Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1223/2022 08.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «xx.xx.1986-xx.xx.1999-cu illərdə X3 Zavodunda işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi (aldığı müavinət çıxarılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. t ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı “xx.xx.1986xx.xx.1999-cu illərdə X3 Zavodunda işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdə qüvvədə olan qanunvericilik normalarına əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan Regional Ərazi Filialı əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2-1(120)-1223/2022 nömrəli qərardadı ilə iddia tələbinə “xx.xx.1986-xx.xx.1999-cu illərdə X3 Zavodunda işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi (aldığı müavinət çıxarılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, əlilliyə görə əmək pensiyasının təyin edilməsindən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialına rəsmi olaraq müraciət etmişdir. Belə ki, Əmək Pensiyaları haqqında Qanunun 30.1-ci maddəsinə əsasən Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar, və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları» nın 3-cü bölməsinin 3.1.1-ci bəndi»nə əsaslanılaraq ona xx.xx.2022-ci il tarixli, **********4 saylı məktub göndərilərək stajın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüş və pensiya təyinatından imtina edilmişdir. Onun, xx.xx.1986-xx.xx.1999-cu illərdə X3 Zavodunda işlədiyi illər və 07 iyun 1994-cü il tarixdən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən üçüncü dərəcəli əlil olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh imtina məktubunda 12 il 5 ay 22 gün iş stajının olduğunu bildirsə də, əlilliyə görə əmək pensiyası təyin olunması üçün hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən hal-hazırki yaşına (50 yaşına) uyğun olaraq 18 il 8 ay staj və 24192 manat kapital tələb olunmasını əsas gətirərək pensiya təyin etməkdən imtina etmişdir. İddiaçı xx.xx.1971-ci il təvəllüddür və 07 iyun 1994-cü il tarixdən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz üçüncü dərəcəli əlil hesab edilmişdir. Onun əlil olduğu yaşına (22 yaşa) uyğun minimum 5 (beş) il sığorta stajı tələb olunur ki, həmin tarixdə də onun 7 ildən artıq sığorta stajı vardır. Belə ki, ona imtinada qeyd olunan yeni əsaslarla (18 il 8 ay staj və 24192 manat pensiya kapitalı tələbi) deyil hüququnun yarandığı xx.xx.1994-cü il tarixdə qüvvədə olan qanunvericilik normalarına uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin olunmalıdır. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan- Salyan regional filialı isə işləməyini əsassız olaraq staj hesab etmədiyindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən qeyd edilən hərəkətlə konstitusion hüququ pozulmuşdur. Qeyd olunanların nəzərə alınaraq iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.2-ci maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Şirvan şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx.xx.1971-ci il təvəllüdlüdür və o, 07 iyun 1994-cü il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən üçüncü dərəcəli əlil hesab edilmişdir. Onun əlil olduğu yaşına (22 yaşa) uyğun minimum 5 (beş) il sığorta stajının olması tələb olunur. İddiaçının əlil olması və 12 il 5 ay 22 gün iş stajının olması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının əlil olmasına və əmək stajına dair iş materiallarında sübutlar vardır. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sığorta stajına malik olması, yəni xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X3 Zavodunda işləməsi NT-İ ******* nömrəli əmək kitabçası, məhkəmənin sorğusuna əsasən X2 şəhər filialının 18 noyabr 2022-ci il tarixli, 635 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər ilə təsdiq olunur. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********4 nömrəli etiraz məktubunda qeyd edilmişdir: Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçrilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hal hazirda qadınlarin yaş həddi 62.5-dir. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçrilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01 yanvar 2006-cı il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilir. İddiaçı Əmək kitabçasındakı məlumatlara əsasən 12 il 5 ay 22 gün iş stajı vardır.Əlilliyə görə əmək pensiyası almaq üçün sizə 18 il 8 ay staj və 24192 manat kapital tələb olunur. Mövcud göstəriçilərin qanunun tələbinə cavab vermədiyi üçün İddiaçı əmək pensiyası təyin etmək münmkün olmadı. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı (FİN xxxxxxx) ondan ötəri ki, o həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan - Salyan Regional filialndan aylıq məbləği 120,00 manat olmaqla xx.xx.1994-cü il tarixindən İİİ dərəcəli əlilliyə görə müddətsiz sosial müavinət alır. İş materiallarında olan ИТ-İ №1764573 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1999-cu illərdə X3 zavodunda işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir: vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Həmin qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.2.1-ci maddəsinə əsasən işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığorta stajına daxil edilir. Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Bildiririk ki, Ədliyyə Nazirliyi tərəfindən X4 Reyestrinə daxil edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1. sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İddiaçı əmək kitabçasına əsasən 12 il 05 ay 22 gün stajı vardır. Nəzərinizə çatdırırıq ki, vətəndaş İddiaçı əlilliyə görə əmək pensiyası alması üçün 18 il 8 ay staj və 24192 manat kapital tələb olunur. Fərdi hesabında yığılmış pensiya kapitalı yoxdur. xx.xx.1994-ci il tarixdən vətəndaşa əlilliyə görə sosial müavinət təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubunda qeyd edilmişdir: vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixində əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün Fondun 1 saylı Şirvan regional filialına müraciət etmişdir. Vətəndaşın təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1986-xx.xx.1999-cü illər üzrə onun xx.xx.2006-cı il tarixinədək ümumi sığorta stajı 12 il 5 ay 22 gün təşkil edir. Vətəndaşın 12 il 5 ay 22 gün sığorta stajına əsasən xx.xx.2006- cı il tarixinədək pensiya kapitalının məbləği 10146,05 manat təşkil edir. Həmçinin onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1 -ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bildiririk ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı 11 il 8 ay (əmək qabiliyyətli yaş dövrünün (50-15=35) hər tam ili üçün 4 ay (35x4=140 ay)), tələb olunan minimum pensiya kapitalı isə 24192 manat təşkil edir.Qeyd olunanlara əsasən bildiririk ki, İddiaçı ümumi sığorta stajının 12 il 5 ay 22 gün olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10146,05 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (24192 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (240 manatdan) az olmayan pensiya təminatına imkan vermir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli etiraz məktubunda qeyd edilmişdir: İddiaçı 09 fevral 2022-ci il tarixli ərizə ilə Fondun 1 saylı Şirvan-Salyan regional filialına müraciət edərək əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 12.1 -ci maddəsinə uyğun olaraq təqdim edilən İ4T-İ № ******* nömrəli əmək kitabçasına əsasən sosial sığorta stajının 12 il 5 av 22 gün olmağına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10146,05 manat pensiya kapitalının qanunvericiliklə tələb olunan 24192 manat pensiya kapitalından (50 yasa üçün) az olduğundan İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edildiyi bildirilmişdir. Bildiririk ki, İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sığorta stajı 11 il 8 av (əmək qabiliyyətli yaş dövrünün (50-15=35) hər tam ili üçün 4 ay (35x4=140 ay)), sığorta davamiyyəti əmsalı k=140/200=0,7, tələb olunan minimum pensiya kapitalı isə SH*T*K=240*144*0,7= 24192 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aidıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. 27-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixə fərdi hesabın sığorta hissəsində qeydə alınır. İddiaçının 12 il 5 av 22 gün sosial sığorta stajı olmağına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış 10146,05 manat pensiya kapitalı qanunvericiliklə tələb olunan 24192 manat pensiya kapitalından (50 yaş üçün) azdır. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı tamamlanmadığına görə əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri, AR İPM-nin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, 2-1 (120J-1223/2022 nömrəli iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan X2 filialının xx.xx.2022-ci il tarixli, 635 nömrəli məktubunda qeyd olunmuşdur: X8 Dəri zavodunun 1986-1999-cu illərə aid əmrlər kitabı və əmək haqqı cədvəlləri ARDA Şirvan filialına təhvil verilməyib. Vətəndaş İddiaçı əmək fəaliyyəti barədə qeydə sözügedən zavodun filialda mühafizə olunan "Əmək kitabçalarının qeydiyyatı kitabında" rast gəlindi. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X3 Zavodunda işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən müddətsiz İİİ (üçüncü) qrup əlil kimi sosial müavinət alır. Göründüyü kimi iddiaçı xx.xx.1994-cü il tarixdən yəni 22 yaşdan əlil hesab olunmuşdur və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 24192 manat pensiya kapitalı tələbi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır. İşin mübahisələndirilən halı iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, cavabdehin bu imtina əsası əsassızdır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən 9-cu maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İşin araşdırılmış hallarından da bəllidir ki, iddiaçı xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normaya əsasən iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu illərdəki işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə, tələb olunmamalıdır. Ona görə də, onun pensiyası hesablanarkən həmin əmək fəaliyyəti dövrü nəzərə alınmalıdır. Göründüyü kimi, 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi müddətin daxil olması barədə müddəa mövcud olsa da, cavabdeh iddiaçı tərəfindən işlədiyi müddətdə sosial sığorta haqlarının ödənilmədiyini bildirmir (mübahisələndirmir), bu barədə hər hansı sübut təqdim etmir və ya bu xüsusatın araşdırılmasını tələb etmir. Sadəcə xx.xx.2017-ci il tarixdən qanunun normasında dəyişiklik olduğunu diqqətə çatdıraraq pensiya kapitalının kifayət etməməsini əsas gətirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə ki, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 25ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. Azərbaycan Respublikasının da qoşulduğu, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçıya hüququnun yarandığı vaxt əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün minimum 5 (beş) il sığorta stajı tələb olunduğundan və iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1999-cu il tarixədək X3 Zavodunda işlədiyi müddət iş stajına daxil edildiyindən və sığorta stajını təsdiq edən mötəbər sübutlar mövcud olduğundan və həmin sığorta stajı iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsinə kifayət etdiyindən, həmçinin həmin dövrdə qüvvədə olan qanunvericilik normalarından göründüyü kimi pensiya təyinatı üçün kapital tələbi nəzərdə tutulmadığından iddiaçı əlilliyə görə əmək pensiyasını təyin edilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi hüququnun yarandığı tarixdən deyil, cavabdeh inzibati orqana müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün təyin edilməli və ödənilməlidir. Belə ki, 2006-cı il 01 yanvar tarixdən qüvvəyə minən və hazırda da qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən vahid normativ-hüquqi akt kimi çıxış edir. Həmin Qanunun 31.1-ci maddəsinin ilkin redaksiyasına əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılmışdır. Həmin Qanunun 32.1-ci maddəsinin ilkin redaksiyasına əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən ömürlük təyin edilir. 2007-ci il 6 noyabr tarixli 474-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 32.1-ci maddə yeni redaksiyada verilmişdir - yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin maddəyə 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) edilmiş dəyişikliyə əsasən maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılmışdır. 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir) Qanuna yeni məzmunda 32.1-1-ci maddə əlavə edilmiş, 2018-ci il 30 noyabr tarixli 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə isə 32.1-1-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, iddiaçıya əlilliyə görə əmək pensiyası hüququnun yarandığı tarixdən deyil, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilməlidir. Belə ki, iddiaçı ona pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçıya onun pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki tarixdən əlilliyə görə əmək pensiyası (aldığı müavinət çıxılmaqla) təyin edilərək ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1986-xx.xx.1999-cu illərdə X3 Zavodunda işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməli və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində (aldığı müavinət çıxılmaqla) ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə, daha doğrusu iddia tələbində göstərdiyi dövrlərə uyğun həmin müəssisədə işləməsi və əmək kitabçasının düzgünlüyü tam sübuta yetirilir. Nəticəvi hissə: İddia ərizəsi təmin olunsun. İddiaçı xx.xx.1986-xx.xx.1999-cu illərdə X3 Zavodunda işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və inzibati orqana müraciət etdiyi tarixdən ən çoxu 3 il ərzində ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1223/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1223/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver