Məhkəmə qərarları › İş №2-1(120)-1229/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1229/2025

26.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1229/2025 26.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “aqrar islahat komissiyasının qərarının ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi) və Astara Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli, 28 saylı qərarının X3 və ailə üzvlərinə münasibətdə və JN-051 A, KOD 80109018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü ( bundan sonra İPM 54-cü maddəsi) maddəsinə əsasən iddinın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək cavabdeh qismində Astara Rayon İcra Hakimiyyəti və DƏDKR 10 saylı Lənkəran Ərazi İdarəsi göstərilməklə Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarının X3 və ailə üzvlərinə münasibətdə və JN-051 A, KOD 80109018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra yenidən iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək,cavabdeh qismində DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi göstərilməklə Astara rayonu Suparibağ kənd sakini X3 münasibətdə Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli qərarının ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddianı və iddianın dəyişdirilməsinə ( dəqiqləşdirilməsinə) dair ərizəsini onunla əsaslandırmışdır ki, həyətyanı torpaq sahəsinin verilməsinə aid 05 dekabr 1990-cı il tarixli akta əsasən ona Babək adına sovxozun 01/İİ-1990-cı il tarixli 149 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikdirməkdən ötrü verilən 0,06 ha torpaq sahəsi naturada ara nişanları ilə ayrılaraq, daimi istifadə üçün təhkim edilmişdir. Ayrılan sahənin sxemi göstərilmiş və sxemə əsasən ayrılan torpaq sahəsi İsmayılov Əsədulla və Hüseynov Xanhüseynin torpaq sahələri ilə qonşudur. Həyətyanı torpaq sahəsi Azərbaycan Nazirlər Sovetinin 8 dekabr 1989-cu il tarixli 521 nömrəli qərarına və Babək adına sovxozun 01/İİ- 1990-cı il tarixli 149 nömrəli əmrinə əsasən ayrılmışdır. Həyətyanı torpaq sahəsinə dair reyestrdən çıxarışın verilməsi üçün DƏDKR publik hüquqi şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq bildirilmişdir ki, Torpağa mülkiyyət hüququna dair JN-31A nömrəli şəhadətnamə ilə verilmiş torpaq sahəsi mübahisəli torpaq sahəsində yerləşmir və həmin torpaq sahəsinin naturada və sənəd üzrə yeri, döngə nöqtələri və koordinatları bunları təsdiq etmir. JN-31 nömrəli şəhadətnamə ilə torpaq sahəsi Astara rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli qərarına əsasən verilmişdir. Halbuki mübahisəli torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetinin 28 dekabr 1989-cu il tarixli 521 nömrəli qərarına istinad olunmaqla “Babək” adına sovxozun əmrinə əsasən ayrılmışdır. Onun və ailə üzvlərinin adına 031A nömrəli şəhadətnamə ilə torpaq sahəsi mülkiyyətlərinə veriləndə “Babək” adlı sovxoz mövcud olmamışdır. Astara rayon polis şöbəsinin istinataq şöbəsində aparılmış araşdırma üzrə təqdim edilmiş DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin 21 may 2024-cü il tarixli 3-21-3-43/2-1-1380/2024 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi “Babək” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində layihəsində JN-051A nömrəli (KOD ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə X1 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş, İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq məhkəmə bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı münasibət məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən iddia tələbinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdehlə əvəz edə bilər. Qanunvericiliyin tələbindən də göründüyü kimi, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə yalnız iddiaçının razılığı ilə cavabdehi əsl cavabdehlə əvəz edə bilər. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçıya məhkəmənin xx.xx.2025-ci il tarixli hüquqi yardım məktubu ilə İPM-nin 13cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavabdeh qismində çıxış edə bilməyəcəyini, Astara Rayon Aqrar islahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarının X3 münasibətdə ləğv edilməsinə dair tələbinə cavab verməli inzibati orqanın Astara Rayon icra Hakimiyyəti olduğu izah edilsə də iddiaçı münasibət bildirməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda eyni zamanda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsindən göründüyü kimi iddiaçının hüquqi marağı üçüncü şəxsə və onun ailə üzvlərinə aid olan torpaq sahəsinin ayrılması ilə bağlı Aqrar İslahat Komissiyasının qərarının ləğvindən ibarətdir. Eyni zamanda məhkmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamənin 3-cü bəndində Xidmətin vəzifələri aşağıdakı kimi göstərilmişdir: 3.0.18. Daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23 Daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26 Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçı, cavabdeh DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı Astara Rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1998-ci il tarixli 28 saylı qərarının X3 və onun ailə üzvlərinə münasibətdə ləğvinə dair tələbinə cavab verməli inzibati orqan olmadığı üçün iddiaçının tələbinə baxıla bilməz. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 8-ci bəndində göstərilmişdir ki: 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. İddiaçıya izah olunur ki, hazırki qərardadda yol verilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra, iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və İPM-nin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “aqrar islahat komissiyasının qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar