Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1212/2024 05.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 fevral 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Girdəni kəndi ərazisində onun mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması və həmin 0.12 ha torpaq sahəsinə dair X3 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007-ci il tarixli, **********06 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş xx.xx.2007-ci il tarixli, AA-000394 nömrəli torpaq sahəsinin plan və ölçüsünə uyğun onun adına verilmiş çıxarışa əlavə olaraq torpaq sahəsinin planı və ölçüsü barədə sənədin verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Lənkəran rayonu Girdəni kəndi ərazisində İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4-cü, 47-ci, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda da ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayır. Lənkəran şəhər sakini olan qardaşı X6 16 aprel 2007-ci il tarixdə Lənkəran rayon Girdəni bələdiyyəsinə ərizə ilə müraciət edərək torpaq sahəsi almaq istədiyini bildirmişdir. Lənkəran rayon Girdəni bələdiyyəsi onun ərizəsinə iclasında baxaraq özünün 18 iyun 2007-ci il tarixli qərarı ilə Lənkəran rayonu, Girdəni kəndi ərazisində 0.12 ha torpaq sahəsini alqı-satqı müqaviləsi ilə ona satılmasını qərara almışdır. Bu barədə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş və həmin akt Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsində 18 iyun 2007-ci il tarixdə 1174 nömrə ilə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi ona satılarkən həmin 0.12 ha torpaq sahəsinin planı tərtib edilərək ölçü işləri aparılıb, yeri də ona göslərilib təhvil verilmişdir. Bundan sonra qardaşı Seymur Əmənov həmin torpaq sahəsinə dair çıxarış almış və həmin çıxarış alınarkən qeyd olunan torpaq sahəsinin planı və ölçüsü də çıxarışa əlavə edilmişdir. Həmin plan və sxemdə qeyd olunan torpaq sahəsinin koordinatları və döngə nöqtələri də qeyd edilmişdir. Həmin torpaq sahəsini qardaşı Seymur Əmənov alsa da, ona hədiyyə vermişdir. Onun həyat yoldaşı da həmin torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikmək üçün mişar daşı tökmüşdür. Bu yaxınlarda qardaşı Seymur Əmənov həmin torpaq sahəsinin ona bağışlamasını rəsmiləşdirmək üçün 04 may 2023-cü il tarixdə notariat kontoruna getdilər və aralarında bağışlanma müqaviləsi bağlanmışdır. Həmin bağışlanma müqaviləsi əsasında o, öz adına çıxarış almaq üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Orada onun adına çıxarış verilsə də, həmin çıxarışa əlavə kimi torpaq sahəsinin plan və ölçüsünü tərtib edərkən bildirdilər ki, “bəs sənə bağışlanan torpaq sahəsi bağışlandıqdan sonra sürüşüb, hazırda başqa şəxslərin ərazisinə düşübdür”. Buna görə də onun adına verilmiş çıxarışa torpaq sahəsinin plan və ölçüsü barədə sənəd vermədilər. Onda o, onlara bildirdi ki, bu torpaq sahəsi 2007-ci il tarixdə qardaşı Seymur Əmənov tərəfındən alınıb, onun adına çıxarış və ona əlavə torpaq sahəsinin planı və ölçüsü barədə sənəd verilib, orada torpaq sahəsinin koordinatları və döngə nöqtələri qeyd edilib və torpaq sahəsindən artıq 15 ildir ki, istifadə edirlər, necə olur ki, indi adına çıxarış alanda torpaq sahəsi sürüşüb, başqasının həyətinə düşür. Həmin şəxslər ona hər hansı izahat verməkdən imtina etdilər. Ona görə də o, rəsmi ərizə ilə onlara müraciət edərək onun mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması və həmin 0.12 ha torpaq sahəsinə dair qardaşı X3 adına verilmiş X7 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2007ci il tarixli, **********06 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əlavə edilmiş xx.xx.2007-ci il tarixli AA-000394 nömrəli torpaq sahəsinin plan və ölçüsünə uyğun onun adına verilmiş çıxarışa əlavə olaraq torpaq sahəsinin planı və ölçüsü barədə sənədin verilməsi barədə müvafiq göstəriş versinlər. Lakin həmin İdarə bundan imtina etdiyi üçün o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçının nümayəndəsi və vəkili ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin iddiaçının nümayəndəsi və vəkili Vəkil ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Lənkəran rayonu, Girdəni kəndi ərazisində yerləşən, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 18 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında etibarlı nümayəndəsi olduğunuz şəxsə (İddiaçı) məxsus 0.12 ha həyətyanı torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunması ilə əlaqədar Ərazi İdarəsinə daxil olmuş ********** qeydiyyat nömrəli, 2023-cü il 02 avqust tarixli ərizənizə 10 saylı Lənkəran Ərazi İdarəsində baxılmışdır. Hazırki ərizənizdə qeyd olunanlara münasibətdə tərəfimizdən aidiyyəti hissədə müvafiq araşdırmalar aparıldı və məlum oldu ki, sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlər (xx.xx.2023-cü il tarixli, 4Ə-961 reyestr nömrəli bağışlanma müqaviləsi) etibarlı nümayəndəsi olduğunuz şəxs tərəfindən Ərazi İdarəsinə ünvanlanmış 2023-cü il 04 may tarixli, ********** qeydiyyat nömrəli ərizə əsasında icraata qəbul edilmiş və həmin ərəfədə faktiki yerində müayinə (çöl ölçmə işləri) keçirilməsinə şərait yaradılmadığından texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunması mümkün olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi idarəsinin aidiyyəti mütəxəssisləri tərəfindən 0.12 ha həyətyanı torpaq sahəsinə baxış keçirilməli və sözügedən daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Hazırki müraciətinizin icrası olaraq bildiririk ki, faktiki yerində müayinənin keçirilməsi məqsədilə aidiyyəti mütəxəssisin ayrılmasına baxmayaraq, tərəfinizdən müvafiq şərait yaradılmadığı səbəbdən müayinənin (çöl ölçmə işləri) aparılması təkrarən mümkün olmamışdır. Odur ki, qanunvericiliyə tam uyğun olaraq qeyd edilən həyətyanı torpaq sahəsinin iştirakınızla yerində müayinə edilməsinə tərəfinizdən şərait yaradılmalıdır. Ərazi İdarəsi olaraq bildiririk ki, gələcəkdə həmin torpaq sahəsinə dair texniki sənəd olaraq plan və ölçü sənədinin tərtib olunmasından ötrü tələb olunan mühüm amillərdən sayılan faktiki yerində aidiyyəti mütəxəssisə müayinə keçirilməsi üçün tərəfinizdən şərait yaradılmaq şərtilə ilkin hüquqmüəyyənedici sənədlər əsasında 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etməyinizi məqsədəmüvafiq hesab edirik. İş materiallarında olan Lənkəran rayonu Girdəni bələdiyyəsinin “torpaqların alqısatqı qaydasında ayrılmasına dair” 22 may 2007-ci il tarixli 08 saylı qərarından, həmin qərar əsasında ayrılmış torpaq sahəsinin DT və XK Lənkəran rayon şöbəsinin və Girdəni bələdiyyəsinin səlahiyyətli nümayəndələrinin imzaladıqları və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş yerquruluşu planından, DT və XK Lənkəran rayon şöbəsinin və Girdəni bələdiyyəsinin səlahiyyətli nümayəndələrinin imzaladıqları və həmin təşkilatların möhürləri ilə təsdiq olunmuş, Lənkəran rayon Torpaq və Xəritəçəkmə şöbəsində 18 iyun 2007-ci il tarixdə 1174 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair akt”ın surətindən, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Lənkəran rayonu Girdəni bələdiyyəsinin 22 may 2007-ci il tarixli 08 saylı qərarı ilə X1 və X9 kitabında 30 iyul 2007-ci il tarixdə 218 nömrə ilə uçota alınmış 1200 kv.m (0,12 ha) torpaq sahəsinin planı və ölçüsü sənədindən və xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı qərarı ilə bələdiyyə mülkiyyətinə aid 1200 kv.m həyətyanı torpaq sahəsi X1 və onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə **********06 reyestr və ********* qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarından, o cümlədən işdə olan 04 may 2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X2 rayonu Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarı əsasında alqı-satqı qaydasında əldə etdiyi və üzərində mülkiyyət hüququ xx.xx.2007-ci il tarixli, MH seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla rəsmiləşdirilmiş 0,12 ha (1200 kv.m.) torpaq sahəsini bacısı İddiaçı bağışlamışdır. İş materiallarından, o cümlədən işdə olan xx.xx.2023-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Lənkəran rayonu Girdəni bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 08 saylı qərarı ilə X1 bələdiyyə mülkiyyətinə aid 1200 kv.m həyətyanı torpaq sahəsi üzərində İddiaçı tam mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə **********06 reyestr və ********** qeydiyyat nömrələri ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 4 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, iş üzrə təqdim edilmiş sənələrlə təsdiq olunur ki, İddiaçı hazırki iddia ilə üzərində mərzçəkmə işlərinin aparılmasını (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s) və mərz nişanlarının qoyulmasını tələb etdiyi 0,12 ha (1200 kv.m) torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir və həmin torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının ona mənsub torpaq sahəsinə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 15-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin mülkiyyətinə və istifadəsinə verilən torpaq sahələrini yer üzərində (naturada) Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mərzlərlə ayırırlar. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.9-cu maddəsinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (inidiki adı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “X9, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır (2.2-ci bənd). Hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıbsatıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır (2.3.4-cü bənd). Torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır (2.3.5-ci bənd). Bəhs edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını və yerində tanıdılmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3-cü, 33.1-ci, 33.2-ci və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 18 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Lənkəran rayonu Girdəni kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.12 ha (1200 kv.m) torpaq sahəsi üzərində X9 kitabında 30 iyul 2007ci il tarixdə 218 nömrə ilə uçota alınmış A № 011706 nömrəli torpaq sahəsinin planı və ölçüsu sənədinə uyğun olaraq mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 18 may 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Lənkəran rayonu Girdəni kəndi ərazisində İddiaçı mülkiyyətində olan 0.12 ha (1200 kv.m) torpaq sahəsi üzərində X9 kitabında 30 iyul 2007-ci il tarixdə 218 nömrə ilə uçota alınmış A № 011706 nömrəli torpaq sahəsinin planı və ölçüsu sənədinə uyğun olaraq mərzçəkmə işlərinin aparılması (naturada yerinin və sərhədinin müəyyənləşdirilməsi və s.) və mərz nişanlarının qoyulması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1212/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1212/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver