Məhkəmə qərarları › İş №2-1(120)-1218/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1218/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1218/2025 22.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi pensiya təyin olunması üçün hesablaşma vərəqəsi və pul attestatının (məlumat vərəqənin) müvafiq elektron informasiya sisteminə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi pensiya təyin olunması üçün hesablaşma vərəqəsi və pul attestatının (məlumat vərəqənin) müvafiq elektron informasiya sisteminə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 1973-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuşdur. 1992-ci ildən 1996-cı ilədək X1 qəsəbəsində yerləşən hərbi hissəsində müddətli hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Ağdam rayonu, Qazançılar meşəsi adlanan minalanmış ərazidə minaya düşərək ağır yaralanmışdır. Sonra döyüşü davam etdirərək Mehmani yüksəkliyində gedən döyüşlərdə ağır kontuziya almışdır. Ona hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi səbəbindən 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Lakin, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona səhvən hərbi əlil kimi deyil, mülki əlil kimi pensiya təyin etmişdir. O, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiyasının mülki əlil kimi yox, hərbi əlil (döyüş əməliyyatlarında yaralandığım üçün) kimi təyin edilməsini xahiş etmişdir, oradan ona xx.xx.2024-cü il tarixli, 3-17-1/2-D-31479/2024 nömrəli məktub göndərərək bildirilmişdir ki, sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra ona sabiq hərbi qulluqçu kimi əmək pensiyası təyin oluna bilər. Sonradan o Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinə müraciət edərək sonuncu xidmət keçdiyi orqan tərəfindən ona dair məlumat vərəqinin müvafiq elektron informasiya sisteminə daxil edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsini xahiş etmişdir. Lakin oradan ona xx.xx.2024-ci il tarixli, 3-13-14/2-D-2246/1/2024 saylı məktub göndərilərək bildirilmişdir ki, X2ində onun Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməyi barədə məlumatlar aşkar edilmədiyinə görə ona müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi pensiya təyin olunması üçün hesablaşma vərəqəsi və pul attestatının verilməsi mümkün deyildir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı ikinci qrup Qarabağ müharibəsi əlilidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-D- 31479/2024 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18 yanvar 2024-cü il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə əsasən hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü hissəsinə əsasən hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnün yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada müvafiq elektron informasiya sisteminə daxil edilməklə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Qeyd olunanları nəzərə alaraq, sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqi müvafiq elektron informasiya sisteminə daxil edilərək Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edildikdən sonra sabiq hərbi qulluqçu kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-14/2-D-2246/1/2024 nömrəli məktubunda göstərilmişdir ki, Daxili Qoşunların Baş İdarəsinə ünvanladığı ərizəyə aidiyyəti üzrə Daxili Qoşunların Baş İdarəsində tərəfimizdən baxıldı.Müraciət etdiyi məsələ ilə əlaqədar bildirir ki, X2ində Daxili Qoşunların tərkibində müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə məlumatlar aşkar edilmədiyinə görə qaldırdığı məsələnin həlli ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi imkanı xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 130 saylı arxiv arayışının surətində göstərilmişdir ki, həqiqətən də sıravi İddiaçı dislokasiya yeri Ağdam rayonu- döyüş bölgəsi olmuş N () saylı hərbi hissənin və N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçməsi və fərarilik etdiyinə görə qoşunların şəxsi heyətinin siyahısından çıxarılması faktlarını təsdiq edən məlumatlar aşağıdakılardır:

1. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 24 №-li əmrilə Gəncə şəhərinə N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (barəsində ilk məlumatdır);

2. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 32 №-li əmrilə xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;

3. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 24 №-li əmrilə döyüş əməliyyatlarında fəal iştirak etdiyinə və şəxsi nizam-intizamına görə bir aylıq məvacib məbləğində pulla mükafatlandırılmışdır;

4. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişiklikləri ilə əlaqədar 01 fevral 1993-cü il tarixdən istehkam taqımında istehkamçı vəzifəsinə təyin edilmişdir;

5. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 109 №-li əmrilə 04 iyun 1993-cü il tarixdən Gəncə şəhərinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (20 dekabr 1993-cü il tarixədək olan müddətlərdə ezamiyyətdən qayıtması və hərbi hissəni hansı tarixdə tərk etməsi barədə əmr aşkar olunmadı);

6. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 294 №-li əmrilə N saylı hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında 20 dekabr 1993-cü il tarixdə hissəyə qayıtmış hesab edilmişdir;

7. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 102 №-li əmrilə 20 aprel 1994cü il tarixdən Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir;

8. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 195 №-li əmrilə Füzuli rayonundan-döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir;

9. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 198 №-li əmrilə 29 iyul 1994-cü il tarixdə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir;

10. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 218 №-li əmrilə qospitaldan stasionar müalicədən getmiş hesab edilmişdir;

11. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 32 №-li əmrilə hissəni özbaşına tərk etmiş hesab edilmişdir;

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.1996-cı il tarixli 9 №-li əmrinə əsasən, N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli N №-li əmrilə hərbi hissənin fərari əsgərlərinin siyahısında hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən çıxarılıb, sənədləri DQBİ-nin təşkilat və komplektləşdirmə şöbəsinə göndərilmişdir (fərari əsgərlərin siyahısında Salyan rayonu üzrə 16-cı sıra nömrəsi ilə qeydə alınmışdır, hərbi bilet №6133938). İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 33-17-1/2- 230042/2024 nömrəli məktubunda göstərilmişdir ki, müraciətə əsasən vətəndaş İddiaçı pensiya və sosial ödəniş işlərinə dair sənədlərinin təsdiq olunmuş surəti təqdim olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli,3-17-4/2-26361/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2016-cı il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən 5 il müddətinə (xx.xx.2021-ci il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Növbəti dəfə vətəndaşa dair Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbilə 0313003AAGG9 nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında şəxsin əlillik vəziyyəti xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə təkrar əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının E00040474QCU nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə müayinə olunmuşdur. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq müddətsiz orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmiş, lakin dövlət tibb müəssisəsinin göndərişində seçilmiş diaqnozlar üzrə amillər düzgün qeyd edilmədiyindən əlillik təyinatının müddəti “Əlillik” altsistemində xx.xx.2022- ci il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə 2 (iki) il müddətinə qeyd edilmişdir. Daha sonra vətəndaşa dair Salyan Rayonlararası Psixiatriya Xəstəxanası tərəfindən V00157334FVY nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixdə Agentlikdə müayinə olunmuşdur. Həyata keçirilmiş müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbilə müddətsiz orqanizmin funksiyalarının 85 faiz pozulması barədə qərar qəbul edilmişdir. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-43-52/2- 838/2024 saylı məktubunun surətindən görünür ki, Xidmətin Salyan rayon şöbəsinin Arxiv sənədlərində, 1973-cü il təvəllüdlü İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət keçməsi barədə məlumatı və şəxsi işi aşkar olunmadı. İddiaçı müddətli həqiqi hərbi xidmət keçməsi barədə adına göndərilmiş X2 idarəsinin arayışının kserosurətini təqdim etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər aşağıdakı kateqoriyalara bölünürlər: müharibə əlilləri — əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində üz verərsə; hərbi qulluqçular sırasından digər əlillər — əlillik hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verərsə. Müddətli həqiqi hərbi (alternativ) xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə əlili hesab edilirlər (maddə 11). Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından İ qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir (maddə 12.2). Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 22.4). xx.xx.1992-ci il tarixdə qəbul edilmiş, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş və xx.xx.2011 -ci il tarixədə qüvvədən düşmüş "Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa (həmin tarixə olan redaksiyada) əsasən, hərbi xidmət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə tapşırılan vəzifələrin yerinə yetirilməsi üzrə dövlət xidmətinin xüsusi növüdür. Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda hərbi xidmətdən ibarətdir (maddə 2). Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti; əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti. Bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar müddətli həqiqi hərbi xidmətdə, Qanunla müəyyən edilmiş müddətdən artıq həqiqi hərbi xidmət keçənlər isə müddətdən artıq həqiqi hərbi xidmətdə hesab olunurlar. Qoşunların və ya donanmanın şəxsi heyətinin komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli hərbi xidmətdən başqa, xidmətin bütün növləri) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür. Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir (maddə 5). Hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər: a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə — qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbixidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar (maddə 13). "MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1992-ci il tarixli, 77 nömrəli Fərmanından görünür ki, döyüş əməliyyatlarının aparıldığı və Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı şəraitdə komandir kadrları çatışmadığına və mükəmməl hərbi təlim keçmiş şəxsi heyətə ehtiyac olduğuna görə MDB-nin Birləşmiş Silahlı Qüvvələrindən 1991 və 1992-ci illərdə tərxis olunaraq ehtiyata buraxılmış hərbi mükəlləfiyyətlilərin həqiqi hərbi xidmətə çağırılması, Azərbaycan Respublikası Silahlı Qüvvələri heyətində xidmət edən əsgər və serjantların xidmət müddətlərinin respublika ərazisində gedən döyüş əməliyyatlarının müddətinə uyğun olaraq uzadılması qərara alınmışdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və hazırda qüvvədə olan "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir (maddə 2.0.2). Ehtiyatda xidmət - toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir (maddə 2.0.3). Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir (maddə 24). Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: müddətli həqiqi hərbi xidmət; hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; müddətdən artıq həqiqi hərbi xidmət; gizirlərin və miçmanların həqiqi hərbi xidməti; zabitlərin həqiqi hərbi xidməti (maddə 28.1). Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər (maddə 28.2). Müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunun 36.1. 1 -ci maddəsində müəyyən edilmiş şəxslər aiddirlər (maddə 28.5).Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: müddətdən artıq həqiqi hərbi xidmətə - ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar (maddə 36.1 və 36.1.1). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı İddiaçı dislokasiya yeri Ağdam rayonu- döyüş bölgəsi olmuş N () saylı hərbi hissənin və N saylı hərbi hissənin tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. Belə ki, N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 24 №-li əmrilə Gəncə şəhərinə N saylı hərbi hissəyə xidməti ezamiyyətə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 32 №-li əmrilə xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 1 №-li əmrilə Daxili Qoşunların yeni ştat strukturuna keçməsi və ştat dəyişiklikləri ilə əlaqədar 01 fevral 1993-cü il tarixdən istehkam taqımında istehkamçı vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 109 №-li əmrilə 04 iyun 1993-cü il tarixdən Gəncə şəhərinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir (20 dekabr 1993-cü il tarixədək olan müddətlərdə ezamiyyətdən qayıtması və hərbi hissəni hansı tarixdə tərk etməsi barədə əmr aşkar olunmadı). N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 294 №-li əmrilə N saylı hərbi hissəni özbaşına tərk etmiş əsgərlərin siyahısında 20 dekabr 1993-cü il tarixdə hissəyə qayıtmış hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 102 №-li əmrilə 20 aprel 1994-cü il tarixdən Füzuli rayonuna-döyüş bölgəsinə xidməti ezamiyyətə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 195 №-li əmrilə Füzuli rayonundan-döyüş bölgəsindən xidməti ezamiyyətdən gəlmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 198 №-li əmrilə 29 iyul 1994-cü il tarixdə qospitala stasionar müalicəyə getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 218 №-li əmrilə qospitaldan stasionar müalicədən getmiş hesab edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 32 №-li əmrilə hissəni özbaşına tərk etmiş hesab edilmişdir. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, Füzuli rayonu uğrunda gedən döyüşlərdə yaralanmışdır. İddiaçı xx.xx.2016-cı il tarixdə əlilik təyin edilmiş, əlilliyinin səbəbi kimi ümumi xəstəlik göstərilmiş, xx.xx.2017-ci il tarixdən isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı travma göstərilməklə müddətsiz olaraq 2-ci dəcərə əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı hal-hazırda 2-ci dərəcə əlil kimi Dövlət Sosial Müdafiə Fondundan əmək pensiyası alır. Ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi üçün müvafiq məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsi barədə xahişi ilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin onun müraciətinin təmin olunmasından imtina edilmişdir. İşin hallarını, iş materiallarını və tərəflərin izahatlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, müddətdən artıq hərbi xidmət keçməsi ilə bağlı iddiaçının dəlilləri əsaslı hesab edilə bilməz. İddiaçının müddətdən artıq hərbi xidmət keçməsi iş materialları ilə sübut olunmur. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: "Hərbi Komissarlıqlar tərəfindən müddətli toplanışa çağrılan hərbi mükəlləfiyyətlər haqqında” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İdarəsi komandanının 22 avqust 1992-ci il tarixli, 96 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən toplanışa çağrılan hərbi mükəlləfiyyətləri Daxili Qoşunların şəxsi heyətinin müvəqqəti siyahısına 18 iyun 1992-ci il tarixdən daxil edilmişdir. Qeyd olunan əmrdən göründüyü kimi, iddiaçı məhz müddətli toplanışa çağırılmışdır. Məhkəmə iclasında həm iddiaçı həm də cavabdeh, onlar arasında müddətdən artıq hərbi xidmət keçmə ilə bağlı hər-hansı müqavilə bağlanılmadığını, həmçinin iddiaçının həmin müddət ərzində əmək haqqı almadığını bildirilmişdir. İddiaçı tərəfindən, onun müddətdən artıq hərbi xidmət keçdiyini təsdiq edən hərhansı sübut məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, cavabdehin nümayəndəsi də iddiaçının məhz müddətdən artıq hərbi xidmət keçməsi ilə bağlı onlarda hər-hansı məlumatın olmadığını bildirmişdir. Məhkəmə göstərilən halları nəzərə alaraq hesab edir ki, İddiaçı müddətdən artıq deyil, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olmuşdur. Ona görə də, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin tələbləri nəzərə alınmaqla, cavabdeh inzibati orqan haqlı olaraq, məlumat vərəqəsinin hesablanaraq Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinə göndərilməsindən imtina etmişdir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-780/2020 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi pensiya təyin olunması üçün hesablaşma vərəqəsi və pul attestatının (məlumat vərəqənin) müvafiq elektron informasiya sisteminə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı “müddətdən artıq həqiqi hərbi qulluqçusu kimi pensiya təyin olunması üçün hesablaşma vərəqəsi və pul attestatının (məlumat vərəqənin) müvafiq elektron informasiya sisteminə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar