Məhkəmə qərarları › İş №2-1(120)-1202/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1202/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1202/2021 02.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2013-cü il tarixli, 530 saylı sərəncamı əsasında ona məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən ümumi sahəsi 60,41 kv.m-dən ibarət iki otaqlı, 21 saylı mənzilin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2013-cü il tarixli, 530 saylı sərəncamı əsasında ona məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən ümumi sahəsi 60,41 kv.m-dən ibarət iki otaqlı, 21 saylı mənzilin adına qeydiyyata alınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(120)-1202/2021 saylı qərardadı ilə Lənkəran şəhər İcra Hakmiyyəti, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi, “X27” ASC, X16, X22, X26, X29 və X11 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1990-cı illərin əvvəllərindən Lənkəran şəhəri, Heydər Əliyev prospekti ünvanında yerləşən, 1 mərtəbəli 16 mənzilli yaşayış binasında öz ailə üzvləri ilə birlikdə yaşamışdır. Sonradan həmin bina təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdüyündən, bina dövlət tərəfindən sökülmüş və binanın digər sakinləri kimi onları də müvəqəti olaraq başqa ünvanda yerləşən yaşayış məntəqələrinə köçürülmüşdürlər. Sonradan onlar üçün hazırda yaşadığı Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən binada yeni mənzillə təmin edilmişdir. Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 saylı sərəncamı ilə ayrılmış Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 ünvanında yerləşən ümumi sahəsi 60,41 kv.m-dən ibarət, iki otaqlı 21 saylı mənzildə ailə üzvləri ilə birlikdə həmin dövrdən hal-hazıradək yaşayır. Həmin mənzilə dair bütün kommunal bildirişlər də onun adına gəldiyindən, aidiyyəti ödənişlər vaxtı-vaxtında tərəfindən ödənilmişdir. Ailə üzvləri ilə həmin dövrdən hal-hazıradək yaşadığı mənzilə dair Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi ilə aralarında bağlanmış 18 iyun 2015-cı il tarixli “Sosial Kirayə Müqaviləsi” də mövcuddur. Həmçinin, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cı il tarixli, 530 saylı sərəncamı ilə “Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi”nin balansında olan sözü gedən ünvanda yerləşən həmin 21 saylı mənzil ona verilmişdir. Yuxarıda barəsində qeyd olunan halları nəzərə alaraq həmin mənzilin dövlət qeydiyyatına alınması ilə əlaqədar qeyd edilən zəruri sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə təqdim etmişdir. Xidmət orqanı olaraq həmin idarə tərəfindən onun müraciətinə imtina verilmişdir. Qeyd edilənlərə əsasən Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 saylı sərəncamı əsasında ona məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən ümumi sahəsi 60,41 kv.m-dən ibarət, iki otaqlı, 21 saylı mənzilin adına qeydiyyata alınması barədə qərar qəbul olunması xahiş olunmuşdur. İddiaçının nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X18 şifahi məhkəmə iclasında izahatında, iddia tələbinin təmin olunmasına etiraz etməyərək, iddia tələbinin təmin olunacağı təqdirdə, icrası tərəflərindən həyata keçiriləcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər Lənkəran şəhər İcra Hakmiyyəti, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi, “X27” ASC, X22, X26, X29 və X11 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslər Lənkəran şəhər İcra Hakmiyyətinin, Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin, “X27” ASC-nin nümayəndələrinin, X15, X17, X23 və X6 iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin 16 may 2021-ci il tarixli, **********03 nömrəli məktubunda qeyd edilmişdir: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 30 aprel tarixli, ********** qeydiyyat nömrəli ərizənizlə əlaqədar olaraq bildiririk ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli 530 saylı sərəncamı ilə sizə ayrılmış 21 saylı mənzilə dair yaranmış hüquqların qeydiyyata alınması ilə əlaqədar təqdim etdiyiniz hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sözügedən ünvanda yerləşən 21 saylı mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə təqdim etdiyiniz sənədlərə 10 saylı Lənkəran Ərazi İdarəsində daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, həmin mənzilə dair yalnız tərəfinizdən sözü gedən mənzilin ayrılmasına dair Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2013- cü il tarixli 530 saylı sərəncamdan çıxarışın təsdiqlənmiş surəti və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi ilə aranızda bağlanmış 18 iyun 2015-cı il tarixli “Sosial Kirayə müqaviləsi”nin təsdiqlənmiş surəti təqdim olunmuşdur. Bununla əlaqədar bildiririk ki, mənzil fondunun özəlləşdirilməsi və mənzillər üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li Forma) və mənzil sahəsinin orderinin əslini əlavə etməlidir. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının aparılması qaydalarına uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri tərəfinizdən pozulmuşdur. Bununla yanaşı, Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Bu baxımdan tərəfinizdən yeni Mənzil Məcəlləsi ilə (01 oktyabr 2009-cu il tarixindən sonra) müəyyən edilmiş qaydada “sosial kirayə müqaviləsi” təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması təsdiq edilməmişdir. Təqdim olunmuş yuxarıda barəsində qeyd olunan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2013-cü il tarixli 530 saylı sərəncamdan çıxarışın təsdiqlənmiş surəti və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi ilə aranızda bağlanmış 18 iyun 2015-cı il tarixli “Sosial Kirayə müqavilə”si 01 oktyabr 2009-cu il tarixindən sonrakı dövrə təsadüf etdiyindən, həmin mənzilə dair sizin adınıza müvafiq qeydiyyatın aparılması mümkün olmamışdır. Yuxarıda qeyd olunan səbəblərdən " Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin 23 iyul 2021-ci il tarixli, **********67 nömrəli məktubunda qeyd edilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021-ci il 09 iyun tarixli, 2-1 (120)-1202/2021 saylı inzibati iş üzrə sərəncamın icrası olaraq Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən, ümumi sahəsi 60,41 kv.m-dən ibarət 21 saylı mənzilə dair iş üzrə iddiaçının adına mülkiyyət hüququnun tanınması məsələsinə münasibətdə, həmin iş üzrə iddia tələbinə Ərazi İdarəsinin rəsmi münasibətinin (etirazının) bildirilməsi proseduru ilə əlaqədar tərəfimizdən sözü gedən daşınmaz əmlaka dair arxiv və baza məlumatları araşdırıldı. Sözü gedən ünvanda yerləşən mənzilin özəlləşdirilməsinə köməklik göstərilməsi barədə hazırki iş üzrə iddiaçı X2 təqdim etdiyi sənədlərə 10 saylı Lənkəran Ərazi İdarəsində daimi fəaliyyətdə olan ekspertiza komissiyası tərəfindən baxılmışdır. Araşdırmanın nəticəsi olaraq məlum olmuşdur ki, sözü gedən mənzilə dair hazırki iş üzrə iddiaçı tərəfindən yalnız həmin mənzilin onun adına verilməsinə dair mühüm əhəmiyyətli sənədlərdən sayılan Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23.12.2013- cü il tarixli, 530 saylı sərəncamdan çıxarışın təsdiqlənmiş surəti və Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi ilə iddiaçı arasında bağlanmış 18 iyun 2015-cı il tarixli “Sosial Kirayə Müqaviləsi”nin təsdiqlənmiş surəti təqdim olunmuşdur. Bununla əlaqədar bildiririk ki, mənzil fondunun özəlləşdirilməsi və mənzillər üzərində hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada tənzimlənir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaş müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışını (2 N-li Forma) və mənzil sahəsinin orderinin əslini əlavə etməlidir. Göründüyü kimi, daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatının aparılması qaydalarına uyğun olaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinin tələbləri hazırki iş üzrə iddiaçı tərəfindən pozulmuşdur. Bununla yanaşı, Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən, sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Bu baxımdan yanaşsaq belə, hazırki iş üzrə iddiaçı tərəfindən yeni Mənzil Məcəlləsi ilə (01 oktyabr 2009-cu il tarixindən sonra) müəyyən edilmiş qaydada sosial kirayə müqaviləsi təqdim edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli forması (01 oktyabr 2009- tarixindən sonrakı dövrə münasibətdə) hal-hazıradək təsdiq edilməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin dövrdə sözü gedən ünvanda yerləşən mənzilə dair yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. Yuxarıda qeyd edilənlərə münasibətdə bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka dair hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarları göstərilir. Qeyd olunan səbəblərdən həmin mənzilə dair hazırki iş üzrə iddiaçının adına müvafiq qeydiyyatın aparılmasından qanunvericiliyin tələbinə uyğun olaraq imtina edilmişdir və bu baxımdan hazırki iddia tələbinə dair qanunamüvafiq qərar qəbul etməyinizi Xahiş edirik. Hazırki iş üzrə sərəncamın icrası olaraq bildiririk ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən, ümumi sahəsi 60,41 kv.m-dən ibarət 21 saylı mənzilin İddiaçı adına qeydiyyata alınması barədə qərar qəbul edildiyi təqdirdə, icrası tərəfimizdən təmin olunacaqdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin 19 oktyabr 2021-ci il tarixli, **********83 nömrəli məktubunda qeyd edilmişdir: Sizin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə ünvanlanmış 2021 -ci il 04 oktyabr tarixli məktubunuza cavab olaraq bildiririk ki, icraatda olan 2-1(120)4202/2021 saylı inzibati iş üzrə göndərilən sorğunun “Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən 3 mərtəbəli, 24 mənzilli yaşayış binasında yaşayan digər şəxslərin adına aparılmış qeydiyyata dair müvafiq sənədlərin təsdiqlənmiş surətinin təqdim olunmasına münasibətdə” aidiyyəti hissədə icrası barədə müraciətinizə Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Hazırki müraciətin icrası olaraq bildiririk ki, sorğuda barəsində qeyd olunan Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən 3 mərtəbəli, 24 mənzilli yaşayış binasının 16 saylı mənzilinə dair Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 nömrəli sərəncamı əsas götürülməklə Şirvan inzibati Məhkəməsinin icraatında olan 2- 1(86)-952/2014 saylı iş üzrə qəbul edilmiş 04 noyabr 2014-cü il tarixli qərarı ilə tərəfimizdən X7 adına 31.01.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. Sonradan həmin şəxs Lənkəran rayon Notariat Ofisində bağlanmış 11 may 2016-cı il tarixli, 4Ə-471 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin mənzili özgəninkiləşdirmiş və sonuncu mülkiyyətçi olaraq X14 adına daşınmaz əmlakın dövlət reyestrindən 31.05.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli müvafiq “Çıxarış” verilmişdir. İşdə olan X24 filialının 30.07.2019-cu il tarixli, A/402 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 nömrəli sərəncamı əsasında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil X3 verilmişdir. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin 07 may 2021-ci il tarixli, 697 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında yaşayır. İşdə olan 18.06.2015-ci il tarixli sosial kirayə müqaviləsindən görünür ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 08 fevral 2013-cü il tarixli, 80 nömrəli sərəncamı əsasında İddiaçı ilə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi arasında Lənkəran şəhəri, Ş.Xiyabanı 46/2a, 21 saylı mənzil üçün kirayə müqaviləsi bağlanmışdır. İşdə olan X24 filialının 07.07.2021-ci il tarixli, B/192 nömrəli məktuba əlavə olunmuş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 nömrəli sərəncamında və Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Məsələləri Komissiyasının 25 iyun 2013-cü il tarixli, 16 nömrəli iclasının protokolundan görünür ki, Lənkəran şəhəri, Heydər Əliyev prospekti 46-da yerləşən 1 mərtəbəli, 16 mənzilli yaşayış binası təbii fəlakət nəticəsində qəzalı vəziyyətinə düşdüyündən, binanın sakinləri müvəqqəti olaraq digər yaşayış məntəqələrinə köçürüldüyündən həmin binanın sakinləri üçün Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yeni 3 mərtəbəli 24 mənzilli yaşayış binası tikildiyindən, qəzalı binadan çıxarılmış sakinlərin ailə üzvləri ilə birlikdə yeni binaya köçürülməsi məqsədilə Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil X3 verilmişdir. İşdə olan X24 filialının 07.07.2021-ci il tarixli, B/193 nömrəli məktuba əlavə olunmuş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 nömrəli sərəncamında və Lənkəran şəhər İcra Hakimiyyəti Başçısı Aparatı Mənzil Məsələləri Komissiyasının 25 iyun 2013-cü il tarixli, 16 nömrəli iclasının protokolundan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil X3 verilmişdir. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi 17.07.2021-ci il tarixli, 10-54/7-880 nömrəli məktubuna əlavə olunmuş X3 ünvanlanmış 17/4-365 nömrəli, 06.08.2011-ci il tarixli məktubdan görünür ki, “X27” ASC-nin balansından olan yaşadıqları mənzil qəzalı vəziyyətə düşdüyündən müvəqqəti olaraq başqa yerə köçməsinin zəruriliyi bildirilmişdir. İşdə olan Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətinə göndərdiyi 15.07.2021-ci il tarixli, 114 nömrəli məktubundan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 08 fevral 2013-cü il tarixli, 80 nömrəli sərəncamına əsasən Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansına verilmişdir. 18 iyun 2015-ci il tarixdən Mənzil Təsərrüfatı İdarəsi X5 ilə sosial kirayə müqaviləsi bağlamışdır. Həmin tarixdən 21 saylı mənzildə X4 Rəvanə Ələskər qızı öz ailəsi ilə birlikdə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 nömrəli sərəncamı və İddiaçı ilə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi arasında bağlanmış 18.06.2015-ci il tarixli sosial kirayə müqaviləsi əsasında Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil X3 verilmişdir, həmin sənədlər hazırda da qüvvədədir, ləğv edilməmişdir və həmin mənzilin balans saxlayıcısı olan iş üzrə üçüncü şəxs sözü gedən mənzilin X3 qanuni əsaslarla verildiyini və həmin mənzildə ailə üzvləri ilə yaşadığını təsdiq etmişdir. Həmçinin müəyyən edilmşdir ki, sözügedən mənzil üzərində iddiaçının əmlak hüquqları 2013-cü il tarixindən sonra rəsmiləşdirilməsinə baxmayaraq iddiaçının həmin əmlak üzərində hüquqları daha əvvəl yaranmışdır. Belə ki, iş materiallarından müəyən olunur ki, sözügedən mənzil iddiaçıya əvvəllər yaşadığı Lənkəran şəhəri, Heydər Əliyev prospekti 46 ünvanda yerləşən 1 mərtəbəli 16 mənzilli yaşayış binasının təbii fəlakət nəticəsində qəza vəziyyətinə düşməsi səbəbindən, həmin mənzilin əvəzinə verilmişdir. İddiaçı yuxarıda qeyd edilən sənədlər əsasında ona verilmiş Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin inzibati orqan tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4.0 və 4.0.2-ci maddəslərinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 8.0-cı, 8.0.1-ci və 8.0.2-ci maddələrinə əsasən mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər, mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktlarıdır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin verilməsi haqqında qərara əsasən yazılı formada bağlanır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən mənzil üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsasların olduğu müəyyən olunmuşdur. Belə ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil iddiaçının adına Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 nömrəli sərəncamı və İddiaçı ilə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi arasında bağlanmış 18.06.2015-ci il tarixli sosial kirayə müqaviləsi əsasında rəsmiləşdirilmişdir. İddiaçı həmin sənədlər əsasında sözügedən mənzilə öz adına çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə həmin sənədlər sözügedən mənzil üzərində hüququn qeydə alınması üçün əsasdır. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin birtipli formasının təsdiq edilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, bu hallar iddiaçının təqsiri ilə əhatə olunacaq hal deyildir. İddiaçının cavabdeh inzibati orqana təqdim etdiyi sosial kirayə müqaviləsi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 62.1-ci maddəsinə uyğun olaraq yazılı qaydada bağlanmış, səlahiyyətli orqan və şəxs (şəxslər) tərəfindən imzalanmış və möhürlənmişdir. Həmin sənəd mənzilin balans saxlayıcısı olan üçüncü şəxs tərəfindən mübahisələndirilməmişdir və hazırda da qüvvədədir. Həmçinin hazırki günə qədər sosial kirayə müqaviləsinin formasının tərtib edilməməsinə və yaxud iddiaçının adına tərtib edilmiş müqavilənin müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi birtipli formasına uyğun omamasına iddiaçı heç bir məsuliyyət daşımır və buna görə iddiaçının üzərinə heç bir vəzifə qoyula bilməz. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, İddiaçı adına tərtib edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2013-cü il tarixli, 530 nömrəli sərəncamı və İddiaçı ilə Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsi arasında bağlanmış 18.06.2015-ci il tarixli sosial kirayə müqaviləsi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən mənzil üzərində iddiaçının əmlak hüquqları 2013-cü il tarixindən sonra rəsmiləşdirilməsinə baxmayaraq iddiaçının həmin əmlak üzərində hüquqları daha əvvəl yaranmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, sözügedən mənzil iddiaçıya əvvəllər yaşadığı Lənkəran şəhəri, Heydər Əliyev prospekti 46 ünvanda yerləşən 1 mərtəbəli 16 mənzilli yaşayış binasının təbii fəlakət nəticəsində qəza vəziyyətinə düşməsi səbəbindən, həmin mənzilin əvəzinə verilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan iddiaçı ilə eyni vəziyyətdə olan (hüquqi sənədləri eyni olan) digər şəxsin - X8 sözügedən binada ona verilmiş mənzilə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almış və müvafiq çıxarışla rəsmiləşdirmişdir. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X25 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin Lənkəran şəhər İcra Hakimiyyətinə göndərdiyi 15.07.2021-ci il tarixli, 114 nömrəli məktubundan görünür ki, Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2 A ünvanında yerləşən, 2 (iki) otaqlı, ümumi sahəsi 60,41 kv.m olan 21 saylı mənzil Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının 08 fevral 2013-cü il tarixli, 80 nömrəli sərəncamına əsasən Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin balansına verilmişdir. 18 iyun 2015-ci il tarixdən Mənzil Təsərrüfatı İdarəsi X5 ilə sosial kirayə müqaviləsi bağlamışdır. Həmin tarixdən 21 saylı mənzildə X4 Rəvanə Ələskər qızı öz ailəsi ilə birlikdə yaşayır. Buna görə həmin mənzil X5 və onun ailə üzvləri üçün mühüm iqtisadi maraq kəsb edir və deməli, bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. İnsan Huquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da eyni mövqe bildirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyəti başçısının 23 dekabr 2013-cü il tarixli, 530 saylı sərəncamı əsasında ona məxsus Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən ümumi sahəsi 60,41 kv.m-dən ibarət iki otaqlı, 21 saylı mənzilin adına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lənkəran şəhəri, Şəhidlər Xiyabanı 46/2A ünvanında yerləşən ümumi sahəsi 60,41 kv.m-dən ibarət iki otaqlı, 21 saylı mənzilin İddiaçı adına dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar