Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1205/2022 25.05.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 25 may 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyi informasiya sorğusuna, diqqətsizlik nümayiş etdirib, informasiya sorğusunun cavablandırılmasına hörmətsizlik ifadə etdiyindən, bu təşkilatın rəhbərliyinin qanunazidd hərəkətlərinin məhkəmə qaydasında ciddi tələbkarlıqla öyrənilməsi təmin edilib, informasiya sorğusunu cavablandırmaqdan ötrü cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbərliyi üzərinə müvafiq məcburedici vəzifənin (öhdəliyin) qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru olaraq tərəfindən cavabdeh təşkilata ünvanladığı 28 dekabr 2021-ci il tarixli, 111 nömrəli sorğu məktubu bu günədək cavablandırılmamışdır. Bu ciddi qanun pozuntusu olub, mətbuata qarşı ciddi bir hörmətsizlikdir. Bu gün “Həqiqətlə üz-üzə” qəzetinin baş redaktoru kimi cavabdeh təşkilata ünvanladığı informasiya sorğusu, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cəlilabad rayon filialına inzibati binanın əsaslı və cari təmiri ilə bağlı xərclərin ünvanına xərclənməsi ilə bağlı, bundan başqa sığorta əməliyyatlarının insanların, maşınların, evlərin qanunvericiliyin tələblərinə uyğun aparılması barəsində olmuşdur. Redaksiyaya daxil olan informasiyaya görə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cəlilabad rayon filialı inzibati binanın əsaslı və cari təmiri üçün ayrılan xərcləri və sığorta əməliyyatlarını düzgün aparmamış, ciddi qanun pozuntusuna yol vermişdir. Baş redaktoru olduğu bu qəzet “X1 haqqında” Qanunla fəaliyyət göstərir, həmin qanunun tələbkarlığına uyğun olaraq informasiya almaq, informasiya ötürmək səlahiyyətinə malikdir. Belə halda, informasiya sorğusunu cavablandırmamaq yolverilməz olmaqla məhz qanuna zidd hərəkətlər olduğundan, əlbəttə, bu barədə cavabdeh təşkilatın rəhbərliyi üzərinə müvafiq məcburedici vəzifə (öhdəlik) qoyulmaqla, ciddi tələbkarlıq nümayiş etdirilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən məhkəməyə iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.2-ci bəndinə görə inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarının 17-ci hissəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Plenum Qərarlarının mahiyyətindən də aydın olur ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan işlər üzrə iddia tələbi ilə müraciət edən və ya iddiaya cavab verməli olan tərəflərdən ən azı biri inzibati orqan olmalı, tərəflər arasında yaranmış münasibətlər xüsusi hüququn nizamasalma predmetinə aid olmayıb, publik hüquq münasibətləri olmalıdır. Bildirirlər ki, Şirkət inzibati orqan hesab edilmir və səhmləri dövlətə məxsus hüquqi şəxs olduğundan Şirkətə qarşı olan mülki xarakterli iddialara Azərbaycan Respublikası MPM-nin 25.1-ci maddəsinə uyğun olaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılmasının qanuna uyğun olduğunu bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflərdən biri inzibati orqan olmalı və tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmaqla mübahisə cavabdehin inzibati fəaliyyətinin nəticəsində yaranmalıdır. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). “İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli, 136 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti inzibati orqanların təsnifatına aid edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Göründüyü kimi cavabdeh inzibati orqan olmadığından hazırki mübahisəyə inzibati qaydada baxıla bilməz. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının hazırki iddianın qaldırılmasında olan hüquqi marağı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən onun müraciətinə cavab verilməsidir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə mülki münasibətlərdən irəli gəldiyindən hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən deyil, ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən maddənin tələbindən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Əks halda inzibati mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmır. Bundan əlavə “tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianı inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə yekun olaraq belə nəticəyə gəlir ki, iddia tələbinə subyekt baxımından inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “informasiya sorğusuna cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1205/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1205/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver