Məhkəmə qərarları › İş №2-1(120)-1217/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1217/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1217/2020 30.11.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 97, mənzil 30-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X1rşı «mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X1rşı «mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonunun Qaralar kəndi ərazisində, Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun sol hissəsində yerləşən mülkiyyətində olan 9,89 ha torpaq sahəsinin 3800 kv.metr hissəsində inşa edilmiş qeyri-yaşayış əmlak kompleksinin qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X2 xx xxxx 2020-ci il tarixli **********75 saylı məktubu ilə onun İmişli rayonunun Qaralar kəndi ərazisində, Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun sol hissəsində yerləşən mülkiyyətində olan 9,89 ha torpaq sahəsinin 3800 kv.metr hissəsində inşa edilmiş qeyri-yaşayış əmlak kompleksinin qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə dair xahişi rədd edilmişdir. Cavabdehin bu hərəkəti qanunsuzdur. Belə ki, İmişli rayonunun Qaralar kəndinin ərazisində Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol hissəsində mülkiyyətində olan 9,89 ha torpaq sahəsinin 3800 kv.metr hissəsində quşçuluq sənayesinin inkişaf etdirilməsi məqsədilə taxıl və yem məhsullarının saxlanılması üçün bunkerlər, yem sexi və yem anbarı, həmçinin digər təsərrüfat təyinatlı yardımçı binalar inşa etmişdir. Həmin qeyriyaşayış obyektlərinin inşasına İmişli rayon İcra hakimiyyəti başçısının xx xxxx 2012-ci il tarixli 67 saylı sərəncamı ilə rəsmi icazə verilmiş, qeyri-yaşayış obyektinin rəsmi lisenziyası olan Feniks-AA MMC tərəfindən eskiz layihəsi tərtib olunmuşdur. Həmçinin İmişli rayonunun Qaralar kəndinin ərazisində Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun sol hissəsində mülkiyyətində olan 9,89 ha torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxx 2012-ci il tarixli **********91 reyestr nömrəli çıxarış verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X2 Şirvan İnzibati məhkəməsinə daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli **********52 saylı iddia ərizəsinə etiraz məktubunda qeyd edilir ki, İddiaçı cavabdeh daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X1rşı İmişli rayonunun Qaralar kəndi ərazisində, Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun sol hissəsində yerləşən mülkiyyətində olan 9,89 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin 3800 kv.metr hissəsində inşa etdirdiyi qeyri yaşayış əmlak kompleksinin dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Bununla əlaqədar bildirmək istəyirik ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təqdim edilən sənədlər əsasında hüquqların dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. İddia tələbinə dair isə bildirmək istəyirik ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən çıxarış “Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra-hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən məhkəmələrdə yalnız şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Bildiririk ki, qeyd edilən əmlak kompleksi kimi müəssisə xx.xx.2007-ci il tarixli **********19 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli **********40 reyestr nömrəli, xx.xx.2012-ci il tarixli **********91 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli **********38 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində inşa edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinin tələblərinə uyğun olaraq torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir. Həmin məcəllənin 13-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Odur ki, iddia tələbinə etiraz edilir və iddianın təmin edilməməsi xahiş edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X4 şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X2 İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********75 saylı məktubunda qeyd olunmuşdur ki, İmişli rayonu Qaralar kəndi ərazisində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququnuzu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə xx xxx 2020-ci il tarixli ********** qeydiyyat nömrəli müraciətinizə Xidmətinin 6 saylı X3 baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, qeyd olunan əmlak kompleksi kimi müəssisə xx.xx.2012-ci il tarixli **********40, xx.xx.2007-ci il tarixli **********19, xx.xx.2012ci il tarixli **********91 və xx.xx.2012-ci il tarixli **********38 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa olunduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən müraciətin icrasından imtina edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüququ statusuna uyğun olaraq verilir. Həmin Məcəllənin 13-cü maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü, 47-ci maddəsinin 3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 3-cü bəndi kənd təsərrüfatı təyinatlı torpaqların yalnız məqsədli təyinatı üzrə istifadəyə və icarəyə verilməsini nəzərdə tutur. Əlavə olaraq bildiririk ki, xx xxxxxxxx 2018-ci il tarixli **********28 nömrəli məktubla ətraflı məlumat verilmişdir. İş materialında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH № ******* çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 1.371348 ha olan kənd təsərrüfatı təyinatlı torpaq İddiaçı mülkiyyətindədir. İş materialında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 2.33 ha olan kənd təsərrüfatı təyinatlı torpaq İddiaçı mülkiyyətindədir. İş materialında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 2.8996 ha olan kənd təsərrüfatı təyinatlı torpaq İddiaçı mülkiyyətindədir. İş materialında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA № ******* çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi sahəsi 3.30 ha olan kənd təsərrüfatı təyinatlı torpaq İddiaçı mülkiyyətindədir. İş materialında olan Tikintiyə icazə verilməsinə dair İmişli rayon İcra hakimiyyəti başçısınının xx xxxx 2012-ci il tarixli 67 nömrəli sərəncamının təsdiq olunmuş surətində qeyd edilmişdir ki, İddiaçı müraciəti nəzərə alınsın və ona Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun sol hissəsindəki mülkiyyətində olan 9,89 ha torpaq sahəsinin 3800 kv.m hissəsində tikintinin layihəsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Baş Ekspertiza idarəsindən rəy alındıqdan sonra taxıl və yem məhsullarının saxlanılması üçün bunkerlərin, yem sexi və yem anbarının, həmçinin digər təsərrüfat təyinatlı, yardımçı binaların tikintisinə və dəmir yolu xəttinin çəkilməsinə icazə verilsin. Tikinti işlərinə obyektin layihəsi və inşaat pasportu hazırlanıb Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə razılaşdıqdan sonra başlanılsın. İddiaçı tapşırılsın ki, obyektin tikintisi aparılarkən qanunla müəyyən edilmiş qaydalara riayət olunmasını təmin etsin. Sərəncamın icrasına nəzarət İmişli RİH Başçısı aparatı Memarlıq və tikinti şöbəsinə həvalə edilsin. İş materialında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx xxx 2016-cı il tarixli № 22145 nömrəli rəyinin nəticə hissəsinə əsasən, ”İmişli rayonu, Qaralar kəndi ərazisində qarışıq yem kompleksi”nin işçi layihəsi bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. İş materialında olan və məhkəmə iclasında tədqiq olunmuş «xxxx» MMC-nin mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən İmişli rayonu Qaralar kəndi ərazisində inşa edilmiş tikililər onların inşa olunduğu torpaq sahəsinin təyinatına (kənd təsərrüfatı təyinatlı torpağın) uyğundur, iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa olunmuşdur. Həmin tikililər kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü fəslində (12, 13 və s. mad.) nəzərdə tutulmuş məqsəd və tələblərə cavab verir. Qeyd edilən tikili və quraşdırılmış avadanlıqlar kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmçinin, kənd təsərrüfatı məhsullarının istehsalı üçün vacib hesab olunur. İş materialında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli 10/2343 nömrəli ekspertiza rəyindən görünür ki, İddiaçı tərəfindən İmişli rayonu Qaralar kəndi ərazisində inşa edilmiş tikililər (əmlak kompleksi) həmin tikililərə dair verilmiş İmişli rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2012-il tarixli 67 saylı sərəncamına, eskiz layihəsinə uyğundur, eyni zamanda tikinti normalarına və qaydalarına riayət edilməklə inşa olunmuşdur. “xxxx” MMC-nin mütəxəssisi tərəfindən tərtib edilmiş 94 saylı xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı tərəfindən İmişli rayonu Qaralar kəndi ərazisində inşa edilmiş tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi və həmin tikililərin inşa olunduğu torpaq sahəsinin təyinatına (kənd təsərrüfatı təyinatlı torpağın) uyğun olduğu müəyyən edilir. Tədqiq olunan torpaq sahəsində inşa edilmiş tikili və quraşdırılmış avadanlıqların kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12 və 13-cü maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, tədqiq olunan torpaq sahəsində inşa edilmiş tikili və quraşdırılmış avadanlıqlar kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün vacib hesab olunur. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 2.2-2.2.3-ci maddələrinə görə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəməyə təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2007ci il tarixli ******* saylı, xx.xx.2012-ci il tarixli ******* saylı, xx.xx.2012-ci il tarixli ******* saylı və xx.xx.2012-ci il tarixli ******* saylı çıxarışlara əsasən İddiaçı İmişli rayonu Qaralar kəndi ərazisindəki 9,89 hektar torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyata alınmışdır. Əmlak kompleksi də həmin torpaq sahələrinin üzərində inşa olunmuşdur. İddiaçı tərəfindən İmişli rayonu Qaralar kəndi ərazisində inşa edilmiş tikililər (əmlak kompleksi) həmin tikililərə dair verilmiş İmişli rayon İcra Hakimiyyəti Başçısının xx xxxx 2012-il tarixli 67 saylı sərəncamına, eskiz layihəsinə uyğundur, eyni zamanda tikinti normalarına və qaydalarına riayət edilməklə inşa olunmuşdur. İddiaçı tərəfindən İmişli rayonu Qaralar kəndi ərazisində inşa edilmiş tikililərin iddiaçının mülkiyyətində olan torpaq sahəsində inşa edildiyi və həmin tikililərin inşa olunduğu torpaq sahəsinin təyinatına (kənd təsərrüfatı təyinatlı torpağın) uyğun olduğu müəyyən edilir. Tədqiq olunan torpaq sahəsində inşa edilmiş tikili və quraşdırılmış avadanlıqların kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12 və 13-cü maddəsinin tələblərinə uyğun olduğu müəyyən edilir. Mütəxəssis rəyinə əsasən, tədqiq olunan torpaq sahəsində inşa edilmiş tikili və quraşdırılmış avadanlıqlar kənd təsərrüfatının səmərəli təşkil edilməsi, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün vacib hesab olunur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyət maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 58-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ hüquqi aktlara uyğun olaraq torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır. Göründüyü kimi, torpaq mülkiyyətçisinin şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxıldir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13-cü maddəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. İşin faktiki hallarından və qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi, qanunvericilik kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların inşasını nəzərdə tutmuşdur. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadə edilir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli rəyinə əsasən isə İmişli rayon İcra Hakimyyəti başçısının xx xxxx 2012-ci il tarixli 67 saylı sərəncamı ilə iddiaçıya tikintisinə icazə verilmiş obyektin (əmlak kompleksinin) tikinti norma və qaydalarına və onun inşa edildiyi torpaq sahəsinin təyinatına uyğun olması, kənd təsərrüfatı təyinatlı torpaqlar üçün qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verməsi, həmçinin kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib hesab olunması müəyyən edilmişdir. Bununla yanaşı həmin tikilinin inşasının məqsədəmüvafiqliyi barədə müvafiq inzibati orqanlar tərəfindən rəylər verilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqda inşa etdiyi tikililər (əmlak kompleksi) onların inşa edildiyi torpağın təyinatına uyğun olmuş, həmin tikililər kənd təsərrüfatı təyinatlı torpaqlar üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin İİİ fəslində nəzərdə tutulmuş məqsədlərə və tələblərə cavab verməklə, kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib hesab olunurlar. Cavabdeh (inzibati orqan) isə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş işin hallarının obyektiv araşdırılması prinsipini pozaraq, tikilinin onun inşa edildiyi torpağın təyinatına uyğun olub-olmamasını araşdırmadan, əsassız olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin cavabdehə təqdim olunması, cavabdehin isə həmin Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmayan əsaslar üzrə hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X2 iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsi sonuncunun konstitusion hüquq olan mülkiyyət hüququnu pozmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının müraciəti ilə bağlı ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. İnzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmçinin inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqan yazılı inzibati aktı yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. (Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətindən imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia təmin edilməli, İddiaçı tərəfindən İmişli rayonunun Qaralar kəndi ərazisində, Ağsu- Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun sol hissəsində yerləşən mülkiyyətində olan 9,89 ha torpaq sahəsinin 3800 kv.metr hissəsində inşa edilmiş qeyri-yaşayış əmlak kompleksinin qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X2 üzərinə qoyulmalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialında olan xx xxxx 2020-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, iddiaçı iddia qaldırılması ilə əlaqədar 10 (on) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əsasən prosessual xərclər yalnız iddiaçının iddia qaldırması ilə əlaqədar ödədiyi dövlət rüsumundan və 100 manat ekspertiza xərcindən ibarətdir. İddiaçı iş üzrə prosessual xərclərin (məhkəmə xərci) ona aid edilməsini xahiş etdiyi üçün məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 68, 69, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı tərəfindən İmişli rayonunun Qaralar kəndi ərazisində, Ağsu-Kürdəmir- Bəhrəmtəpə avtomobil yolunun sol hissəsində yerləşən mülkiyyətində olan 9,89 ha torpaq sahəsinin 3800 kv.metr hissəsində inşa edilmiş qeyri-yaşayış əmlak kompleksinin qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X2 üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu ona aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı tutularaq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Az.MEM, VÖEN **********, hesab AZ34CTRE******************** keçirilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar