Məhkəmə qərarları › İş №2-1(120)-1211/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1211/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1211/2021 22.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı (Hacıqabul şəhəri, X.Məmmədov küçəsi, ev 16-da qeydiyyatda olan) cavabdehin nümayəndəsi X5 (Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 24, mənzil 11-də qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin 4 saylı regional ərazi filialına qarşı işlədiyi müddəti sosial siğorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Hacıqabul şəhəri, X.Məmmədov küçəsi ev 16-da yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 24 may 2021-ci il tarixli, **********1 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür, 1974-1976-cı illərdə Sovet Ordusunda xidmət etmişdir. 1972-ci ildən əmək fəaliyyətinə başlamış, işlədiyi bütün dövrlər əmək kitabçasında qeyd olunmuşdur. Ümumi iş stajı 30 ildən çoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin 4 saylı regional ərazi filialına yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. Həmin şöbənin 24.05.2021-ci il tarixli cavab məktubunda 1998-ci ildən sonrakı işlədiyi dövrlər üçün əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivində və müəssisədə aşkar olunmadığına görə əmək kitabçasında qeyd olunmuş işlədiyi dövrlər staj kimi öz təsdiqini tapmadığından ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 4 saylı regional ərazi filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. İddiaçının əmək kitabçasında 08.12.1977-02.02.2004-cü il tarixdə Hacıqabul rayon X7 sürücü vəzifəsində işlədiyi qeyd olunmuşdur. İnzibati icraat zamanı Hacıqabul rayon Dövlət Arxivində yoxlama keçirilmiş, 20.05.2021-ci il tarixli akt tərtib olunmuşdur. Akta əsasən müəssisəyə dair yalnız 1985-1999-cu illərin əmək haqqı cədvəllərində iddiaçının adına rast gəlinmişdir. Difər illər (1977-1984 və 2000-2004) arxivdə və müəssisədə saxlanılmadığı üçün yoxlamaq mümkün olmamışdır. İşə tam, hərtərəfli və obyektiv baxılmasını təmin etmək məqsədilə Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə, Hacıqabul X6 MMC-nə, Hacıqabul rayon Dövlət Arxivinə sorğular göndərilmişdir. Belə ki, Fondun Fərdi uçota nəzarət və sosial sığorta departamentindən daxil olmuş məktubda İddiaçı sığorta olunan kimi qeydiyyata alınmamışdır. Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş məktubda Hacıqabul rayon X8 01.02.2017-ci il tarixli ərizəsinə əsasən hüquqi şəxsin vergi uçotunun ləğv olunduğu göstərilmişdir. Hacıqabul rayon Dövlət Arxivindən daxil olmuş məktubda müəssisəyə dair 1985-1999-cu illərə aid əmək haqqı kitablarının və 1987-2000-ci illərə aid əmrlər kitabının arxivə təhvil verildiyi qeyd olunmuş, həmin sənədlərinsurəti göndərilmişdir. Əmək haqqı cədvəllərinə əsasən İddiaçı 1985-1999-cu illərə (15 ilə) münasibətdə 120 ay, yəni 10 il əmək haqqı aldığı müəyyən olunur. Hacıqabul X6 MMC-dən daxil olmuş məktubda müəssisəyə dair sənədlərin müddəti keçdiyindən X13 filialı və Şirvan filialına göndərildiyi göstərilmişdir. Bunun nəticəsində hər iki filiala sorğu ünvanlanmış, X10 filialından daxil olmuş 22.07.2021-ci il tarixli, 294 nömrəli və X13 filialından daxil olmuş 26 iyul 2021-ci il tarixli, 789 nömrəli məktubda Hacıqabul rayon X11 dair sənədlərin təhvil verilmədiyi qeyd olunmuşdur. 08.12.1977-31.12.1984 və 01.01.2000-02.02.2004-cü illərə dair əmək haqqı cədvəlləri arxivdə və müəssisədə olmadığı üçün öz təsdiqini tapmamışdır. İş materiallarında olan iddiaçının pensiya işinə əlavə edilmiş 12.05.1974-cü il tarixli, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçının 02.12.1974-cü il tarixdən 05.12.1976-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 02 il 0 ay 03 gün təşkil edir. Belə olan halda iddiaçının ümumilikdə sığorta stajı 13 il 05 ay 11 gün təşkil edir. Bu isə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından, yəni 25 ildən azdır. İddiaçının iddia etdiyi, lakin Dövlət Arxivinin sənəd təqdim edə bilmədiyi illər sosial sığorta stajına daxil edildiyi halda belə (11 il 01 ay 24 gün) ümumilikdə 24 il 07 ay 05 gün sosial sığorta stajı yetərli deyil. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(120)-1211/2021 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh (4 saylı regional ərazi filialı) Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və 04.04.2021-ci il tarixdə 65 yaşı (1 iyul 2020-30 iyun 2021-ci il tarixlərdə kişilər üçün pensiya yaşı 65-dir) tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 03772811 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuş, Hacıqabul şəhəri, X.Məmmədov küçəsi ev 16-da yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus 04.01.1974-cü il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14.11.1972-ci il tarixdən 02.02.2004-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan İddiaçı 12.05.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin surətindən görünür ki, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti Hacıqabul X6 MMC-nin 13.04.2021-ci il tarixli, 09 nömrəli arayışının surətindən görünür ki, İddiaçı 12.08.1977-ci ildə X1 (X19 Xəstəxanası) təcili yardım sürücüsü vəzifəsinə daxil olmuş, 02.02.2004-cü ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin 4 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı 24.05.2021-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, iddiaçının əmək kitabçasında olan 08.12.1977-ci ildən 02.02.2004-cü ilədək iş stajı və əmək haqqı cədvəlləri Hacıqabul X7 və Hacıqabul rayon Dövlət Arxivində yoxlanılmışdır. Yoxlama nəticəsində Hacıqabul X7 həmin illər üzrə işə qəbul və işdən çıxma əmrləri təsdiq olunmuşdur. Hacıqabul rayon Dövlət Arxivində həmin idarənin saxlanılan 1985-1998-ci illərə aid əmək haqqı cədvəllərində öz əksini tapmışdır. Qalan illərə dair əmək haqqı cədvəlləri Hacıqabul rayon Dövlət Arxivində və müəssisədə aşkar olunmamışdır. Əmək kitabçasında olan staj öz təsdiqini tapmadığı üçün əmək pensiyası təyin etmək mümkün olmamışdır. İşdə olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti Hacıqabul X6 MMC-nin məhkəməyə ünvanladığı 17.06.2021-ci il tarixli, 39 nömrəli məktubuna Hacıqabul X7 təcili yardım sürücüsü işləmiş İddiaçı işə qəbul və işdən azad olunma əmrlərinin surətindən görünür ki, İddiaçı 08.12.1977-ci il tarixli, 14 nömrəli əmrlə sürücü vəzifəsinə təyin olunmuş, 02.02.2004-cü il tarixli, 7 nömrəli əmrlə tutduğu vəzifədən azad edilmişdir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin 4 saylı regional ərazi filialının Hacıqabul rayon qəbul şəbəsinin baş mütəxəssisi X3, Hacıqabul rayon Dövlət Arxivinin müdiri X4 iştirakı ilə tərtib edilmiş 20.05.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı 1977-2004-cü illərdə Dəmiryolu Xəstəxanasında işlədiyi illər əmək haqqı cədvəllərinə əsasən yoxlanılmış, 1985-1998-ci illərdə arxivdə saxlanılan əmək haqqı cədvəllərində adı aşkar olunmuş, qalan illər arxivdə və idarədə saxlanılmadığı üçün yoxlanılması mümkün olmamışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin 4 saylı regional ərazi filialının Hacıqabul rayon qəbul şəbəsinin baş mütəxəssisi X3, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Həkim-Sanitar Xidməti Hacıqabul X6 MMC-nin baş həkimi A.Quliyevin iştirakı ilə tərtib edilmiş 20.05.2021-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı 08.12.1977-ci ildə 14 saylı əmrlə təcili yardıma sürücü vəzifəsinə daxil olmuş, 02.02.2004-cü ildə 7 saylı əmrlə işdən azad olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 Şəxsinin 4 saylı regional ərazi filialının məhkəməyə ünvanladığı 02.07.2021-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, İddiaçı 15.04.2021-ci ildə yaşa görə əmək pensiyası almaq üçün müraciət etmişdir. Təqdim etdiyi sənədlər araşdırılarkən ümumilikdə 29 il 6 ay 21 gün sosial sığorta stajı hesablanmışdır. İşlədiyi 1977-2004-cü illərdə X7 və Hacıqabul rayon Dövlət Arxivində iş stajı araşdırılmışdır. 08.12.1977-ci ildə 14 saylı əmrlə işə daxil olmuş 02.02.2004-cü ildə 7 saylı əmrlə işdən azad olunması əmrlə təsdiq olunmuşdur. 1985-1998-ci illərə aid Hacıqabul rayon Dövlət Arxivində saxlanılan X8 əmək haqqı cədvəllərində İddiaçı adı aşkarlanmışdır. Qalan 1977- 1984-cü il və 1999-2004-cü illərə dair əmək haqqı cədvəllərinin arxivdə və idarədə olmadığı üçün yoxlanılması mümkün olmamışdır. Vətəndaşın 29 il 6 ay 21 gün əmək stajından 14 il X7 işlədiyi illər əmək haqqı cədvəlləri olmadığı üçün həmin müəssisədə işlədiyi 27 ildən 13 il öz təsdiqini tapmamışdır. Ümumilikdə 29 il 6 ay 21 gün stajının 15 il 6 ay 21 günü öz təsdiqini tapmışdır. Mübahisəli sığorta stajı X7 işlədiyi 1977-1984-cü il və 1999-2004-cü il olan mübahisəsizdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 04.01.1974-cü il tarixli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Məhkəmə iddiaçının 08.12.1977-02.02.2004-cü illərdə Hacıqabul rayon X7 işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının 08.12.1977-02.02.2004-cü illərdə Hacıqabul rayon X7 işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Hacıqabul rayon X8 08.12.1977-ci il tarixdən 02.02.2004-cü il tarixədək məcburi dövlət sosial sığorta haqları ödəməməsi, eyni zamanda iddiaçının iş illərinə dair əmək haqqı kitablarının tam şəkildə arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı əmək kitabçasında qeyd edilən iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı əmək kitabçasındakı iş illəri sosial siğorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək kitabçasındakı iş illəri sosial siğorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X18 şəxsin 4 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar