Məhkəmə qərarları › İş №2-1(120)-1234/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1234/2025

09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1234/2025 09.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı iddiaçıya 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı iddiaçıya 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Masallı rayonu Qəriblər bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülərdə ona satılmışdır. Həmin şəxslərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra isə təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. Lakin iddiaçı və X15 iddiaçı qismində Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X30 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər İddiaçı, X16, X17 və X4 qarşı AN-İN ******* və AN-İN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılması tələb etmişdirlər. İddiaçıların müraciətləri üzrə Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmasa da, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)-145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alqı-satqı müqaviləsinin və onun əsında verilmiş çıxarışların ləğv edilməsini qət etmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra iddiaçılar X14 və X15 cavabdehlər İddiaçı, X11 və X12, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır və 2(106)-749/2024 iş nömrəsi ilə icraatındadır. İddiaçıların iddia tələbləri təmin olunacağı təqdirdə Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən cavabdehlərin uğradıqları maddi zərər üzrə kompensasiya mütləq şəkildə ödənilməlidir. Qəriblər kəndi ərazisində yerləşən həmin torpaq sahəsi əvvəllər stadion tipli idman meydançası olsa da sonradan Masallı rayon Qəriblər Bələdiyyəsinin qərarı ilə həmin torpağın təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaq sahəsinə aid edilmişdir. Belə ki, Memarlıq və Tikinti şöbəsinin 05 mart 2018-ci il tarixli rəyinə əsasən həmin torpaq sahəsinin yaşayış kateqoriyalı torpaq sahəsi hesab edildiyi açıq şəkildə görünür. Eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda 24 avqust 2017-ci il tarixli 519 saylı rəyə əsasən torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edildiyini bildirirmişdirlər. Əhalinin ümumi istifadəsi üçün yeni stadion başqa ərazidə yenidən inşa edilmişdir. Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin 05 iyun 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançası üçün torpaq sahəsi kəndin şimalında yerləşir. Bu səbəblə həmin torpaq sahəsini alarkən bu sənədlərlə tanış olan və bələdiyyənin qərarına etimad edən cavabdehlərdə torpaq sahəsinin təyinatına münasibətdə hər hansı bir şübhə yarana bilməzdir. Digər tərəfdən cavabdehlərin sadəcə bələdiyyə ilə deyil bu torpaq sahəsində fərdi yaşayış evi inşa edərkən birbaşa dövlətin razılığını aldıqlarını, bu səbəblə həmin tikilinin heç bir halda özbaşına tikili olmadığını bildiririk. Belə ki, cavabdeh İddiaçı tərəfindən tikiləcək fərdi yaşayış evinin layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə müvafiq olaraq məlumatlandırma icraatı qaydasında Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə 27 sentyabr 2018-ci ildə razılaşdırılmışdır. Bununla da icra hakmiyyətinin timsalında dövlətin həmin tikililərdən məlumatlı olduğunu və həmin ərazidə bu tikililərin inşasına dair hər hansı qadağa və ya etiraz edilmədiyi nəzərə çatdırırıq. Eləcə də dövlətin mərkəzi hakimiyyət orqanlarından hesab olunan DƏDRX-in 8 saylı Ərazi İdarsi də alıcıların torpaq üzərində olan mülkiyyət hüququnu tanımışdır ki, bu da sözügedən alqı-satqı müqaviləsi üzrə verilmiş çıxarışlarla öz təsdiqini tapır. Belə ki, Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli, **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında X3, Daşınmaz Əmlakin AN-İN ******* saylı algı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirinden çıxarışa əsasən Masallı rayon Qəriblər bələdiyyəsinin mülkiyyətindəolan 0.53 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsi alğı-satqı qaydasında İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İnzibati icraat haqqında qanunun 13cü maddəsi ilə müəyyən olunmuş “etimad hüququnun qorunması” prinsipinə əsaslanaraq bildiririk ki, indiki halda bələdiyyə tərəfindən satılaraq notariat qaydada təsdiq olunan daşınmaz əmlakın alqı satqı müqavilələrinə və həmin müqavilələr əsasında aparılmış hüquqlarının Dövlət qeydiyyatına etimad göstərərək, mübahisəli torpaq sahələrini xüsusi mülkiyyətləri kimi qəbul etmiş və üzərində fərdi yaşayış evləri inşa etmiş şəxslərin hüquqları mütləq şəkildə qorunmalıdır. Həmin tikililər ümumiyyətlə özbaşına tikilmiş və ya yaşanması qadağan olunmuş bir ərazidə tikilmiş olsaydı belə kommunal xidmətlər üzrə xərclər ödənirsə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununa əsasən həmin şəxslər köçürülərkən əvvəlki şəraitə uyğun yeni yaşayyış yeri ilə təmin olunmalıdırlar və ya buna uyğun kompensasiya ödənilməlidir. Hətta bu hallarda belə kompensasiyanın ödənilməsi nəzərədə tutulursa, demək ki, hazırki halda qanuni şəkildə torpağı əldə etmiş, hüquqları dövlət tərəfindən rəsmi şəkildə tanınmış şəxslərin tikdikləri yaşayış evinin sökülməsi və onların həmin ərazidən çıxarılması zamanı bunun müqabilində dövlət tərəfindən mütləq əvəz-kompensasiya ödənməlidir. Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1.7-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxslərə köçürülmə ilə əlaqədar ödəniləcək kompensasiya məbləği yerdəyişmə zamanı və ya ondan əvvəl birdəfəlik ödənilir. AR Mülki Məcəlləsinin 247.2-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır: iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin; -alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. Bununla əlaqədar Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinə müraciət edilmiş, lakin faktiki olaraq tələbləri təmin edilməmişdir. Belə ki, 8 saylı Cəlilabad Ərazi İdarəsi 27 may 2024-cü il tarixli cavab məktubunda bildirmişdir ki, ərizədə göstərilən tələbin icrası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Bununla yanaşı, Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatının 29 may 2024-cü il tarixli, 5-66/2-V-781/2024 saylı məktubunda qeyd etmişdir ki, “X18 və qeyrilərinin mülki iddia ərizəsi əsasında Şirvan Apellyasiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli qərardadı ilə onun adına rəsmiləşdirilmiş 0,06 ha (Çıxarış 1272739) torpaq sahəsində məhkəmənin yekun qətnaməsinə kimi tikili işlərinin aparılması qadağan edilmişdir. Bu məhkəmə Qərardadından narazı qalar iddiaçı tərəfinin qanunsuz hərəkətləri barədə mütamadi olaraq Respublikanın Ali, Mərkəzi və Yerli İcra Hakimiyyəti orqanlarına şikayətləriniz hüquqi baxımdan məhkəmənin qərardadının icrasının yerinə yetiirlməməsinə təsir göstərə bilməz. Şikayətinizi yuxarı instansiya məhkəməsinə müraciət etməklə iddianızı əsaslandırıb həll edə bilərsiniz”.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, Masallı rayonu, Qəriblər Bələdiyyəsinin 16 may 2017-ci il tarixli, 05 saylı qərarı, Seçim aktı, torpaq sahəsinin planı, torpaq sahəsinin müayinə aktı, Masallı rayon İcra Hakimiyyətinin Memarliq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli məktubu, rəyi, Komitənin 15 saylı Ərazi şöbəsinin rəyi, yerquruluşundan çıxarışı əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.53 ha torpaq sahəsinə Masallı rayonu, Qəriblər Bələdiyyəsinin adına 12 mart 2018-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü və çıxarış verilmişdir. Sonra həmin torpaq sahəsinin 0.12 ha hissəsi İddiaçı Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə alqı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********46 reyestr nömrəli çıxarış və planölçü verilmişdir. Bununla yanaşı həmin torpaq sahəsinin 0.06 ha hissəsi X11 Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə alqı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********45 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Masallı rayonu, Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alqı- satqı müqaviləsi ilə 0.08 ha torpaq sahəsini X1 və Mənsurə Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.08 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********48 nömrəli çıxarış və plan və ölçü sənədi almışdır. Masallı rayonu, Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alqı- satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsini X2 və Gülnaz Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.06 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********47 nömrəli çıxarış və plan və ölçü almışdır. İddiaçılar X5, X6 torpaq sahələrinə verilmiş alqı-satqı müqavilələrin və çıxarışların ləğvi tələbinə qarşı 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən çıxarışlar müdafiə edilmiş və iddia tələbinə qarşı 10 dekabr 2018-ci il tarixdə **********22 saylı məktubla etiraz münasibəti bildirilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi ilə iddiaçıların iddia tələbləri təmin edilmiş və torpaq sahələrinə verilmiş çıxarışlar ləğv edilmişdir. Həmin Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)- 145/2021 saylı qətnaməsini Ali Məhkəmənin 29 noyabr 2021-ci il tarixli 2(102)- 6301/2021 saylı qərarı ilə dyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi icra üçün Masallı rayon İcra və Probasiya şöbəsinin 16 avqust 2022-ci il tarixli 30192/22-2 saylı məktubu ilə 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsinə əsasən torpaq sahələrinə dair 16 aprel 2018-ci il tarixli **********48 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********45 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********47 reyestr nömrəli çıxarış ləğv edilmişdir. İnzibati iş üzrə Masallı rayonu Qəriblər Bələdiyyəsinin məhkəməyə cəlb edilməsi məqsədə müvafiqdir. Göstərilən əsaslardan görünür ki, sənədləşmə prosesləri təqdim edilmiş bələdiyyə qərarına əsasən aparılmışdır. İddiaçı Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbi əsassız və qanunsuzdur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Masallı rayonu Qəriblər bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxs Masallı rayonu Qəriblər bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 iddianı qəbul etmədiklərini və əsassız olduğunu bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Masallı rayonu Qəriblər bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarının surətindən görünür ki, Masallı rayonu Qəriblər kənd sakinləri İddiaçı 0,12 ha, Qəriblər bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülərdə İddiaçı satılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qəriblər kəndində 0.06 hektar olan torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qəriblər kəndində 0.12 hektar olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-145/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X14 və X6 apellyasiya şikayəti təmin edilmiş, Masallı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-605/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış və iddia təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-6301/2021 nömrəli qərarı ilə üçüncü şəxs İddiaçı, X8 və X17 tərəfindən birgə, İddiaçı tərəfindən ayrıca verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(106)-145/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-66/2-1721/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıqplanlaşdırma bölməsinin hazırlanması tələb olunur. Bildiririk ki, Sifarişçi İddiaçı sözü gedən fərdi yaşayış evinə dair memarlıq-planlaşdırma bölməsini hazırlatmış və Rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin müdiri-baş memarı tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq olunmuşdur. Həmin memarlıq-planlaşdırma bölməsinin əsli İddiaçı özündə saxlanılır. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-121/2023 nömrəli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(050)-31/2022 saylı qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-258/2024 nömrəli qərarı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-121/2023 nömrəli qətnaməsi ləğv olunmuş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-749/2024 nömrəli qərardadı ilə Masallı Rayon Məhkəməsinin 2(050)-31/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti ilə əlaqədar 2(106)-749/2024 saylı mülki iş üzrə icraat, Şirvan İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X9 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası ilə bağlı e-2-1(120)-3888/2024 saylı; İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası ilə bağlı e-2-1(120)-3890/2024 saylı və iddiaçı X13 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüqucı şəxsinin 8 saylı Cəlilabad Ərazi idarəsinə qarşı “kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası ilə bağlı e-2-1(120)-3891/2024 saylı inzibati işlər üzrə yekun məhkəmə qərarı qüvvəyə minənə qədər dayandırılmışdır. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyubqoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı ona 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasınını xahiş edir. Məhkəmə qeyd edir ki, iddiaçı Masallı rayonu, Qəriblər kəndində yerləşən ona məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsini tələb etsə də, əmlakın sökülməsinə dair hər hansı sübut iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında İddiaçın satılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra üzərində fərdi yaşayış evi inşa etmişdir. Halhazırda həmin fərdi yaşıyış evində ailəsi ilə birlikdə yaşayır. Belə ki, araşdırma nəticəsində hal-hazırda fərdi yaşayış evinin sökülmədiyi, şəxslərin həmin sahədən çıxarılmadığı müəyyən edilir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-258/2024 nömrəli qərarı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(106)-121/2023 nömrəli qətnaməsinin ləğv edildiyi və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərildiyi, iddiaçının qeyd edilən iddianı qaldırmaqda subyektiv hüququnun yaranması üçün yekun qüvvədə olan məhkəmə qərarınında olmadığı müəyyən edilir. Eləcə də, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi qeyd edilsə də, inzibati orqanın iddiaçının hansı hüquqlarını pozulduğu müəyyən edilməmiş və iddiaçı tərəfindən iddiasının əsaslılığını təşkil edən hərhansısa bir sübut, sənəd iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, gələcəkdə hüquqları pozulduğu təqdirdə hazırkı formada iddiaya cavab verməli olan inzibati orqanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi və ya Masallı rayonu Qəriblər bələdiyyəsi olması halı dəqiq müəyyən edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya məxsus tikili sökülmədiyindən, qeyd edilən torpaq sahəsindən çıxarılmadığından və qeyd edilənlərin əsasını təşkil edəcək qüvvədə olan yekun məhkəmə aktı olmadığından iddiaçının həmin evin sökülməsi ilə kompensasiya ödənilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirmədiyi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Halbuki, Plenum Qərarında ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə iddianın qeyd olunan hissəsi hüquqi müdafiəyə ehtiyacdan söhbət gedə bilməz. Hüquqi müdafiəyə ehtiyac yoxdursa, deməli iddia da mümkünsüzdür. Digər hissə də, iddiaçının tələbinin qeyri-müəyyən olması ilə bağlı olmuşdur. Belə ki, keçirilən məhkəmə iclaslarında tərəfə hüquqi yardımlar edilərək tələbinin qeyrimüəyyən olduğu, hüquqi marağının müəyyən edilə bilmədiyi izah olunmuş və hüquqi yardım məktublarına münasibət bildirməsi xahiş olunmuşdur. Hüquqi yardım məktublarını iddiaçı tərəfindən poçt xəbərnamələrinə imza edərək qəbul etməsinə baxmayaraq münasibət bildirilməmişdir. İddiaçının məhkəməyə yalnız iclaslarda iştirak edə bilməyəcəyi və iştirakı olmadan iclasların keçirilməsi barədə ərizələri daxil olmuşdur. Belə ki, gələcəkdə hüquqları pozulduğu təqdirdə eyni məzmunda iddia qaldıracağı təqdirdə iddiaçı kompensasiyanın məbləği üzrə əsaslı dəlillər təqdim etməli, iş materiallarına sübutlar əlavə etməlidir. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçıların mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 12 mart 2025-ci il tarixli, 2-1(120)-1234/2025 nömrəli hüquqi yardım məktubu ünvanlanaraq, cavabdeh inzibati orqanın iddiaçının hansı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmişdir. İddiaçıya hüquqi yardım məktubları ilə qanunvericiliyin tələbləri izah olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Məhkəmə onu da qeyd edir ki, iddianın mümkün sayılmaması haqında qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə düzgün iddiaçı tərəfindən inzibati orqana müraciəti əsasında tələbindən imtina olunacağı təqdirdə eyni tələblə iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-cı, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı iddiaçıya 150.000 (yüz əlli min) AZN olmaqla kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar