Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1216/2021 16.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı “mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964-1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən üç əvvəlki dövr üçün, yəni 01 mart 2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mərhum atasının işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(120)-1216/2021 saylı qərardadı ilə iddia tələbi dəyişdirilərək, mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964-1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən üç əvvəlki dövr üçün, yəni 01 mart 2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi baxılması qərara alınmışdır. İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Cavabdeh 09 mart 2021-ci il tarixli, **********5 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964- 1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınaraq ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964- 1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətini, nikah, doğum və ölüm haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərini, arxiv arayışını, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 15.03.2021-ci il tarixli, 215 nömrəli arayışını, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14.09.2021-ci il tarixli arayışını, Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 03.09.2021-ci il tarixli, **********1 nömrəli arayışını, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02.09.2021-ci il tarixli, 726 nömrəli arayışını, ödəniş qəbzini, cavabdehin imtina məktubunu əlavə etmişdir, cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilmiş arxiv kitablarından çıxarışlara, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 11 noyabr 2021-ci il tarixli, **********3 nömrəli etiraz məktubunun, pensiya işinin və müavinət işinin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Kürdəmir rayon rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Kürdəmir rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. Bеlə ki, İddiaçı 25.12.1970-ci il tarixdə doğulmuşdur. Ona Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən 01.09.2008-ci il tarixdə ikinci dərəcəli əlillik qrupu təyin edilmiş və Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin səbəbi «uşaqlıqdan» qeyd edilmişdir. İddiaçı atası Həsənov Gülməhəmməd Dıbış oğlu 11 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdeh inzibati orqan isə iddiaçının mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964-1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Belə ki, iş materiallarında olan 01 yanvar 1971-ci il tarixli, AZ № ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 25.12.1970-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında Həsənov Gülməhəmməd Dıbış oğlu, ana qrafasında X1 qeyd olunmuşdur. İş materiallarında olan 13 iyun 2021-ci il tarixli, AZ-İ № 530758 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Həsənov Gülməhəmməd Dıbış oğlu 11 yanvar 2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 26 fevral 2021-ci il tarixli, AZ-İİ № 157434 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X1 03 yanvar 2005-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 14.09.2021-ci il tarixli aktından görünür ki, İddiaçı atası mərhum Həsənov Gülməhəmməd Dıbış oğlu vəfat edənə kimi onun himayəsində yaşamışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialının 03.09.2021-ci il tarixli, **********1 nömrəli arayışından görünür ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialından 01.09.2008-ci il tarixdən müddətsiz olmaqla, ümumi səbəbdən İİ qrup əlilliyə görə sosial müavinət təyin edilmiş və həmin müavinətin aylıq məblləği 130.00 (bir yüz otuz) manat təşkil edir. İş materiallarında olan Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 02.09.2021-ci il tarixli, 726 nömrəli arayışından görünür ki, İddiaçı atası mərhum Həsənov Gülməhəmməd Dıbış oğlu vəfat edənə kimi onun himayəsində yaşamışdır. İş materiallarında olan X6 rayon filialının 15.03.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışından görünür ki, Həsənov Gülməhəmməd Dıbış oğlu 1964-1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işləmişdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı hazırkı tələblə bağlı cavabdeh inzibati orqana 01.03.2021-ci il tarixdə rəsmi qaydada müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ailə üzvü 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlildirsə, ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 14.1.1.2-ci bəndində vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanları məhdud olmuş 18 yaşından yuxarı əlil ailə üzvünün ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun olduğu nəzərdə tutulmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə görə ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin tələbi baxımdından Həsənov Gülməhəmməd Dıbış oğlunun ailə başçısını itirən əlil övlad kimi ailə başçısının itirilməsinə görə pensiya almaq hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı pensiya hüququ atasının öldüyü (vəfat etdiyi) vaxtdan yaranmasına baxmayaraq, iddiaçının ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən üç əvvəlki dövr üçün, yəni 01 mart 2018-ci il tarixdən təyin edilməsini xahiş etdiyindən, ailə başçısının itirilməsinə görə əmək pensiyası həmin vaxtdan təyin edilməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, pensiya təyin olunması üçün tələb olunan sosial sığorta stajının olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964- 1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işləməsinə dair X6 rayon filialının 15.03.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Sözügedən arxiv arayışlarının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRl-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964-1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Belə ki, hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 11 noyabr 2021-ci il tarixli, **********3 saylı etirazda qeyd edilmişdir: “İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İcraatınızda olan 2-1(120)-1216/2021 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İddiaçı 01 mart 2021 -ci il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 12 saylı regional ərazi filialına müraciət etmişdir. İddiaçının mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun “Oktyabr” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün iddiaçıya pensiya təyinatı aparılmasından əsaslı olaraq imtina edilmişdir. İddiaçı 1964-1991-ci illərdə Kürdəmir rayonu Bolodi kəndi “Oktyabr” adına kolxozda işləməsinə dair arxiv arayışı təqdim etmişdir. Bildiririk ki, iddiaçıya 1982-ci ildən etibarən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş müavinət ödənilir. Hüquqi Əsaslar - “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə əsasən Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır (14.1); vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları (14.1.1); 18 yaşına çatmamış (14.1.1.1); 18 yasına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxan əlilliyi olan şəxs (14.1.1.2); təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək (14.1.1.3); ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə (14.1.2); yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə (14.1.3). Qanunun 17.1-ci maddəsinə ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə“ Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Maddələrin məzmunundan görünür ki, sosial sığorta stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Belə ki, İddiaçı mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964-1991-ci illərdə Kürdəmir rayonu Bolodi kəndi “Oktyabr” adına kolxozda işləməsinə dair arxiv arayışı mövcud olsa da, həmin illər onun əmək kitabçasında öz əksini tapmadığından əmək stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Milli Arxiv idarəsi Kürdəmir rayon Dövlət Arxivinin 15 fevral 2021-ci il tarixli arxiv arayışından görünür ki, Oktyabr adına kolxoz idarə heyətinin qərarına əsasən kişilər üçün minimum adam günü norması 1964-cü il tarixdən 1979-cu il tarixədək,1981-ci il tarixdən 1990-cı il tarixədək 200 gün, 1980-cı il tarixdə 180 gün, 1991-ci il tarixdə 150 gün təşkil edir. G.Həsənov 1964, 1965, 1966, 1967, 1968, 1969, 1970, 1971, 1972, 1973, 1974, 1975, 1976, 1977, 1978, 1979, 1981, 1982, 1983, 1984, 1985, 1986, 1989, 1990, 1991-ci illərdə minimum əmək iştirak normasını (200 gün) tam yerinə yetirdiyi üçün ümumilikdə 25 il sosial sığorta stajı əldə etmiş olur. 1980-ci ildə 169 gün (minimum iştirak norması 180 gün), 1987-ci ildə 91 gün (minimum iştirak norması 200 gün),1988-ci ildə 148 gün (minimum iştirak norması 200 gün) işləyərək kişilər üçün nəzərdə tutulmuş minimum əmək iştirak normasını yerinə yetirməmişdir. 1980-ci il üzrə sosial sığorta stajı 11 ay 08 gün (169x12:180= 11 ay 08 gün), 1987-ci il üzrə sosial sığorta stajı 05 ay 13 gün (91x12:200= 05 ay 13 gün), 1988-ci il üzrə sosial sığorta stajı 08 ay 26 gün (148x12:200= 08 ay 26 gün) təşkil edir. Ümumilikdə arxiv arayışına əsasən, Həsənov Gülməhəmməd Dıbış oğlunun sosial sığorta stajı 27 il 01 ay 07 gün təşkil etsə də, əmək kitabçasında qeyd edilmədiyi üçün əsaslı olaraq sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Belə olan halda, İddiaçı ailə başçısını itirməyə görə tələb olunan 19 il 07 ay (74-15=59, 59*4/12=19 il 07 ay) sığorta stajına malik olmadığından onun ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmır. Qeyd: 74 - iddiaçının mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun vəfat etdiyi yaş; 15 - əmək qabiliyyətli yaş dövrü; 4 - əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün tələb olunan 4 ay sığorta stajı; 12- əmək qabiliyyətli yaş dövrünün hər tam ili. İddiaçı mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun sığorta stajı aşağıdakı kimidir: 1954.10.16-1957.12.04= 03-01-18 (hərbi xidmət dövrü) Cəmi 03 il 01 ay 18 gün. Göründüyü kimi Həsənov Gülməhəmməd Dıbış oğlunun əmək stajı, ailə başçısı itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulmuş sosial sığorta stajından azdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual 47.2-ci maddəsini nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edəsiniz. Göründüyü kimi İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun kolxozdakı iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi X6 rayon filialının 15.03.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. İnzibati icraat haqında Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. İddiaçının mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964-1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən üç əvvəlki dövr üçün, yəni 01 mart 2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mərhum atası Həsənov Gülməhəmməd Dıbış oğlunun 1964-1991-ci illərdə Kürdəmir rayonu “Oktyabr” adına kolxozda işlədiyi iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən üç əvvəlki dövr üçün, yəni 01 mart 2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 12 saylı Regional Ərazi Filialına həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1216/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1216/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver