Məhkəmə qərarları › İş №2-1(120)-1231/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1231/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1231/2025 21.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı Cavabdehinə qarşı “Azərbaycan Dövlət Aqrar Universitetinin 08 fevral 2024cü il tarixli imtinasının qanunsuz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehinə qarşı “Azərbaycan Dövlət Aqrar Universitetinin 08 fevral 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2035/2024 nömrəli qərardadına əsasən iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin mühəndislik fakültəsi əyani təhsil formasının “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə tələbəsidir. Hazırda səfərbərlik üzrə hərbi xidmətə çağırıldığına görə universitet tərəfindən akademik məzuniyyət verilmişdir. Hazırda onun bir kəsri var. Lakin bu kəsrin hansı fənn üzrə olması barədə məlumatı yoxdur. 09 yanvar 2024-cü il tarixdə onun hansı fənn üzrə kəsri (kəsrləri) olduğu barədə yazılı məlumat verilməsi, həmin fənn (fənlər) üzrə imtahan günü təyin edilməsinə və bu barədə yazılı məlumat verilməsinə, təhsil haqqının məbləği və ödəniş qaydası barədə yazılı məlumat verilməsinə göstəriş verilməsi barədə ərizə ilə Azərbaycan Dövlət Aqrar Universitetinə müraciət etmiş, lakin müraciətlərinə baxmayaraq ona kəsr imtahanı verilməsi üçün imtahan günü təyin edilmir. Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2024-cü il tarixli məktubu ilə iddiaçının kəsr imtahanı verməsi üçün imtahan gününün təyin olunmasından imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali Təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair “Qaydalar”ının 5-ci bəndinə əsasən tələbəyə müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə - xidmətdən tərxis edilənədək akademik məzuniyyət verilir. Ali təhsilin bakalavriat səviyyəsində, əsas (baza ali) tibb təhsilində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir. Hazırda universitetlərdə qış tətili dövrüdür və onun imtahan tarixi təyin olduğu halda akademik məzuniyyətdən qayıdıb imtahanını verə bilər. İmtahana hazırlaşıb, xidmətdən tərxis edilənədək onları unutmaq təhlükəsi var və imtahan vermədiyi təqdirdə hərbi xidməti müddəti 6 ay uzanacaqdır. 26-cı maddəyə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 27-ci maddəyə əsasən, hər kəsin yaşamaq hüququ vardır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsinə əsasən, hər kəsin təhsil hüququ vardır. Ali təhsil ləyaqətinə görə hamı üçün eyni dərəcədə əlçatan olmalıdır. 20 mart 1952-ci il tarixli İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Əlavə Protokolun 2-ci maddəsinə əsasən, heç kəs təhsil hüququndan məhrum edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən Ərizəçiyə Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən imtahan günü təyin edilməli, Ərizəçi kəsr imtahanını verib müvafiq fənn (fənlər) üzrə kəsrini bağlamalıdır. AR İnzibati Prosessual Məcəllənin 2.2.6-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialar (qanunauyğunluq haqqında iddia) inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Dövlət Aqrar Universitetinin 08 fevral 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı mühəndislik fakültəsi əyani təhsil formasının “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə kontingentdə saxlanmış tələbəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4-cü bəndinə əsasən əvvəliki imtahan sessiyalarının akademik borlarını ləğv etmədiyi ilə əlaqədar təhsil proqramı ilə müəyyən olumuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyinə görə kontinqentdə saxlanılmaqla 2023/2024-cü tədris ilinin başlanğıcından ödənişli əsaslarla davam etməsi haqqında universitet üzrə xx.xx.2023-cü il tarixli 3-22-23/3-1-736/2023 nömrəli əmr verilmişdir. 2023-cü il iyulun 23-dən İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair “Qaydalar”ının 5-ci bəndinin 5.1.1. yarımbəndinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-11/1- 362/2023 nömrəli arayışına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışla əlaqədar xidmət müddətinin sonunadək Universitet üzrə xx.xx.2023-cü il tarixli № 3-22-23/3-1-1421/2023 nömrəli əmrlə akademik məzuniyyət verilmişdir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarının 5.2. yarımbəndinə əsasən akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və payız semestrindən) buraxılırlar. İddiaçı halhazırda həqiqi hərbi xidmətdə xidmətini davam edir. Bu səbəbdən iddiaçının hazırda müvafiq təhsil proqramı ilə müəyyən edilmiş kreditləri toplaması, yəni akademik borclarının ləğv edilməsi üçün imtahanların vaxtı müəyyən edilə bilməz və yuxarıda qeyd olunan Qaydaların tələbinə uyğun olaraq bu proses tələbənin ancaq tərxis olunduqdan sonra, akademik məzuniyyətdən qayıdaraq tədrisə başladıqda mümkün ola bilər. İddiaçı iddia ərizəsində 1 fənn üzrə akademik borcu olduğunu iddia edir, lakin hazırda onun 2019/2020ci tədris ilindən başlayaraq 13 fənn üzrə akademik borcu mövcüddur. İddiaçının hansı fənlərdən akademik borcları olduğu barədə məlumatı olmadığı mümkün deyil, çünki hər bir tələbə kimi o, verdiyi hər bir imtahan bitdikdən sonra həmin gün imtahanın nəticəsini bilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçı tərəfindən ödəniləcək təhsil haqqının məbləği və ödəniş qaydası onun tərxis olunduqdan sonra tədrisə başladıqda müəyyən olunacaq. Qeyd edilənlərə əsasən İddiaçı iddia ərizəsini əsassız hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2021-ci il tarixli, 93 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, mühəndislik fakültəsi əyani təhsil formasının aşağıdakı ikinci kurs tələbələri 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının bütün imtahanlarını müvəffəqiyyətlə verdiklərinə görə sessiyanı bitirmiş hesab edilmiş, əvvəlki imtahan sessiyalarının akademik borclarını ləğv etmək üçün dekanlığın (tələbələrin razılığı ilə) müəyyən etdiyi müddətdə onlara şərait yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2021-ci il tarixli, 393 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı - mühəndislik fakültəsi əyani təhsil formasının “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası ikinci kurs tələbəsi 2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının akademik borclarını (sessiyadan sonra) ləğv etdiyinə görə həmin sessiyaları bitirmiş hesab edilmiş, 2021/2022-ci tədris ilindən təhsilini üçüncü kursda davam etdirsin, əvvəlki imtahan sessiyalarının akademik borclarını ləğv etmək üçün dekanlığın (tələbənin razılığı ilə) müəyyən etdiyi müddətdə ona şərait yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2022-ci il tarixli, 3-22-23/3-1-594/2022 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, mühəndislik fakültəsi əyani təhsil formasının ‘meliorasiya və su təsərrüfat tikintisi mühəndisliyi” ixtisası üzrə aşağıdakı (dövlət sifarişli) üçüncü kurs tələbələrinə 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının və əvvəlki imtahan sessiyalarının akademik borclarını ləğv etmək üçün dekanlığın (tələbələrin razılığı ilə) müəyyən etdiyi müddətdə şərait yaradılmış və onlar 2022/2023-cü tədris ilinin başlanğıcından təhsillərini dördüncü kursda davam etdirilməsi nəzərdə tutulmuşdur. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2023-cü il tarixli, 156 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, mühəndislik fakültəsi əyani təhsil formasının üçüncü kurs (dövlət sifarişli) tələbələrinə 2021/2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının və əvvəlki imtahan sessiyasının akademik borclarını ləğv etmək üçün dekanlığın (tələbələrin razılığı ilə) müəyyən etdiyi müddətdə şərait yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-357/2023 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, mühəndislik fakültəsi əyani təhsil formasının “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə aşağıdakı dördüncü kurs (dövlət sifarişli) tələbələrinə 2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının akademik borclarını ləğv etmək üçün dekanlığın (tələbələrin razılığı ilə) müəyyən etdiyi müddətdə şərait yaradılmışdır. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-736/2023 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, mühəndislik fakültəsi əyani təhsil formasının aşağıdakı dördüncü kurs (dövlət sifarişli) tələbələri əvvəlki imtahan sessiyalarının akademik borclarını ləğv etmədikləri ilə əlaqədar təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiklərinə görə kontingentdə saxlanılmaqla 2023/2024-cü tədris ilinin başlanğıcından təhsillərini ödənişli əsaslarla davam edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2023-cü il tarixli, 3-22-23/3-1-1421/2023 nömrəli əmrdən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı - mühəndislik fakültəsi əyanı təhsil formasının “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə kontingentdə saxlanılmış (ödənişli) tələbəsi xx.xx.2023-cü il tarixindən müddətli həqiqi hərbi xidmətə çağırışla əlaqədar xidmət müddətinin sonunadək akademik məzuniyyətdə hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair “Qaydalar”ının: (qüvvədən düşüb) 5.1. Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: 5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə, səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarının: 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. 5.1. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: 5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda isə – xidmətdən tərxis edilənədək; 5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti tədris semestrindən (yaz və ya payız semestrindən) buraxılırlar. Akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində öz ixtisası (magistraturada təhsil alanlara münasibətdə ixtisaslaşması) və təhsilalma forması üzrə kadr hazırlığı aparılmadıqda tələbə həmin müəssisədə mövcud təhsilalma formasında və ali təhsil müəssisəsi tərəfindən müəyyən olunan uyğun ixtisasda (magistraturada təhsil alanlara münasibətdə ixtisas daxilində digər ixtisaslaşmada) təhsilini davam etdirə bilər. Bu zaman bu Qaydaların 2.7-2.12-ci bəndlərinin tələbləri nəzərə alınır. Magistratura səviyyəsində akademik məzuniyyətdən qayıdan şəxsin əvvəl təhsil aldığı ixtisas, ixtisaslaşma və təhsilalma forması üzrə heç bir təhsil müəssisəsində kadr hazırlığı aparılmırsa, o, Nazirlik tərəfindən müəyyən olunan uyğun ixtisas və ixtisaslaşma üzrə (bu zaman şəxsin əvvəl təhsil aldığı və bərpa olduğu ixtisasların eyni ixtisaslar qrupuna daxil olması nəzərə alınır) öz təhsil müəssisəsində təhsilini davam etdirə bilər. 6.5. Müraciətlərin qəbulu müddəti başa çatdıqdan sonra sənədlərin (məlumatların) tamlığı müəyyən olunan tələbələrin müraciətlərinə ali təhsil müəssisəsi tərəfindən 30 gün müddətində baxılaraq tələbəyə müvafiq məlumat (akademik borc yaranan fənlərin sayı və adları, təhsil haqqı məbləği, təhsil müddəti və s.) verilir. 7.3. Ərizəçi Nazirliyin Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də dəyişdirilmə, bərpa və xaric olunma, akademik məzuniyyətin verilməsi ilə bağlı orta ixtisas təhsili müəssisəsinin qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər. Yuxarıda qeyd olunan müddəaların hazırkı iş üzrə tətbiqi zəruriliyi baxımından məhkəmə işin faktiki halları ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi İddiaçı mühəndislik fakültəsi əyani təhsil formasının “meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisası üzrə kontingentdə saxlanmış tələbəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli, 348 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 4-cü bəndinə əsasən əvvəliki imtahan sessiyalarının akademik borclarını ləğv etmədiyi ilə əlaqədar təhsil proqramı ilə müəyyən olumuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyinə görə kontinqentdə saxlanılmaqla 2023/2024-cü tədris ilinin başlanğıcından ödənişli əsaslarla davam etməsi haqqında universitet üzrə xx.xx.2023-cü il tarixli 3-22-23/3-1-736/2023 nömrəli əmr verilmişdir. Eləcə də, 2023-cü il iyulun 23-dən İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 5/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair “Qaydalar”ının 5-ci bəndinin 5.1.1. yarımbəndinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-11/1- 362/2023 nömrəli arayışına əsasən müddətli həqiqi hərbi xidmətə çağırışla əlaqədar xidmət müddətinin sonunadək Universitet üzrə xx.xx.2023-cü il tarixli № 3-22-23/3-1-1421/2023 nömrəli əmrlə akademik məzuniyyət verilmişdir. Lakin, məhkəmə hesab edir ki, hazırkı növ iddialara baxılması zamanı məhkəmə təkcə cavabdehin mövqeyi ilə kifayətlənməyib iddianın mahiyyəti üzrə qiymətləndirilməsində bütün faktiki və hüquqi halların mövcudluğuna münasibət bildirməli, bütün zəruri faktiki şərtlər yoxlanılmalıdır. İş materiallarını təhlil edərkən, eləcə də aparılan araşdırma nəticəsində məhkəmə hesab edir ki, Cavabdehinin müvafiq imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərildiyi müəyyən edilir. Qeyd edilən həqiqi hərbi xidmət dövründə akademik borcun ödənilməsi məqsədilə müvafiq imtahanlara cəlb edilməsi qanunvericiliklə mümkün olmadığından xidmət müddətinin sonunadək iddiaçıya akademik məzuniyyət verilmişdir. Həmçinin inzibati orqanının məhkəməyə təqdim etdiyi sənədlərə əsasən iddiaçının 13 fən üzrə akademik borcunun olduğu müəyyən edilir. Məhkəmə tərəfindən iddiaçıya izah olunur ki, həqiqi hərbi xidmət üzrə xidmət müddəti başa çatdıqdan sonra müvafiq orqana müraciət etmək hüququ vardır. Tələbindən imtina olunacağı təqdirdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydalarının 7-ci bəndinə əsasən təhsili müəssisələrinin qərarları ilə bağlı şikayətlərə baxılması üçün Nazirlik tərəfindən yaradılan Apellyasiya Komissiyasına müraciət edə və Nazirliyin Apellyasiya Komissiyasının hərəkətlərindən (hərəkətsizliyindən), eləcə də dəyişdirilmə, bərpa və xaric olunma, akademik məzuniyyətin verilməsi ilə bağlı orta ixtisas təhsili müəssisəsinin qərarlarından inzibati və (və ya) məhkəmə qaydasında şikayət verə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını işin faktiki hallarına tətbiq edərək, eyni zamanda iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, cavabdehin “imtina”sı qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehinə qarşı “Azərbaycan Dövlət Aqrar Universitetinin 08 fevral 2024-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdehinə qarşı “Azərbaycan Dövlət Aqrar Universitetinin 08 fevral 2024cü il tarixli imtinasının qanunsuz hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar