırma aparmadığını və torpaq sahəsi ilə əlaqədar ona heç bir sənəd vermədiyini bildirir. Ona görə də inzibatı orqanı yenidən məhkəməyə verir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş iddia ərizəsinə etirazda göstərilmişdir ki, İddiaçı ərizəsinə 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə **********89 saylı məktubla bildirilmişdir ki, ləğv olunmuş DTXK-si tərəfindən verilmiş JN-44 nömrəli dövlət aktı sənədi verən aidiyyəti qurum tərəfindən ləğv olunmuşdur və elektron məlumat bazasında öz əksini tapmamışdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250S nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X5 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələrlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra yenidən müraciətə baxılacağı qeyd edilmişdir. Həmin səbəbdən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 15-ci maddəsini rəhbər tutub həmin fərdi yaşayış evinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdın İmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X24nin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək və hüquqi yardım məktubu üzrə bildirmişdir ki, JN 0079, kod 90712028 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktın ilə İddiaçı, X12, X3 və X13 İmişli rayon Aqrar İslahat Komissiyasının 29 avqust 1997-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 1,23 hektar torpaq sahəsi verilmişdir. Sonradan İmişli rayon Aqrar İslahat Komissiyası tərəfindən ona dövlət aktının ləğv olunması və onların adlarının yenidən siyahıya alınması barədə məlumat verdilər, bir müddət sonra Reyestr Xidməti yaradılmışdır, o dəfələrlə bütün orqanlara yazmış və adlarının siyahıya alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir, lakin ona gözləməsi, yaşadıqları kənddə islahatların aparılacağı və digər məlumatlar verilmiş, bu günə kimi heç bir tədbir görülməmişdir, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayarq, tərəflər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən 22 avqust 2022-ci il tarixdə **********89 saylı məktubla bildirilmişdir ki, Otuziki kəndində aparılmış aqrar islahat zamanı ona və ailə üzvlərinə ayrılmış 2,25 torpaq sahəsinə dair dövlət aktının tərtib edilməməsi barədə 12 avqust 2022-ci il tarixli müraciətinə 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Daxil olmuş olmuş müraciət əsasında aparılmış araşdırmalar zamanı müraciətə əlavə olunan JN-0079, KOD 90712028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının qonşuluğunda göstərilən JN-0080 nömrəli dövlət aktının ikinci nüsxəsinə aid hər hansı bir məlumat aşkar edilməmişdir. Bundan əlavə bildirilir ki, müraciətdə qeyd olunan torpaq sahəsinə dair tərtib edilmiş dövlət aktını əlavə edərək Ərazi İdarəsinə müraciət olunası təqdirdə məsələnin icrasına qanunamüvafiq qaydada baxılacaqdır. İş materiallarında olan Daşınmaz əmlakın Dövət Kadastrı və Reyestri X24n 6 saylı Beyləqan ərazi idarəsinin məhkəməyə ünvanladığı arxiv sənədlərinin təqdim edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, **********92 nömrəli məktubda göstərilmişdir ki, inzibati iş ilə əlaqədar X9 adına verilmiş JN-0079 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının nüsxəsinin, İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 saylı Qərarının, eləcə də İmişli rayonu, Otuzikilər kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından X17 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən çıxarışların təsdiq olunmuş surətinin verilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə daxil olmuş məktuba “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24nin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24nin 6 saylı Beyləqan Ərazi İdarəsinin və "xxxx" MMC-nin arxivlərində saxlanılan sözügedən sənədlərin təsdiq olunmuş surəti təqdim edilir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 212 nömrəli məktubuna əsasən, İmişli rayon Dövlət Arxivində mühafizə olunan və saxlanılan İmişli rayon AİK-in sənədlərində xx.xx.1998-ci il tarixli protokolu aşkarlanmadı. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İmişli rayon şöbəsinin sənədləri isə mühafizəsi və saxlanılması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Şirvan İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)-885/2023 saylı qərardadı ilə, məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizası təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4098 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4098 №-li ekspert rəyi məhkəməyə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4098 nömrəli ekspert rəyinin nəticə hissəsi aşağıdakı kimi göstərilmişdir: JN: 0080 Dövlət aktı üzrə Aqrar islahat keçirilən zaman İddiaçı və ailə üzvlərinə verilmiş 25 ha pay torpaq sahəsinin X5 X10 (TEKUİS) də qeyd edilən sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Eyni zamanda Aqrar islahat zamanı JN: 0080 Dövlət aktı üzrə İddiaçı və ailə üzvlərinin faktiki istifadəsinə verilmiş 2.25 ha torpaq sahəsinin də sərhədləri və döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. JN:0080 Dövlət aktı üzrə Aqrar islahat keçirilən zaman İddiaçı və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsi 1998-ci ildə dövlət mülkiyyətində olan əkin sahəsi olmuşdur. Hazırda xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid əkin torpaq sahəsidir. JN:0080 Dövlət aktı üzrə Aqrar islahat keçirilən zaman İddiaçı və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsinə dair sənəd tərtib edilmədiyi üçün qeyd edilən 2.25 ha torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq olub-olmamasını müəyyən etmək olmadı. Eyni zamanda JN: 0080 Dövlət aktı üzrə Aqrar islahat keçirilən zaman İddiaçı və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsinin mövcud baza məlumatlarının əks olunduğu X5 X6 (TEKUİS)-də qeyd edilən koordinatları ilə faktiki istifadəsində olan 2.25 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq mövcuddur. Qeyd edilən torpaq sahələrinin koordinatları və döngə nöqtələri mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında göstərilmişdir. JN:0080 Dövlət aktı üzrə Aqrar islahat keçirilən zaman İddiaçı və ailə üzvlərinə verilmiş 2.25 ha pay torpaq sahəsinin X5 X6 (TEKUİS)-də qeyd edilən ərazisinin 1.8750 ha hissəsi faktiki olaraq İddiaçı istifadəsindədir və təyinatı üzrə istifadə edilir. Qeyd edilən torpaq sahəsinin 0.3750 hissəsi isə digər şəxslərin istifadəsindədir və əkin kimi istifadə edilir. JN:0080 Dövlət aktı üzrə Aqrar islahat keçirilən zaman İddiaçı və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. İş materiallarında olan İmişli rayon İcra hakimiyyəti Başçısının İmişli şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-53-12-1/2-65/2025 saylı məktubda bildirilir ki, 2-1 (120)-2392/2022 saylı, xx.xx.2023-cü il tarixli məktuba cavab olaraq bildirir ki, Aqrar islahatı zamanı İddiaçı verilmiş 2,25 ha çöl pay torpaq sahəsindən hal-hazırda özü istifadə edir. İş materiallarında olan İmişli rayon Dövlət Arxivinin 23 fevral 2023-cü il tarixli 31 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı məhkəmə mübahisəli məsələsi ilə bağlı sorğuya cavab olaraq bildirilir ki, vətəndaşlara verilmiş çöl pay torpaqlarının Dövlət aktlarının surətləri mühafizəsi və saxlanılması üçün İmişli rayon DA-nə təhvil verilməmişdir. İş materiallarında olan İmişli rayon İcra hakimiyyəti Başçısının məhkəməyə ünvanladığı məktubdan görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi idarəsinə qarşı “İmişli rayonunda aqrar islahatı zamanı iddiaçıya və ailə üzvlərinə verilmiş 2,25 ha çöl pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatı ilə əlaqədar bildirilir ki, qeyd edilən məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin arixivində JN (KOD ********) nömrəli dövlət aktına əsasən, mülkiyyətə verilmiş torpaq sahəsinin planında İddiaçı adına göstərilən qonşu torpaq sahəsi barədə məlumat və sənədlər aşkar olunmadı. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, Kadastr X6 torpaq sahəsinin koordinatları müəyyən edilmişdir, iddiaçılarının iddia etdikləri torpaq sahəsinin sərhədləri və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Yuxarıda qeyd edilən hüquq normalarının tələbindən göründüyü kimi iddiaçıların hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçı tərəfindən iddia edilən torpaq sahəsinin qanunla müəyyən edilmiş hüquqmüəyyənedici sənədlər əsasında ona məxsus olmasıdır. İddiaçıların iddia etdiyi JN-0080 saylı dövlət aktının mövcudluğu barədə, həmçinin iddiaçıların istifadəsində olan İmişli rayonu, Otuziki kəndi 2,25 ha kənd təsərrfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış torpaq sahəsinin onlara məxsus olmasına dair sübutlar təqdim edilməmişdir. İddiaçılar hazırda İmişli rayonunda aqrar islahatı zamanı iddiaçıya və ailə üzvlərinə verilmiş 2,25 ha pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edirlər. Məhkəmə hesab edir ki, baxılan mübahisəyə münasibətdə iddiaçının mübahisəli torpaq sahəsinə dair subyektiv hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur. Bununla əlaqədar nəzərə almaq lazımdır ki, iddiaçının subyektiv hüququnun olmaması, qeyd edilən torpaq sahəsinə dair qərarın qəbulunu cavabdehdən tələb etmək imkanını istisna edir. Başqa sözlə, iddiaçının hüquqmüəyyənedici sənəd olmadan torpaq sahəsindən istifadə faktına istinad etməsi onun həmin torpaq sahəsi ilə bağlı tələb hüququnun mövcud olması və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıması kimi qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Bundan başqa məhkəmə hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir (maddə 5). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Sovxoz və kolxozlarda daimi işləyən şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və ya kolxozun ərazisində olan şəxslər; sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş digər şəxslər; bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərdir. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır (maddə 12). Torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqlarının sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Hüquq münasibətlərinin yarandığı zaman yəni xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddətinin keçməsindən asılı olmayaraq, pozulmuş hüququn müdafiə edilməsinə dair tələb baxılmaq üçün məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən qəbul edilir (maddə 76). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 76). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). xx.xx.2012-ci il tarixədək qüvvədə olmuş xx.xx.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmənin gəldiyi hüquqi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il 3 nömrəli bülletenində (11-ci səhvənin sonuncu abzası) öz əksini tapmış hüquqi mövqe ilə eynidir. Həmin bülletendə qeyd olunmuşdur ki: “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. İş materiallarından görünür ki, iddiaçıların qonşuluğunda olan şəxslərə -X14 və onun ailə üzvlərinə İmişli rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 1.80 ha torpaq sahəsi ayrılmış və bundan sonra xx.xx.1999-cu il tarixdə onların adına verilmiş JN-0079 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı 5979 nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X24 Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3—60/2-1882/2023 nömrəli məktubda göstərilmişdir ki, 2-1(120)-885/2023 nömrəli inzibati iş ilə əlaqədar zəruri sənədlərin təsdiq olunmuş surətinin verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X24nə daxil olmuş məktuba "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aidiyyəti üzrə baxılmışdır. Mərkəzin arxivində JN-0080 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı" aşkar edilməmişdir. İmişli rayonu, Otuzikilər kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarından çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmə tərəfindən nəzərə çatdırılır ki, İmişli rayonu, Otuzikilər kəndi üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də İmişli rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli Qərarından çıxarış üzrə qeyd edilən torpaq sahəsi iddiaçılara məxsus başqa ərazidə yeerləşən torpaq sahəsidir ki, iddiaçılar tərəfindən müvafiq torpaq sahəsi mübahisələndirilmir. Göründüyü kimi məhkəmə tərəfindən aparılmış araşdırma və verilmiş sorğular əsasında iddiaçılara məxsus -0080 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı", həmçinin İmişli rayonunda aqrar islahatı zamanı iddiaçıya və ailə üzvlərinə verilmiş 2,25 ha pay torpaq sahəsinə dair mövcud subyektlərin siyahılarında iddiaçıların adları aşkar edilməmişdir və ya hər hansı hüquqmüəyyənedici sənədlər əldə edilə bilməmişdir. Hətta şərti olaraq məhkəmə tərəfindən qəbul edilsə ki, iddiaçıların subyektiv hüququ var, bununla belə iddiaçılar hazırki iddianı qaldırmaq üçün prosessual müddəti ötürmüşlər. Belə ki, işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçılar torpaq islahatı zamanı aqrar islahat komissiyaları tərəfindən adam başına düşən normaya uyğun onlara torpaq sahəsinin verilməsini iddia edirlər və buna dair hüquqmüəyyənedici sənəd tələb edirlər. Başqa sözlə, iddiaçıların hazırki iddianı qaldırmaqda məqsədi torpaqların bölgüsünü həyata keçirən aqrar islahat komissiyalarının hərəkətlərindən və qəbul etdikləri qərardan şikayət verilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların iddia etdiyi ərazidə torpaq islahatı Aqrar İslahat Komissiyasının 1998-cu il 18 avqust tarixli qərarı əsasında həyata keçirilmişdir. "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Sovxoz və kolxozların əmlakından tələbi olan fiziki və hüquqi şəxslərin, digər subyektlərin dairəsi, hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimlənir. Torpaq islahatının aparılması Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir (maddə 3). İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir (maddə 4). Rayon aqrar islahat komissiyasını rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası rayon aqrar islahat komissiyasının tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Rayon aqrar islahat komissiyası müvafiq surətdə Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına hesabat verir (maddə 7). Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir (maddə 8). Dövlət kənd təsərrüfatı istehsalı müəssisələri əmlakı özəlləşdirilən və əmlakı dövlət mülkiyyətində saxlanılan müəssisələrə bölünür. Toxumçuluq, cins mal-qara və damazlıq təsərrüfatları, atçılıq zavodları, elmi-tədqiqat və tədris müəssisələrinin təcrübə bazaları, vəhşi heyvandarlıq sovxozları və dövlət əhəmiyyətli digər müəssisələrin yalnız əsas istehsal məqsədlərini təmin etmək üçün tələb olunan əmlakı dövlət mülkiyyətində saxlanılır, qalan əmlak özəlləşdirilir. Əmlakın xüsusi mülkiyyətə verilməsi üçün fərdi əmlak payları müəyyənləşdirilir. Pay almaq hüququ olan şəxslərin qərarı ilə əmlak payı naturada fərdi və ya birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətə verilir. Əmlak payının naturada verilməsi mümkün olmadıqda onun dəyəri ödənilir (maddə 9). Fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər (maddə 25). Məhkəmə tərəfindən qeyd edilir ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılmışdır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşımışlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilmişdir. Rayon Aqrar İslahat Komissiyaları vətəndaşlara pay torpaq sahələrinin mülkiyyətə verilməsi ilə əlaqədar qərarlar qəbul etmişdir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. İddiaçılar hüquqi maraqlarına uyğun razılaşmadıqları Aqrar İslahat Komissiyasının 1998-ci il 18 avqust tarixli qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verə bilərdilər. Lakin işdən görünür ki, iddiaçılar üzərindən uzun müddət keçməsinə baxmayaraq həmin qərarı mübahisələndirməmişdirlər və şikayət vermə müddətini ötürmüşdürlər. Eyni zamanda həmin qərardan şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzürlü səbəbdən buraxılması barədə sübutları təqdim edilməmişdirlər. Həmçinin iddia etdikləri JN-0080 saylı şəhadətnamənin mövcud olub-olmaması barədə müraciətlər etməmiş, məhkəmə qaydasında müahisələndirməmişlər. Azərbaycan Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Göründüyü kimi 2006-cı ilin iyul ayınadək Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpağa mülkiyyət hüququna dair şəhadətnamələr və s. sənədlər tərtib edilmişdir. İddiaçıların məhkəməyə təqdim etdiyi sənədlər əsasında onların adına tərtib olunduğunu iddia etdikləri JN-0080 saylı şəhadətnamə mövcud deyil, onun tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır, həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivindən həyətyanı torpaq sahələri verilmiş subyektlərin siyahısında iddiaçıların adı siyahıda aşkar edilməmişdir. Bundan başqa cavabdeh orqanın etiraz məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN- 0080 Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 05 fevral 2015-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Fərmanın 2.1-ci bəndinə əsasən, ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilir. Qeyd edilənlərə əsasən, torpaq sahəsinə şəhadətnamənin tərtib edilməsi və ya torpaq sahələrinə hər hansı hüquqmüəyyənedici sənədlərin tərtib edilməsi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətinə daxil deyildir. Belə ki, cavabdeh orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, hazırkı iddia mümkün iddia deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı, X4, X1, X2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “İmişli rayonunda aqrar islahatı zamanı iddiaçıya və ailə üzvlərinə verilmiş 2,25 ha pay torpaq sahəsinə hüquqmüəyyənedici sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim : Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar