Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1212/2021 22.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 (Bakı şəhəri, 20 Yanvar küçəsi, ev 7, mənzil 112-də yaşayış yeri üzrə qeydiyyatda olan), üçüncü şəxs İsmayılova Zərifə Saday qızının (İmişli şəhəri, N.Nərimanov küçəsi, ev 156A-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh İmişli rayon bələdiyyəsinə qarşı İmişli rayon bələdiyyəsinin 11.06.2018-ci il tarixli, 13 saylı iclas protokolunun 2-F saylı qərarının ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı X5 cavabdeh İmişli Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq İmişli rayon Bələdiyyəsinin torpağın öz mülkiyyətinə alınması üçün əsas verən qərarının etibarsız hesab olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(120)-28/2020 qərarı iddia qismən təmin edilərək, İmişli bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə X3 verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Üçüncü şəxs İsmayılova Zərifə Saday qızı həmin qərardan apelyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2020-ci tarixli, 2- 1(106)-323/2020 nömrəli qərarı ilə üçüncü şəxs İsmayılova Zərifə Saday qızının apelyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(120)-28/2020 qərarı dəyişdirilmədən saxlanılmışdır. Üçüncü şəxs İsmayılova Zərifə Saday qızı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il tarixli, 2-1(102)-1925/2020 nömrəli qərarı ilə üçüncü şəxs İsmayılova Zərifə Saday qızının kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyul 2020-ci tarixli, 2-1(106)-323/2020 nömrəli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsi, üçüncü şəxsin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 aprel 2021-ci tarixli, 2- 1(106)-226/2021 nömrəli qərarı ilə üçüncü şəxs İsmayılova Zərifə Saday qızının apelyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 2-1(120)-28/2020 qərarı ləğv edilmiş, inzibati iş materiallarının baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 31 may 2021-ci il tarixli məktubu ilə inzibati iş Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İmişli rayon bələdiyyəsinə qarşı İmişli rayon bələdiyyəsinin 11.06.2018-ci il tarixli, 13 saylı iclas protokolunun 2-F saylı qərarının ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadına əsasən iddianın dəqiqləşdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li protokolunun qərarı ilə ona İmişli şəhəri Şərq küçəsinin başlanğıcından 60 kv.m torpaq sahəsi yaşayış evinin tikintisi üçün ayrılmışdır. O, həmin ərazini hasara almış və darvaza qoydurmuşdur. 2018-ci ilin sonlarında ərazini mülkiyyət hüququ əsasında daşınmaz əmlakda qeydiyyata aldırmaq istərkən, həmin orqandan ona bildirilmişdir ki, qeyd olunan ərazi başqa şəxsin mülkiyyətinə alındığından xahişi yerinə yetirmək mümkün deyil. Bələdiyyə orqanına müraciət etdikdə torpağın İmişli bələdiyyəsinə verilmiş **********57 reyestr nömrəli ********** nömrəli dövlət reyestrindən çıxarışa əsasən bələdiyyənin mülkiyyətinə keçməsi, Bələdiyyənin qərarı əsasında 29 noyabr 2018-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İsmayılova Zərifə Saday qızına satıldığı bildirilmişdir. Beləliklə, yüklü olan torpaq bələdiyyənin qanunsuz qərarı ilə öz mülkiyyətinə alınmış və başqasına satılmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs İsmayılova Zərifə Saday qızı iddia tələbini qəbul etməyərək bildirdi ki, İmişli Bələdiyyəsinin 13.08.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarı ilə İmişli Bələdiyyəsinin alqıs-atqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə onun mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin ona satılmasında heç bir qanun pozuntusuna yol verilməmişdir. Odur ki, iddianın rədd barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehnə, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, cavadeh Cavabdeh, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, işə cavadeh İmişli bələdiyyəsinin, üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Mübahisəli qərar 11.06.2018-ci il tarixdə qəbul olunmuşdur. İddiaçının nümayəndəsi 29 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, İmişli rayon bələdiyyəsinin həmin qərarı məhkəməyə müraciət edənədək İddiaçı təqdim edilməmişdir və bu qərar barədə ona heç bir məlumat verilməmişdir. Bundan başqa, bildirmişdir ki, İddiaçı İmişli şəhəri, S.Bəhrəngi küçəsi 03 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə 20.11.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı ərazi idarəsi cavab məktubunda bildirmişdir ki, İmişli şəhər X7 İcraiyyə Komitəsinin 30.11.1989-cu il tarixli qərarı əsasında ayrılmış torpaq sahəsi İmişli rayon bələdiyyəsinin adına 28.06.2018-ci il tarixdə verilmiş **********57 reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Daha sonra iddiaçı alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi tələbi ilə İmişli rayon Məhkəməsinə müraciət etmişdir. İmişli rayon Məhkəməsində müəyyən edilmişdir ki, reyestrdəki qeydiyyat bələdiyyənin qərarı əsasında aparılıb, buna görə də iddiaçı dərhal Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, inzibati aktın qəbul olunması haqqında məlumat vermə dedikdə, inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə rəsmi məlumat verilməsi başa düşülür (İnzibati icraat haqqında Qanunun 62.1-ci maddəsi). Cavabdeh mübahisələndirilən inzibati aktını (qərarını) 11.06.2018-ci il tarixdə qəbul etsə də, onun hazıradək qanunvericiliyin tələblərinə uyğun qaydada iddiaçıya təqdim etməsi barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, bununla bağlı müvafiq sübutetmə vəzifəsini həyata keçirməmişdir (İnzibati icraat haqqında Qanunun 62.3-cü maddəsi-maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür). Başqa sözlə, iddiaçı məhkəməyə müraciət etdiyi vaxt iddia müddətini ötürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür. Məhkəmənin qənaətinə görə mübahisələndirilən 11.06.2018-ci il tarixli, 13 saylı iclas protokolunun 2-F saylı qərar qanunazidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu üçün iddiaçı həmin əlverişsiz inzibati aktın qismən ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li iclas protokolunun təsdiq olunmuş surətindən görünür ki, X3 İmişli rayonunun Şərq küçəsinin başlanğıcından 0,05 hektar həyətyanı torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materialında olan İmişli Bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarından çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İmişli Bələdiyyəsinin alqı-satqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan İsmayılova Zərifə Saday qızına şəhərin S.Behrəng küçəsində zəbt etdiyi torpaq sahəsinin müsabiqədən kənar ona verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması qərara alınmışdır. İş materialında olan İmişli Bələdiyyəsinin 13.08.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarından çıxarışın surətindən görünür ki, İmişli Bələdiyyəsinin alqısatqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan İsmayılova Zərifə Saday qızının mülkiyyətinə verilmişdir. İş materialında olan 29 noyabr 2018-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, satıcı Cavabdeh alıcı İsmayılova Zərifə Saday qızına ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 09.07.2018 il tarixdə Cavabdehnə verilmiş **********57 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,04 ha torpaq sahəsini satmışdır. İş materialında olan İsmayılova Zərifə Saday qızı tərəfindən məhkəməyə ünvanlanmış 25 aprel 2019-cu il tarixli ərizədə qeyd olunmuşdur ki, X5 onun mülkiyyətində olan keçmiş Darvin küçəsində (indiki Səməd Bəhrəngi) 0,04 ha torpaq sahəsinə iddia ərizəsi ilə onu, İmişli şəhər Bələdiyyəsini İmişli Rayon Məhkəməsinə vermişdir. Məhkəmə prosesi 08.02.2019-cu il tarixə təyin olunmuş, o, da öz növbəsində məhkəməyə tələb olunan sənədləri təqdim etmişdir. Sözügedən torpaq sahəsini X2 qaynı polis mayoru X9 ona məxsus torpaq sahəsinə birləşdirmək niyyətindədir. K.Zülfüqarovun İmişli şəhər Bələdiyyəsinə təqdim etdiyi torpaq sənədi keçmiş Şərq küçəsinə aiddir və həmin torpaq sahəsində halhazırda yaşayış evinin tikintisi – tamamlanma niyyətindədir. Yuxarıda qeyd edilən sənəddə torpaq sahəsinin ərazisi 0,06 ha göstərilsə də, orada 14 ha sahə mövcuddur. Bütün bu ziddiyyətləri nəzərə alaraq Zülfüqarov Kamil onların məhkəmədə iştirak etməsini arzu etmir. O, İİ qrup əlilliyi nəzərə alınaraq, atasından qalan 0,04 ha torpaq sahəsinə öz mülkiyyət hüquqlarını müdafiə etmək əzmindədir. Məhkəmə prosesinin şəffaf və qərəzsizliyini təmin etmək üçün maraqlı tərəf kimi prosesdə iştirak etməsinə icazə verilməsini xahiş etmişdir. İş materialında olan İmişli rayon Dövlət Arxivinin 28 noyabr 2018-ci il tarixli 260 №-li çıxarışından görünür ki, İmişli şəhər XDS İK-nin 25 noyabr 1983-cü il tarixli 11 №-li iclas protokolu ilə İmişli şəhərində yaşamaları və həyətyanı torpaq sahələrinin olmamasını nəzərə alaraq X4 Darvin küçəsinin başlanğıcında olan baş torpaq sahəsindən 0,05 ha həyətyanı torpaq sahəsi verilməsi qərara alınmışdır. İş materialında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17.10.2019-cu il tarixli 148 nömrəli mütəxəssis rəyinə əsasən, 1) İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin ərazisini müəyyən etmək üçün araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin yerquruluşu cizgisi mülki işin içərisində mövcud deyildir. Mülki işin içərisində olan yerquruluşu cizgisi isə 2000-ci ildə torpaq islahatı aparılan zaman İmişli şəhəri ərazisində vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələrinin onların mülkiyyətinə verilməsi ilə əlaqədar olaraq ölçmə işləri aparılan zaman tərtib olunmuş 1:2000 miqyasında tərtib olunmuş yerquruluşu planı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış yerquruluşu planından istifadə etməklə tərtib olunmuşdur. Ona görə də İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 Şərq küçəsinin başlanğıcından ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin ərazisini naturada və sənəd üzrə müəyyən etmək mümkün olmadığı üçün 0,05 ha torpaq sahəsinin naturada yeri ilə sənəd üzrə yerinin üstüstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. 2) İmişli şəhəri XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün X3 ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsinin hüdudlarını müəyyən etmək mümkün olmadığına görə daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2018-ci il tarixli **********57 reyestr nömrəli çıxarışa əsasən Bələdiyyənin mülkiyyətində olmuş (hazırda İsmayılova Zərifə Saday qızının mülkiyyətində olan) İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. İş materialında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 20886 №-li ekspert rəyindən görünür ki, 1) İmişli şəhəri S.Behrəngi küçəsi, 3 saylı ünvanda yerləşən, İmişli rayonu XDS İK-nın 30 noyabr 1989-cu il tarixli 11 saylı iclas protokolunun qərarı əsasında X3 ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsi İmişli RİHB Aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri N.Rəsulovun və İmişli Bələdiyyəsinin sədri M.İsmayılovun imzası və möhürü ilə təsdiq edilmiş Yerləşmə Planında qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə mübahisələndirilən torpaq sahəsi üst-üstə düşür; 2) İmişli şəhəri S.Behrəngi küçəsi, 3 saylı ünvanda yerləşən, İmişli rayonu XDS İK-nın 30 noyabr 1989-cu il tarixli 11 saylı iclas protokolunun qərarı əsasında X3 ayrılmış 0,05 ha həyətyanı torpaq sahəsi İmişli RİHB Aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri N.Rəsulovun və İmişli Bələdiyyəsinin sədri M.İsmayılovun imzası və möhürü ilə təsdiq edilmiş Yerləşmə Planına əsasən, qeyd olunan koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə, daşınmaz əmlakın dövlət reyestrindən 09.07.2018-ci il tarixli **********57 reyestr nömrəli çıxarışa əsasən Bələdiyyənin mülkiyyətində olmuş (hazırda İsmayılova Zərifə Saday qızının mülkiyyətində olan) İmişli şəhəri, S.Behrəngi küçəsində yerləşən 0,04 ha torpaq sahəsi 371,6 m2 hissədə üst-üstə düşür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə iddiaçı X3 yaşayış evinin tikintisii üçün 0,05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İmişli Bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı ilə İmişli Bələdiyyəsinin alqı-satqı predmeti olan 400 kv.m və ya 0,04 ha torpaq sahəsinin İmişli şəhərində yaşayan və 5 ildən artıq qeydiyyatda olan İsmayılova Zərifə Saday qızına müsabiqədən kənar verilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmış və bələdiyyənin 13.08.2018-ci il tarixli 18 saylı iclas protokolunun 1 saylı qərarı ilə 0,04 ha torpaq sahəsi müsabiqədən kənar fərdi yaşayış evinin tikintisi məqsədi ilə İsmayılova Zərifə Saday qızının mülkiyyətinə verilmiş və onunla alqı-satqı müqaviləsi bağlanmışdır. 2018-ci ilin sonlarında iddiaçı ona verilmiş torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakda qeydiyyata aldırmaq istərkən, qeyd olunan ərazi İsmayılova Zərifə Saday qızının mülkiyyətinə alındığından xahişini yerinə yetirmək mümkün olmamışdır. Ona görə də iddiaçı hazırda İmişli Bələdiyyəsinin sözügedən qərarının ləğvini tələb etmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinə görə, torpaq üzərində bələdiyyə mülkiyyəti «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri də müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrdir. Yenə həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. «Torpaq islahatı haqqında» Qanunun 7-ci maddəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalara əsasən məhkəmə hesab edir ki, iddiaçı İmişli şəhər XDS İKnin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə ona verilmiş 0,05 ha torpaq sahəsi üzərində hüquq əldə etmişdir. Cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin 371,6 m2 hissəsinə 09.07.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnu qeydiyyata aldırmış, 13.08.2018-ci il tarixdə isə onu iş üzrə üçüncü şəxs İsmayılova Zərifə Saday qızına satmışdır. Bundan əlavə, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» AR Ali Məhkəməsinin 14 fevral tarixli 2003-cü il tarixli plenum qərarına əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Qeyd edilmişdir ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Bir neçə kateqoriyaya aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər mövcuddur. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Мəhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2019-cu il tarixli 20886 №-li ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan İmişli Bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarını qəbul edərkən iddiaçının hüquqlarına müdaxilə etmişdir. Belə ki, hələ 1989-cu ildə qanuni əsaslarla iddiaçıya ayrılmış torpaq sahəsinin 371,6 m2 hissəsinə aid qərar qəbul etməklə, qanunveciliyin tələblərini pozmuşdur. «Bələdiyyələrin statusu haqqında» AR Qanununun 48-ci maddəsinin 4-cü bəndinə görə, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir (maddə 70.1-ci). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İmişli bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə X3 verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. İnzibati Prosessual Məcəllənin 110.3-cü maddəsinə əsasən, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat xərc cavabdeh İmişli Bələdiyyəsindən tutulmalıdır. İnzibati Prosessual Məcəllənin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.1, 4, 68-70, 81 və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İmişli bələdiyyəsinin 11.06.2018-ci il tarixli 13 saylı iclas protokolunun 2-F saylı qərarı İmişli şəhər XDS İK-nin 30 noyabr 1989-cu il tarixli 11 №-li qərarı ilə X3 verilmiş 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşən 371,6 m2 torpaq sahəsinə aid hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat cavabdeh İmişli bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə-büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı-Dövlət xəzinədarlığı agentliyi- Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********, AZ34CTRE******************** hesaba keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1212/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1212/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver