Məhkəmə qərarları › İş №2-1(120)-1224/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1224/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1224/2021 09.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının və onun övladlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 09 sentyabr 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və övladları X5 və X6 adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür. 02 iyun 2017-ci ildən ona və ailə üzvlərinə məcburi köçkün olduqlarına görə verilən vahid aylıq müavinətin verilməsi dayandırılmışdır. Dayandırılmanın səbəbi kimi isə onun başqa yaşayış sahəsi əldə etməyi olmuşdur. Halbuki, onun adına heç bir başqa yaşayış sahəsi olmamışdır və DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş arayışla bu təsdiq edilir. Bu hal təsdiqləndikdən sonra ona Şirvan şəhəri, F.X.Xoyski küçəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş qəsəbədə yaşayış sahəsi verilmişdir. Onun adında başqa yaşayış sahəsi olmadığı halda ona və ailə üzvlərinə verilməli olan vahid aylıq müavinətin verilməsi bərpa edilməmişdir. Qeyd edilən müavinətin bərpa edilməsi üçün onun və övladları X5 və X6 adları məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməlidir. O, bununla bağlı Cəbrayıl Rayon İcra Hakimiyyətinə müraciət etsə də, 22.04.2021-ci il tarixli məktubla onun müraciətinə mənfi cavab verilmişdir. Göstərilənlərə əsasən, onun və övladları X5 və X6 adlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyəti məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, 1ci qrup Qarabağ müharibəsi əlilləri istisna olmaqla) verilən vahid aylıq müavinət dayandırılır. Həmin qaydaya Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 244 nömrəli qərarı ilə edilən dəyişikliyə əsasən yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan şəxs və onlarla birlikdə yaşayan şəxslərin vahid aylıq müavinəti bərpa edilmir. İddiaçı adına Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, 97-də mənzil olduğu üçün Qərara əsasən ona və ailə üzvlərinə verilən vahid aylıq müavinət dayandırılmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Cəbrayıl Rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış 22.04.2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarının 2.1-ci bəndinə əsasən məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, 1-ci qrup Qarabağ müharibəsi əlilləri istisna olmaqla) verilən vahid aylıq müavinət dayandırılır. Həmin qaydaya Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli, 244 nömrəli qərarı ilə edilən dəyişikliyə əsasən yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan şəxs və onlarla birlikdə yaşayan şəxslərin vahid aylıq müavinəti bərpa edilmir. Adınıza Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, 97də mənzil olduğu üçün ailə üzvlərinizə verilən vahid aylıq müavinət dayandırılmış və qaydaya əsasən bərpası mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 10.01.2020-ci il tarixli, 51 saylı Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 05.07.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.4-cü bəndinə əsasən, aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 15.07.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı adına sorğuda qeyd edilən illər (1993-cü ildən 2021-ci ilədək) ərzində ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi vətəndaş tərəfindən notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilmiş və hazırki hüquq sahibi X1 mülkiyyətindədir. İşin materiallarında olan Əli Bayramlı şəhəri 2 saylı DNK-da bağlanmış 05 dekabr 2007-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən satıcı X3 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əli Bayramlı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 30.11.2007-ci il tarixli 189 nömrəli arayışa əsasən hüquq müəyyənedici sənəd üzrə 0,06 ha torpaq sahəsi, faktiki 0.1121 torpaq sahəsi, zəbt olunmuş torpaq sahəsi 00521 ha, ümumi sahəsi 60,8 kv.m, yaşayış sahəsi 37,3 kv.m, köməkçi sahə 32,5 kv.m, 1 mərtəbəli, 2 otaqlı, Əli Bayramlı şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən 97 nömrəli fərdi yaşayış evini alıcı İddiaçı 4200 manata satmışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Əli Bayramlı şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.3 kv.m yaşayış, 23.5 kv.m köməkçi sahədən ibarət 97 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 188 nömrəli vərəqində 17.12.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İşin materiallarında olan Şirvan şəhəri 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-113 reyestr nömrəli, 22 fevral 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı ünvan 5 ünvanında mülkiyyətində olan 0.06 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 60,8 kv.m, yaşayış sahəsi 37,3 kv.m, yardımçı sahəsi 23,5 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissə 60,8 kv.m, 2 otaqlı fərdi yaşayış evini X2 bağışlamışdır. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 97 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 188 nömrəli vərəqində 01.03.20217-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir (bu məbləğ 16 aprel 2018-ci il tarixədək 36 manat, həmin tarixdən 01 aprel 2019-cu il tarixədək 40 manat, 01 aprel 2019-cu il tarixdən isə 60,0 manat olmuşdur). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) verilir. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə şamil edilmir. 17 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanmasına dair Təlimat»ın 1-ci maddəsinə görə işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№li əlavə əsasında) hazırlayır təsdiq edir və Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. Məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. Həmin Təlimatın 4.1-ci maddəsinə əsasən yemək xərci üçün aylıq müavinət işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan «məcburi köçkün» statusuna malik olan şəxslərə verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Əli Bayramlı şəhəri 2 saylı dövlət notariat kontorunun 4-Ə-174 reyestr nömrəli 05 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Əli Bayramlı şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, ev 97 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmiş, həmin fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. İddiaçı həmin fərdi yaşayış evini Şirvan şəhəri 1 saylı notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-113 reyestr nömrəli, 22 fevral 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X2 bağışlamış, həmin fərdi yaşayış evi X1 adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Bu fakt, iddiaçıya aylıq müavinətin şamil olunmaması üçün Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan haldır. İddiaçı sözügedən fərdi yaşayış evinin əslində qayınatası tərəfindən formal olaraq onun adına alındığını, 2017-ci ildə isə həmin fərdi yaşayış evini əsl sahibinə, yəni qaynı X2 bağışlama yolu ilə geri qaytardığını göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçının övladları X11 və X9 münasibətdə isə məhkəmə bildirir ki, onlar iddiaçının övladları olmaqla ailə üzvləridir. Bu da adı çəkilən Qaydanın 2.1-ci bəndinə görə onlara aylıq müavinətin verilməsini istisna edir. Məhkəmənin qənaətinə görə məcburi köçkünlərə vahid aylıq müavinətin ödənilməsi qaydasını və şərtlərini özündə ehtiva edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq iddiaçıya və onun övladlarına vahid aylıq müavinət ödənilməməlidir. Başqa sözlə, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının və onun övladlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının və onun övladlarının məcburi köçkün kimi vahid aylıq müavinət alan şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar