Məhkəmə qərarları › İş №2-1(120)-1215/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1215/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1215/2025 03.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “ona, yəni 15 avqust 1977-ci ildə Laçın rayonu, Hacılar kəndində anadan olmuş Abduləzimova (Rəhimova) Ruzugar Calal qızına doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 03 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Laçın rayon Qeydiyyat Şöbəsinə qarşı “ona, yəni 15 avqust 1977-ci ildə Laçın rayonu, Hacılar kəndində anadan olmuş Abduləzimova (Rəhimova) Ruzugar Calal qızına doğum haqqında şəhadətnamənin təkrarən verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 15 avqust 1977-cü ildə Laçın rayonu, Hacılar kəndində anadan olmuşdur. Ona Laçın rayon Hacılar kənd İcra Nümayəndəliyində xx.xx.1977-ci ildə 20 saylı doğum haqqında akt qeydi tərtib edilmiş və orada adı “Rüzügar” doğum tarixi isə xx.xx.1977-ci il göstərilmişdir. Doğulduğu vaxtdan ailə qurduğu vaxtadək bütün hüquqmüəyyənedici sənədlərdə adı Rüzügar, doğum tarixi isə xx.xx.1977-ci il göstərilməsinə baxmayaraq, nikah haqqında şəhadətnamədə təvəllüdü səhvən “xx.xx.1977-ci il” əvəzinə “xx.xx.1982-ci il” kimi göstərilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə məcburi köçkün düşən zaman naməlum şəraitdə itmişdir. Şəxsiyyət vəsiqəsi alan zaman doğum haqqında şəhadətnamə təqdim edə bilməmiş və şəxsiyyət vəsiqəsindəki məlumatlar nikah haqqında şəhadətnamədə göstərilənlərə uyğun olaraq adı Ruzugar, doğum tarixi isə xx.xx.1982-ci il kimi qeyd edilmişdir. Hal-hazırda doğum haqqında şəhadətnamənin təkrar surətini almaq zərurəti yaranmış, doğum haqqında şəhadətnaməni almaq üçün Laçın rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Laçın rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 316-5/8-15-A- 81/2024 saylı imtina məktubu ilə bildirilmişdir ki, barəsində Laçın rayonunun Hacılar kənd İcra Nümayəndəliyində tərtib edilmiş 20 saylı doğum haqqında akt qeydində adı “Ruzugar” doğum tarixi “xx.xx.1977” il təqdim etdiyi AA******* seriyalı şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə adı “Ruzugar”, doğum tarixi “xx.xx.1982” il kimi göstərilmişdir. Təqdim olunan sənədlərdə uyğunsuzluq olduğundan Laçın rayonunun Hacılar kənd İcra Nümayəndəliyində tərtib edilmiş 20 saylı doğum haqqında akt qeydində adı “Ruzugar” doğum tarixi “xx.xx.1977” il təqdim etdiyi AA******* seriyalı şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə adı “Ruzugar”, doğum tarixi “xx.xx.1982” il kimi göstərildiyindən, doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Odur ki, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Laçın rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Həmçinin cavabdeh inzibati orqanın ünvanı Ağcabədi rayonudur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikası vətəndaşının AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Laçın rayonu Hacılar kəndində qeydiyyatdadır. Vİİ-ЖГ № 442243 nömrəli, xx.xx.2003-cü il tarixli Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X7 arasında xx.xx.2003-cü il tarixdə, 08 nömrə ilə nikah aktı bağlanmışdır. Nikah bağlandıqdan sonra arvadın soyadı Abduləzimova kimi dəyişdirilmişdir. AZ-İ№ 727535 nömrəli, xx.xx.2006-cı il tarixli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. X1, anası İddiaçıdır. AZ-İ№ 265422 nömrəli, xx.xx.2009-cu il tarixli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə doğulmuşdur. X1, anası İddiaçıdır. 1992-ci il tarixli, A № 119939 nömrəli Natamam orta təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, X7 1992-ci il tarixdə natamam orta məktəbi bitirmişdir. Laçın rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-15-A-81/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, 03.09.7-ci il tarixdə Laçın rayonun Hacılar kənd icra nümayəndəliyində tərtib edilmiş 20 saylı doğum haqqında akt qeydində adınız “Rüzügar”,doğum tarixiniz “xx.xx.1977”-ci il təqdim etdiyiniz AA******* seriyalı şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə və digər sənədlərdə adınız “Ruzugar”,doğum tarixiniz “xx.xx.1982”-ci il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 -ci il 1 mart tarixli 52 № -li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik, bərpa və ləğv qaydalarınnın 1 -ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi , kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda şəxsin seçdiyi ərazi qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, təqdim olunan sənədlərdə uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1977-ci il tarixdə Laçın rayonun Hacılar kənd icra nümayəndəliyində tərtib edilmiş 20 saylı doğum haqqında akt qeydinin uşaq qrafasında adına “Rüzügar”dan “Ruzugar”a,doğum tarixinə “xx.xx.1977”-ci ildən “xx.xx.1982”-ci ilə düzəliş edilməsi və xx.xx.1977-ci il tarixə uyğun doğum haqqında təkrar şəhadətnamənin verilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanasi” X17 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 9001 nömrəli məktubunda qeyd edilmişdir ki, Laçın rayonu, Hacılar kəndində qeydiyyatda olan İddiaçı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Məlumat üçün bildiririk ki, Sizə verdiyimiz məlumat sorğuda göstərilən şəxslərin yuxarıda adı göstərilən xəstəxanada müalicədə olubolmamasını əks etdirir. Həmin şəxsin ( və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət etməyiniz tövsiyə olunur. Laçın Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abduləzimova (Rəhimova) Ruzugar Calal qızına ilk şəxsiyyət vəsiqəsi xx.xx.2003-cü ildə verildiyi üçün və şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan məlumat və sənədlər DİN-in müvafiq əmrinə əsasən 2008-ci il tarixdə yandırma yolu ilə məhv edilmişdir. Laçın Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı verilmiş AZE seriyalı 00764798 nömrəli xxxxxxx fərdi identifikasiya nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlər DİN-in müvafiq əmrinə əsasən 2008-ci ildə yandırma yolu ilə məhv edilmişdir. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətinizdə adı qeyd edilən İddiaçı xx.xx.2003-cü il tarixdə AZE 00764798 nömrəli və xx.xx.2008-ci il tarixdə AZE 06702185 nömrəli şəxsiyyət vəsiqələri ilə sənədləşdirilməsinə əsas olmuş sənədlərin saxlanma müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən sizə göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2019-cu il tarixdə AA******* nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədələşdirilməsinə əsas olmuş sənədlərin surəti Sizə göndərilir. Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Nərimanov rayonu üzrə sektornun xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Laçın rayonundan məcburi köçkündür. Elm Və Təhsil Nazirliyi Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, aparılmış araşdırma nəticəsində 1992-ci il tarixli Laçın rayonu Hacılar kənd tam orta məktəbi tərəfindən tərtib olunmuş vətəndaş İddiaçı ümumi orta təhsil haqqında attestatın (şəhadətnamə) və həmin məktəbdə təhsil aldığı illərə dair hər hansı bir sənədin mövcud olmadığı, bu vəziyyətin qeyd edilən tarixdə işğal dönəmi ilə əlaqədar sənədlərə əlçatanlığın mümkün olmaması ilə izah olunduğu müəyyən edilmişdir. xx.xx.1977-ci il tarixli, 20 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X8 xx.xx.1977-ci il tarixdə Laçın rayonunda anadan olmuşdur. X2, anası X6r. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4-cü bəndinə əsasən, qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 1.14-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2-ci bəndinə əsasən, təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. 9.7-ci bəndinə əsasən, yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. 9.8-ci bəndinə əsasən, qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə iş materiallarından müəyyən edir ki, iddiaçı Abduləzimova (Rəhimova) Ruzugar Calal qızı xx.xx.1977-cu ildə Laçın rayonu Hacılar kəndində anadan olmuş və doğum qeydə alınaraq müvafiq akt tərtib edilmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının adında və doğum tarixində uyğunsuzluq olduğunu əsas gətirsə də, məhkəmə həmin əsasa münasibətdə qeyd edir ki, doğum akt qeydinə uyğun olaraq təkrar doğum haqqında şəhadətnamənin verilməsi qanunvericiliyə uyğun olaraq verilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İnzibati-Prosesul Məcəllənin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı doğum akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydinə əsasən təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar