Məhkəmə qərarları › İş №2-1(120)-1234/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1234/2020

20.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1234/2020 20.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı nümayəndəsi X1 (Sabirabad rayonu, Kovlar kəndində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət X5 Sabirabad rayon şöbəsinə qarşı «müharibə veteranlarına ödənilən sosial müavinətin son üç il üçün ödənilməsi barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Buna görə də ona xx xxxxxxx 2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı cavabdeh Dövlət X5 Sabirabad rayon şöbəsinə ərizə ilə müraciət edib ona müharibə veteranı vəsiqəsi təqdim edilməzdən əvvəlki illər üçün ödənilməmiş müavinətin hesablanaraq ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********0 saylı məktubunda iddiaçının müharibə veteranı vəsiqəsini xx.xx.2019-cu il tarixdə aldığını qeyd edərək, ərizəsinin təmin olunmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üzrlü səbəblərdən müharibə veteranlarına verilən sosial müavinəti vaxtında ala bilmədiyini nəzərə alıb son 3 (üç) ilin sosial müavinətin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasında inzibati iş kimi qeydə alınaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Sabirabad rayonu, Kovlar kəndində anadan olmuşdur, orta təhsillidir, ailəlidir. O, pasport qeydiyyatda olduğu Bakı şəhəri Nərimanov rayon hərbi komissarlığı tərəfindən xx.xx.1994-cü il tarixində müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Müdafiə Nazirliyinin N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 7 №-li əmri ilə (əsas:səh-7, § 4, sıra 2) şəxsi heyətin sırasına və bütün növ təminatlara daxil edilərək sıravi hərbi rütbəsi verilib, müəyyən müddətdən sonra MN-nin N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 67 №-li əmri ilə (əsas; sıra 3, qeyd əmrində adı və atasının adı tam yazılmamış) İddiaçı şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi xidməti davam etdirmək üçün MN-nin N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə gəlmişdir, N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 107 nömrəli əmri ilə (əsas: səh-77, § 2, sıra 1) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən hərbi xidmətdən ehtiyata tərxis edilərək MN-nin N №-li hərbi hissə komandirinin 1997-ci il tarixli 265 №-li əmri ilə (əsas: səh-140, §2, sıra 1 qeyd) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Bakı şəhəri Nərimanov rayon Hərbi Komissarlığına göndərilmişdir. Hazırda sakini olduğu Sabirabad rayonunun pasport qeydiyyatında olmaqla eyni zamanda (SHXÇDX) hərbi komissarlıqda qeydiyyatdadır. Uzun müddət o, döyüşən ordunun tərkibində xidmət etməyinə baxmayaraq, o, Azərbaycan Respublikasının müharibə veteranı adını rəsmiləşdirib ala bilmirdi. Uzun müddətdən sonra ondan asılı olmayan üzrlü səbəblərdən sonra o, Azərbaycan Respublikasının MN-nin X6 Arxivi tərəfindən hərbi xidməti ilə bağlı ona verilən xx.xx.2019cu il № 9/2 13441 saylı arxiv arayışından sonra o, aidiyyəti orqan, yəni AR Müdafiə Nazirliyi Aparatı nəzdində veteran adları və müvafiq vəsiqələr verilməsi üzrə olan Komissiya tərəfindən ona rəsmi surətdə müharibə veteranı adını təsdiq edərək (M/V 086654 nömrəli) xx.xx.2019-cu il tarixində verilmişdir. Hazırda o, müharibə veteranlarına verilən sosial müavinətə görə lazımı sənədləri Dövlət X5 Sabirabad rayon şöbəsinə təqdim etmişdir. Lakin bundan qabaqkı, xx.xx.2019cu ilə qədər son 3 (üç) ilin sosial müavinətin ala bilmir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, bir vətəndaş kimi ötən illərə aid olan sosial müavinəti üzrlü səbəblərdən ala bilmədiyi üçün onun tam şəkildə ödənilməsi qanunda nəzərdə tutulmuşdur. İddiaçının nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Dövlət X5 Sabirabad rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və müharibə veteranı vəsiqəsinin surətlərini, Sabirabad Rayon İHB-nin Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, lakin əsaslı deyildir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sabirabad rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X7 Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X7 adlandırılmışdır. İddia mahiyyəti üzrə uğursuzdur, yəni əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2019-cu il tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmiş və həmin tarixdən də Prezident təqaüdü təyin olunaraq ödənilir. İddiaçı isə müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ona xx xxxxxxx 2019-cu il tarixdən əvvəlki üç il üçün ödənilməsini xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə görə sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə görə ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. «X3nin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 992 nömrəli Sərəncamının 1.11-ci bəndinə əsasən, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi nəzərdə tutulmuşdur. «X3nin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanının 1-ci bəndinə əsasən «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü» təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 2.1 və 2.1.1-ci bəndinə əsasən, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd olunan xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanının 5-ci bəndinə əsasən, bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Göründüyü kimi xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Məhkəmə qeyd edir ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə «Sosial müavinətlər haqqında» Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı müharibə veteranlarına ödənilən sosial müavinətin ona son üç il üçün ödənilməsini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Dövlət X5 Sabirabad rayon şöbəsinə qarşı «müharibə veteranlarına ödənilən sosial müavinətin son üç il üçün ödənilməsi barədə» iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

1. İddiaçı cavabdeh Dövlət X5 Sabirabad rayon şöbəsinə qarşı «müharibə veteranlarına ödənilən sosial müavinətin son üç il üçün ödənilməsi barədə» iddiası təmin edilməsin.

2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.

3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar