Məhkəmə qərarları › İş №2-1(120)-1200/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1200/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1200/2025 04.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqənin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1200/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilərək iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1997-ci il tarixdə Cəlilabad rayonu, Babalı kəndində anadan olmuşdur. 2003-cü ildə Cəlilabad rayonu, Babalı kənd orta məktəbinə getmişdir. 2014-cü ildə həmin orta məktəbi bitirmişdir. Azərbaycan Respublikasının silahlı qüvvələrində hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında olmaq üçün təhsilini davam etdirmiş və nəticədə 2021ci ildə hərbi həkim ixtisası üzrə bitirmişdir. Tibb Xidməti leytenant rütbəsini almışdır. 28 sentyabr 2020-ci il tarixində, yəni Vətən müharibəsi başlayan zaman N nömrəli hərbi hissədə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmiş. Həmin vaxtlarda, yəni 28 sentyabr 2020-ci il tarixindən 29 dekabr 2020-ci il tarixinə kimi Azərbaycan Respublikasının suverənliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borumu yerinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin hərbi yardımı göstərilməsində fəal iştirak etmişdir.Bundan başqa ezam olunduğu həmin ərazilərdə 28 sentyabr 2020-ci il tarixindən 29 dekabr 2020-ci il tarixinə kimi döyüş əməliyyatlarında iştirak etmişdir. Murovdağ yüksəklikləri, Goranboy və Tərtər rayonlarında isə fəaliyyəti zamanı xəstəxananın hər tərəfi mütəmadi olaraq ağır artireliyalardan atəşə tutulurdu. Bu atəşlər zamanı xəstəxananın təcili tibbi yardım avtomobili atəşə məruz qalmış və möcüzə şəklində tibbi personal heyəti yaralanaraq sağ qalmışdır. Belə ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ötrü cavabdeh təşkilatlara müraciət etmiş. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona ünvanladığı məktubda müharibə veteranı adının və vəsiqəsinin verilməsini məqsədə uyğun hesab etməmişdir. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqəsdi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəlilabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia həm mümkün iddiadır, həm də əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci ildə anadan olmuş və Cəlilabad rayonu, Babalı kəndində qeydiyyatdadır. - İşdə olan EZ№0017458 nömrəli hərbi biletinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hərbi xidmətdə olmuşdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli 3170 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin Aparatı, Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi müdirinin müşayiət məktubu ilə Müdafiə Nazirliyinə daxil olmuş elektron məktuba cavab olaraq təkrar bildirilir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2037 nömrəli arayışına əsasən Tərtər rayonu Talış kəndi və Suqovuşan istiqamətlərində fəaliyyəti təsdiqlənmədiyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə “Vətən müharibəsi” dövründə (N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə dair təsdiqedici sənədlər olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir. - İşdə olan Tərtər Hərbi prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Tərtər Hərbi Prokurorluğunda vətəndaş İddiaçı barəsində əvvəllər və hal-hazırda təqsirləndirici material araşdırılmamış və cinayət işi istintaq olunmamışdır. - İşdə olan 130 saylı Hərbi Hissənin xx.xx.2022-ci il tarixli, 3676 saylı arayışından görünür ki, kursant İddiaçı ondan ötürü ki, o, həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən “Vətən müharibəsin”-də N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında iştirak etmişdir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 2030 nömrəli məktubunda göstərilmişdir ki, N №-li hərbi hissə komandirinin 2020-ci il tarixli nizami hissə üzrə əmrləri və Azərbaycan Respublikası Müdafiə nazirinin 2020-ci il tarixli məxfi əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə təhvil verilmədiyindən İddiaçı xidməti və N №-li hərbi hissənin 2020-ci il tarixdə döyüş əməliyyatlarında iştirak edib-etməməsi barədə məlumat verə bilmir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43/2-15-1003/24 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.1997-ci il təvəllüdlü Cəlilabad rayon sakini İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsində kursant kimi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin sərəncamına ezam olunmuş İddiaçı qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməyərək xidməti intizamı kobud və mütəmadi pozduğuna görə ədliyyə orqanlarından xaric edilmişdir. İddiaçı müharibədə iştirakına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsində heç bir məlumat yoxdur. - İşdə olan Tərtər Hərbi prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissədə xidmət etmiş vətəndaş İddiaçı barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğuna xx.xx.2024-cü il tarixdə ünvanladığı 2-1(120)-3830/2024 nömrəli məktubunuza cavab olaraq bildirilir ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Tərtər Hərbi Prokurorluğunda cinayət işi istintaq olunmamış və araşdırma aparılmamışdır. - İşdə olan Cəlilabad rayon Polis şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 4 sakini İddiaçı barəsində məhkumluq məlumatı aşkar olunmamış və Cəlilabad RPŞ-də hal-hazırda hər hansı bir təqsirləndirici material yoxdur, həmçinin cinayət işinin istintaqının aparılması qeydiyyata alınmamışdır. - İşdə olan Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin məhkəməyə ünvanladığı 30.0.2024-cü il tarixli, 1152 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı “2-ci Vətən müharibəsi“ ndə iştirak etməsi, Hərbi Tibb Fakültəsində kursant kimi təhsil alması, Fakültəni bitirməsi barədə əmrdən çıxarışları və ezamiyyət vəsiqəsinin surətini ünvana göndərmişdir. - İşdə olan Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2019-cu il tarixli, 38 nömrəli əmrində göstərilmişdir ki, İddiaçı Hərbi həkim ixtisası hazırlığı kurslarının V kurs kursantı hesab edilmiş və bütün növ təminatlara qoyularaq xx.xx.2019cu il tarixdən İlkin təlim toplanışına cəlb edilmişdir. - İşdə olan Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli, 212 nömrəli əmrində göstərilmişdir ki, Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı müvafiq hərbi hissələrə xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş hesab edilmişdir. - İşdə olan Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli, 285 nömrəli əmrində göstərilmişdir ki, Kursant İddiaçı, Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı Hərbi həkim ixtisası hazırlığı kursunun Vİ kurs və Feldşer hazırlığı kursunun İİ kurs kursantları müvafiq hərbi hissələrdən N dekabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmiş hesab edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli, 2507 nömrəli ezamiyyət vəsiqəsində göstərilmişdir ki, kursant İddiaçı DH və HTBİ Rəisinin 26/1071 nömrəli telefonoqrammasına əsasən, 130 saylı Hərbi Hissəyə 60 gün müddətinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam olunmuşdur. - İşdə olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2021-ci il tarixli, 144 nömrəli əmrində göstərilmişdir ki, Kursant İddiaçı 30 iyun 2021-ci il tarixdən Hərbi Tibb Fakültəsinin bütün növ təminatlardan çıxarılsın və xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Ədliyyə nazirinin sərəncamına göndərilmişdir. - İşdə olan Tibb baş idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16- 20-01/2-1491/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2021 -ci il tarixdən xx.xx.2023-cü il tarixədək ədliyyə orqanlarında qulluq etmiş, İxtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin həkimi kimi çalışmışdır. xx.xx.2023-cü il tarixdə xidməti intizamı kobud və mütəmadi pozduğuna görə ədliyyə orqanlarından xaric edilmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43/2-15-1493/24 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı şəxsi işində olan sənədlərin təsdiq edilmiş kserosurətləri ünvana göndərilir. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirli üzrə xx.xx.2023-cü il tarixli, 541 nömrəli əmrində göstərilmişdir ki, qanunla müəyyən edilmiş əsas vəzifələrini yerinə yetirməyərək xidməti intizamı kobud və mütəmadi pozduğuna görə ixtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin böyük həkim-ftiziatrı tibb xidməti leytenantı İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. - İşdə olan 130 saylı Hərbi Hissə komandirinin xx.xx.2020-ci il tarixli, 040 nömrəli əmrində göstərilmişdir ki, Hərbi hissənin qərargah rəisi- hərbi hissə komandirinin müavini : Müdafiə zolağında düşmənlə təmas xəttində gərginliyin artması və yaranmış vəziyyətə görə işğal altında saxlanılan torpaqların azadlığı uğrunda N nömrəli hərbi hissənin bölmələri N sentyabr 2020-ci il tarixdən döyüş əməliyyatlarında iştirak etməklə döyüş tapşırıqlarını icra etmişdir. - İşdə olan 130 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 356 nömrəli arayışında göstərilmişdir ki, verilir, kursant İddiaçı ondan ötürü ki, o həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir.xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin həkim yardımı göstərilməsində və təxliyyəsində fəal iştirak etmişdir. - İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirli Penitensiar Xidmət tərəfindən məhkəməyə ünvanlanmış 0.01.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Penitensiar xidmətin arxivində şəxsi işi olmadığına görə İddiaçı barədə məlumat verilməsi mümkün olmamışdır. “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə əsasən Ədliyyə Nazirliyi tərəfindən yaratdığı müvafiq komissiyaların rəyinə əsasən verilir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43/2-15-1976/24 nömrəli məktubunnda qeyd edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin qeydiyyatında olan xx.xx.1997-ci il təvəllüdlü ehtiyatda olan tibb xidməti leytenantı İddiaçı Şəxsi iş materiallarının təsdiq edilmiş surəti ünvana göndərilmişdir. - İşdə olan Ədliyyə orqanlarında “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi üzrə Komissiyanın iclasının xx.xx.2022-ci il tarixli, 22 saylı protokoluna əsasən, ədliyyə orqanlarında çalışan –ixtisaslaşdırılmış müalicə müəssisəsinin tibb xidməti V vərəm şöbəsinin həkim-ftiziatrı İddiaçı müharibə adı və vəsiqəsi verilməsi qərara alınmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd:Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə,fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.(maddə 3). Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti,Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir (maddə 7). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş,“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh orqana müharibə veteranı statusunun və vəsiqəsinin verilməsini xahiş etmişdir, lakin cavabdeh orqan tərəfindən məktubla imtina edilərək, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2023-cü il tarixli 2037 nömrəli arayışına əsasən Tərtər rayonu Talış kəndi və Suqovuşan istiqamətlərində fəaliyyəti təsdiqlənmədiyinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Əsasnamənin birinci hissəsinin onuncu və on birinci abzaslarında qeyd edilən ərazilərdə “Vətən müharibəsi” dövründə (N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək) tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsinə dair təsdiqedici sənədlər olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəməyə daxil olmuş məlumatlar əsasında müəyyən olunur ki, 130 saylı Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 356 nömrəli arayış təqdim edərək göstərmişdir ki, kursant İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə ezam olunmuş və həkim köməkçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində N nömrəli hərbi hissənin tərkibində Murovdağ yüksəklikləri və Goranboy rayonu Gülüstan qəsəbəsi, Tərtər rayonu Talışkənd istiqamətində xidməti vəzifə borclarını yerinə yetirərək döyüş əməliyyatlarında yaralıların ilkin tibbi yardımı, ilkin həkim yardımı göstərilməsində və təxliyyəsində fəal iştirak etmişdir. İddiaçı şəxsi iş materialları məhkəməyə təqdim edilmiş və iş materiallarında Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli, 2507 nömrəli ezamiyyət vəsiqəsi, Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli, 212 nömrəli əmri, Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli, 285 nömrəli əmri təqdim edilmişdir. Məhkəmə tərəfindən hesab edilir ki, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Göründüyü kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə xidmət keçməsini sübut edən yuxarıda qeyd edilən sənədlər təqdim edildikdə müharibə veteranı adının verilməsi mümkündür. İşin müəyyən edilmiş hallarndan görünür ki, iddiaçı döyüş əməliyyatlarında iştriak edən hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş və xidmətini başa vurduqdan sonra qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə xidmət keçməsini sübut edən yuxarıda qeyd edilən sənədlər təqdim edildikdə müharibə veteranı adının verilməsi mümkündür. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin xx.xx.2020-ci il tarixli, 2507 nömrəli ezamiyyət vəsiqəsi ilə xx.xx.2020-ci il tarixdən 2 (iki) ay müddətinə döyüş tapşırığını yerinə yetirmək məqsədilə ezamiyyətə getmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir və Hərbi həkim ixtisası hazırlığı kurslarının Vİ kursantı Hərbi həkim ixtisası hazırlığı kursunun Vİ kurs və Feldşer hazırlığı kursunun İİ kurs kursantları müvafiq hərbi hissələrdən N dekabr 2020-ci il tarixdə ezamiyyətdən gəlmişdir. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı hazırki tələbi irəli sürməkdə haqlıdır və ona müharibə veteranı adı verilməlidir. İddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün yuxarıda qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün adının razılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğugündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar