Məhkəmə qərarları › İş №2-1(120)-1235/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1235/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1235/2020 08.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının vəkili və nümayəndəsi X3 (Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava, ev 138-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Füzuli rayon filialına qarşı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 saylı arayışına əsasən İddiaçı şəhid ailəsi vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı şəhid ailəsi vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh 13 fevral 2020-ci il tarixli, **********8 nömrəli məktubla ona şəhid ailəsi vəsiqəsinin verilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 şəhid statusunun tanınmasına, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı şəhid ailəsi vəsiqəsinin həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin 14.09.2020-ci il tarixli iclasında iddiaçının vəkili və nümayəndəsi X5 iddia tələbini dəyişərək, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 saylı arayışına əsasən İddiaçı “şəhid ailəsi” vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 14.09.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçının vəkili və nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının mərhum əri X4 25.05.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlər zamanı baş-beyin nahiyyəsindən aldığı qəlpə yaraları nəticəsində 28.05.1997-ci il tarixdə həlak olmuşdur. 04.02.1998-ci il tarixdə ona Füzuli rayonunun Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən şəhid ailəsi vəsiqəsi verilmişdir. 2009-cu ildə hərbi komissarlığın əməkdaşı vəsiqəsini ondan alaraq latın əlifbası ilə yazılan vəsiqənin veriləcəyi bildirilmişdir. Lakin vəsiqə bir daha geri qaytarılmamışdır. Uzun müddət ərzində şəhid ailəsi vəsiqəsinin yenidən verilməsi ilə bağlı müxtəlif dövlət orqanlarına etdiyi müraciətlər heç bir nəticə verməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinə yenidən müraciət etmiş, 13.02.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlərə əsasən Füzuli rayon Məhkəməsinin 15.05.1998-ci il tarixli qətnaməsində X1 ölümünün səbəbi şəhid olması bildirilmədiyi üçün şəhid ailəsi vəsiqəsinin verilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Füzuli rayon filialınaAzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 saylı arayışına əsasən şəhid ailəsi kimi ona müvafiq vəsiqəsinin verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasınıtələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 09757865 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 30.01.1959-cu il tarixdə anadan olmuş, Füzuli şəhəri, Xanlar küçəsi, dalan 4, ev 12-də qeydiyyatdadır. İşdə olan 01.08.1980-cı il tarixli, İİ-ЖГ 374255 nömrəli nigahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə İddiaçı 01.08.1980-cı il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 01.08.1980-cı il tarixdə 172 nömrə ilə qeyd edilmişdir. İşdə olan 28.05.1998-ci il tarixli, V-ЖГ 299894 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 28.05.1997-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01.06.1997-ci il tarixdə 32 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 nömrəli arayışından görünür ki, 1959-cu il təvəllüdlü İddiaçı mərhum həyat yoldaşı 1958-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tərkibində həqiqi hərbi xidmət etmişdir. X4 28.05.1997-ci il tarixdə həlak olmuşdur. Füzuli rayon Məhkəməsinin 15.05.1998ci il tarixli, 2-22.1998 nömrəli qətnaməsinə əsasən Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə aldığı baş beyin qəlpə zədəsi psixi pozuntulara səbəb olmaqla bu xəsarətlər kəskin ürək damar çatışmamazlığına çatdırmaqla ölümünə səbəb olması faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli, 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tədbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tədbiqi qaydaların”da dəyişiklik etməsi barədə 15 iyul 2009-cu il tarixli, 107 nömrəli qərarın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının azadlığı, suverenliyi ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasınun qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında dpyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər “Şəhid” hesab edilir. Mövcud qanunvericiliyə əsasən mərhum X4 “Hərbi Şəhid” hesab edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsinin iddiaçıya ünvanladığı 13.02.2020-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, 15.05.1998-ci il tarixli, 2- 22.1998 nömrəli Füzuli rayon Məhkəməsinin qərardadında X1 ölümünün səbəbi şəhid olması bildirilmədiyi üçün ona şəhid ailəsi vəsiqəsi verilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın : 2.1-ci bədninə əsasən şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. 4.2-ci bəndinə əsasən şəhid ailələrinəvəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının mərhum əri X4 25.05.1992-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində gedən döyüşlər zamanı baş-beyin nahiyyəsindən aldığı qəlpə zədələri nəticəsində ölmüşdür.Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 nömrəli arayışına əsasən X4 “şəhid” hesab edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 saylı arayışına əsasən İddiaçı şəhid ailəsi kimi müvafiq vəsiqəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Başqa sözlə, məhkəmə cavabdeh inzibati orqanın “imtina”sını qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləlilkə, iddia təmin edilməli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 saylı arayışına əsasən İddiaçı şəhid ailəsi kimi müvafiq vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Füzuli rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin 29.07.2019-cu il tarixli, 964 saylı arayışına əsasən İddiaçı şəhid ailəsi kimi müvafiq vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Füzuli rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar