Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1212/2025 07.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “1994-2022-ci illər üzrə almadığı yemək xərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “1994-2022-ci illər üzrə almadığı yemək xərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli, 2-1(120)-3853/2024 saylı qərardadı ilə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2022-ci illərdə yemək xərci üçün aylıq müavinətin bərpa olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini cənab Tapdıq Nəsirov tərəfindən 26 aprel 2024-cü il tarixdə ona cavab məktubu ünvanlanaraq bildirilmişdir ki, sözügedən illər üzrə ona aylıq müavinətin verilib-verilməməsi hüquqi araşdırma tələb etdiyindən aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir (həmin məktub ona xx.xx.2024-cü il tarixdə rəsmi poçt qəbzinə imza etməklə təqdim edilmişdir). Buna əsas kimi isə Cəbrayıl RİHB-nin müavini bildirmişdir ki, vaxtında müraciət olumadığı üçün ailə üzvlərinin adı Cəbrayıl rayonundan vahid aylıq müavinət alanların siyahısına daxil edilməmiş, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən adına həmin illər üçün vəsait köçürülməmişdir. Hesab edir ki, onun bir Azərbaycan vətəndaşı, şəhid ailəsi olmaqla məcburi köçkün kimi konstitusion hüquqların kobud şəkildə pozulduğundan, hüquqularının bərpası məhkəmə tərəfindən bərpa olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İPM-nin 34.1, 45-47-ci maddələrini rəhbət tutaraq, şəhid ailəsi, Cəbrayıl rayonundan məcburi köçkün kimi onun 1994-2022-ci illərdə almadığı yemək xərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üşüncü şəxs Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxs Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-c maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Cəbrayıl rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddia mümkün iddiadır, lakin mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbinin mahiyyəti məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vahid aylıq müavinətin almadığı vaxtdan, yəni 1994-2022-ci illərdə ödənilməmiş müavinətin hesablanaraq birdəfəyə ödənilməsi olmuşdur. Başqa sözlə iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı 2022-ci ildə təyin edilmiş vahid aylıq müavinətin 1994-cü ildən verilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının iddia tələbi üzrə nəticəyə gələrkən aşağıdakı sübutları və hüquq normalarını rəhbər tutmuşdur. Belə ki, işdə olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olmuşdur. İşdə olan V-JQ 432357 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuşdur. İşdə olan İİ-JQ 449653 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-40/2-263/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, 1994-2022-ci il tarixlərində Sizə verilməyən yemək xərci müavinətinin ödənilməsi ilə bağlı Cəbrayıl Rayon İcra Hakimiyyətinə ünvanladığınız ərizəyə baxılmışdır. Nəzərinizə çatdırırıq ki, məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993-cü il tarixli 587 nömrəli qərarı əsasında, 1994-cü ildən etibarən ödənilməyə başlanmışdır. Məhs həmin qərara əsasən rayonun qeydiyyatında olan məcburi köçkünlərin dəqiqləşdirilmiş siyahılarının hazırlanaraq 15 gün müddətinə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edilməsi ərazisi işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Rayonun ərazisi 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən əhalinin bütün əmlakı, həmçinin də uçotunu əks etdirən təsərrüfatbaşı kitabların əksəriyyəti işğal zonasında qaldığından inzibati ərazi dairəsi üzrə nümayəndəliklər işğaldan sonra Respublikanın müxtəlif bölgələrində məskunlaşmış vətəndaşlarla fərdi qaydada görüşməklə əhalinin uçotunu bərpa etmişlər. Siyahı dəqiqləşdirilən ərəfədə və sonrakı dövrlərdə Cəbrayıl şəhər ərazi nümayəndəliyinə yemək xərci müavinəti ilə bağlı müraciət etmədiyiniz üçün Sizə bu təyinat üzrə müavinət ödənilməmişdir. 2022-ci ildə müraciətinizlə bərabər təsdiqedici sənədləri təqdim etdikdən sonra Sizə vahid aylıq müavinət verilmiş və hazırda ödəniş davam etdirilir. 1994-2022-ci illər üçün almadığınız müavinətin ödənilməsinə gəlincə isə bildiririk ki, yemək xərci üçün aylıq müavinətin verilməsinə 1994-cü ildən başlansa da, müavinətin verilməsini tənzimləyən ilkin Təlimat Ədliyyə Nazirliyi tərəfindən 15 fevral 2002ci il tarixində təsdiq edilmişdir. Həmin təlimatın 5.1-ci bəndinə əsasən Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edərək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) vahid aylıq müavinət verilmir. Bundan sonra təsdiq olunmuş 2011-ci ilin 01 yanvar tarixindən qüvvədə olan 2-ci təlimatda və eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydasında məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkün statusu olan şəxslərdən Milli Qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinin vahid aylıq müavinətinin dayandırılması istisna edilir. Lakin məsələ ilə əlaqədar vaxtında müracət etmədiyiniz üçün ailə üzvlərinizin adı Cəbrayıl rayonundan vahid aylıq nüavinət alanların siyahısına daxil edilməmiş, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən adınıza həmin illər üçün vəsait köçürülməmişdir. Odur ki, sözügedən illər üçün Sizə vahid aylıq müavinətin verilibverilməməsi hüquqi araşdırma tələb etdiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyə edilir. Xahiş edirik nəzərə alasınız. İşdə olan Azərbaycan Respublikası Cəbrayıl rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-40/2-464/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, şəhid ailəsi Əliyeva X2 rayonu işğal olunmamışdan əvvəl Cəbrayıl rayon sakini ilə ailə həyatı qurmuş və 1993-cü ilə kimi Cəbrayıl şəhərində yaşamışdır. Onun həyat yoldaşı, polis zabiti X5 1991-ci ildə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Əri şəhid olduqdan sonra əslən Yevlax rayonundan olan İddiaçı Bakı şəhərində yaşamağa başlamış və müğənnilik fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda Nərimanov rayonu Abasqulu Ağa ünvan 4 ünvanda yaşayır. İddiaçı Vahid aylıq müavinət verilməməsi ilə bağlı bildirirk ki, məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993-cü il tarixli 587 nömrəli qərarı əsasında, 1994-cü ildən etibarən ödənilməyə başlanmışdır. Məhs həmin qərara əsasən rayonun qeydiyyatında olan məcburi köçkünlərin dəqiqləşdirilmiş siyahılarının hazırlanaraq 15 gün müddətinə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edilməsi ərazisi işğal olunmuş rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Rayonun ərazisi 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərkən əhalinin bütün əmlakı, həmçinin də uçotunu əks etdirən təsərrüfatbaşı kitablar işğal zonasında qaldığından inzibati ərazi dairəsi üzrə nümayəndəliklər işğaldan sonra Respublikanın müxtəlif bölgələrində məskunlaşmış vətəndaşlarla fərdi qaydada görüşməklə əhalinin uçotunu bərpa etmişlər. Siyahı dəqiqləşdirilən ərəfədə və sonrakı dövrlərdə Cəbrayıl şəhər ərazi nümayəndəliyinə yemək xərci müavinəti ilə bağlı müraciət etmədiyindən İddiaçı bu təyinat üzrə müavinət ödənilməmişdir. 2022-ci ildə müraciəti ilə bərabər təsdiqedici sənədləri təqdim etdikdən sonra ona vahid aylıq müavinət verilmiş və hazırda ödəniş davam etdirilir. 1994-2022-ci illər üçün almadığı müavinətin ödənilməsinə gəlincə isə bildiririk ki, yemək xərci üçün aylıq müavinətin verilməsinə 1994-cü ildən başlansa da, müavinətin verilməsini tənzimləyən ilkin Təlimat Ədliyyə Nazirliyi tərəfindən 15 fevral 2002-ci il tarixində təsdiq edilmişdir. Həmin təlimatın 5.1-ci bəndinə əsasən Mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edərək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla) vahid aylıq müavinət verilmir. Bundan sonra 2011-ci ilin 01 yanvar tarixindən qüvvədə olan 2-ci təlimatda və eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nda məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkün statusu olan şəxslərdən Milli Qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri və onların ailə üzvlərinin vahid aylıq müavinətinin dayandırılması istisna edilir. Lakin məsələ ilə əlaqədar vaxtında müracət etmədiyi üçün İddiaçı ailə üzvlərinin adı Cəbrayıl rayonundan vahid aylıq nüavinət alanların siyahısına daxil edilməmiş, Qaçqınların və X4 üzrə Dövlət Komitəsi tərəfindən onun adına həmin illər üçün vəsait köçürülməmişdir. Əlavə olaraq onu da bildiririk ki, yuxarıda göstərilən qaydanın 2.13-cü bəndinə əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinətin verilməsi nəzərdə tutulmamışdır. Buna görə də İddiaçı əvvəllər müraciət etmiş osaydı belə onun adına VÖEN olması əsas gətirilərək vahid aylıq müavinəti bərpa edilə bilməzdi. Xahiş edirik nəzərə alasınız. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-2-1/2-7586/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı təsisçisi, rəhbəri olduğu hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti barədə müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2024-cü il tarixli **********905500 nömrəli) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Bildiririk ki, vergi ödəyicilərinin dövlət reyestrində İddiaçı (FİN: xxxxxxx) xx.xx.1998-ci il tarixdə (köhnə VÖEN: 1********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi uçotuna alınması barədə məlumat mövcuddur. Həmçinin, reyestrdə İddiaçı inventarlaşdırmadan keçərək xx.xx.2005-ci il tarixdə ********** nömrəli yeni VÖEN-lə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi uçotuna alınması, əsas fəaliyyətinin “İnternet rabitəsi” olması, xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2074-cü il tarixədək fəaliyyətinin dayandırılması barədə məlumat mövcuddur. Reyestr İddiaçı hər hansı hüquqi şəxsin təsisçisi və rəhbəri olması barədə məlumat mövcud deyildir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-21-3-02/2-15020/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın, müsbət halda həmin əmlaka dair hüquqmüəyyənedici sənədlərin surətlərinin təqdim edilməsi barədə sorğunuza aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsəsən İddiaçı adına: Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758- 759, ev 62, mənzil 148; Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, məhəllə 758- 759, ev 62, mənzil 149; Xaçmaz rayonu, İstisu qəsəbəsində yerləşən 0,12 ha və 0,12 ha həyətyanı torpaq sahələri; Yevlax rayonu, Hacımahmudlu kəndində yerləşən 1,50 ha və 3,6462 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri; Ağsu rayonu, Kalva kəndində yerləşən 0,074 ha və 0,14 ha həyətyanı torpaq sahələri qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2022-ci ildə müraciəti ilə bərabər təsdiqedici sənədləri təqdim etdikdən sonra ona vahid aylıq müavinət verilmiş və hazırda ödəniş davam etdirilir. Hazırda iddiaçı ona ödənilməli olan vahid aylıq müavinətin 1994-2022-ci illər üçün ödənilməsini xahiş edir. Məhkəmə, müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atış altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 9-cu maddəsinə əsasən məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsindən görünür ki, qaçqın və məcburi köçkünün statusunu almış şəxs müəyyən edilmiş qaydada həmin maddədə nəzərdə tutulmuş digər təminatlarla yanaşı, həmçinin, dövlətin təyin etdiyi birdəfəlik və digər yardımı almaq hüququna malikdir. «Məcburi köçkünlərə dövlət tərəfindən müəyyən edilmiş müavinətlərin verilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993cü il tarixli, 587 nömrəli Qərarından görünür ki, Respublikada məcburi köçkünlərə dövlət tərəfindən birdəfəlik yardım və yemək xərcləri kimi müəyyən edilmiş müavinətlərin verilməsi ilə əlaqədar siyahıların düzgünlüyü və dəqiqliyi üçün işğal edilmiş rayonların icra hakimiyyəti başçıları və məcburi köçkünlərin ərazilərində yerləşmiş olduqları yerli icra hakimiyyəti orqanları tam məsuliyyət daşıyırlar. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.1-ci maddəsinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Qeyd olunan hüquq normalarının tələbinə görə məcburi köçkün statusu olan şəxsin məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin verilməsinin dayandırılması üçün əsas hesab olunur. Hüquq normasında göstərilən bu hal İddiaçı şəhid ailəsi olduğu üçün ona şamil edilmir. Buna baxmayaraq iddiaçının Cəbrayıl rayonunda qeydiyyatda olmaması, bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 1993-cü il tarixli 587 nömrəli qərarı əsasında rayonun qeydiyyatında olan məcburi köçkünlərin dəqiqləşdirilmiş siyahılarının hazırlanaraq 15 gün müddətinə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə təqdim edilməsi zamanı siyahı dəqiqləşdirilən ərəfədə və sonrakı dövrlərdə iddiaçının Cəbrayıl şəhər ərazi nümayəndəliyinə yemək xərci müavinəti ilə bağlı müraciəti qeydə alınmadığı üçün onun adı siyahıya əlavə edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarının hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçı 2022-ci il tarixdən məcburi köçkün vəsiqəsi almaqla məcburi köçkün statusu əldə etmiş elə həmin vaxtanda cavabdeh inzibati orqana müraciət etdiyi üçün ona vahid aylıq müavinət verilmiş və hazırda ödəniş davam etdirilir. Lakin iddiaçının faktiki olaraq məcburi köçkün düşdükdən sonra yəni 1994-cü ildən etibarən sutatus əldə etdiyi 2022-ci il tarixinə kimi yemək xərcləri üçün aylıq müavinətin ödənilməsini tələb etməsi onun tələbinin cavabdeh inzibati oraqan tərəfindən təmin edilməməsi üçün əsasdır. Buna görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hüquq normalarına görə iddiaçının tələbindən cavabdehin imtinası (təmin etməməsi) əsaslı və qanuni olmuşdur. Məhkəmə iddiaçının dəlillərinə münasibət bildirərək onu da qeyd edir ki, məcburi köçkünlərə yemək xərci müavinəti onların gündəlik rifahlarının yaxışılaşdırılması üçün nəzrədə tutulmuş, şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinət ödənilir. 1994cü il tarixdən etibarən məcburi köçkünlərə müxtəlif güzəştlər tətbiq olunmuş, sonrada həmin ödənişlər nağd qaydada ölkə üzrə yaşayış minimumuna uğur yemək xərcləri üçün hər ay ödənilir. İddiaçının 1998-ci il tarixdən etibarən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində vergi uçotuna alınması, mübahisələndirilən illərdə Cəbrayıl rayonunda pasport qeydiyyatında olmaması, həmçinin onun adına müxtəlif yerlədə əmlakların olması bunu deməyə əsas verir ki, iddiaçının məcbur köçkünlər üçün dövlət büdcəsindən ayrılan yemək xərci üçün aylıq müavinətə ehtiyacı olmamış, bu barədə cavabdeh inzibati orqana mürciətlər etməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən hüquq normalarının təbiətindən müəyyən etmək olur ki, vahid aylıq müavinətin əldə edilməsi mütləq hüquq deyildir və həmin müavinət bütün məcburi köçkünlərə deyil, bəzi kateqoriyalı şəxslər istisna olmaqla, məcburi köçkün düşən və yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərə ehtiyacı olan məcburi köçkünlərə verilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “1994-2022-ci illər üzrə almadığı yemək xərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Cəbrayıl rayon İcra Hakimiyyətinə qarşı “1994-2022-ci illər üzrə almadığı yemək xərci üçün aylıq müavinətin yenidən hesablanmaqla birdəfəlik ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1212/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1212/2025
07.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver