Məhkəmə qərarları › İş №2-1(120)-1211/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1211/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1211/2020 02.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Masallı rayonu, Sərçuvar kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X4 publik hüquqi şəxsin Masallı rayon filialına qarşı «sosial sığorta stajı müəyyən edilərək hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx xxxx 1954-cü il tarixdə Masallı rayonu, Sərçuvar kəndində doğulmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək kitabçasını cavabdeh Dövlət X3 Masallı rayon şöbəsinə təqdim edərək, müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2019cu il tarixli məktubunda iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixli 01/1-6 saylı əmrin sabiq «Sərçuvar» («XXİV partiya qurultayı») adına sovxozun ləğvi ilə əlaqədar ümumi əmr olduğunu və onun adının həmin əmrdə olmamasını qeyd edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında qeyd olunan və möhürlə təsdiq edilən xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilə və xx.xx.1974-cü ildən xx.xx.1997-ci ilə kimi sabiq «Sərçuvar» tərəvəzçilik-südçülük («XXİV partiya qurultayı» adına) sovxozda işlədiyi illərin iş stajı kimi müəyyən edilməklə onun pensiyasına hesablanması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Masallı rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçı məhkəməyə ərizə təqdim edib, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilə kimi və xx.xx.1974-cü ildən xx.xx.1997-ci ilə kimi sabiq «Sərçuvar» tərəvəzçilik-südçülük («XXİV partiya qurultayı» adına) sovxozda işlədiyi illəri sosial sığorta stajı kimi müəyyən edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(120)-1211/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Masallı rayonu, Sərçuvar kəndində anadan olmuşdur və hazırda da həmin kənddə də qeydiyyatda olmaqla yaşayır. xx.xx.1968-ci ildə Lənkəran texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1970-ci ildə həmin texnikumu bitirmişdir. O, Masallı rayonunda yerləşən bir çox idarə və müəssisələrdə işləmişdir. Belə ki, xx.xx.1970-ci ildə 162 nömrəli əmrlə sabiq «Sərçuvar» tərəvəzçilik-südçülük sovxozunun emalatxanasına işçi qəbul edilmişdir. xx.xx.1972-ci ildə 31 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1974-cü ildə 380 nömrəli əmrlə sabiq «Sərçuvar» tərəvəzçilik-südçülük sovxozuna qaynaqçı qəbul edilmişdir. xx.xx.1975-ci il tarixli 157 nömrəli əmrlə 20-21 nömrəli Qaz-53 maşınına sürücü təyin olunmuş və xx.xx.1997-ci ilə kimi sabiq «Sərçuvar» tərəvəzçilik-südçülük sovxozunda sürücü işləmişdir. xx.xx.1997-ci ildə sabiq «Sərçuvar» tərəvəzçilik-südçülük sovxozu ləğv olunduğuna görə 01/1-6 nömrəli əmrlə işdən azad edilmişdir. Göstərdiyi faktları Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışı da böyük bir hissəsini təsdiq edir. Belə ki, həmin arayışda xx.xx.1974-cü il tarixdən 1994-cü ilə kimi olan müddət öz təsdiqini tapmışdır. Lakin xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilə kimi və xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə kimi işlədiyi müddətə dair Dövlət Arxivində hər hansı bir sənəd aşkar olunmadığına görə həmin illəri təsdiq edə bilmir. Sovxozda işləməsi ilə bağlı ona əmək kitabçası da verilmişdir. Həmin əmək kitabçası əsasında işlədiyi illərin onun pensiyasına hesablanması üçün Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X3 Masallı rayon şöbəsinə müraciət etsə də, əmək kitabçasında sovxozda işlədiyi illərə dair əmrlərin və möhürün olmasına baxmayaraq, sovxoz hal-hazırda fəaliyyət göstərməməsi səbəbindən sənədlərin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirmək mümkün olmadığı üçün yuxarıda göstərilən müddətin onun əmək pensiyasının üzərinə staj əlavəsi kimi hesablanmasının mümkün olmadığı bildirilmişdir. Sovxozun əmr kitabları və əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə tam təhvil verilmədiyindən həmin illərə dair arxiv arayışı və əmək haqqı cədvəli ala bilməmişdir. Hazırda sovxoz fəaliyyətdə olmadığı üçün iş stajını təsdiq edən arxiv arayışı və əmək haqqı cədvəllərinin başqa yolla alınması mümkün olmadığından işləməsi ilə bağlı faktın təsdiq olunmasından ötrü məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək, təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X4 publik hüquqi şəxsin Masallı rayon filialının xx.xx.2020-ci il tarixli **********6 saylı münasibət məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kişilərə (İddiaçı xx.xx.1954-cü il təvəllüdlü olduğu üçün) yaşa görə (63 yaş 6 ay) əmək pensiyası-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16742.88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə 2019-cu il yanvarın 1-dən etibarən müəyyən edilmiş yaş həddinə çatmış (64 yaş) sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il hesablanır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən İddiaçı sabiq «Sərçuvar» («XXİV partiya qurultayı») adına sovxozda işləməsi Masallı rayon Dövlət Arxivində saxlanılan sabiq «Sərçuvar» («XXİV partiya qurultayı») adına sovxozun sənədlərinə əsasən araşdırılmışdır. Araşdırma zamanı İddiaçı əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixli 01/1-6 saylı əmr sabiq «Sərçuvar» («XXİV partiya qurultayı») adına sovxozun ləğvi ilə əlaqədar ümumi əmr olduğu üçün onun adının həmən əmrdə olmaması səbəbindən və Masallı rayon Dövlət Arxivi tərəfindən İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli 305 saylı arxiv arayışına əsasən 20 il 6 ay sığorta stajı olduğu üçün onun yaşa görə əmək pensiyası hüququna imtina verilmişdir. Cavabdeh Dövlət X4 publik hüquqi şəxsin Masallı rayon filialına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin, əmək kitabçasının və attestatının təsdiq olunmuş surətlərini, Masallı rayon Dövlət Arxivinin arxiv arayışlarını, Masallı Rayon İHB-nin Sərçuvar kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin arayışını, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X1 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X4 Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi yanında Dövlət X4 adlandırılmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1954-cü il tarixdə doğulmuşdur. xx xxxxxx 2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmuşdur. İddiaçının xx.xx.1968-xx.xx.1970-ci illərdə texniki peşə məktəbində təhsil aldığı illər və xx.xx.1972-xx.xx.1974-cü illərdə hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək və xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixə kimi Masallı rayonu «Sərçuvar» adına («XXİV partiya qurultayı») sovxozda işləməsi ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Həmçinin iddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək «XXİV partiya qurultayı» adına sovxozda işləməsi Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 151 nömrəli arxiv arayışı ilə, xx.xx.1974-cü il tarixdə «XXİV partiya qurultayı» adına sovxoza işə qəbul edilməsi, xx.xx.1994-cü il tarixdə işləmək üçün sovxoza sürücü təhkim edilməsi Masallı rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 305 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Cavabdeh inzibati orqan tərəfindən isə iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1997-ci il tarixli 01/1-6 saylı əmrin sabiq «Sərçuvar» («XXİV partiya qurultayı») adına sovxozun ləğvi ilə əlaqədar ümumi əmr olduğu əsas gətirilərək, iddiaçının işdən azad edilməsi mübahisələndirilmişdir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Odur ki, məhkəmə iddiaçıya məxsus əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Həmçinin məhkəmə iddiaçının xx.xx.1968-xx.xx.1970-ci illərdə texniki peşə məktəbində təhsil aldığı illərin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, 1992-ci il tarixdə qəbul edilmiş və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının xx xxxx 2007-ci il tarixli 260-İİİQD saylı Qanunu ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununda texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətinin onların iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək və xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Masallı rayonu «Sərçuvar» («XXİV partiya qurultayı») adına sovxozda işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X4 publik hüquqi şəxsin Masallı rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:

1. İddia təmin edilsin. İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək və xx.xx.1974-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Masallı rayonu «Sərçuvar» («XXİV partiya qurultayı») adına sovxozda işləməsi barədə əmək kitabçasında qeyd edilən iş illəri sosial sığorta stajı kimi nəzərə alınaraq оnа xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Dövlət X4 publik hüquqi şəxsin Masallı rayon filialının üzərinə qoyulsun.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar